14/08/2026
Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin tarixi əhəmiyyətini belə bəyan edib: “Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq – avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək”.
Muxtar respublika üçün mühüm məsələlərdən biri təhlükəsizlik və enerji müstəqilliyi idi. Dövlətimizin həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində Naxçıvanın müdafiə potensialı ən yüksək səviyyəyə qaldırıldı və təhlükəsizlik məsələləri tam həll olundu. Eyni zamanda vaxtilə qaz və elektrik təchizatından məhrum olan Naxçıvanın enerji təhlükəsizliyi də etibarlı şəkildə təmin edildi. Bu gün isə tamamilə yeni bir mərhələ başlayır. Artıq Naxçıvan öz daxili ehtiyaclarını ödəməklə yanaşı, enerjinin ixracı ilə məşğul olacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, Naxçıvan, o cümlədən Şərqi Zəngəzur və Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Dövlətimizin başçısı Naxçıvanın azad olunmuş ərazilərlə vahid konsepsiya əsasında inkişafını və idarəetmə modelini belə xarakterizə edib: “Bütövlükdə, bunu mən artıq həm bəyan etmişdim və həm də biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər – Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir... Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir”.
Bu bölgələrin həm nəqliyyat, həm də “yaşıl enerji” potensialı Azərbaycanın ümumi iqtisadi və ekoloji hədəflərinin ana xəttini təşkil edir. Günəş və külək elektrik stansiyalarının tikintisi, su elektrik resurslarının bərpası Naxçıvanı ölkəmizin “yaşıl enerji” zonasına və Türkiyə vasitəsilə Avropaya elektrik enerjisi ixrac edən əsas mərkəzlərdən birinə çevirir.
Naxçıvanın gələcək iqtisadi mənzərəsində ticarət, logistika, kənd təsərrüfatı və turizmin inkişafı xüsusi yer tutur. Muxtar respublikada əlverişli biznes mühitinin dəstəklənməsi, gömrük və vergi güzəştlərini nəzərdə tutan Azad İqtisadi Zonanın və ticarət habının formalaşdırılması yerli və xarici investisiyaların cəlb edilməsinə güclü təkan verir. Naxçıvanın ekoloji təmiz kənd təsərrüfatı məhsulları və “Badamlı”, “Sirab” kimi mineral suları brend olaraq xarici bazarlara çıxış imkanlarını genişləndirir. Bu böyük hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 2026-2027-ci illərdə sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə imzaladığı yeni Sərəncam müstəsna rol oynayır. Sərəncama əsasən ümumilikdə, 258 milyon manat vəsait muxtar respublikanın həyatında keyfiyyət dəyişikliklərinə səbəb olacaq konkret layihələrə yönəldiləcək. Sənədin əsas əhəmiyyəti Naxçıvanın “yaşıl enerji” potensialını artırmaq, regionun nəqliyyat və mənzil-kommunal şəraitini təkmilləşdirmək və əhalinin sosial rifahı ilə təhsil imkanlarını müasir standartlara yüksəltməkdir. Bu genişmiqyaslı layihələrin sürətli və keyfiyyətli icrası Naxçıvanın dayanıqlı inkişafını təmin etməklə yanaşı, muxtar respublikanın iqtisadi müstəqilliyini, təhlükəsizliyini və strateji mövqeyini daha da gücləndirəcəkdir.