24/08/2026
Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan qardaşlıq əlaqələridir. Son illərdə bu münasibətlər sürətlə inkişaf edərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlət başçıları arasında qarşılıqlı hörmət və etimad əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.
İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir və qarşılıqlı səfərlər münasibətlərin inkişafına böyük töhfə verir. 2024 və 2025-ci illərdə dövlət başçılarının qarşılıqlı səfərləri zamanı imzalanan sənədlər Azərbaycan–Özbəkistan müttəfiqliyini daha da gücləndirib. 2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şura isə əməkdaşlığın inkişafı üçün mühüm mexanizmə çevrilib.
İqtisadi və ticari əlaqələr də sürətlə genişlənir. Ticarət dövriyyəsinin artması, Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti, enerji, nəqliyyat, logistika və yaşıl enerji sahəsində həyata keçirilən layihələr iqtisadi əməkdaşlığın əsas istiqamətləridir. Füzulidə “Dostluq bağı”nın salınması və avtomobil istehsalı sahəsində əməkdaşlıq da bunun nümunələridir.
Mədəni-humanitar və təhsil sahələrində də əlaqələr genişdir. Qarşılıqlı mədəniyyət günləri, müxtəlif tədbirlər, təhsil proqramları və Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi iki xalq arasındakı dostluq və qardaşlığı daha da möhkəmləndirir.
Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir. Hər iki ölkə Türk dünyasının birliyinin, ortaq tarix və mədəni irsin qorunmasının vacibliyini vurğulayır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı isə Azərbaycanla region ölkələri arasında əlaqələrin yeni mərhələyə keçdiyini göstərir.
Ümumilikdə, Azərbaycan–Özbəkistan münasibətləri qarşılıqlı etimad, dostluq və ortaq maraqlar əsasında inkişaf edir. Siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi iki qardaş ölkənin müttəfiqliyini daha da möhkəmləndirir.
Bəxtiyar Zeynalov.