17/11/2025
https://www.facebook.com/share/p/1CJcB5QMoE/
Mənəvi və mədəni qarşılıqlı əlaqələr daha da inkişaf edir
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Müsahibədə bir çox məsələlərə toxunulub. Prezident bildirib ki, mənim Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakım olacaq. Dəvət aldığım ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir.
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.
Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır.
Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və mən özüm də həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olmuşam. Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.
Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq.
Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.
2024-cü il sentyabrın 23-dən 25-dək Daşkənddə Birinci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il sentyabrın 29-da isə Bakıda İkinci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib. Bundan əlavə, 2024-cü ilin dekabr ayında Daşkənddə ilk dəfə Özbəkistan-Azərbaycan Qeyri-Hökumət Təşkilatları Forumu təşkil olunub.
Bütün bu tədbirlər və həyata keçirilən layihələr Azərbaycan ilə Özbəkistanın mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərir- deyə prezident bildirib.