18/03/2026
Hər il dünyada keçirilən Global Money Week (Qlobal Pul Həftəsi) uşaqlar və gənclər arasında maliyyə savadlılığının artırılmasına yönəlmiş mühüm beynəlxalq təşəbbüsdür. Bu təşəbbüs çərçivəsində gənclərin erkən yaşlardan pulun düzgün idarə olunması, maliyyə qərarlarının verilməsi və şəxsi maliyyə təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlar əldə etməsi təşviq olunur.
Bu məqsədlə Kapital Bank tərəfindən Qlobal Pul Həftəsinə həsr olunmuş “Smart Money Talks” adlı maarifləndirici sessiya təşkil edilmişdir. Sessiyanın əsas məqsədi məktəblilərin maliyyə savadlılığını artırmaq, onlarda düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına dəstək olmaq və gələcəkdə daha şüurlu maliyyə qərarları vermələrinə töhfə vermək olmuşdur.
Tədbirdə məktəbimizin şagirdləri də fəal iştirak etmiş, maliyyə mövzularında təqdim olunan məlumatları böyük maraqla dinləmiş və mövzu ətrafında müzakirələrə qoşulmuşlar. Şagirdlər pulun idarə olunması, qənaət, büdcə planlaşdırılması kimi mövzularda ilkin biliklər əldə etmiş, interaktiv mühitdə keçirilən sessiya onların mövzuya olan marağını daha da artırmışdır.
Bu cür maarifləndirici tədbirlər şagirdlərin gələcək həyatında düzgün maliyyə davranışlarının formalaşmasında mühüm rol oynayır.
17/03/2026
Bu gün məktəbdə İlaxır çərşənbə münasibətilə möhtəşəm tədbir keçirildi. 🌿✨
Tədbir şagirdlərin hazırladıqları maraqlı çıxışlarla başladı. İbtidai sinif şagirdləri və 7 A sinif şagirdlərinin bir-birindən gözəl çıxışları tədbirə xüsusi rəng qatdı. 💫
Ardınca şeirlər səsləndirildi, milli ruhu əks etdirən səhnəciklər nümayiş olundu. Şagirdlərin ifasında rəngarəng rəqslər və sevilən mahnılar hər kəs tərəfindən böyük maraqla qarşılandı.
Tədbirin sonunda məktəbin direktoru Nəcibə xanım Axundova çıxış edərək bütün kollektivi və şagirdləri bayram münasibətilə təbrik etdi, xoş arzularını çatdırdı.
Sonda isə tonqal ətrafında yallı gedildi, hamı birlikdə rəqs edərək bayram coşqusunu yaşadı.
Belə gözəl ənənələrimizi yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimiz üçün böyük qürur və sevincdir.
İlaxır çərşənbəniz mübarək! 🌸
17/03/2026
Nərimanov Rayon İcra Hakimiyyəti-nin təşkilatçılığı ilə Nərimanov Parkında Novruz bayramına həsr olunmuş geniş və rəngarəng tədbir keçirildi. Bayram tədbirində rayonun müxtəlif təhsil müəssisələri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edərək milli adət-ənənələrimizi əks etdirən maraqlı proqramlarla çıxış etdilər.
Tədbirdə Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəb də fəal iştirak etdi. Məktəbin şagirdləri və müəllim kollektivi tərəfindən hazırlanmış sərgilər böyük maraqla qarşılandı. Sərgilərdə Novruzun atributları, milli mətbəximizə aid nümunələr, əl işləri və dekorativ kompozisiyalar nümayiş etdirilərək ziyarətçilərə təqdim olundu.
Şagirdlərin hazırladıqları guşələrdə milli dəyərlərimiz, adət-ənənələrimiz və Novruzun rəmzləri yüksək zövqlə əks olunmuşdu.
13/03/2026
“Tanınmış şəxsiyyətlər təqvimi” layihəsi çərçivəsində tədbir keçirildi
“Tanınmış şəxsiyyətlər təqvimi” layihəsi çərçivəsində məktəbin 3 “A” sinfində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyova həsr olunmuş təqdimat təşkil olundu.
Tədbir 3 “A” sinfinin rəhbəri Salatın Həsənova, Uşaq Birliyinin təşkilatçı rəhbəri Aysel Qəribova və məktəbin kitabxana müdiri Ana Qəhrəmanovanın təşkilatçılığı ilə həyata keçirildi.
Təqdimat zamanı şagirdlər Üzeyir Hacıbəyovun həyatı və yaradıcılığı haqqında hazırladıqları maraqlı çıxış və təqdimatlarla çıxış etdilər. Daha sonra dahi bəstəkarın həyat yolundan bəhs edən “Üzeyir Hacıbəyovun ömrü” adlı film izlənildi.
Tədbirin davamında isə Üzeyir Hacıbəyovun məşhur əsəri əsasında çəkilmiş “Arşın mal alan” filmindən maraqlı fraqmentlər nümayiş etdirildi.
Bu cür tədbirlərin keçirilməsi şagirdlərin milli mədəniyyətimizə, görkəmli şəxsiyyətlərimizin irsinə marağının artırılmasına və onların dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.
11/03/2026
Məktəbdə keçirilən idman yarışlarında fəallıq göstərən 5-ci sinif şagirdlərinin mükafatlandırılması mərasimi təşkil olundu. Tədbir fiziki tərbiyə müəllimləri metodbirləşmə rəhbəri Sevil Əsgərova və Rəmziyyə Hüseynovanın təşkilatçılığı ilə baş tutdu.
Yarışlar zamanı şagirdlər müxtəlif idman növlərində iştirak edərək öz bacarıqlarını nümayiş etdirdilər, komanda ruhu və sağlam rəqabət mühiti formalaşdırdılar. Diplomlar şagirdlərə təlim-tərbiyə işləri üzrə direktor müavini Cəmilə Talıbova tərəfindən təqdim olundu.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və onların fiziki inkişafına dəstək göstərmək idi. Mərasim şagirdlərin böyük sevinc və yüksək əhval-ruhiyyəsi ilə yadda qaldı.
10/03/2026
09.02.2026-cı il tarixində 8b sinfində məktəbin psixoloqu Həsənova Mehriban tərəfindən “Zərərli vərdişlər – Siqaret çəkmək” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirin əsas məqsədi şagirdlərə zərərli vərdişlər, xüsusilə siqaret çəkməyin insan sağlamlığına mənfi təsirləri barədə məlumat vermək və bu mövzu ilə bağlı onların fikir və düşüncələrini öyrənmək idi. Görüş zamanı şagirdlərlə mövzu ətrafında müzakirələr aparıldı, onların sualları cavablandırıldı və sağlam həyat tərzinin əhəmiyyəti vurğulandı.
10/03/2026
09.02.2026-cı il tarixində 34 nömrəli tam orta məktəbin psixoloqu Həsənova Mehriban tərəfindən “Sağlam bədəndə sağlam ruh” 10-cu siniflər arasında mövzusunda maarifləndirici seminar keçirildi.
Seminarın əsas məqsədi şagirdlərə sağlam həyat tərzinin mahiyyətini izah etmək, onların fiziki və psixoloji sağlamlığın vacibliyi barədə məlumatlandırılması idi. Görüş zamanı sağlam qidalanma, idmanın insan həyatındakı rolu və sağlam düşüncənin formalaşdırılması mövzuları haqqında şagirdlərlə fikir mübadiləsi aparıldı.
10/03/2026
09.01.2026-cı il tarixində məktəbin psixoloqu Həsənova Mehriban tərəfindən 7b sinfində maarifləndirici görüş keçirildi. Görüş çərçivəsində şagirdlərə “Özünəinam” testi təqdim olundu və “Bullinq nədir?” mövzusunda seminar təşkil edildi.
Seminarın əsas məqsədi şagirdlərin özünəinam səviyyəsini müəyyən etmək, eyni zamanda bullinq anlayışı, onun insan psixologiyasına təsiri və belə halların qarşısının alınması barədə şagirdləri məlumatlandırmaq idi. Görüş zamanı mövzu ətrafında geniş müzakirələr aparıldı, şagirdlərin fikirləri dinlənildi və onları düşündürən suallar cavablandırıldı.
Tədbir şagirdlərin böyük marağı ilə qarşılandı və maarifləndirici xarakter daşıdı.
10/03/2026
İdman həftəsi çərçivəsində məktəbdə VIII a və VIII b şagirdlər arasında qaçış yarışı təşkil olundu. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin fiziki hazırlığını artırmaq, idmana marağını gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək idi.
Yarış zamanı şagirdlər böyük həvəslə iştirak edərək öz bacarıqlarını nümayiş etdirdilər. Sonda fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı.
08/03/2026
8 Mart – Beynəlxalq Qadınlar Günü🌸
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbin direktoru Nəcibə xanım Axundova qadın müəllimləri səmimi qəlbdən təbrik etmişdir.
Bu gözəl bayram münasibətilə Nəcibə xanım sinif otaqlarını ziyarət edərək müəllimlərlə görüşmüş, onlara xoş arzularını çatdırmış və hər birinə bir ədəd qızılgül təqdim etmişdir.
Bu səmimi və diqqətli addım müəllimlər tərəfindən böyük sevinc və məmnunluqla qarşılanmış, kollektivdə xoş bayram əhval - ruhiyyəsi yaratmışdır.
Bu əlamətdar gün münasibətilə bütün xanım müəllimlərimizi bir daha 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik, sevinc və fəaliyyətlərində daim uğurlar arzulayırıq. 🌷
05/03/2026
İdman həftəsi və 5 mart – Bədən tərbiyəsi və idman günü münasibətilə keçirilən yarışlarda fəal iştirak edən şagirdlər mükafatlandırılmışdır.
Məktəbin 4A, 4B, 8A və 8B sinif şagirdləri müxtəlif nominasiyalar üzrə fərqlənmişlər. Şagirdlər “Şən startlar” və “Ən sürətli şagird” nominasiyaları üzrə qalib gələrək diplom və təşəkkürlə təltif olunmuşlar.
Keçirilən yarışlar şagirdlərin böyük marağı və fəallığı ilə yadda qalmışdır. Tədbirin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzini təbliğ etmək və onların idmana olan marağını daha da artırmaq olmuşdur. 🏃♂️🏅
05/03/2026
“İdman həftəsi”çərçivəsində məktəbdə idman yarışları davam edir. Bu çərçivədə fiziki tərbiyə müəllimi Rəmziyyə Hüseynova tərəfindən 5A və 5B sinif şagirdləri arasında qaçış üzrə maraqlı yarışlar təşkil olunmuşdur.
Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin fiziki hazırlığını artırmaq, idmana olan marağını gücləndirmək və sağlam həyat tərzini təşviq etmək olmuşdur. Şagirdlər yarışda böyük həvəslə iştirak etmiş və qaliblər müəyyən edilmişdir.