15/08/2026
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 298 məzun fərqlənmə attestatı alıb
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 298 məzunu 2025–2026-cı tədris ilində təhsilini fərqlənmə attestatı ilə başa vurub.
Onlardan 99 nəfəri tam orta, 199 nəfəri isə ümumi orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatına layiq görülüb.
Fərqlənmə attestatı təhsil müddətində bütün fənlər üzrə attestata yazılan illik (yekun) qiymətləri “5” olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplayan məzunlara verilir.
Məzunlara fərqlənmə attestatının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.
Qeyd edək ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri elektron formada təqdim olunur. 2026-cı il məzunları attestatlarını artıq myGov platforması vasitəsilə əldə edə bilirlər.