Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbi

Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbi, School, Mahrızlı kəndi, Agdam.

14/08/2026

Naxçıvan təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi inkişaf istiqamətlərində yeni strateji mərhələyə qədəm qoyur

Cənab Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişafının əsas prioritetlərini, regionun Azərbaycanın ümumi iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik strategiyasındakı rolunu əhatə edən geniş məzmunlu siyasi və strateji mesajlarla yadda qalıb. Cənab Prezidentin Naxçıvana 17-ci səfərinə xüsusi əhəmiyyət verməsi onun muxtar respublikanın inkişafına davamlı diqqətinin göstəricisi kimi qiymətləndirilə bilər. Müsahibədə Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yeni sənaye müəssisələrinin yaradılması, infrastrukturun yenilənməsi, kənd təsərrüfatının inkişafı, sosial xidmətlərin genişləndirilməsi və turizm imkanlarından daha səmərəli istifadə məsələləri ön plana çəkilib. Bu baxımdan Naxçıvan Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Parkın tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması Naxçıvanın yalnız sənaye potensialının deyil, həm də enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək. Qarşıdakı dövrdə Naxçıvanın enerji istehsal edən və eyni zamanda elektrik enerjisini ixrac edən regiona çevrilməsi əsas hədəflərdən biri olacaq. Naxçıvanın enerji potensialı müsahibənin ən mühüm istiqamətlərindən biri olub. Prezident İlham Əliyev muxtar respublikanın günəş və su enerjisi baxımından böyük imkanlara malik olduğunu vurğulayıb. 600 hektardan artıq ərazidə yüzlərlə meqavat gücündə günəş elektrik stansiyalarının yaradılması planları Naxçıvanın gələcəkdə Azərbaycanın yaşıl enerji strategiyasında daha mühüm yer tutacağını göstərir. Günəş enerjisi istehsalının potensialının ən azı 500 meqavat, perspektivdə isə 1000 meqavata qədər yüksələ biləcəyinin qeyd edilməsi bu istiqamətin miqyasını nümayiş etdirir. Eyni zamanda, Naxçıvanda enerji təhlükəsizliyinin yalnız daxili tələbatın ödənilməsi ilə məhdudlaşdırılmadığı görünür. Muxtar respublikanın Türkiyə və İran istiqamətində elektrik enerjisi ixracı imkanlarının genişləndirilməsi, gələcəkdə Avropa bazarlarına çıxış perspektivlərinin nəzərdən keçirilməsi Naxçıvanı daha geniş enerji coğrafiyasının mühüm hissəsinə çevirə bilər. Bu məqsədlə ötürücü xətlərin gücləndirilməsi və ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması planlaşdırılır.
Müsahibədə enerji təhlükəsizliyi ilə yanaşı, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi də strateji prioritet kimi təqdim olunur. Əlahiddə Ordunun yaradılması və onun müasir hərbi texnika və yeni komando qüvvələri ilə təchiz edilməsi Naxçıvanın xüsusi coğrafi mövqeyi ilə əlaqələndirilir. Naxçıvanın təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizlik sisteminin ayrılmaz hissəsi kimi qəbul edilir və bu sahədə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Müsahibənin ən geniş siyasi-strateji hissələrindən biri Zəngəzur dəhlizi ilə bağlı olub. Prezident İlham Əliyev bu layihənin təşəbbüskarının Azərbaycan olduğunu və əsas məqsədin ölkənin əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması olduğunu bildirib. Onun təqdim etdiyi tarixçəyə əsasən, 2020-ci il üçtərəfli bəyanatından sonra bu istiqamətdə uzun müddət praktiki irəliləyiş əldə edilməyib, lakin sonrakı diplomatik proseslər nəticəsində layihənin həyata keçirilməsi üçün yeni imkanlar yaranıb. TRIPP layihəsinin gündəmə gətirilməsi Zəngəzur dəhlizinə artıq yalnız regional nəqliyyat layihəsi kimi deyil, daha geniş beynəlxalq nəqliyyat və logistika sisteminin tərkib hissəsi kimi yanaşıldığını göstərir. Bu kontekstdə Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm logistika mərkəzinə çevrilməsi perspektivi xüsusi diqqət çəkir. Horadiz-Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi və dəmir yolunun tikintisinin davam etdirilməsi də bu strategiyanın praktiki tərəfini göstərir. Naxçıvan dəmir yolunun 194 kilometr uzunluğunda, daha yüksək yükaşırma qabiliyyətinə uyğun şəkildə yenidən qurulmasının nəzərdə tutulması layihənin yalnız sərnişin daşımaları deyil, böyük həcmdə beynəlxalq yükdaşımaları üçün planlaşdırıldığını göstərir. İlkin mərhələdə mövcud 1,5 milyon tonluq yükaşırma imkanının kifayət etdiyi, lakin uzunmüddətli perspektivdə 15 milyon tona qədər yük daşınmasının hədəfləndiyi bildirilir. Zəngəzur dəhlizinə yalnız avtomobil və dəmir yolu layihəsi kimi baxılmaması müsahibənin mühüm məqamlarından biridir. Prezident elektrik xətləri, fiber-optik kabellər, gələcəkdə isə neft-qaz kəmərlərinin də bu marşrutdan keçə biləcəyini bildirib. Belə yanaşma dəhlizin nəqliyyat layihəsindən daha geniş, çoxşaxəli regional kommunikasiya platformasına çevrilə biləcəyini göstərir. Enerji dəhlizi məsələsi xüsusilə diqqət çəkir. Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi ideyası həm Naxçıvanın enerji təminatının şaxələndirilməsi, həm də regionun enerji sistemlərinin bir-birinə bağlanması baxımından əhəmiyyətlidir. Bu layihənin gələcəkdə Türkiyə və Avropa istiqamətində enerji ötürülməsi imkanlarını genişləndirə biləcəyi vurğulanır. Müsahibədə Naxçıvanın iqtisadi inkişafı ilə nəqliyyat və enerji layihələri arasında birbaşa əlaqə yaradılır. Nəqliyyat dəhlizlərinin fəaliyyətə başlaması nəticəsində yükdaşımaların artması, yeni iş yerlərinin açılması, iqtisadi fəallığın yüksəlməsi və Naxçıvanın regional logistika mərkəzinə çevrilməsi gözlənilir. Bu isə muxtar respublikanın iqtisadi potensialının daha geniş coğrafiyaya inteqrasiyasını təmin edə bilər. Sosial-iqtisadi inkişafla bağlı açıqlanan tədbirlər də kifayət qədər genişdir. 217 müasir rayonlararası avtobusun alınması, 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri, suvarma sistemlərinin genişləndirilməsi, artezian quyularının qazılması, uşaq bağçalarının tikintisi və təmiri kimi layihələr əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Naxçıvan şəhərində ictimai nəqliyyatın elektrik avtobusları hesabına yenilənməsi isə şəhər nəqliyyatının ekoloji baxımdan modernləşdirilməsinə xidmət edir. Kənd təsərrüfatı da Naxçıvanın inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi təqdim olunur. Dövlət proqramında Naxçıvana xüsusi yer ayrılması və suvarma layihələrinin genişləndirilməsi kənd təsərrüfatı üçün istifadə olunmayan torpaqların dövriyyəyə cəlb edilməsinə imkan verə bilər. Bu siyasətin nəticəsində kənd təsərrüfatı istehsalının və məşğulluğun artması gözlənilir. Müsahibədə Naxçıvanın tarixi və mədəni irsinin qorunmasına xüsusi diqqət yetirilməsi də mühüm mesajdır. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi və digər tarixi-mədəni abidələrin konservasiyası göstərir ki, regionun inkişafı yalnız iqtisadi göstəricilərlə ölçülmür. Milli kimlik, tarix, mədəniyyət və memarlıq irsinin qorunması inkişaf siyasətinin ayrılmaz hissəsi kimi təqdim edilir. Turizm də Naxçıvanın gələcək iqtisadi inkişafında perspektivli sahə kimi qiymətləndirilir. Tarixi abidələr, təbii landşaft, təmiz hava və zəngin mədəni irs regionun turizm imkanlarını artırır. Bununla belə, mehmanxana infrastrukturunun yetərli olmaması əsas problemlərdən biri kimi göstərilir. Şəhər mərkəzində beşulduzlu yeni mehmanxananın inşasına başlanılması bu problemin həlli istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilə bilər. Prezidentin çıxışında Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi xüsusi siyasi və idarəetmə mesajı daşıyır. Bu yanaşma üç region arasında iqtisadi, infrastruktur və idarəetmə baxımından daha sıx əlaqələrin formalaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, Naxçıvanın muxtar respublika statusunun qorunacağı xüsusi vurğulanır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan Prezidentin xüsusi nümayəndəlik institutunun Naxçıvanda da tətbiq edilməsi idarəetmə islahatlarının mühüm elementidir. Burada məqsəd idarəetmənin daha çevik və koordinasiyalı həyata keçirilməsi, dövlət layihələrinin icrasına nəzarətin gücləndirilməsi və regionun inkişaf proseslərinin vahid strategiya əsasında idarə olunmasıdır. Naxçıvanda təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, tarixi-mədəni irsin qorunması və idarəetmənin təkmilləşdirilməsi paralel şəkildə həyata keçiriləcək. Bu yanaşma Naxçıvanın həm Azərbaycanın daxili inkişaf sistemində, həm də daha geniş regional geosiyasi və iqtisadi məkanda rolunun əhəmiyyətli dərəcədə artmasına zəmin yarada bilər.

12/08/2026

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi (təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, Katibə-makinaçı, laborant) vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir.

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanından – ibarət olmaqla həyata keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat linkləri:
1. Kitabxana müdiri: https://forms.gle/s5f5Lpmu6q2q53Fc7
2. Katib-makinaçı: https://forms.gle/Sz64ZvoKmEQLtt6c9
3. Laborant: https://forms.gle/RT2xSkQibzEY6qgDA
4. Psixoloq: https://forms.gle/gM5zUH3br7aQJT4g6
5. Təsərrüfat müdiri: https://forms.gle/ryYd4J9qNBX6KVuG9
6. Təsərrüfat işləri üzrə direktor müavini: https://forms.gle/WMhdDNvmsNLvRK81A
7. Uşaq birliyi təşkilatının rəhbəri: https://forms.gle/fYmF9Pe9FwQVfYGW7
8. Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri: https://forms.gle/VYxYg5i85xMGYWs1A

Vəzifələr üzrə ixtisas tələbləri ilə tanış olmaq üçün müvafiq linkə keçid edə bilərsiniz: https://drive.google.com/file/d/1zcZBmKW3ciHaCa-SZv7bH_VyGRL6wqw_/view?usp=sharing

Vakant vəzifələrə keçid etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://drive.google.com/file/d/1zdkvrkAMGuXr0CZYP3LKemz76x8A2llT/view?usp=sharing

Təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu hər hansı mərhələdə aşkar edilərsə, namizədin nəticəsi ləğv ediləcəkdir
Qeydiyyat və sənədlərin qəbulu 21 avqust 2026-cı il, saat 11:00-dək aparılacaq.
İmtahanın keçirilmə tarixi və yeri barədə məlumat uyğun namizədlərə qeydiyyat zamanı qeyd etdikləri mobil nömrələr vasitəsilə, həmçinin Qarabağ Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsində elan ediləcəkdir.
Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar aşağıdakı qaydada bölüşdürülür:
vəzifə bilikləri üzrə – 40 sual;
qanunvericilik üzrə – 10 sual;
informasiya-kommunikasiya texnologiyaları üzrə – 10 sual.
Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab edilirlər.
Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər.

İmtahandan uğurla keçmiş namizədlər topladıqları ballara əsasən mövcud vakant vəzifələrə yerləşdirilirlər. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçirilir.
Bir vakant vəzifəyə iki və ya daha çox namizədin eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük verilir:
müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
iş stajı daha çox olan şəxslərə;
müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslərə.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə Vahid Tarif-İxtisas Sorğu Kitabçasında nəzərdə tutulan ixtisas tələbləri və dərəcələr üzrə müəyyən edilmiş ardıcıllıqla üstünlük verilir.
Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılırlar.
Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd ona təklif edilən vəzifədən imtina etdiyi təqdirdə, müvafiq təlimata uyğun olaraq ehtiyat kadrlar siyahısından çıxarılır.

Qeyd: İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində elan edilmiş vakant yerlər üzrə müsabiqələrdə yalnız “Böyük Qayıdış”a dair I Dövlət Proqramına əsasən həmin ərazilərdə yaşayış yeri ilə təmin edilmiş vətəndaşlar iştirak edə bilərlər

08/08/2026
30/07/2026
30/07/2026

📢 Məktəbəhazırlıq qruplarına qəbul prosesi davam edir!

✅ Bu günə qədər Qarabağ Regional Təhsil İdarəsi üzrə 1770 nəfərdən çox uşağın məktəbəhazırlıq qruplarına qeydiyyatı tamamlanıb.

📅 Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək.

🔔 Nəzərinizə çatdırırıq ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

15/07/2026

Şuşada keçirilən IV Qlobal Media Forumu qlobal media əməkdaşlığı üçün mühüm platformaya çevrildi

Son günlər Azərbaycan beynəlxalq informasiya gündəminin əsas mövzularından birinə çevrilib. Buna səbəb ölkəmizin növbəti dəfə Şuşa şəhərində keçirilən IV Qlobal Media Forumuna ev sahibliyi etməsidir. Müxtəlif qitələri təmsil edən media rəhbərləri, siyasətçilər, ekspertlər və akademik dairələrin nümayəndələri bu mötəbər tədbirdə iştirak edərək qlobal informasiya məkanını narahat edən aktual məsələləri müzakirə ediblər. Forumda ümumilikdə 53 dövlətdən 160 nümayəndə, 30 beynəlxalq xəbər agentliyi, 60-dan artıq media qurumu və media sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat təmsil olunub. İki gün davam edən forum çərçivəsində süni intellektin media sahəsinə təsiri, dezinformasiyaya qarşı mübarizə, media diplomatiyası, etimadın formalaşdırılması, şəhərsalma narrativləri və digər mühüm istiqamətlər üzrə panel müzakirələri təşkil olunub. Tədbirin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı regional və beynəlxalq gündəmdə yer alan mühüm məsələlərə münasibət bildirib, jurnalistlərin suallarını cavablandırıb və Azərbaycanın mövqeyini ətraflı şəkildə izah edib. Dövlət başçısı çıxışında Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, bu layihə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, Cənubi Qafqazın nəqliyyat və logistika imkanlarını genişləndirəcək, beynəlxalq yükdaşımaların həcmini artıracaq və iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək. Prezident İlham Əliyev çıxışı zamanı 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilmiş görüşə də toxunaraq bildirib ki, həmin görüşdə ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birlikdə üçtərəfli bəyanat imzalanıb, eyni zamanda iki ölkənin xarici işlər nazirləri sülh sazişini paraflayıblar. Bu faktın regionda davamlı sülhün qurulması baxımından mühüm mərhələ olduğu vurğulanıb. Forum çərçivəsində cənab Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən birinin sülh, əməkdaşlıq və qarşılıqlı etimad olduğunu bir daha diqqətə çatdırıb. O, həmçinin ölkənin enerji strategiyası barədə danışaraq Avropa bazarında Azərbaycanın rolunun getdikcə gücləndiyini qeyd edib. Bildirilib ki, bu ilin əvvəlindən Avstriya və Almaniyaya təbii qaz ixracına başlanılması enerji əməkdaşlığında yeni mərhələnin başlanğıcı hesab olunur. Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edir və etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin forumdakı çıxışı dünya mediasında geniş rezonans doğurub. Bir çox beynəlxalq media qurumları tədbiri və dövlət başçısının səsləndirdiyi fikirləri əsas xəbərlər sırasında təqdim ediblər. Xüsusilə Türkiyə, Pakistan, Gürcüstan, Böyük Britaniya, Fransa, Kanada, Qazaxıstan, Özbəkistan və digər ölkələrin aparıcı informasiya vasitələri foruma və Prezidentin çıxışına geniş yer ayırıblar. Pakistanın nüfuzlu informasiya agentlikləri dövlət başçısının Pakistan rəhbərliyinin regional sülhün təmin edilməsində oynadığı rolu yüksək qiymətləndirməsini ön plana çıxarıblar. Avropanın aparıcı xəbər platformalarından biri olan Euronews isə Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə dair səsləndirilən fikirləri diqqət mərkəzinə çəkərək, ölkənin təşkilatla bağlı gələcək qərarlarını geniş işıqlandırıb. Bununla yanaşı, Çin, Yaponiya, Serbiya, Ukrayna, Litva, Rumıniya, Bolqarıstan, İran, Misir, İordaniya, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələrin media orqanları Prezident İlham Əliyevin çıxışında səsləndirilən əsas məqamları oxucularına və tamaşaçılarına çatdırıblar. Xüsusilə Azərbaycanın enerji siyasəti, regional əməkdaşlıq, beynəlxalq təhlükəsizlik və sülh təşəbbüsləri xarici mediada geniş təhlil olunub. Yaponiya mediası isə Azərbaycan ilə Yaponiya arasında əməkdaşlıq imkanlarına diqqət yetirib. Məqalələrdə müdafiə sənayesi, texnologiya və təcrübə mübadiləsi istiqamətlərində perspektivlərin mövcud olduğu vurğulanıb.Forumun ikinci günü də maraqlı müzakirələrlə yadda qalıb. "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu", eləcə də "Süni intellekt, vizual təqdimatlar və yeni nəsil təcrübələr" mövzularına həsr olunan panel sessiyalarında informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və media etikasına dair fikir mübadiləsi aparılıb. İordaniya Kommunikasiya Nazirliyinin Baş katibi Zaid Al Nawaiseh çıxışında bildirib ki, müasir dövrdə əsas problem informasiyanın əlçatanlığı deyil, onun doğruluğu və etibarlılığıdır. Onun sözlərinə görə, süni intellekt yeni imkanlar yaratmaqla yanaşı, informasiya təhlükəsizliyi baxımından əlavə risklər də meydana çıxarır və bu sahədə beynəlxalq əməkdaşlıq vacibdir. AQEM-in Baş katibinin müavini Zhang Ling isə beynəlxalq medianın operativ və obyektiv fəaliyyətinin ictimai etimadın formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O hesab edir ki, düzgün və vaxtında təqdim olunan informasiya cəmiyyətlərin sağlam inkişafına mühüm töhfə verir.Texnologiya sahəsində fəaliyyət göstərən mütəxəssis Fərid Pərdəşünas bildirib ki, istifadəçilər xəbərləri əldə etmək üçün getdikcə daha çox süni intellekt platformalarına müraciət edirlər. Onun fikrincə, bu texnologiya media istehlakında yeni mərhələ yaratsa da, yaradıcılıq tələb edən peşələr gələcəkdə də öz əhəmiyyətini qoruyacaq. Texnobloqer Tariyel Ağazadə isə süni intellekt vasitəsilə hazırlanan saxta məzmunların cəmiyyət üçün ciddi təhlükə yaratdığını qeyd edib. O bildirib ki, saxta vizual materiallar və müxtəlif qurumların loqolarından istifadə edilməklə hazırlanmış dezinformasiyalar insanların aldadılmasını asanlaşdırır. Bu səbəbdən rəqəmsal savadlılığın artırılması mühüm əhəmiyyət daşıyır. Politoloq Gela Vasadze də çıxışında informasiya manipulyasiyasının yalnız süni intellektlə əlaqəli olmadığını, bunun uzun illərdir müxtəlif vasitələrlə həyata keçirildiyini bildirib. Onun fikrincə, əsas məsələ informasiya mənbələrinin düzgün qiymətləndirilməsi və tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsidir. Süni intellekt insanların işini asanlaşdırsa da, onun yaratdığı risklərin vaxtında qiymətləndirilməsi və qarşısının alınması vacib olaraq qalır. Beləliklə, IV Şuşa Qlobal Media Forumu beynəlxalq media nümayəndələrinin dialoq platformasına çevrilərək qlobal informasiya təhlükəsizliyi, media diplomatiyası və rəqəmsal transformasiya sahəsində aktual məsələlərin müzakirəsi üçün mühüm imkan yaratdı. Forum bir daha göstərdi ki, Şuşa beynəlxalq əməkdaşlığın və fikir mübadiləsinin aparıcı mərkəzlərindən biri kimi öz mövqeyini möhkəmləndirməkdədir.

03/07/2026

Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti çıxışında bildirib ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələyə qədəm qoyub. O qeyd edib ki, bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, may ayında isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Azərbaycana səfər edib. Bu gün isə Avropa Komissiyasının Prezidenti Azərbaycanda səfərdədir. Prezident vurğulayıb ki, Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Tərəfdaşlığın genişləndirilməsi və münasibətlərin möhkəmləndirilməsi istiqamətində hər iki tərəfin siyasi iradəsi münasibətlərdə görünməmiş dinamika yaradıb. O qeyd edib ki, Azərbaycan Avropa Komissiyası ilə münasibətlərə böyük önəm verir və bu gün Avropa Komissiyasının Prezidenti və nümayəndə heyəti ilə geniş və məhsuldar gündəlik ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Cənab Prezident bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərlə həyata keçirilir və Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır. Region üzrə Avropa İttifaqı ilə ticarətin təxminən 70 faizi Azərbaycanın payına düşür. Enerji sahəsində əməkdaşlıq müzakirələrin əsas istiqamətlərindən biri olub. Dörd il əvvəl Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri zamanı enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və həmin vaxtdan etibarən Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqına yönəldilir və artıq İttifaqın 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur. Bu coğrafiyanın daha da genişləndirilməsi üçün potensialın mövcud olduğu bildirilib.Dövlət başçısı qeyd edib ki, müasir dövrdə enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin əsas elementlərindən biridir. Azərbaycan enerji resurslarının ixracı üçün mühüm siyasi və diplomatik səylər göstərib, eyni zamanda neft və qazın nəqli məqsədilə geniş infrastruktur layihələrinə böyük maliyyə vəsaiti yatırıb. Prezident Cənub Qaz Dəhlizini bu əməkdaşlığın ən uğurlu nümunələrindən biri kimi qiymətləndirib və bildirib ki, uzunluğu 3500 kilometr olan vahid boru kəməri sistemi bu gün Azərbaycan qazının Avropaya nəqlində əsas arteriya rolunu oynayır.Prezident çıxışında nəqliyyat və logistika sahəsində əməkdaşlığa da toxunaraq bildirib ki, bağlantı məsələləri danışıqların mühüm hissəsini təşkil edib. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından və təşəbbüskarlarından biri olduğu vurğulanıb. Qonşu ölkələrlə və regionun digər dövlətləri ilə qurulan əməkdaşlıq formatı bütün tərəflər üçün faydalı nəticələr verir. Azərbaycandan keçən yükdaşımaların həcminin bütün istiqamətlər üzrə artdığı, ölkədə və regionda nəqliyyat infrastrukturuna böyük investisiyaların yatırıldığı və bu prosesin davam etdirildiyi bildirilib.Yeni geosiyasi reallıqlar fonunda dəniz limanlarının və dəmir yolu infrastrukturunun genişləndirilməsinə ehtiyac yarandığı, bu işlərin müəyyən edilmiş plan və maliyyə imkanlarına uyğun şəkildə həyata keçirildiyi qeyd olunub.Prezident diqqətə çatdırıb ki, Avropa Komissiyası ilə əməkdaşlığın yeni istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir. Görüş zamanı Azərbaycanın günəş, külək və su elektrik enerjisi potensialı, mövcud və gələcək ötürmə xətləri geniş müzakirə olunub. Bu sahədə də strateji tərəfdaşlıq imkanlarının mövcud olduğu vurğulanıb. Prezident bildirib ki, indiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr növbəti beş-altı il ərzində 8 giqavat həcmində günəş və külək enerjisi istehsalına imkan verəcək. Bunun yalnız imzalanmış müqavilələr əsasında planlaşdırıldığı, gələcəkdə bu göstəricinin daha da artacağı qeyd olunub. Görüşdə regional təhlükəsizlik məsələləri, xüsusilə Azərbaycan ilə Ermənistan arasında uğurla davam edən normallaşma prosesi geniş müzakirə edilib. Onun sözlərinə görə, ötən ilin avqustunda Vaşinqtonda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan Birgə Bəyannamə imzalayıb. Həmçinin ABŞ Prezidenti Tramp şahid qismində sənədi imzalayıb və tərəflər sülh sazişinin mətnini paraflayıblar. Prezident bunun nəticəsində de-fakto sülhün formalaşdığını və artıq bunun müsbət nəticələrinin müşahidə olunduğunu bildirib.Dövlət başçısı qeyd edib ki, Azərbaycan sülhün gündəlik həyatda hiss olunması üçün bir sıra birtərəfli addımlar atıb. Bu çərçivədə Ermənistana Azərbaycan ərazisi vasitəsilə yük daşımalarına tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb. Bildirilib ki, həmin məhdudiyyətlər vaxtilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı səbəbindən tətbiq edilmişdi. Bundan əlavə, Azərbaycanın Ermənistana benzin və dizel kimi mühüm yanacaq məhsullarının tədarükünə başladığı vurğulanıb. Mövcud geosiyasi şəraitdə bunun əhəmiyyətinin daha da artdığı qeyd edilib. Cənab Prezident sonda bildirib ki, Azərbaycan sülhün artıq real və hiss olunan bir anlayış olduğunu nümayiş etdirir. O xatırladıb ki, ölkənin torpaqları 30 il ərzində işğal altında qalıb, lakin Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü hərbi və siyasi vasitələrlə bərpa edib, daha sonra isə Ermənistana sülh təklif edib. Sülh artıq reallıqdır və əsas məqsəd onu daha da möhkəmləndirmək, uzunmüddətli və davamlı etməkdir. Prezident Avropa Komissiyasının bu istiqamətdə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib. Cənab Prezident qeyd edib ki, Avropa Komissiyasının Prezidenti də Komissiyanın regionda sülh prosesinə töhfə verməyə hazır olduğunu ifadə edib. Bu cür dəstək regiondakı müsbət dinamikanın güclənməsinə, Cənubi Qafqazın münaqişələrdən və ərazi iddialarından uzaq, əməkdaşlıq, tərəfdaşlıq və sülh regionuna çevrilməsinə xidmət edəcək.

27/06/2026

Azərbaycan-Türkmənistan münasibətləri qardaşlıq, qarşılıqlı etimad və ortaq maraqlar əsasında daha da möhkəmlənir

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident İlham Əliyev çıxışında ilk növbədə Qarabağın bərpası prosesinə göstərdiyi dəstəyə görə Türkmənistan rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. O vurğulayıb ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ötən ilin iyul ayında Azərbaycana səfəri zamanı Füzuli şəhərində məscid inşası təşəbbüsü ilə çıxış etməsi qardaş ölkənin Azərbaycan xalqına olan səmimi münasibətinin bariz nümunəsidir. Artıq həmin məscidin tikintisinə başlanılıb və bu layihə yalnız dini-mədəni əhəmiyyət daşımır, eyni zamanda iki xalq arasındakı qardaşlıq və həmrəyliyin rəmzidir. Bu təşəbbüs Türkmənistanın Ümummilli Liderinin, ölkə rəhbərliyinin və bütün türkmən xalqının Azərbaycana dostluq münasibətinin daha bir təzahürüdür. Dövlət başçısı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova da əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təşəkkür edib. O bildirib ki, keçirilən görüşlər zamanı ikitərəfli münasibətlərin geniş spektrini əhatə edən məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib və aidiyyəti qurumlara konkret tapşırıqlar verilib. Prezident əminliyini ifadə edib ki, yaxın vaxtlarda Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiyanın iclasına qədər bu tapşırıqlar hərtərəfli işlənəcək və tərəflər yeni layihələrin icrasına, eləcə də qarşılıqlı maraq doğuran problemlərin həllində daha fəal mərhələyə keçəcəklər. Cənab Prezident Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin möhkəm tarixi, mədəni və mənəvi təməl üzərində qurulduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, əsrlər boyu formalaşmış ortaq köklər, dil və mədəni yaxınlıq iki xalq arasında qarşılıqlı etimadın və dostluğun əsasını təşkil edir. Bu əlaqələrin daha da gücləndirilməsi məqsədilə hər iki ölkədə mütəmadi olaraq mədəni tədbirlər təşkil olunur, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri həyata keçirilir. Bu ilin əvvəlində Aşqabadda və Arkadağ şəhərində Azərbaycan Mədəniyyəti Günləri uğurla keçirilib. Eyni zamanda, ötən il Türkmənistanın mədəniyyət nümayəndələri Bakıda və Gəncədə təşkil olunan tədbirlərdə iştirak edərək xalqlar arasında mədəni körpülərin möhkəmlənməsinə töhfə veriblər. Çıxış zamanı şəhərlərarası əməkdaşlığın da münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd olunub. Bakı ilə Aşqabadın, eləcə də Arkadağ və Füzuli şəhərlərinin qardaşlaşmış şəhərlər olması iki dövlət arasında əlaqələrin yalnız siyasi və iqtisadi deyil, həm də humanitar və sosial sahələrdə inkişaf etdiyini göstərir. Prezident bildirib ki, tərəflər mövcud əməkdaşlığı daha konkret layihələr və təşəbbüslərlə zənginləşdirməyə, qarşılıqlı fəaliyyətin əhatə dairəsini genişləndirməyə çalışırlar. Azərbaycan Prezidenti Türkmənistan tərəfinə ölkəsinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsinə verdiyi dəstəyə görə xüsusi təşəkkürünü çatdırıb. O bu hadisəni tarixi əhəmiyyət daşıyan qərar kimi qiymətləndirərək bildirib ki, Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi olmasa da, region ölkələri ilə dərin tarixi, mədəni və iqtisadi bağlara malikdir. Prezidentin fikrincə, nəqliyyat, logistika və regional əməkdaşlıq sahələrində həyata keçirilən birgə layihələr böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşmasına mühüm töhfə verir. O vurğulayıb ki, Azərbaycan bu platformada ilk gündən etibarən fəal iştirak edir və çoxtərəfli əməkdaşlığın inkişafına töhfə verməyə davam edəcək. Dövlət başçısı siyasi qarşılıqlı fəaliyyətin əhəmiyyətinə ayrıca toxunaraq qeyd edib ki, ölkələr arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq bütün digər sahələrdə əldə olunan uğurların əsasını təşkil edir. Nəqliyyat və logistika sahəsində qazanılan nailiyyətlər təsadüfi deyil və bu uğurların arxasında qarşılıqlı etimad, siyasi iradə və strateji tərəfdaşlıq dayanır. Müasir dünyada təhlükəsiz, etibarlı və davamlı nəqliyyat marşrutlarının sayı məhduddur və Azərbaycanla Türkmənistanın birgə fəaliyyəti nəticəsində formalaşan nəqliyyat dəhlizləri yalnız iki ölkə üçün deyil, geniş region üçün strateji əhəmiyyət kəsb edir. O bildirib ki, tərəflər artmaqda olan yükdaşımaların həcmini daha da genişləndirmək, tranzit imkanlarını artırmaq və üçüncü ölkələrdən əlavə yüklərin cəlb olunması istiqamətində fəaliyyətlərini əlaqələndirmək barədə razılığa gəliblər. Nəqliyyat-logistika sektoru həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın əsas prioritetlərindən biri olaraq qalacaq və bu istiqamətdə yeni layihələrin reallaşdırılması üçün geniş imkanlar mövcuddur. Çıxışının sonunda cənab Prezident Türkmənistanın son illərdə əldə etdiyi uğurlara da toxunub. O qeyd edib ki, Azərbaycan xalqı və dövləti dost və qardaş ölkənin nailiyyətlərini böyük məmnunluqla izləyir. Türkmənistanın sosial-iqtisadi inkişafı, şəhərlərin müasirləşdirilməsi, infrastrukturun genişləndirilməsi və turizm potensialının artırılması istiqamətində əldə etdiyi nəticələr yüksək qiymətləndirilib. Bu nailiyyətlər ölkə rəhbərliyinin uzaqgörən siyasətinin, milli maraqlara əsaslanan inkişaf strategiyasının və xalqın rifahına yönəlmiş fəaliyyətinin nəticəsidir. Türkmənistan və Azərbaycan zəngin enerji resurslarına malik dövlətlər kimi enerji təhlükəsizliyi, nəqliyyat, logistika və digər strateji sahələrdə səylərini birləşdirmək niyyətindədirlər. O, Azərbaycanın Türkmənistanın beynəlxalq nüfuzunun artmasını və uğurlarını daim dəstəklədiyini bildirib, xüsusilə də beynəlxalq ictimaiyyət tərəfindən geniş rəğbətlə qarşılanan neytrallıq siyasətinə verilən dəstəyi bir daha təsdiqləyib. Prezident vurğulayıb ki, iki qardaş ölkə arasında qarşılıqlı etimad, dostluq və strateji tərəfdaşlıq gələcək illərdə də regional sabitliyə, iqtisadi tərəqqiyə və xalqların rifahına xidmət edəcək.

Address

Mahrızlı Kəndi
Agdam

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category