27/05/2026
Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və ölkədə elan edilmiş “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan idman yarışlarına yekun vurulub. Universitetin və Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaş və tələbələrinin iştirakı ilə təşkil olunan yarışlarda şahmat, stolüstü tennis, qılıncoynatma və minifutbol növləri üzrə mübarizə aparılıb. Yarışların əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması, komanda ruhunun gücləndirilməsi və tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək olub.
Mayın 25-də keçirilən mükafatlandırma mərasimində çıxış edən SDU-nun rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli idmanın gənclərin fiziki və mənəvi inkişafında mühüm rol oynadığını vurğulayıb. Rektor qeyd edib ki, bu cür yarışlar sağlam rəqabət mühitinin formalaşmasına, komanda işi və liderlik bacarıqlarının inkişafına, həmçinin tələbələrin sosial fəallığının artırılmasına mühüm töhfə verir. Professor Nurəli Yusifbəyli bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin və gənclər siyasətinin təbliği istiqamətində keçirilən tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə xidmət edir. O, universitetdə təhsil, elm, mədəniyyət və idman sahələrini əhatə edən təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb. Sonda yarışlarda qalib gələn komanda və iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıb, fərqlənən idmançılara təşəkkürnamələr təqdim olunub.