06/05/2026
https://www.facebook.com/share/p/1Nv2FDEJN4/
Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq və strateji tərəfdaşlıq getdikcə möhkəmlənir
2026-cı il mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycan Respublikasına həyata keçirdiyi rəsmi səfər iki ölkə arasında mövcud münasibətlərin dinamik inkişafının mühüm mərhələsi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilmiş görüşlər, aparılmış müzakirələr və verilmiş rəsmi bəyanatlar göstərir ki, Bakı və Roma arasında əməkdaşlıq artıq ənənəvi enerji tərəfdaşlığı çərçivəsini aşaraq daha geniş geosiyasi və iqtisadi məzmun kəsb etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfərin yekunlarına dair mətbuata verdiyi bəyanatda Azərbaycan–İtaliya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamış, bu münasibətlərin uzunmüddətli sabitlik və qarşılıqlı etimad prinsiplərinə əsaslandığını qeyd etmişdir. Bu kontekstdə qeyd olunmalıdır ki, 2014-cü və 2020-ci illərdə iki ölkə arasında strateji tərəfdaşlığa dair müvafiq bəyannamələr imzalanmışdır. İtaliya Respublikasının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu xüsusi vurğulanmışdır. İkitərəfli iqtisadi əməkdaşlıq, xüsusilə enerji sahəsində, yüksək dinamika ilə inkişaf edir. Belə ki, son statistik məlumatlara əsasən, iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard ABŞ dolları təşkil etmişdir. Həmin dövrdə Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetri İtaliya bazarına yönəldilmişdir. Bu fakt, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunu bir daha təsdiqləyir. Azərbaycan qazının Avropa bazarına nəqlini təmin edən Cənub Qaz Dəhlizi layihəsi ikitərəfli strateji əməkdaşlığın əsas sütunlarından biri kimi çıxış edir. Layihənin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə qazın İtaliyaya çatdırılması tərəflər arasında qarşılıqlı asılılıq və tərəfdaşlıq münasibətlərini daha da gücləndirir. Enerji sahəsində əməkdaşlıq yalnız iqtisadi deyil, eyni zamanda siyasi sabitlik və regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyətə malikdir. İtaliya Respublikasının Baş naziri Ciorcia Meloni səfər çərçivəsində Azərbaycanı etibarlı tərəfdaş kimi səciyyələndirmiş və ölkəsinin Cənubi Qafqaz regionunda sabitliyin və davamlı inkişafın tərəfdarı olduğunu bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, İtaliya Azərbaycan ilə əməkdaşlığın yalnız enerji sektoru ilə məhdudlaşmadığını, sənaye, nəqliyyat, yüksək texnologiyalar və humanitar sahələrdə də genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu hesab edir. İqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində görülən işlər də diqqətəlayiqdir. Azərbaycan Dövlət Neft Fondu tərəfindən son illər ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. Bununla yanaşı, hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müxtəlif layihələrin icrasında iştirak edir. Eyni zamanda, Azərbaycanın İtaliya bazarına qeyri-neft məhsulları üzrə ixrac imkanlarının genişləndirilməsi iqtisadi əməkdaşlığın dayanıqlığını artıran mühüm amillərdən biri kimi çıxış edir. Mədəni-humanitar sahədə əməkdaşlıq da ikitərəfli münasibətlərin mühüm komponentini təşkil edir. Təhsil, mədəniyyət və turizm sahələrində həyata keçirilən birgə layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə xidmət edir. Bu baxımdan, Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti xüsusi əhəmiyyətə malikdir və hazırda burada 500-dən artıq tələbə təhsil alır. Müasir geosiyasi reallıqlar kontekstində Azərbaycan–İtaliya münasibətləri daha geniş regional və beynəlxalq əhəmiyyət kəsb edir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və qlobal iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından tərəflər arasında əməkdaşlıq strateji xarakter daşıyır. Xüsusilə Orta Dəhlizin inkişafı və Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində Azərbaycanın oynadığı rol İtaliya üçün əlavə perspektivlər açır. Nəticə etibarilə, Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri Azərbaycan–İtaliya münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini və yeni məzmunla zənginləşdiyini bir daha təsdiq edir. Bu münasibətlər yalnız ikitərəfli çərçivədə deyil, həm də daha geniş regional və qlobal miqyasda sabitlik, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verir. Beləliklə, formalaşmaqda olan yeni mərhələ Azərbaycan–İtaliya tərəfdaşlığının çoxşaxəli və dayanıqlı əməkdaşlıq modelinə transformasiyasını şərtləndirir və yaxın perspektivdə daha əhəmiyyətli nəticələrin əldə olunacağını proqnozlaşdırmağa əsas verir.