Sumqayıt şəhər 38 nömrəli tam orta məktəb

Sumqayıt şəhər 38 nömrəli tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sumqayıt şəhər 38 nömrəli tam orta məktəb, Education Website, H. Əliyev pr. 12, Sumqayıt.

2026-2027-ci tədris ilində tətbiq olunacaq yeni təmayül tədris modeli hər bir şagirdin potensialını üzə çıxarmağa və gəl...
05/08/2026

2026-2027-ci tədris ilində tətbiq olunacaq yeni təmayül tədris modeli hər bir şagirdin potensialını üzə çıxarmağa və gələcəyini daha inamla qurmasına xidmət edir.

Abşeron - Xızı Regional Təhsil İdarəsi
Sumqayıt şəhər 38 nömrəli tam orta məktəb

01/08/2026

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni strateji mərhələ

Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, qəbul edilən qərarlar və verilən siyasi mesajlar göstərir ki, tərəflər əməkdaşlığı ənənəvi dostluq münasibətlərindən strateji müttəfiqlik səviyyəsinə yüksəltmək əzmindədir. Prezident İlham Əliyevin “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri iki ölkənin gələcək əməkdaşlıq modelinin əsas siyasi fəlsəfəsini ifadə edir. Bu yanaşma qarşılıqlı etimada, ortaq maraqlara və beynəlxalq münasibətlər sistemində birgə fəaliyyətə söykənən uzunmüddətli tərəfdaşlığın formalaşdığını nümayiş etdirir.
Səfərin mühüm nəticələrindən biri iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılan addımlar oldu. Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması iki ölkənin iqtisadi əməkdaşlığa verdiyi strateji əhəmiyyətin göstəricisidir. Bu qərar yalnız maliyyə resurslarının artırılması deyil, həm də sənaye, kənd təsərrüfatı, turizm, logistika və emal sənayesi kimi sahələrdə birgə layihələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Fond vasitəsilə həyata keçirilən layihələrin yeni iş yerlərinin yaradılmasına, istehsal imkanlarının genişlənməsinə və qarşılıqlı investisiyaların artmasına xidmət etməsi Azərbaycanın Mərkəzi Asiyada iqtisadi mövqeyini daha da gücləndirir.
İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilmiş "Baku Resort & SPA" hotelinin istifadəyə verilməsi də iqtisadi əməkdaşlıqla yanaşı, Azərbaycanın xaricdə həyata keçirdiyi uğurlu investisiya siyasətinin nümunəsi kimi diqqət çəkir. Azərbaycanın adını daşıyan bu müasir turizm kompleksinin Qırğızıstanın ən məşhur turizm bölgəsində yerləşməsi ölkəmizin iqtisadi potensialını və investisiya imkanlarını nümayiş etdirməklə yanaşı, Azərbaycan brendinin beynəlxalq səviyyədə tanınmasına da töhfə verir. Bu layihə gələcəkdə turizm, xidmət və infrastruktur sahələrində yeni birgə investisiyalar üçün də stimul rolunu oynaya bilər.
Azərbaycan–Qırğızıstan münasibətlərinin əsas sütunlarından biri ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərdir. Qarabağın bərpası çərçivəsində Ağdam rayonunda "Manas" adına məktəbin inşa edilməsi qırğız xalqının Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyin rəmzinə çevrilib. Eyni zamanda Bakıda Çingiz Aytmatovun abidəsinin və parkının yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlar arasında humanitar əlaqələrin davamlı inkişaf etdiyini göstərir. Bu layihələr dövlətlərarası münasibətləri cəmiyyətlər səviyyəsində də möhkəmləndirərək gələcək əməkdaşlıq üçün etibarlı sosial baza formalaşdırır.
Səfərin geosiyasi baxımdan ən mühüm nəticələrindən biri Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul olunmasıdır. Bu qərar Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlığının institusional xarakter aldığını və Türk dünyasının inteqrasiya prosesində rolunun daha da artdığını göstərir. Azərbaycanın Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə Avropa arasında əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilməsi, Orta Dəhlizin inkişafında oynadığı rol və enerji təhlükəsizliyinə verdiyi töhfələr ölkəmizin region üçün strateji əhəmiyyətini daha da artırır. Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi isə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.
Dövlət səfəri çərçivəsində imzalanan çoxsaylı sənədlər də əməkdaşlığın əhatə dairəsinin kifayət qədər geniş olduğunu göstərir. Siyasi münasibətlər, iqtisadiyyat, investisiyalar, nəqliyyat, logistika, kənd təsərrüfatı, təhsil, elm, rəqəmsal inkişaf, mədəniyyət və digər istiqamətləri əhatə edən razılaşmalar tərəflərin əməkdaşlığı sistemli şəkildə inkişaf etdirmək niyyətini ortaya qoyur. Bu sənədlərin icrası nəticəsində ikitərəfli ticarət dövriyyəsinin artacağı, biznes mühitinin genişlənəcəyi və yeni regional layihələrin reallaşacağı gözlənilir.
Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – I dərəcəli "Manas" ordeni ilə təltif olunması, Qırğızıstan Prezidenti Sadır Japarovun isə Azərbaycanın ali dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə mükafatlandırılması dövlət başçıları arasında mövcud olan yüksək etimadın və qarşılıqlı hörmətin bariz ifadəsidir. Bu addımlar diplomatik protokol çərçivəsini aşaraq, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin xüsusi xarakter daşıdığını və strateji tərəfdaşlığın siyasi əsaslarının daha da möhkəmləndiyini nümayiş etdirir.
Bütövlükdə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın Mərkəzi Asiya siyasətinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. İqtisadi əməkdaşlığın genişlənməsi, investisiyaların artırılması, humanitar əlaqələrin möhkəmləndirilməsi, regional inteqrasiyanın dərinləşdirilməsi və Türk dünyasında həmrəyliyin gücləndirilməsi bu səfərin əsas nəticələri sırasında yer alır. Qəbul edilən qərarlar göstərir ki, Azərbaycan və Qırğızıstan gələcək illərdə də qarşılıqlı etimada əsaslanan, regional sabitliyə və ortaq inkişafa xidmət edən strateji müttəfiqlik münasibətlərini daha da inkişaf etdirmək əzmindədir.

Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü

01/08/2026

Azərbaycan dili – milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi irsimizin əsas dayağı

Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar tarix xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, dövlət dilinə hörmətin daha da gücləndirilməsi və ana dilimizin gələcək nəsillərə saf şəkildə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dili əsrlər boyu xalqımızın tarixini, mədəniyyətini, ədəbiyyatını və milli kimliyini yaşadan ən mühüm mənəvi sərvətlərdən biri olmuşdur.

Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri vardır. Sovet hakimiyyəti dövründə milli dillərin sıxışdırıldığı mürəkkəb siyasi şəraitdə belə, Ulu Öndər ana dilinin müdafiəsi naminə qətiyyətli mövqe nümayiş etdirmiş, Azərbaycan dilinin dövlət dili statusunun təmin olunması uğrunda ardıcıl mübarizə aparmışdır. Məhz onun təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması təsbit edilmiş və bu tarixi qərar gələcək müstəqillik dövrünün mühüm hüquqi əsaslarından birinə çevrilmişdir.

Müstəqillik illərində də Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Ardınca qəbul olunan qanunlar, fərmanlar və dövlət proqramları ana dilimizin qorunmasına, tətbiq dairəsinin genişləndirilməsinə və zənginləşdirilməsinə xidmət etdi. Bu sənədlər Azərbaycan dilinin müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olduğunu bir daha təsdiqlədi.

2001-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanla hər il avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması qərara alındı. Eyni zamanda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dövlət dilinin inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı oldu və bu sahədə sistemli fəaliyyətin əsasını qoydu.

Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı çoxsaylı sərəncam və fərmanlar nəticəsində Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi, latın qrafikalı nəşrlərin artırılması, dilçiliyin inkişafı, orfoqrafiya normalarının təkmilləşdirilməsi və dövlət dilinin saflığının qorunması istiqamətində mühüm addımlar atılmışdır. Son illərdə qəbul edilən qərarlar Azərbaycan dilinin müasir çağırışlara uyğun inkişafını təmin etməklə yanaşı, onun milli-mənəvi dəyər kimi qorunmasına xidmət edir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilini xalqın milli varlığının əsas göstəricisi hesab edirdi. Onun “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” fikri bu gün də öz aktuallığını qoruyur. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan dili olduqca zəngin dildir və onun saflığının qorunması hər bir vətəndaşın borcudur. Bu çağırışlar dövlət dilinə münasibətin yalnız hüquqi deyil, həm də mənəvi məsuliyyət məsələsi olduğunu göstərir.

Qloballaşma şəraitində müxtəlif dillərin təsiri artsa da, Azərbaycan dilinin zənginliyi, ifadə imkanları və elmi potensialı onun bütün sahələrdə uğurla tətbiqinə imkan verir. Xüsusilə media, təhsil, elm və informasiya texnologiyaları sahəsində dövlət dilinin düzgün istifadəsi milli kimliyimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Ana dilinə hörmət, ilk növbədə, onu düzgün danışmaq, düzgün yazmaq və gələcək nəsillərə olduğu kimi ötürməkdən başlayır.

01/08/2026
17/07/2026

📢 İcma əsaslı məktəbəqədər təhsil qrupları üçün müəllim (tərbiyəçi) vakansiyası elan olunur!

👩‍🏫 Uşaqların erkən inkişafına töhfə vermək, öz icmanızda fəaliyyət göstərmək və gələcək nəsillərin təhsilinə dəstək olmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!

📌 2026–2027-ci tədris ili üçün müəllim (tərbiyəçi) seçiminə başlanılır.

✅ Bu ildən etibarən müraciətlər yalnız elektron platforma üzərindən qəbul ediləcək.

Müraciət etmək üçün:

🔹 İşə qəbul portalına daxil olun;
🔹 Özünüzə şəxsi kabinet yaradın;
🔹 Məlumatlarınızı sistemə daxil edin;
🔹 Uyğun vakansiyanı seçərək müraciətinizi tamamlayın.

🎥 Şəxsi kabinetin yaradılması və müraciət qaydası ilə bağlı təlimat videosu hazırlanıb. Müraciət etməzdən əvvəl videonu izləməyiniz tövsiyə olunur.

Seçim zamanı aşağıdakı namizədlərə üstünlük veriləcək:

✔️ Məktəbəqədər təhsil, ibtidai təhsil, pedaqogika, psixologiya və digər uyğun ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili olanlara;
✔️ Məktəbəqədər yaşlı uşaqlarla işləmək təcrübəsinə malik olanlara;
✔️ Vakansiya elan olunan yaşayış məntəqəsində və ya həmin icmada yaşayan namizədlərə;
✔️ Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı yüksək olanlara;

⚠️ Xahiş edirik, müraciət zamanı bütün məlumatlarınızı düzgün və tam şəkildə daxil edin. Yanlış və ya natamam məlumatlar müraciətinizin etibarsız hesab edilməsinə səbəb ola bilər.

🔗 İşə qəbul portalının linki: https://vakansiya.ilk5il.az

🎥 Təlimat videosu: https://youtu.be/aq5DUIYCXXs

📢 Elanı paylaşaraq daha çox insanın bu fürsətdən yararlanmasına dəstək ola bilərsiniz!

15/07/2026

Şuşadan dünyaya mesaj: Prezident İlham Əliyevin yeni geosiyasi baxışı

IV Şuşa Qlobal Media Forumu artıq ənənəvi beynəlxalq tədbir çərçivəsini aşaraq Azərbaycanın siyasi kommunikasiyasının, diplomatik mesajlarının və geosiyasi baxışının təqdim olunduğu mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin forum çərçivəsində media nümayəndələrinin suallarını cavablandırması yalnız gündəlik siyasi hadisələrə münasibət bildirmək deyil, həm də Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını, regional təhlükəsizlik baxışını və dövlət fəlsəfəsini sistemli şəkildə izah etmək baxımından diqqət çəkdi. Bu baxımdan Forum təkcə media hadisəsi deyil, həm də siyasi düşüncənin, dövlət idarəçiliyi konsepsiyasının və beynəlxalq münasibətlərə dair baxışların təqdim edildiyi analitik müstəvi kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyevin “Mənimsə müraciətim ancaq Azərbaycan xalqına ola bilər” fikri çıxışın ideoloji mərkəzini təşkil edən əsas tezis idi. Bu ifadə ilk baxışda daxili auditoriyaya ünvanlanan müraciat təsiri bağışlasa da, əslində dövlətin siyasi fəlsəfəsini ifadə edən fundamental yanaşmadır. Dövlət başçısı müxtəlif dövrlərdə – işğal illərində, müharibə zamanı və postmüharibə mərhələsində xalqa etdiyi müraciətləri xatırladaraq göstərdi ki, dəyişən yalnız tarixi şərait olmuş, dəyişməyən isə milli həmrəyliyə, xalqın iradəsinə və dövlət-vətəndaş birliyinə əsaslanan siyasi xətt olmuşdur. Bu yanaşma Azərbaycanın son otuz illik inkişaf modelində legitimliyin əsas mənbəyinin xalqın etimadı və milli birlik olduğunu bir daha nümayiş etdirdi.

Forumda xüsusi diqqət çəkən məqamlardan biri “biz yalnız özümüzə güvənə bilərik” tezisinin yeni geosiyasi reallıqlar fonunda izah olunması idi. Prezident İlham Əliyev müstəqilliyin yalnız hüquqi status deyil, hər gün qorunmalı olan siyasi dəyər olduğunu vurğulayaraq Azərbaycanın heç bir güc mərkəzindən asılı siyasət yürütmədiyini göstərdi. Bu fikir həm tarixi təcrübənin nəticəsi, həm də gələcək təhlükəsizlik strategiyasının əsas istiqaməti kimi təqdim edildi. Xüsusilə beynəlxalq münasibətlər sistemində dəyişən güc balansı, yeni münaqişə ocaqları və artan geosiyasi rəqabət fonunda milli maraqların yalnız daxili birlik və güclü dövlət institutları vasitəsilə qoruna biləcəyi mesajı verildi. Burada diqqət çəkən cəhət ondan ibarətdir ki, Prezident milli həmrəyliyi yalnız emosional dəyər kimi deyil, dövlət təhlükəsizliyinin əsas elementi kimi təqdim etdi.

Çıxışın mühüm istiqamətlərindən biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı yeni siyasi çəkisinin izahı oldu. Prezident İlham Əliyevin “orta güc” anlayışına münasibəti sadəcə terminoloji yanaşma deyildi. O, bu statusun ölkənin iqtisadi potensialı, hərbi qüdrəti və ya enerji resursları ilə yanaşı, milli maraqlarını müstəqil şəkildə müdafiə etmək bacarığı, regional proseslərə təsir imkanları və beynəlxalq etimad kapitalı ilə müəyyənləşdiyini vurğuladı. Azərbaycanın həm enerji təhlükəsizliyində, həm nəqliyyat-logistika dəhlizlərinin formalaşmasında, həm də müxtəlif regional münaqişələrin həllində etibarlı tərəfdaş kimi qəbul olunması bu mövqenin təsadüfi deyil, ardıcıl dövlət siyasətinin nəticəsi olduğunu göstərir.

Forum zamanı regional təhlükəsizlik məsələlərinə yanaşma da diqqətəlayiq idi. Prezident İlham Əliyev Azərbaycanın müharibələrin əhatəsində yerləşən mürəkkəb coğrafiyada fəaliyyət göstərdiyini qeyd edərək təhlükəsizlik anlayışını yalnız hərbi amillərlə məhdudlaşdırmadı. Onun fikirlərində təhlükəsizlik iqtisadi dayanıqlıq, nəqliyyat bağlantıları, enerji əməkdaşlığı, diplomatik etibar və beynəlxalq hüququn qorunması ilə vəhdətdə təqdim olundu. Eyni zamanda dövlət başçısı beynəlxalq hüququ bütün sülh təşəbbüslərinin universal platforması adlandıraraq Azərbaycanın Qarabağ məsələsində də məhz bu prinsiplərə söykəndiyini xüsusi vurğuladı. Bu yanaşma ölkənin xarici siyasət kursunun əsas fəlsəfəsinin güc nümayişindən daha çox hüquqi legitimliyə əsaslandığını nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışında Qarabağın bərpası və Şuşanın beynəlxalq dialoq məkanına çevrilməsi də xüsusi məna daşıyırdı. Bir vaxtlar dağıntılarla yadda qalan ərazilərdə bu gün dünyanın onlarla ölkəsindən media nümayəndələrinin toplaşması, beynəlxalq təşkilatların və nüfuzlu informasiya qurumlarının iştirakı Azərbaycanın postmünaqişə siyasətinin real nəticələrini nümayiş etdirir. Forum vasitəsilə Qarabağın yalnız yenidən qurulan region kimi deyil, həm də beynəlxalq siyasi dialoqun yeni ünvanı kimi təqdim olunması ölkənin yumşaq güc elementlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, faktiki olaraq informasiya diplomatiyasının praktik nümunəsinə çevrilmişdir.

Çıxışın yekun hissəsində Prezident İlham Əliyevin gənc nəslə ünvanladığı mesajlar isə gələcəyə hesablanmış dövlət strategiyasının ideoloji konturlarını müəyyənləşdirirdi. Dövlət başçısı xalqın işğal, müharibə, Zəfər və bərpa mərhələlərindən keçdiyini xatırladaraq gələcək nəsillərin milli kimliyi, milli ləyaqəti və dövlətçilik düşüncəsini qorumasının vacibliyini ön plana çəkdi. Bu fikirlər siyasi ritorikadan daha çox strateji dövlətçilik konsepsiyası kimi qiymətləndirilməlidir. Çünki burada əsas məqsəd təkcə bugünkü reallıqları izah etmək deyil, gələcək onilliklər üçün milli şüurun və vətəndaş məsuliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmək idi.

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı bütövlükdə göstərdi ki, Azərbaycan postmüharibə mərhələsini artıq yalnız bərpa prosesi kimi deyil, yeni geosiyasi mövqeyinin formalaşması mərhələsi kimi qiymətləndirir. Forumda səslənən fikirlər dövlətin daxili birliyi, müstəqil xarici siyasəti, regional əməkdaşlığı, beynəlxalq hüquqa əsaslanan mövqeyi və milli maraqların qətiyyətlə müdafiəsi kimi prinsiplərin vahid strateji xətt təşkil etdiyini nümayiş etdirdi. Bu baxımdan Şuşada səslənən mesajlar yalnız cari siyasi gündəmin deyil, Azərbaycanın yaxın və uzaq perspektivdə inkişaf modelinin konseptual siyasi manifesti kimi dəyərləndirilə bilər.

Rafiq Yusifoğlu, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü

04/07/2026

Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər bu münasibətlərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Dövlət başçısının bəyanatında vurğulandığı kimi, tərəflər arasında siyasi dialoq intensivləşir, qarşılıqlı etimad möhkəmlənir və əməkdaşlığın əhatə dairəsi getdikcə genişlənir.

Prezident İlham Əliyev qeyd edib ki, son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri münasibətlərdə görünməmiş dinamikanın formalaşdığını göstərir. Bu dinamika həm siyasi, həm iqtisadi, həm də enerji sahəsində əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan Avropa Komissiyası ilə münasibətlərə xüsusi önəm verir və tərəflərin qarşılıqlı siyasi iradəsi əməkdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqına üzv dövlətlərlə aparılması iqtisadi əlaqələrin miqyasını aydın şəkildə göstərir. Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşı olaraq çıxış edir. Region üzrə ticarətin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkənin iqtisadi və geostrateji əhəmiyyətini daha da artırır.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji təhlükəsizliyi sahəsidir. Dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu qısa müddətdə mühüm nəticələr verib. Bu müddətdə Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edilir və bu coğrafiyanın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi rolunu daha da gücləndirir.

Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan tərəfindən böyük maliyyə sərmayələri və siyasi səylər hesabına reallaşdırılmış bu layihə hazırda 3500 kilometrlik vahid boru kəməri sistemi vasitəsilə Azərbaycan qazını Avropa bazarlarına çatdırır. Layihə təkcə enerji sahəsində deyil, həm də Avropa ilə Azərbaycan arasında strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin bəyanatında nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivləri də xüsusi yer tutub. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə formalaşan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri qlobal ticarətin vacib marşrutlarından birinə çevrilir. Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan üzərindən daşınan yüklərin həcmi sürətlə artır. Bu isə ölkənin dəniz limanlarının, dəmir yolu və digər nəqliyyat infrastrukturunun daha da genişləndirilməsini zəruri edir. Həyata keçirilən layihələr Azərbaycanın Avrasiya məkanında mühüm logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir.

Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni və perspektivli istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir. Ölkənin zəngin günəş, külək və su enerji potensialı Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, artıq imzalanmış müqavilələr əsasında növbəti beş-altı il ərzində Azərbaycanda 8 giqavat həcmində günəş və külək enerjisi istehsal olunacaq. Bu göstərici Azərbaycanın yaşıl enerji mərkəzinə çevrilməsi və Avropanın enerji keçidinə töhfə verməsi baxımından mühüm perspektivlər açır.

Görüş zamanı regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi də geniş müzakirə olunub. Prezident İlham Əliyev vurğulayıb ki, artıq regionda sülhün real nəticələri hiss olunur. Azərbaycan tərəfindən tranzit məhdudiyyətlərinin aradan qaldırılması, humanitar və iqtisadi əməkdaşlıq üçün yaradılan imkanlar ölkəmizin sülhə sadiqliyinin göstəricisidir. Dövlət başçısının ifadə etdiyi kimi, məqsəd təkcə kağız üzərində deyil, gündəlik həyatda da hiss olunan dayanıqlı sülhün formalaşdırılmasıdır. Avropa Komissiyasının bu prosesə dəstəyi isə Cənubi Qafqazın əməkdaşlıq, tərəfdaşlıq və sabit inkişaf məkanına çevrilməsinə mühüm töhfə verə bilər.

Beləliklə, Ursula Fon der Lyayenin Azərbaycana səfəri və aparılan müzakirələr göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni strateji mərhələyə daxil olub. Enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət, nəqliyyat bağlantıları və regional sülh gündəliyi tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Bu əməkdaşlıq təkcə Azərbaycan və Avropa üçün deyil, bütövlükdə regionun sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Ofelya Babayeva, Şöhrət ordenli Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü

Məktəbimizdə 2025-2026-cı tədris ilinin sonuncu Pedaqoji şura iclası keçirildi.İclasda il ərzində görülən işlərə yekun v...
27/06/2026

Məktəbimizdə 2025-2026-cı tədris ilinin sonuncu Pedaqoji şura iclası keçirildi.İclasda il ərzində görülən işlərə yekun vuruldu,tədris və tərbiyə prosesinin nəticələri təhlil edildi,şagirdlərin nailiyyətləri və qarşıda duran vəzifələr müzakirə olundu.Müəllimlərin rəy və təklifləri dinlənilərək növbəti tədris ili üçün mühüm qərarlar qəbul edildi.

Abşeron - Xızı Regional Təhsil İdarəsi
Sumqayıt şəhər 38 nömrəli tam orta məktəb

23/06/2026

Azərbaycan–Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və Türkmənistan arasında münasibətlər ortaq tarixi köklər, dil və mədəniyyət yaxınlığı, eləcə də qarşılıqlı hörmət prinsipləri üzərində formalaşıb. Son illərdə iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşməsi bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22-də Azərbaycana rəsmi səfəri də məhz bu əməkdaşlığın növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər.
Səfər zamanı Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatlar iki qardaş ölkə arasında əlaqələrin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Türkmənistanın Qarabağın bərpası prosesinə göstərdiyi dəstəyə verilən yüksək qiymət oldu. Füzuli şəhərində məscid tikintisi təşəbbüsünün Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülməsi və artıq layihənin icrasına başlanılması qardaş ölkənin Azərbaycanın ərazi bütövlüyünə və bərpa prosesinə verdiyi dəstəyin konkret təzahürüdür.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan-Türkmənistan münasibətlərinin əsasında möhkəm tarixi, mədəni və mənəvi bağlar dayanır. Son illər qarşılıqlı mədəniyyət günlərinin təşkili, yaradıcı kollektivlərin səfərləri və şəhərlər arasında qardaşlaşma münasibətlərinin qurulması xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağın qardaş şəhərlər elan olunması əməkdaşlığın təkcə dövlətlərarası deyil, həm də ictimai və humanitar müstəvidə inkişaf etdiyini göstərir.
Səfərin mühüm nəticələrindən biri regional əməkdaşlıq məsələlərinin geniş müzakirə olunması oldu. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın fəal dəstəyi xüsusi vurğulandı. Bu fakt Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir. Coğrafi baxımdan regionun bir hissəsi olmasa da, Azərbaycanın tarixi, mədəni və iqtisadi əlaqələri onu Mərkəzi Asiya məkanının mühüm tərəfdaşlarından birinə çevirir.
Prezident İlham Əliyevin çıxışında nəqliyyat-logistika sahəsində əməkdaşlığa xüsusi yer ayrıldı. Son illər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artması Azərbaycan və Türkmənistanın bu sahədə koordinasiyasını daha da vacib edib. Dövlət başçısının qeyd etdiyi kimi, müasir dövrdə etibarlı və təhlükəsiz nəqliyyat marşrutları qlobal iqtisadiyyatın əsas tələblərindən biridir. Azərbaycan və Türkmənistanın birgə fəaliyyəti nəticəsində Xəzər dənizi üzərindən yükdaşımaların həcmi artır, regionun tranzit imkanları genişlənir və yeni bazarlara çıxış imkanları yaranır.
Enerji sahəsi də ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Hər iki ölkə zəngin enerji ehtiyatlarına malikdir və beynəlxalq enerji bazarında mühüm rol oynayır. Bu baxımdan enerji resurslarının nəqli, yeni ixrac marşrutlarının formalaşdırılması və regional enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində birgə fəaliyyət perspektivləri olduqca genişdir. Tərəflərin bu sahədə əməkdaşlığı həm regionun iqtisadi inkişafına, həm də Avrasiya məkanında enerji təhlükəsizliyinə töhfə verir.
Səfər çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması da əməkdaşlığın hüquqi bazasının daha da möhkəmləndirilməsinə xidmət edir. İmzalanan sənədlər ticarət, nəqliyyat, iqtisadiyyat, humanitar və digər sahələrdə münasibətlərin inkişafı üçün yeni imkanlar yaradır. Bu sənədlər yalnız mövcud əlaqələrin dərinləşməsinə deyil, həm də gələcək birgə layihələrin həyata keçirilməsinə zəmin formalaşdırır.
Bütün bunlar göstərir ki, Azərbaycan və Türkmənistan münasibətləri sadəcə dostluq və qardaşlıq əlaqələri ilə məhdudlaşmır. Bu münasibətlər artıq regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat-logistika layihələri və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək üzərində qurulan strateji tərəfdaşlıq xarakteri daşıyır. Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri və səfər zamanı səsləndirilən mesajlar iki qardaş ölkənin qarşıdakı illərdə əməkdaşlığı daha da genişləndirmək və yeni ortaq uğurlara imza atmaq niyyətində olduğunu bir daha nümayiş etdirdi.

Aygün Zülfüqarlı, Tərəqqi medallı jurnalist

Tam Orta Təhsil Layihəsi ilə bağlı valideynlərlə maarifləndirici görüşBu gün məktəbimizdə yuxarı sinif şagirdlərinin (IX...
20/06/2026

Tam Orta Təhsil Layihəsi ilə bağlı valideynlərlə maarifləndirici görüş
Bu gün məktəbimizdə yuxarı sinif şagirdlərinin (IX, X və XI siniflər) valideynləri ilə görüş təşkil olundu. Əsas məqsəd Sumqayıt şəhər 33,36 və 37 nömrəli məktəblərdə həyata keçirilən Tam Orta Təhsil Layihəsi barədə valideynlərə ətraflı məlumat vermək idi.
Görüş zamanı layihənin məqsədi, təhsil prosesində yaradacağı imkanlar, şagirdlərin gələcək təhsil və peşə seçimlərinə verəcəyi töhfələr haqqında geniş məlumat təqdim edildi. Bildirildi ki, layihə əvvəlki illərdə 37 nömrəli məktəbdə tətbiq olunmuş, yeni tədris ilindən etibarən isə 33 və 36 nömrəli məktəblərdə də həyata keçiriləcəkdir.
Valideynləri maraqlandıran suallar cavablandırıldı, onların fikir və təklifləri dinlənildi. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş təhsil prosesində məktəb-valideyn əməkdaşlığının vacibliyini bir daha nümayiş etdirdi.
Şagirdlərimizin uğurlu gələcəyi naminə həyata keçirilən yeniliklər barədə valideynlərimizin məlumatlandırılması və prosesə fəal cəlb olunması bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Birlikdə daha güclü təhsil, daha uğurlu gələcək!

Abşeron - Xızı Regional Təhsil İdarəsi
Sumqayıt şəhər 38 nömrəli tam orta məktəb

Address

H. Əliyev Pr. 12
Sumqayıt
AZ5000

Website

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt şəhər 38 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share