İkt-İrs

Call Website

İkt-İrs Norma Goodwin bfr9j4tnrw

10/06/2026

Güclü Azərbaycan naminə yeni hədəflər və strateji baxış

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi yadda qaldı. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkənin keçdiyi tarixi inkişaf yoluna nəzər salmaqla yanaşı, qarşıda duran əsas vəzifələri və gələcək fəaliyyət istiqamətlərini də diqqətə çatdırdı. Çıxışın əsas məzmununu Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və milli maraqlarının qorunması, dövlətin müdafiə qüdrətinin daha da artırılması, eləcə də beynəlxalq müstəvidə ölkənin mövqelərinin möhkəmləndirilməsi kimi prioritetlər təşkil edirdi. Çıxışda Azərbaycanın müasir tarixinin mürəkkəb mərhələlərinə xüsusi diqqət yetirildi. Bildirildi ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtması xalqın tələbi və ölkənin üzləşdiyi ağır vəziyyətdən çıxış yolu kimi meydana çıxmışdı. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının güclənməsi, Qarabağ məsələsinin gündəmə gətirilməsi və həmin dövrdə sovet rəhbərliyinin mövqeyi Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaratmışdı. Bu proseslərin fonunda Heydər Əliyevin siyasi iradəsi və dövlətçilik təcrübəsi xalq üçün xüsusi əhəmiyyət daşıyırdı.
1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin siyasi tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Məhz həmin dövrdə dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsaslarının yaradılması istiqamətində mühüm addımlar atıldı. Bu baxımdan, çıxışda Heydər Əliyev siyasi irsinin xüsusi vurğulanması təsadüfi deyil. Azərbaycan dövlətçiliyinin möhkəm təməlləri və ölkənin milli maraqlara əsaslanan inkişaf strategiyası məhz bu irslə əlaqələndirilir.
Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi Zəfər ölkənin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Uzun illər davam edən işğala son qoyulması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə yaratdı. Çıxışda vurğulandığı kimi, Zəfərdən sonra qarşıya qoyulan əsas məqsədlərdən biri ərazi bütövlüyünün tam bərpası idi. Bu yanaşma Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Əldə olunan hərbi-siyasi nəticələr Azərbaycanın regiondakı mövqeyini əhəmiyyətli dərəcədə dəyişməklə yanaşı, ölkənin qarşısında yeni vəzifələr də yaradıb. Qarşıdakı dövrdə azad edilmiş ərazilərin bərpası, təhlükəsizliyin təmin edilməsi, insanların doğma torpaqlarına qayıdışı və həmin ərazilərin iqtisadi potensialının reallaşdırılması əsas prioritetlər sırasında yer alır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məsələlərdən biri Azərbaycanın hərbi gücünün daha da artırılması ilə bağlı fikirlər oldu. Qazanılmış Zəfər Azərbaycanın müdafiə qabiliyyətinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də, müasir dünyada təhlükəsizlik mühitinin sürətlə dəyişməsi dövlətləri daim hazırlıqlı olmağa vadar edir. Bu baxımdan hərbi potensialın gücləndirilməsi yalnız müharibəyə hazırlıq məsələsi deyil, eyni zamanda ölkənin milli təhlükəsizliyinin və suverenliyinin etibarlı təminatının mühüm şərtidir. Müasir dövrdə hərbi güc anlayışı yalnız canlı qüvvə və silah-sursatla məhdudlaşmır. Yeni texnologiyaların tətbiqi, müdafiə sənayesinin inkişafı, peşəkar hərbi kadrların hazırlanması, kəşfiyyat və informasiya imkanlarının genişləndirilməsi də dövlətin müdafiə potensialının mühüm elementləridir. Azərbaycanın son illərdə bu istiqamətdə həyata keçirdiyi siyasət ölkənin təhlükəsizlik imkanlarının genişləndirilməsinə xidmət edir.
Qurultayda Azərbaycanın xarici siyasət kursuna da geniş yer ayrıldı. Çıxışda qeyd olundu ki, Azərbaycan müxtəlif siyasi və geosiyasi qütblərlə münasibətlər quraraq öz milli maraqlarını müdafiə edən müstəqil xarici siyasət həyata keçirir. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi qarşıdurmaların artdığı, dövlətlər arasında münasibətlərin mürəkkəbləşdiyi bir şəraitdə müxtəlif tərəflərlə dialoq qurmaq xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın xarici siyasətində əsas xüsusiyyətlərdən biri də məhz müxtəlif ölkələrlə qarşılıqlı maraqlara əsaslanan əlaqələrin inkişaf etdirilməsidir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe də bu siyasətin əhəmiyyətini artırır. Ölkə Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm nəqliyyat və enerji qovşaqlarından birinə çevrilməkdədir. Bu amil Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir və onun regional proseslərdə rolunu artırır. Eyni zamanda Bakı müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə fərqli mövqelərə malik dövlətlər arasında dialoq üçün platforma rolunu da oynayır. Bir-biri ilə ciddi fikir ayrılıqları yaşayan ölkələrin nümayəndələrinin Azərbaycanda keçirilən beynəlxalq tədbirlər çərçivəsində görüşməsi ölkənin diplomatik imkanlarının göstəricilərindən biri kimi təqdim olunur.
Çıxışın mühüm istiqamətlərindən biri də milli birlik və cəmiyyətin vahid mövqeyinin dövlət üçün yaratdığı güclə bağlı idi. Azərbaycanın son illərdə əldə etdiyi nəticələrdə xalq-dövlət birliyinin mühüm rol oynadığı vurğulanır. Ərazi bütövlüyünün bərpası kimi strateji məqsədin reallaşdırılması cəmiyyətin böyük hissəsinin ortaq milli məqsəd ətrafında birləşməsinin əhəmiyyətini göstərdi. Dövlətin qarşısında duran yeni vəzifələrin həyata keçirilməsi üçün də bu həmrəyliyin qorunması vacib amillərdən biridir. Siyasi sabitlik, milli həmrəylik və dövlət institutlarının səmərəli fəaliyyəti Azərbaycanın inkişaf strategiyasının mühüm dayaqları kimi çıxış edir.
Bu gün Azərbaycan qarşısında dayanan vəzifələr əvvəlki dövrlərdən müəyyən mənada fərqlənir. Əgər əvvəlki mərhələdə əsas məqsədlərdən biri ərazi bütövlüyünün bərpası idisə, hazırkı mərhələdə əldə olunmuş nəticələrin möhkəmləndirilməsi və yeni inkişaf modelinin formalaşdırılması daha böyük əhəmiyyət kəsb edir. Azad edilmiş ərazilərin yenidən qurulması, dayanıqlı iqtisadi inkişafın təmin olunması, nəqliyyat və enerji layihələrinin genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və insan kapitalının inkişafı Azərbaycanın gələcək gündəliyinin əsas istiqamətləri sırasındadır. Bununla yanaşı, dünyada gedən sürətli dəyişikliklər Azərbaycanı xarici və təhlükəsizlik siyasətində çevik olmağa vadar edir. Buna görə də müdafiə qabiliyyətinin gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli maraqların qətiyyətlə müdafiəsi qarşıdakı dövrdə də aktuallığını qoruyacaq.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səslənən fikirlər Azərbaycanın keçdiyi tarixi yolu, əldə etdiyi nailiyyətləri və qarşıdakı hədəfləri bir bütöv strategiya çərçivəsində təqdim edir. Çıxışda tarixi yaddaşla müasir dövlətçilik, Vətən müharibəsində qazanılmış Zəfərlə yeni inkişaf mərhələsi, hərbi qüdrətlə diplomatik imkanlar arasında qarşılıqlı əlaqə ön plana çıxarılır. Azərbaycanın qarşısında duran əsas məqsəd əldə edilmiş siyasi və hərbi nəticələri dayanıqlı inkişaf, təhlükəsizlik və beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi ilə tamamlamadır. Bu baxımdan qurultayda səsləndirilən mesajlar ölkənin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır.
Güclü dövlət, milli birlik, müstəqil xarici siyasət və etibarlı müdafiə sistemi Azərbaycanın qarşıdakı mərhələdə də əsas strateji dayaqları olaraq qalır.

Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

09/29/2026

Azərbaycanın tranzit, enerji və rəqəmsal inkişaf potensialı
Prezident İlham Əliyev: “Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var”
Müasir dövrdə ölkələrin iqtisadi inkişafında yalnız təbii sərvətlər deyil, həm də coğrafi mövqe, nəqliyyat əlaqələri, enerji imkanları, siyasi və iqtisadi sabitlik, rəqəmsal texnologiyalar və investisiya mühiti mühüm rol oynayır. Azərbaycan yerləşdiyi əlverişli coğrafi mövqeyə və zəngin enerji potensialına görə regionda mühüm iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilmək imkanlarına malikdir. 26 sentyabr 2026-cı ildə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışında Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri, tranzit imkanları, enerji siyasəti, investisiya mühiti və rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı bir sıra məsələlərə toxunulub. Çıxışda xüsusilə tranzit yüklərin artması, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri, maliyyə sabitliyi, elektrik enerjisi potensialı və ölkənin yeni texnoloji imkanları diqqət mərkəzində olub.
Azərbaycanın coğrafi mövqeyi ölkənin tranzit və logistika sahəsində inkişafı üçün mühüm üstünlüklər yaradır. Ölkə Avropa ilə Asiya arasında yerləşdiyinə görə müxtəlif nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak edir. Son illərdə Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində artım müşahidə olunur. Bu prosesin əsas səbəblərindən biri beynəlxalq təchizat zəncirlərinin dəyişməsi və alternativ nəqliyyat marşrutlarına tələbatın artmasıdır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində nəqliyyat əlaqələrinin inkişaf etdirilməsində iştirak edir. Prezident çıxışında qeyd edib ki, Azərbaycanın tranzit ölkəyə çevrilməsi üçün əvvəlcə lazımi fiziki infrastruktur yaradılıb. Bu məqsədlə dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiyalar yatırılıb. Dəmir yollarının əhəmiyyətli hissəsinin elektrikləşdirilməsi və bu prosesin davam etdirilməsi də nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində görülən işlərdəndir. Azərbaycanın qarşıya qoyduğu məqsədlərdən biri 2030-cu ilədək Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə daşımaların həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır. Bunun üçün qonşu dövlətlərlə əməkdaşlıq və regional nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi vacib şərtlərdən biri hesab olunur.
Çıxışda Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri də xüsusi vurğulanıb. Coğrafi baxımdan Azərbaycan Cənubi Qafqazda yerləşsə də, nəqliyyat, iqtisadiyyat və siyasi əlaqələr baxımından Mərkəzi Asiya ilə sıx əməkdaşlıq edir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı həm ticarət, həm enerji, həm də nəqliyyat baxımından yeni imkanlar yaradır. Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələndirən mühüm tərəflərdən birinə çevirir.
Prezidentin çıxışında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv olması da qeyd edilib. Bu, Azərbaycanın region ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığının genişlənməsinin göstəricilərindən biri kimi təqdim olunub.
Müasir iqtisadiyyatda investorların qərarlarına təsir edən əsas amillərdən biri sabitlikdir. İnvestorlar uzunmüddətli layihələrə vəsait yatırarkən iqtisadi və maliyyə şəraitinin proqnozlaşdırıla bilməsinə diqqət yetirirlər. Maliyyə sabitliyi ölkənin investisiya cəlbediciliyinə təsir edən mühüm göstəricilərdən biridir. Güclü valyuta ehtiyatları və aşağı xarici borc dövlətin iqtisadi risklərə qarşı müəyyən maliyyə imkanlarını qorumasına şərait yarada bilər.
Azərbaycan uzun illərdir enerji sektorunda mühüm ölkələrdən biri kimi tanınır. Neft və təbii qaz ölkə iqtisadiyyatında böyük rol oynayır. Bununla yanaşı, son dövrdə enerji siyasətində bərpaolunan enerji mənbələrinin inkişafına da xüsusi diqqət yetirilir. Prezidentin çıxışında Azərbaycanın təkcə Avropa üçün deyil, daha geniş coğrafiya üçün enerji mənbəyi olduğu vurğulanıb. Regionda əlavə enerji gücünə malik ölkələrin sayının məhdud olduğu, bəzi ölkələrin enerji resurslarını xaricdən aldığı qeyd edilib. Azərbaycanın enerji istehsal imkanlarının genişləndirilməsi bu baxımdan yeni iqtisadi və regional əməkdaşlıq imkanları yarada bilər. Xüsusilə bərpaolunan enerji sahəsində Azərbaycanın böyük potensialı olduğu bildirilir. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının olduğu qeyd olunub. Bundan əlavə, ölkənin müxtəlif ərazilərində Günəş və külək elektrik stansiyalarının fəaliyyəti genişləndirilir.
Elektrik enerjisi Azərbaycanın gələcək iqtisadi inkişafında yalnız enerji istehlakının təmin edilməsi baxımından deyil, həm də yeni texnologiyaların inkişafı baxımından əhəmiyyətlidir. Dünyada rəqəmsallaşma sürətləndikcə data mərkəzlərinə, süni intellekt sistemlərinə və böyük hesablama gücünə olan tələbat artır. Bu sahələrin inkişafı isə böyük həcmdə elektrik enerjisi tələb edir.
Azərbaycanın əlavə elektrik enerjisi istehsal etmək imkanlarından bu istiqamətdə istifadə etməsi yeni investisiya imkanları yarada bilər. Prezidentin çıxışında elektrik enerjisinin rəqəmsal inkişaf, data mərkəzləri və süni intellektin inkişafı üçün istifadə oluna biləcəyi bildirilib. Həmçinin dünyanın aparıcı şirkətləri ilə bu sahədə danışıqların aparıldığı qeyd olunub. Bu baxımdan enerji və rəqəmsal iqtisadiyyat arasında əlaqə gələcəkdə Azərbaycanın iqtisadi inkişafında yeni istiqamət yarada bilər. Enerji resursları ilə texnologiyanın birləşdirilməsi ölkənin yalnız enerji ixrac edən deyil, həm də rəqəmsal xidmətlərin və texnoloji infrastrukturların inkişaf etdiyi mərkəzə çevrilməsi imkanlarını genişləndirə bilər.
Çıxışda Azərbaycanın artıq 250 meqavatlıq enerji ehtiyatına malik olduğu, lakin bunun yalnız başlanğıc mərhələsi olduğu bildirilib. Ölkənin gələcəkdə elektrik enerjisinin mühüm təchizatçılarından birinə çevrilməsi məqsədi ifadə olunub. Bununla yanaşı, məsələ yalnız elektrik enerjisinin istehsalı ilə məhdudlaşmır.
Enerjinin müxtəlif istiqamətlərə ötürülməsi üçün güclü elektrik şəbəkəsi və ötürücü xətlər lazımdır. Bu səbəbdən Azərbaycanda mövcud elektrik ötürücü xətlərinin genişləndirilməsi və yeni xətlərin tikintisi istiqamətində işlər aparılır.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

09/28/2026

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə


Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan Vətən müharibəsi xalqımızın yaddaşında əbədi iz qoymuşdur. 27 Sentyabr – Anım Günü bu tarixi Zəfərin qazanılmasında canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad etmək üçün xüsusi əhəmiyyət daşıyır. Bu tarix 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin başlanmasını və həmin gündən etibarən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizənin yeni mərhələsini xatırladır. Anım Günü yalnız bir tarixi hadisənin xatırlanması deyil. Bu gün həm də şəhidlərin həyat və döyüş yoluna hörmət, qazilərimizin fədakarlığına ehtiram, müharibənin ağır nəticələrini unutmamaq və gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın Qarabağ və ətraf rayonlarının işğalı ölkəmizin müasir tarixinin ən ağır səhifələrindən biri olmuşdur. Uzun illər davam edən münaqişə nəticəsində Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsi işğal altında qalmış, yüz minlərlə insan doğma yurdlarından didərgin düşmüşdür. İşğal nəticəsində yaşayış məntəqələri dağıdılmış, tarixi və dini abidələrə, mədəni irs nümunələrinə zərər dəymiş, insanların doğma torpaqlarına qayıtmaq hüququ uzun illər reallaşmamışdır. Azərbaycan xalqı bütün bu illər ərzində öz doğma torpaqlarına qayıdacağına və ölkənin ərazi bütövlüyünün bərpa olunacağına inamını qoruyub saxlamışdır. Bu dövr xalqımızın yaddaşında həm də şəhidlərin, məcburi köçkünlərin və müharibə iştirakçılarının həyat hekayələri ilə yaşayır.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında genişmiqyaslı hərbi əməliyyatlar başladı. Azərbaycan Ordusu ərazi bütövlüyünün bərpası istiqamətində hərbi əməliyyatlara başladı və 44 gün davam edən müharibə Azərbaycanın hərb tarixində mühüm mərhələ kimi yadda qaldı. Müharibə günlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları böyük fədakarlıq göstərdilər. Əsgər və zabitlərimiz müxtəlif istiqamətlərdə döyüşərək strateji əhəmiyyət daşıyan yüksəklikləri, yaşayış məntəqələrini və rayonları azad etdilər. Həmin dövrdə Azərbaycan cəmiyyətində birlik və həmrəylik də özünü aydın şəkildə göstərdi. Ölkənin müxtəlif bölgələrində yaşayan insanlar ordunun və hərbçilərin yanında olduqlarını nümayiş etdirdilər. Arxa cəbhədə çalışan insanlar, həkimlər, müəllimlər, könüllülər, müxtəlif peşə sahibləri və bütövlükdə Azərbaycan xalqı müharibənin yaratdığı çətinliklər qarşısında həmrəylik nümayiş etdirdi.
Vətən müharibəsinin ən mühüm hadisələrindən biri Şuşa şəhərinin azad edilməsi oldu. Qarabağın mədəniyyət beşiyi kimi tanınan Şuşanın azadlığı Azərbaycanın tarixində xüsusi əhəmiyyət daşıyır. Şuşa Azərbaycan xalqının mədəni və mənəvi həyatında mühüm yer tutur. Bu şəhər Azərbaycan musiqisinin, ədəbiyyatının və incəsənətinin inkişafında böyük rol oynamış görkəmli şəxsiyyətlərin vətənidir. Şuşanın azad edilməsi hərbi əhəmiyyəti ilə yanaşı, böyük mənəvi və mədəni əhəmiyyətə malik hadisə kimi qiymətləndirilir. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə edildi. Bununla 44 gün davam edən Vətən müharibəsi başa çatdı.
Vətən müharibəsi Azərbaycan xalqına böyük Qələbə ilə yanaşı, ağır itkilər də yaşatdı. Minlərlə hərbçimiz Vətən uğrunda həyatını itirdi, çox sayda hərbçi yaralandı. Rəsmi məlumatlara əsasən, Vətən müharibəsində 2 908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox hərbçi yaralanmış, 6 hərbçi itkin düşmüşdür. Şəhidlik Azərbaycan xalqının yaddaşında ən uca mənəvi dəyərlərdən biri kimi qəbul olunur. Şəhidlərin hər birinin öz adı, ailəsi, arzuları, həyatı və döyüş yolu var. Onların həyat hekayələri Vətən müharibəsinin yalnız hərbi deyil, həm də insani tərəfini göstərir. Anım Günündə şəhidlərimizin məzarları ziyarət olunur, onların ruhuna dualar oxunur, ailələrinə ehtiram göstərilir.
Vətən müharibəsinin qəhrəmanları sırasında qazilərimizin də xüsusi yeri vardır. Döyüşlərdə yaralanan hərbçilərimiz sağlamlıqlarını Vətən uğrunda mübarizədə itirmiş və ağır sınaqlardan keçmişlər. Qazilərimizin həyat yolu gənc nəsil üçün fədakarlıq və Vətənə xidmət nümunəsidir. Onların göstərdiyi şücaət müharibənin tarixinin ayrılmaz hissəsidir. Cəmiyyətin qazilərə göstərdiyi diqqət və onların sosial rifahının qorunması da mühüm ictimai məsələdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhidlərimizin və qazilərimizin Vətən qarşısındakı xidmətini yüksək qiymətləndirərək demişdir: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”. Bu fikirlər şəhidlərimizin əziz xatirəsinə ehtiramın və qazilərimizin fədakarlığının cəmiyyətimiz üçün nə qədər böyük mənəvi dəyər daşıdığını ifadə edir. Şəhidlərin qəhrəmanlığı və qazilərin döyüşlərdə göstərdiyi şücaət Vətən müharibəsinin tarixi yaddaşının mühüm hissəsidir. Onların göstərdiyi fədakarlıq gələcək nəsillərə Vətən sevgisi və milli həmrəylik nümunəsi kimi çatdırılmalıdır.
Vətən müharibəsində əldə olunan Qələbənin əbədiləşdirilməsi məqsədilə Bakıda Zəfər Parkının yaradılması Azərbaycan tarixində baş vermiş hadisələrin gələcək nəsillərə çatdırılması baxımından mühüm addımlardan biridir. Zəfər Parkı şəhidlərin xatirəsinin yaşadıldığı, Vətən müharibəsinin tarixinin gələcək nəsillərə çatdırıldığı və Qələbənin rəmzlərinin toplandığı məkanlardan biridir.
Zəfər Parkının əsas memarlıq elementlərindən biri Zəfər Tağıdır. Monumental quruluşu ilə seçilən Zəfər Tağı Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi Qələbəni simvolizə edən memarlıq nümunələrindən biridir. Tağ parkın ümumi kompozisiyasının mühüm hissəsini təşkil edir və ziyarətçilərin diqqətini cəlb edən əsas məkanlardan biridir. Zəfər Parkının ərazisində yerləşən Zəfər Muzeyi Vətən müharibəsinin tarixinin qorunması və nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun yaradılması, yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, tarixi və mədəni abidələrin bərpası qarşıda duran əsas istiqamətlərdən olmuşdur. Bu prosesin mühüm məqsədlərindən biri insanların öz doğma yurdlarına qayıtması üçün lazımi şəraitin yaradılmasıdır. İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın müharibədən sonrakı inkişaf gündəliyinin mühüm hissəsini təşkil edir. Quruculuq prosesi Zəfər anlayışının yalnız hərbi nəticə ilə məhdudlaşmadığını göstərir. Dağıdılmış şəhərlərin yenidən qurulması, mədəni irsin bərpası və insanların öz yurdlarına qayıtması da bu tarixi dövrün mühüm istiqamətlərindəndir.
Vətən müharibəsi Azərbaycan xalqının müasir tarixində dərin iz buraxmış hadisələrdən biridir. Bu müharibənin yaddaşında həm Qələbə, həm də böyük itkilər, şəhidlərin qəhrəmanlığı, qazilərin fədakarlığı və xalqın həmrəyliyi öz əksini tapır. 27 Sentyabr – Anım Günü bu tarixi hadisələrin ən ağrılı və müqəddəs tərəfini – Vətən uğrunda həyatını itirmiş insanların xatirəsini ön plana çıxarır. Anım Günü Azərbaycan xalqının şəhidlərinə olan ehtiramının, tarixi yaddaşının və Vətənə bağlılığının ifadəsidir. Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq, onların adı Azərbaycan tarixinin yaddaşında qorunacaqdır.


Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

09/24/2026

Yeraltı sərvətlərdən milli iqtisadi gücə

Prezident İlham Əliyev: “Son vaxtlar qəbul olunmuş dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək”
Azərbaycan iqtisadiyyatının qarşıdakı mərhələdə əsas hədəflərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və ölkənin təbii resurslarının daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsidir. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə bu baxımdan mühüm istiqamətləri ortaya qoydu. Müşavirədə səsləndirilən fikirlər göstərir ki, qarşıdakı dörd il üçün qarşıya qoyulan məqsəd yalnız yeni yataqların istismara verilməsi və filiz hasilatının artırılması ilə məhdudlaşmır.
Dövlət proqramının miqyası qarşıya qoyulan maliyyə və istehsal göstəricilərində də aydın görünür. 2027–2030-cu illərdə proqram çərçivəsində ümumilikdə 5,3 milyard manat investisiyanın həyata keçirilməsi nəzərdə tutulur. Bunun 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəl sektorun vəsaiti hesabına formalaşması planlaşdırılır. Beləliklə, investisiyaların təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən cəlb edilməsi nəzərdə tutulur. Proqramın 2030-cu ilədək əsas hədəflərindən biri dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata yüksəldilməsidir. Sektorun illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması planlaşdırılır. Bu göstəricilər sözügedən sahənin Azərbaycanın qeyri-neft iqtisadiyyatında daha böyük çəkidə yer tutmasının nəzərdə tutulduğunu göstərir. Prezident İlham Əliyev proqramın icrası nəticəsində beş mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Bununla yanaşı, gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan çox ola biləcəyi qeyd edilib. Bu rəqəmlər bir məqamı xüsusilə ön plana çıxarır: söhbət ayrı-ayrı mədən layihələrindən deyil, mədənçilikdən metallurgiyaya qədər bütöv sənaye ekosisteminin formalaşdırılmasından gedir.
Azərbaycan son iki onillikdə enerji infrastrukturu və ixrac imkanlarının genişləndirilməsi istiqamətində böyük layihələr həyata keçirib. Prezidentin müşavirədə qeyd etdiyi kimi, hazırda ölkədə qazlaşmanın səviyyəsi 96 faizdir və Azərbaycan 25 milyard kubmetrdən çox təbii qaz ixrac edir. Bu göstəricilər ölkənin enerji təminatında əldə etdiyi imkanların miqyasını nümayiş etdirir. Lakin iqtisadi inkişafın uzunmüddətli perspektivində enerji sektorunun yaratdığı imkanlardan istifadə etməklə yanaşı, yeni sənaye istiqamətlərinin formalaşdırılması da xüsusi əhəmiyyət daşıyır. Elə buna görə də dağ-mədən və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi baxımından diqqət çəkir. Prezidentin çıxışında qeyri-neft sektorunun cari ilin ilk səkkiz ayında 5,4 faiz artdığı bildirilib. Burada əsas məsələ həmin artımın dayanıqlı və uzunmüddətli xarakter almasıdır. Yeni dövlət proqramlarının məqsədi də məhz istehsal, investisiya və ixrac imkanlarını genişləndirərək qeyri-neft iqtisadiyyatının strukturunu daha da gücləndirməkdir.
Dağ-mədən sənayesinin inkişafında Qarabağ və Şərqi Zəngəzurun xüsusi yeri var. İşğal illərində bu ərazilərin iqtisadi potensialından Azərbaycanın inkişafı naminə istifadə etmək mümkün olmayıb. Eyni zamanda, təbii sərvətlərə və meşə fonduna ciddi ziyan vurulduğu barədə Azərbaycan tərəfinin təqdim etdiyi məlumatlar var. Prezident İlham Əliyev müşavirədə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında işğal dövründə 60 min hektar meşə fondunun məhv edildiyini bildirib. Bu gün isə həmin ərazilər yenidən iqtisadi dövriyyəyə cəlb olunur. Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqları ilə bağlı layihələr proqramın mühüm istiqamətlərindəndir. Ağdərədə artıq işlərin başladığı, Kəlbəcər və Zəngilanda isə qarşıdakı dövrdə işlərin genişləndirilməsinin nəzərdə tutulduğu açıqlanıb. Burada söhbət yalnız mədənlərin istismarından getmir. Əsas məqsəd hasilatın ardınca zənginləşdirmə, emal və mümkün olduğu hallarda son məhsul istehsalının da ölkə daxilində təşkil edilməsidir. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurun bərpasına iqtisadi ölçü də qazandırır. Yeni sənaye müəssisələrinin yaradılması həmin ərazilərdə məşğulluğun artmasına, xidmət sektorunun genişlənməsinə, logistika və infrastruktur layihələrinin sürətlənməsinə təsir göstərə bilər.
Proqramın əsas layihələri arasında Balakən rayonundakı “Filizçay” polimetal yatağı, “Daşkəsən” dəmir filizi layihəsi, “Söyüdlü”, “Dəmirli” və digər yataqlar xüsusi yer tutur. “Filizçay” yatağının iqtisadi dövriyyəyə cəlb edilməsi mis, sink və qurğuşun üzrə istehsal və ixrac imkanlarını genişləndirə bilər. Dövlət proqramında bu yatağın istismara hazırlanması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur. “Daşkəsən” layihəsində isə daha geniş istehsal zəncirinin yaradılması planlaşdırılır. Burada dəmir filizinin hasilatı, zənginləşdirilməsi, pelet istehsalı və isti briketləşdirilmiş dəmir istehsalının təşkili nəzərdə tutulur. Proqram təqdimatında isti briketləşdirilmiş dəmir istehsalı üzrə illik 2 milyon ton gücün yaradılması planı açıqlanıb. Belə bir zəncirin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan filizi sadəcə xammal kimi ixrac etmək əvəzinə onu ölkə daxilində daha yüksək əlavə dəyərə malik məhsula çevirə bilər. Bu isə metallurgiyanın digər sahələrinin də inkişafına stimul yarada bilər.
Dövlət proqramının digər mühüm istiqaməti alüminium sənayesidir. Prezident İlham Əliyev proqram çərçivəsində alüminium istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılmasının qarşıya məqsəd qoyulduğunu bildirib. Proqram təqdimatında isə Elektroliz zavodunun illik gücünün 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının 20 min tondan 50 min tona çatdırılması, həmçinin kalsinasiya, anod bişirmə və karbon anod bloklarının istehsalı üzrə yeni güclərin yaradılması nəzərdə tutulduğu açıqlanıb Bu, iqtisadi baxımdan mühüm yanaşmadır. Çünki metallurgiyada gəlirin və rəqabət qabiliyyətinin böyük hissəsi yalnız xammalın mövcudluğu ilə deyil, onun nə dərəcədə emal olunması ilə müəyyən edilir. Eyni miqdarda xammaldan daha yüksək emal səviyyəli məhsul istehsal etmək daha böyük əlavə dəyər və daha geniş ixrac imkanları yarada bilər.
Proqramın mühüm xüsusiyyətlərindən biri dövlət və özəl kapitalın paralel şəkildə cəlb edilməsidir. Prezidentin çıxışında işlərin həm dövlət xətti ilə, “AzerGold” vasitəsilə, həm də özəl sektorun iştirakı ilə aparılacağı bildirilib. Xarici investorların da geoloji kəşfiyyat və digər layihələrə cəlb edilməsi imkanları açıq saxlanılır. Bu model xüsusilə kapital tutumlu dağ-mədən sənayesi üçün əhəmiyyətlidir. Çünki yeni yataqların aşkar edilməsi, geoloji kəşfiyyat, mədən infrastrukturu, emal müəssisələri və logistika böyük həcmdə uzunmüddətli investisiya tələb edir.
Dövlət proqramının investisiya strukturunda özəl və digər qeyri-büdcə mənbələrinin əhəmiyyətli paya malik olması da bu yanaşmanı təsdiqləyir. Dövlət burada yalnız investor deyil, həm də tənzimləyici, infrastruktur yaradan və investisiya mühitini formalaşdıran tərəf kimi çıxış edir.
Azərbaycan qarşıdakı dörd ildə dağ-mədən və metallurgiya sənayesində yeni mərhələyə qədəm qoymağa hazırlaşır. 5,3 milyard manatlıq investisiya planı, 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 1,8 milyard manata, ixrac potensialının 3,4 milyard manata çatdırılması hədəfi və beş mindən çox yeni daimi iş yerinin yaradılması planı bu istiqamətin miqyasını göstərir. Əsas məsələ isə rəqəmlərin özündən daha genişdir. Söhbət Azərbaycanın iqtisadi modelində xammal ixracından daha yüksək əlavə dəyər yaradan istehsala keçidin sürətləndirilməsindən gedir.
Qızıl, mis, molibden, dəmir filizi, polimetal və alüminium kimi resursların iqtisadi dövriyyəyə cəlb edilməsi yalnız mədən sənayesinin deyil, metallurgiyanın, logistikanın, xidmət sektorunun, kadr hazırlığının və regionların inkişafının da yeni imkanlarını formalaşdıra bilər. Dövlət proqramının qarşıya qoyduğu əsas xətt — “xammal hasil etməkdən daha çox, xammaldan dəyər yaratmaq” — məhz bu yeni mərhələnin mahiyyətini ifadə edir. Qarşıdakı dörd il isə bu strategiyanın konkret istehsal, investisiya və ixrac nəticələrinə çevrilməsi baxımından həlledici dövr olacaq.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Address

2337 Nebraska Avenue
Selma, MN
93662

Alerts

Be the first to know and let us send you an email when İkt-İrs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category