14/08/2026
Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir.
Bildiyimiz kimi Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə yayımlanmışdır.. Cənab Prezident müsahibəsində naxşıvana etdiyi mütəmadi etdiyi səfərlərindən eləcə də Naxçıvanın sürətli sosial-iqtisadi inkişafından və müdafiə potensialından söz açaraq qeyd etmişdir ki, Səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır.
Bu illər ərzində bir çox önəmli layihələr icra olundu. Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək. Digər tədbirlərə gəldikdə, əlbəttə ki, burada xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işləri qeyd edə bilərəm. Bu gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Onu bildirməliyəm ki, bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir. Bununla paralel olaraq, qazlaşmanı apardıq. Artıq neçə ildir ki, - təqribən deyə bilərəm, bəlkə 15 il, bəlkə ondan da çox, - Naxçıvanda qazlaşma 100 faizdir. Azərbaycanda ümumilikdə qazlaşmanın səviyyəsi 96 faizdir, bu da çox böyük rəqəmdir. Ancaq Naxçıvanda bu, artıq 100 faizdir. Yəni bu da enerji təhlükəsizliyinə yönəlmiş bir addım idi. Burada bir çox su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilmişdir. Yəni enerji təhlükəsizliyi fiziki təhlükəsizlikdən sonra ikinci vacib amildir. Bu gün dediyim kimi, həm 300 meqavat gücündə istilik elektrik stansiyasının təməli qoyuldu və 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə tanış oldum.
Bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında da Naxçıvanın xüsusi yeri var. Bu gün, eyni zamanda, sosial təminatla əlaqədar DOST Mərkəzinin açılışını qeyd edə bilərəm. Onun yanında “ASAN xidmət” mərkəzi dayanır. O da vaxtilə mənim göstərişimlə yaradılmışdır ki, insanlara daha gözəl xidmət göstərilsin.
Yəni proqramın tərkib hissəsinə baxmaq kifayətdir ki, burada hər kəs görsün ki, Naxçıvanın inkişafı reallıqdır. Onu da əlavə edə bilərəm ki, bu yaxınlarda - bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında da Naxçıvanın xüsusi yeri var, payı var, lazımi vəsait nəzərdə tutulub. O cümlədən kənd təsərrüfatının inkişafı üçün vacib olan amil – suvarma layihələri icra edilir. Bir çox artezian quyuları qazılacaq, müasir suvarma sistemləri quraşdırılacaq. Bu gün suvarılmayan torpaqlara su veriləcək. Beləliklə, muxtar respublikanın inkişafı daha sürətli və hərtərəfli olacaq.
Cənab İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Naxçıvanın tarixi və mədəniyyəti, memarlıq mədəniyyəti və tarixi şəxsiyyətləri mövzusuna toxunaraq bildirmişdir ki, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Digər vacib sahə Naxçıvanın tarixi-mədəni abidələrinin qorunmasıdır. Bildiyiniz kimi, Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir. Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir. Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik. Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir.
Məsələn, əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük. Biz bunu yaradırıq. Bunu yaratmaq üçün bir çox işlər görülüb və görüləcək. Ona görə bu məsələlərə daim diqqət göstərilir və göstəriləcək.
Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ölkə başçısı cənab İlham Əliyev Zəngəzur dəhlizinin yaradılmasından söz açaraq qeyd etmişdir ki, Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq. Təbii ki, yadınızdadır, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır. İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfindən heç bir praktiki addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi. Amerika Birləşmiş Ştatlarında bu məsələyə yaxınlaşmağa başlayanda, - təqribən keçən ilin yaz aylarından, yazın əvvəlində başlanmış təmaslar nəticəsində artıq bu prosesə start verilmişdir, - təbii ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə öz töhfələrini verməyə çalışırdılar, buna hazır olduqlarını bildirirdilər. Təbii ki, bizim bir neçə önəmli şərtimiz var idi, o cümlədən Zəngəzur dəhlizi. Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Yəni bu, məsələnin tarixçəsidir.
Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır. Ona görə bu gün strateji nöqteyi-nəzərindən, bundan əvvəl dediyim amillərlə yanaşı, bu amil də çox önəmli rol oynayır. Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür. Hamımız yaxşı bilirik, dəfələrlə bu barədə danışmışıq, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur, okeanlara çıxışı yoxdur. Amma bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi “bypass” etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək.
İman Məmmədov