19/03/2026
Məktəbimizdə şagirdlər arasında maraqlı və rəqabətli qol güləşi yarışı keçirildi.
Yarış məktəbimizin fiziki tərbiyə müəllimi İsmayıl Ağayev tərəfindən təşkil olundu.
Şagirdlər öz güclərini sınayaraq əsl idman ruhu nümayiş etdirdilər, qaliblər isə mükafatlandırıldı.
Yarış zamanı həm dostluq, həm də sağlam rəqabət mühiti hökm sürdü.
Bu cür idman tədbirləri şagirdlərin fiziki inkişafına və idmana olan marağın artmasına böyük töhfə verir.
19/03/2026
Məktəbimizdə “İdmançılar üçün psixoloji hazırlıq seminarı” təşkil olundu.
Seminar məktəbimizin psixoloqu Aynurə Davudova tərəfindən keçirildi.
Çıxış zamanı idmançıların yarış öncəsi həyəcanı idarə etməsi, motivasiyanın artırılması, diqqət və özünə inamın gücləndirilməsi kimi vacib məqamlara toxunuldu.
Şagirdlər psixoloji hazırlığın uğurun əsas açarlarından biri olduğunu öyrəndilər və faydalı tövsiyələrlə tanış oldular.
Bu cür seminarlar gənclərin həm fiziki, həm də psixoloji inkişafına böyük töhfə verir
19/03/2026
Məktəbimizdə Novruz bayramı münasibətilə möhtəşəm bayram şənliyi keçirildi!
Şənlik zamanı ənənələrimizə uyğun olaraq bayram tonqalı yandırıldı, şagirdlər tonqal ətrafında toplaşaraq qədim adətlərimizi yaşatdılar.
Rəngarəng çıxışlar, milli musiqilər və şən əhval-ruhiyyə tədbirə xüsusi gözəllik qatdı.
Bu cür tədbirlər milli-mənəvi dəyərlərimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Bayramınız mübarək!
19/03/2026
Məktəbimizdə “Tanınmış şəxsiyyətlər” silsilə tədbirləri çərçivəsində görkəmli rəssam Səttar Bəhlulzadə-nin həyat və yaradıcılığına həsr olunmuş tədbir təşkil olundu.
Tədbir Şərifov Şamil müəllimin rəhbərliyi ilə keçirildi. Şagirdlər böyük sənətkarın həyat yolu, yaradıcılıq üslubu və Azərbaycan təsviri sənətinə verdiyi töhfələr haqqında geniş məlumat əldə etdilər.
Tədbir iştirakçıları tərəfindən Səttar Bəhlulzadənin əsərləri müzakirə olundu, onun təbiətə olan sevgisi və rəngkarlıq üslubu xüsusi vurğulandı.
Belə maarifləndirici tədbirlər şagirdlərdə incəsənətə marağın artırılmasına və milli dəyərlərin təbliğinə xidmət edir.
18/03/2026
“Məktəbimizdə 8-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirilmişdir. Görüş zamanı bir sıra vacib məsələlər müzakirə olunmuşdur. Növbəti tədris ilində şagirdlərin istiqamətləndirilməsi və gələcək seçimləri, həmçinin onların davranış və nizam-intizam qaydalarına riayət etmələri barədə fikir mübadiləsi aparılmışdır. Eyni zamanda digər mühüm məsələlər ətrafında geniş müzakirələr keçirilmiş, valideynlərin təklifləri dinlənilmişdir.”
18/03/2026
“Məktəbimizdə oxu dərsləri davam edir. Altıncı sinif şagirdləri Maqsud İbrahimbəyovun Uşaqlığın son gecəsi əsərini mütaliə edirlər. Şagirdlər oxuduqları əsər ətrafında öz aralarında fikir mübadiləsi aparır, düşüncələrini bölüşürlər. Dərs prosesinə rəhbərlik edən müəllim Mustafazadə Sevinc şagirdlərin müzakirələrini istiqamətləndirərək onların mütaliə və təhlil bacarıqlarının inkişafına dəstək olur.”
18/03/2026
Məktəbin ibtidai sinif müəllimi Zeynallı Pərvanə 4-cü sinif şagirdlərinə "Yol hərəkəti qaydaları" mövzusunda maarifləndirici tədbir təşkil etmişdir. Şagirdlər yol hərəkəti qaydalarına aiid hazırladıqları əl işlərini nümayiş etdiriblər.
16/03/2026
Qəbələ rayon Ehtiram Səmədov adına Mamaylı kənd tam orta məktəbi-nin psixoloqu Aynurə Davudova tərəfindən
“Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilmişdir. Tədbir zamanı şagirdlərə sağlam qidalanmanın əhəmiyyəti izah edilmiş, uşaqlar üçün sağlam qidanı sevdirməyin ən maraqlı yollarından biri kimi meyvə və tərəvəzlərin rənglənməsi fəaliyyəti təşkil olunmuşdur. 🍎🥕🍏
15/03/2026
QLOBAL BAKI FORUMU SÜLH VƏ ƏMƏKDAŞLIQ TƏŞƏBBÜSLƏRİNİN ƏSAS PLATFORMASIDIR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda XIII Qlobal Bakı Forumu keçirildi. Qlobal Bakı Forumu artıq regional və beynəlxalq müstəvidə nüfuzlu diplomatik platformalardan birinə çevrilib və hər il ardıcıl surətdə təşkil olunan bu forumda dünya birliyi üçün, bəşəriyyət üçün bir çox aktual məsələlər müzakirə olunur, qlobal tendensiyalar və çağırışlar ətraflı dəyərləndirilib.Bu məqamı XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev də öz çıxışında xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu forumun böyük rolu var. Dövlət başçısı onu da vurğuladı ki, müasir dövrdə dünyada baş verən siyasi və iqtisadi proseslər beynəlxalq əməkdaşlığın və dialoqun daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan Qlobal Bakı Forumu fikir mübadiləsi aparılması və müxtəlif məsələlər üzrə ortaq yanaşmaların formalaşdırılması üçün mühüm platforma rolunu oynayır.Forum çərçivəsində qlobal təhlükəsizlik, beynəlxalq münasibətlər, iqtisadi əməkdaşlıq və digər aktual məsələlər üzrə müzakirələr aparıldı. Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nüfuzlu qonaqlar, siyasətçilər, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər tərəfindən forum çərçivəsində qlobal gündəlikdə duran aktual məsələlər müzakirə edildi.Dünyada geosiyasi gərginliklərin artdığı, müxtəlif regionlarda qarşıdurmaların dərinləşdiyi bir dövrdə Bakıda yüzlərlə nüfuzlu beynəlxalq qonağın iştirakı ilə qlobal problemlərin müzakirəyə çıxarılması mühüm və təqdirəlayiq addımdır. Qlobal Bakı Forumu artıq regional və beynəlxalq səviyyədə nüfuzlu diplomatik platformalardan birinə çevrilib. Hər il təşkil olunan bu forum çərçivəsində dünya birliyini narahat edən mühüm məsələlər müzakirə edilir, qlobal çağırışlar və tendensiyalar geniş şəkildə təhlil olunur. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib.Azərbaycan bu mənada unikal bir nümunədir. Bu unikallıq da ölkəmizin etimadının və nüfuzunun artmasına səbəb olur. Bu gün Azərbaycan beynəlxalq müstəvidə gedən proseslərə fəal şəkildə töhfə verməyə çalışır, qlobal təşəbbüsləri dəstəkləyir və müxtəlif platformalarda dialoqun inkişafına xidmət edən addımlar atır. Qlobal Bakı Forumu da bu baxımdan ölkəmizin sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdən biridir və gələcək üçün əhəmiyyətli töhfə hesab edilə bilər. Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən mühüm ölkələrdən biridir. Bu cür qlobal tədbirlərə ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın artan nüfuzunun ona olan etimadın artmasının göstəricisidir.
15/03/2026
Azərbaycan - Avropa Şurası münasibətləri
2026-cı il martın 11-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında baş tutan görüş və mətbuata verilən bəyanatlar Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni bir strateji eranın başlandığını təsdiq etdi. Prezident İlham Əliyevin mətbuata çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin nə dərəcədə həlledici və qarşılıqlı maraqlara söykənən bir tərəfdaşlıq olduğunu bir daha nümayiş etdirdi.Dövlətimizin başçısı qeyd etdi, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır. Azərbaycan ilə Avropa Şurası arasında münasibətlərin əsası 1992-cı ildə qoyulmuşdur. 1996-cı ildə Azərbaycan Avropa Şurasında “xüsusi qonaq” statusu əldə etmiş, 2001-ci ilin 25 yanvar tarixində isə Avropa Şurasının tamhüquqlu üzvü olmuşdur. Avropa Şurasına üzv olduqdan sonra Azərbaycan təşkilatın bir çox qurumları ilə əməkdaşlıq etmiş, Xüsusilə Avropa Şurası Parlament Assambleyası, Venesiya Komissiyası və Avropa İnsan Hüquqları Məhkəməsi ilə əlaqələr genişlənmişdir. 2014-cü ildə Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmişdir ki, bu dövrdə Azərbaycan təşkilat daxilində müxtəlif təşəbbüslərlə çıxış etmiş və Avropa ölkələri ilə əməkdaşlığın gücləndirilməsinə mühün töhfələr vermişdir. Azərbaycanın sədrliyi dövründə mədəniyyətlərarası dialoq, insan hüquqları və regionlararası əməkdaşlıq kimi mövzular diqqət mərkəzində olmuşdur.
Ölkəmizin böyük bərpaolunan enerji potensialına malik olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev qeyd etdi, enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır ki, onun da böyük potensialı var. Biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq.
Yekun olaraq qeyd edə bilərik ki, Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi strateji hədəflər göstərir ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri bərabərhüquqlu dialoq və qarşılıqlı hörmət əsasında daha da möhkəmlənəcək, bu tərəfdaşlıq həm regionun, həm də bütün Avrasiya məkanının rifahına xidmət edəcəkdir.
06/03/2026
Ənənəvi ailə dəyərlərinə sadiq qalan Azərbaycan xanımları müasir düşüncəli, yenilikçi və yaradıcıdırlar
Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində daim misilsiz fədakarlıqlar göstərmiş, xalqımızın mədəni kimliyinin formalaşmasında müstəsna rol oynamışdır.
Azərbaycan xanımları milliliklə müasirliyi vəhdət halında mənəviyyatlarının əsas prinsipi kimi qəbul edərək geniş sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətdə mühüm yer tutmuşlar. Maarifpərvər sələflərinin izindən gedərək müsəlman Şərqində qadınlar arasında incəsənət, elm və təhsil sahələrində ilk addımları atan, yenilikçi və tərəqqipərvər olduqlarını sübut edən Azərbaycan qadınları milli varlığımızın əsas dayağı olan mədəni irsimizin, ana dilimizin və adət-ənənələrimizin qorunub saxlanılmasında böyük xidmətlər göstərmişlər. Tarixin çətin dövrlərində cəmiyyətin mənəvi dayağına çevrilmiş, XX əsrin əvvəlində bir çox inkişaf etmiş ölkələrin qadınlarından daha tez seçki hüququ əldə edərək ictimai və mədəni həyatda fəal iştirak etmişlər. Müsəlman Şərqində incəsənət, elm və texnika sahəsində ilk addımları atanlar arasında Azərbaycan qadınlarının yer alması onların millilik və müasirlik harmoniyasını mənəvi dəyərlərində qoruyub saxlamalarının göstəricisidir.
Azərbaycan qadınları son yüz ildə xüsusilə təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm rol oynamış, dövlətçiliyimizin möhkəmləndirilməsi və müstəqillik ideyalarına sədaqətlə ölkəmizin inkişafına töhfə vermişlər. Onlar bilik və bacarıqlarını ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə yönəltmişlər. Qadınların yüksək ictimai nüfuzu və hüquqlarının tam təmin olunması müasir Azərbaycan cəmiyyətinin əsas nailiyyətlərindəndir. Dövlət quruculuğunun fəal iştirakçısı olan Azərbaycan qadını milli nailiyyətlərimizin zirvəsinə yüksəlmək və parlaq qələbə sevincini yaşamaq üçün bütün gücünü səfərbər etmişdir. Vətəninə sədaqətlə bağlı olan Azərbaycan qadınları milli ideyalara uyğun gənc nəslin yetişdirilməsində əhəmiyyətli rol oynamış, onların qəlbində haqqın qələbəsinə sarsılmaz inam hissi yaratmışlar. Azərbaycan qadınının mənəvi gücü ilə yetişən bu nəsil, 44 günlük Vətən müharibəsində rəşadət göstərərək xalqımızın mübarizlik simvoluna çevrilmişdir. Tarix boyu qadına dərin ehtiram bəsləyən Azərbaycan xalqı dövlət qadın siyasətinin prinsiplərini bu köklü ənənələr üzərində qurmuşdur.
Mənəvi-əxlaqi dəyərlərimizin qorunub yaşadılması analarımızın əməyi ilə sıx bağlıdır. Zərifliyi, nəcibliyi və gözəlliyi ilə seçilən Azərbaycan qadınları, eyni zamanda, hünər və qəhrəmanlıqları ilə tariximizə şanlı səhifələr yazmışlar. Taleyüklü sınaqlarda cəmiyyətin mənəvi dayağı olmuş, 44 günlük Vətən müharibəsində fədakarlıqları ilə bu həqiqəti bir daha təsdiqləmişlər.
Müasir dövrdə qadınların cəmiyyətdə fəal iştirakı, gender bərabərliyi məsələləri qlobal əhəmiyyət kəsb edir. Azərbaycan dövləti bu istiqamətdə mühüm addımlar ataraq nümunəvi nailiyyətlər əldə edib. Bunun nəticəsi olaraq, ölkəmizdə qadınların ictimai fəallığı əhəmiyyətli dərəcədə artıb, onlar müxtəlif sahələrdə yüksək aktivlik nümayiş etdirərək böyük uğurlar qazanıblar.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün parlaq örnəkdir. Mehriban xanım Əliyeva ölkəmizi layiqincə təmsil edən, xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, mədəniyyətə, idmana, elmə, təhsilə və səhiyyəyə xüsusi diqqət ayıran ictimai-siyasi xadim kimi tanınır. Onun ali məqsədlərə xidmət edən fəaliyyəti bu sahələrin inkişafında mühüm rol oynayaraq ölkəmizin tərəqqisinə böyük töhfələr verir. Azərbaycanın birinci xanımının genişmiqyaslı ictimai-siyasi fəaliyyəti dünya miqyasında Azərbaycan qadınının müsbət imicinin formalaşmasında əvəzsiz yer tutur.
Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq aləmdə düzgün təqdim olunması istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif dillərdə nəşr olunan kitablarda Qarabağ məsələsinin tarixi, Ermənistanın işğalçılıq siyasəti və ermənilərin insanlığa qarşı törətdikləri vəhşiliklər geniş şəkildə əks etdirilmişdir. Son illərdə Azərbaycanın qazandığı uğurlar, eləcə də 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün təmin olunması, ölkəmizin beynəlxalq müstəvidə maraqlarını qoruyan məqsədyönlü xarici siyasətinin uğurlu nəticəsidir. Məhz strateji və uzaqgörən siyasət sayəsində Azərbaycan dünya arenasında nüfuzunu artırmış, haqq işimiz beynəlxalq təşkilatlar və əksər ölkələr tərəfindən dəstəklənmişdir.
Aydın məsələdir ki, qadınların siyasi proseslərdə fəal iştirakı, müxtəlif sahələrdə qərarların qəbulunda söz sahibi olması demokratik cəmiyyətin qurulmasında mühüm rol oynayır. Mehriban xanım Əliyevanın dövlətçilik fəaliyyəti sübut edir ki, qadınların ictimai mövqeyinin güclənməsi təkcə onların qadın məsələlərində deyil, ümumölkə məsələlərinin həllində də fəal iştirak etməsindən asılıdır. Bununla yanaşı, dövlətin onlara lazımi imkanlar yaratması da vacibdir və bu istiqamətdə Azərbaycan Respublikasında uğurlu addımlar atılmaqdadır.
Ənənəvi ailə dəyərlərinə sadiq qalan Azərbaycan xanımları müasir düşüncəli, yenilikçi və yaradıcıdırlar. Maarifpərvər sələflərinin davamçıları kimi onların ictimai nüfuzu, təhsil, səhiyyə, mədəniyyət və elm sahələrindəki uğurları ölkəmizin hərtərəfli inkişafını təmin edən əsas amillərdəndir. Azərbaycan qadınları bundan sonra da dinamik sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətin inkişafına töhfə verməyə davam edəcək, ölkəmizin parlaq gələcəyinin qurulmasında yaxından iştirak edəcəklər.