01/05/2026
Məktəbin psixoloqu Z. Qasımovanın təşkilatçılığı ilə məktəbimizdə “Qohumlararası nigaha yox deyək” mövzusunda geniş maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi şagirdlər arasında sağlam ailə dəyərlərinin təbliği, qohumlararası nikahların yarada biləcəyi tibbi, psixoloji və sosial fəsadlar barədə məlumatlılığın artırılması olmuşdur.
Tədbiri giriş sözü ilə açan psixoloq Z. Qasımova mövzunun aktuallığını vurğulayaraq qeyd etmişdir ki, cəmiyyətdə bəzən ənənəvi yanaşmalar səbəbindən qohumlararası nikahlara rast gəlinir. Lakin müasir tibbin araşdırmalarına əsasən, bu cür nikahlar gələcək nəsildə müxtəlif irsi xəstəliklərin yaranma ehtimalını artırır, uşaqların sağlam inkişafına mənfi təsir göstərə bilir.
Çıxışlar zamanı bildirildi ki, yaxın qohumlar arasında bağlanan nikahlar genetik xəstəliklərin ötürülmə riskini yüksəldir, bu da fiziki qüsurlar, inkişaf ləngimələri və bəzi hallarda psixoloji problemlərlə nəticələnə bilər. Eyni zamanda, belə nikahların ailədaxili münasibətlərə və sosial mühitə də müəyyən mənfi təsirləri ola bilər.
Tədbir interaktiv formada təşkil olunmuş, şagirdlər mövzu ilə bağlı fikirlərini bölüşmüş, onları düşündürən suallara psixoloq tərəfindən ətraflı cavablar verilmişdir. Həmçinin mövzuya dair maarifləndirici materiallar təqdim olunmuş, real həyat nümunələri üzərindən izahlar aparılmışdır.
Sonda şagirdlərə sağlam həyat tərzi seçiminin vacibliyi, gələcəkdə ailə qurarkən düzgün qərar verməyin əhəmiyyəti barədə tövsiyələr verilmişdir. Tədbirin keçirilməsi şagirdlərin maariflənməsinə, onların bu mövzuya daha həssas və məsuliyyətli yanaşmalarına müsbət təsir göstərmişdir.