24/02/2025
“CELTA Uğrunda: İngilis Dili Müəllimlərinin Şəxsi İnkişaf Proqramı” layihəsinin bağlanış mərasimi keçirilib.
30 region müəlliminə Udemy platforması üzərindən CELTA hazırlıq kursu təqdim edən layihə uğurla başa çatıb. Respublikanın müxtəlif bölgələrindən olan ingilis dili müəllimləri bu kurs sayəsində məktəblərində ingilis dili tədrisini təkmilləşdirmək üçün yeni metodlarla tanış olub və CELTA sertifikatını əldə etməyə bir addım da yaxınlaşıblar. Bununla yanaşı, layihə çərçivəsində müəllimlər arasında şəbəkələşmə təmin edilib və təcrübə mübadiləsi təşviq olunub.
Onlayn formatda baş tutan bağlanış tədbirində iştirakçı müəllimlər layihə və kursla bağlı müsbət təəssüratlarını bölüşüb, əldə etdikləri nailiyyətlərdən danışıblar. Eyni zamanda, layihənin ümumi gedişatı dəyərləndirilib və iştirakçıların rəy və təklifləri toplanılıb.
Xatırladaq ki, bu layihə Azərbaycanın region və kəndlərində çalışan 30 ingilis dili müəlliminə Udemy platforması vasitəsilə CELTA hazırlıq kursunu təqdim edərək, bölgələrdə akkreditə olunmuş peşəkar təhsilverənlərin sayını artırmağı və ingilis dili təhsilinin keyfiyyətini yüksəltməyi hədəfləyib.
Layihə Bakı şəhəri C. Əskərov adına 50 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Vəfa Məmmədova tərəfindən “Gənc Xarici Dil Müəllimləri” Birliyi ilə tərəfdaşlıq çərçivəsində icra olunub.