14/09/2026
14 sentyabr 2026-cı il tarixində Şirvan şəhəri Sadıq Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində yeni tədris ilinin başlanması ilə əlaqədar Pedaqoji Şuranın iclası keçirildi.
Məktəbin direktoru Rzayeva Rəfiqə müəllimə çıxış edərək pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək müəllimlərə fəaliyyətlərində uğurlar arzuladı. Daha sonra gündəlikdə duran məsələlər barədə geniş məlumat verildi.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edildi:
Elm və Təhsil Nazirliyindən, eləcə də aidiyyəti qurumlardan daxil olmuş müvafiq əmr, sərəncam, təlimat və digər sənədlərin pedaqoji heyətə çatdırılması;
Məktəbin 2026–2027-ci tədris ili üzrə Fəaliyyət Planının müzakirəsi və təsdiqi;
Pedaqoji Şuranın 2026–2027-ci tədris ili üzrə illik iş planının müzakirəsi və təsdiqi;
Yeni tədris ili üzrə məktəbin fəaliyyətinin prioritet istiqamətlərinin və yeni hədəflərinin müəyyənləşdirilməsi;
Təlim keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və məktəbdaxili qiymətləndirmənin səmərəli təşkili ilə bağlı məsələlər;
Müəllimlərin metodiki fəaliyyətinin gücləndirilməsi və qabaqcıl təcrübənin tətbiqi;
Valideynlərlə işin daha səmərəli təşkili, valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi və məktəbdənkənar fəaliyyətlərin düzgün planlaşdırılması;
Şagirdlərdə dərsə motivasiyanın artırılması, sinifdaxili nizam-intizamın möhkəmləndirilməsi və sağlam psixoloji mühitin formalaşdırılması.
İclas zamanı pedaqoji kollektivin üzvlərinin çıxışları dinlənildi. Müəllimlər yeni tədris ilində təlim-tərbiyə prosesinin daha səmərəli təşkili ilə bağlı fikir və təkliflərini səsləndirdilər. Təkliflər əsasən şagirdlərin dərsə motivasiyasının artırılması, sinifdaxili nizam-intizamın gücləndirilməsi, təlim nəticələrinin yüksəldilməsi və fənlər üzrə metodiki dəstəyin daha da təkmilləşdirilməsi istiqamətində oldu.
Müzakirələrin sonunda 2026–2027-ci tədris ili üzrə məktəbin qarşısında duran yeni hədəflər müəyyənləşdirildi. Bu hədəflər sırasında təlim keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, zəif nəticə göstərən şagirdlərlə fərdi işin gücləndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, valideyn-məktəb əməkdaşlığının genişləndirilməsi və məktəbdə sağlam təhsil mühitinin daha da təkmilləşdirilməsi əsas istiqamətlər kimi müəyyən edildi.
Pedaqoji Şuranın keçirilməsində əsas məqsəd pedaqoji kollektivin birgə qərarvermə prosesində iştirakını təmin etmək, tədris və tərbiyə prosesini daha səmərəli, məqsədyönlü və sistemli şəkildə təşkil etmək və qarşıya qoyulmuş yeni hədəflərin həyata keçirilməsinə nail olmaqdır.