Sumqayıt şəhər 32 nömrəli tam orta ümumtəhsil məktəbi

Sumqayıt şəhər 32 nömrəli tam orta ümumtəhsil məktəbi

Share

H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi

25/05/2026

Müstəqilliyimizin əbədi mayakı: 28 May
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinidə şanlı və parlaq səhifələr olduqca çoxdur. Lakin bu tarixin içində elə bir dönüş nöqtəsi var ki, o, sadəcə bir təqvim günü deyil, bütöv bir millətin dirçəliş, azadlıq və şərəf simvoludur. Bu, Şərqdə ilk demokratik, hüquqi və dünyəvi dövlət modelini yaradan 28 May – Müstəqillik Günüdür.
1918-ci ilin mayında Tiflisdə imzalanan İstiqlal Bəyannaməsi ilə dünyaya səs salan Azərbaycan Xalq Cümhuriyyəti (AXC), xalqımızın müstəqillik eşqinin əbədi manifestsidir.
XX əsrin əvvəlləri, çar Rusiyasının çöküşü və Birinci Dünya Müharibəsinin yaratdığı qlobal xaos dövrü idi. Belə bir mürəkkəb geosiyasi şəraitdə, tərkibində Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib Bəy Yusifbəyli kimi dahi şəxsiyyətlərin olduğu Azərbaycan Milli Şurası tarixi bir məsuliyyəti öz üzərinə götürdü.
28 may 1918-ci ildə elan olunan 6 bəndlik İstiqlal Bəyannaməsi ilə Azərbaycanın tamhüquqlu, müstəqil bir dövlət olduğu bütün bəşəriyyətə bəyan edildi. Bu bəyannamə təkcə bir dövlətin yaranmasını deyil, həm də mütərəqqi dəyərlərə əsaslanan yeni bir idarəçilik sisteminin müjdəçisi idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, əsrlərə bərabər işlər görməyə nail oldu. O dövrün böyük imperiyalarının belə cəsarət edə bilmədiyi islahatlar bu gənc dövlətdə reallığa çevrildi:
Gender Bərabərliyi: Qadınlara seçmək və seçilmək hüququ verildi. Bununla da Azərbaycan bir çox Qərb dövlətlərini (ABŞ, Fransa, Böyük Britaniya) geridə qoyaraq Şərqdə qadın azadlığının bayraqdarı oldu.
Milli Atributlar: Bu gün qürurla dalğalandırdığımız üçrəngli, ay-ulduzlu bayrağımız, dövlət himnimiz və gerbimiz məhz Cümhuriyyət dövrünün mirasıdır.
Dil və Təhsil: Azərbaycan dili dövlət dili elan edildi, Bakı Dövlət Universiteti təsis olundu və yüzlərlə gənc təhsil almaq üçün Avropaya göndərildi.
Milli Ordu: Ölkənin suverenliyini qorumaq üçün qısa müddətdə nizamlı Azərbaycan Ordusu formalaşdırıldı və Bakı işğaldan azad edildi.
1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində cümhuriyyətimiz süqut etsə də, azadlıq ideyası xalqımızın qan yaddaşından silinmədi. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa edərkən özünü məhz 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan etdi. Bu, tarixin qopmayan zənciri və milli məfkurənin qələbəsi idi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimiz qorunub saxlanıldı, möhkəmləndirildi və dönməz xarakter aldı. Cümhuriyyət qurucularının arzuları müasir, güclü Azərbaycan dövlətinin təməl daşına çevrildi.
Bu gün 28 Mayı qeyd edərkən biz təkcə keçmişi anmırıq, həm də bu günün möhtəşəm reallığını yaşayırıq. Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun gücü və xalqımızın birliyi sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir.
Şuşada, Xankəndidə, Xocalıda dalğalanan üçrəngli bayrağımız 1918-ci ildə yandırılan istiqlal məşəlinin bu gün daha gur yandığının sübutudur. Cümhuriyyət liderlərinin ruhu bu gün şaddır; çünki onların qurduğu o "əmanət" artıq regionun lideri, söz sahibi və qalib bir dövlətdir.
28 May Azərbaycan insanının ləyaqət, dövlətçilik və milli kimlik bayramıdır. Bizə düşən ən böyük vəzifə isə bu müstəqilliyi göz bəbəyimiz kimi qorumaq və gələcək nəsillərə daha qüdrətli bir Azərbaycan ötürməkdir.
Müstəqillik Günümüz mübarək olsun!
Behbudbəyli Sevil, Sumqayıt şəhər 27nömrəli məktəb, Tərəqqi medallı ədəbiyyat müəllimi

Photos from Sumqayıt şəhər 32 nömrəli tam orta ümumtəhsil məktəbi's post 21/05/2026

🧠✨ Məktəbimizdə “Biz bir Ailəyik” adlı “Nə? Harada? Nə Zaman?” intellektual oyunu keçirildi.

Şagird, müəllim və valideynlərin bir komanda olaraq iştirak etdiyi yarış yüksək maraq, sağlam rəqabət və möhtəşəm əməkdaşlıq ruhu ilə yadda qaldı.
İntellektual oyundan görüntülər🌸

21/05/2026

🧠✨ Məktəbimizdə “Biz bir Ailəyik” adlı “Nə? Harada? Nə Zaman?” intellektual oyunu keçirildi.
Şagird, müəllim və valideynlərin bir komanda olaraq iştirak etdiyi yarış yüksək maraq, sağlam rəqabət və möhtəşəm əməkdaşlıq ruhu ilə yadda qaldı.
İştirakçılar müxtəlif məntiqi sualları cavablandıraraq biliklərini, çevik düşünmə bacarıqlarını və komanda işini nümayiş etdirdilər. Yarış boyunca birlik, qarşılıqlı hörmət və məktəb ailəsinin gücü bir daha hiss olundu. 💙
Tədbirin əsas məqsədi məktəb–valideyn–şagird əməkdaşlığını möhkəmləndirmək, ailə dəyərlərini təbliğ etmək və iştirakçılarda intellektual oyunlara marağı artırmaq idi.
Qalib komandaları təbrik edir, yarışda iştirak edən bütün komandalarımıza təşəkkür edirik! 👏🏆
Çünki biz həqiqətən də — bir ailəyik! 🤝



Photos from Sumqayıt şəhər 32 nömrəli tam orta ümumtəhsil məktəbi's post 15/05/2026

📚🗣️ Ünsiyyətin gücü gələcəyin sağlam təməllərini formalaşdırır!
“Valideyn məktəb layihəsi” çərçivəsində Sumqayıt şəhər 32 nömrəli tam orta ümumi təhsil məktəbində “Necə danışaq ki, dinləsinlər, necə dinləyək ki, danışsınlar” mövzusunda maarifləndirici seminar keçirilmişdir.
Seminar zamanı valideyn–övlad münasibətlərində effektiv ünsiyyətin rolu, dinləmə mədəniyyəti, empatiya bacarıqları və sağlam kommunikasiya üsulları ətrafında geniş fikir mübadiləsi aparılmışdır. İştirakçılar interaktiv müzakirələr və praktik yanaşmalar vasitəsilə ailədaxili münasibətlərin gücləndirilməsi istiqamətində faydalı biliklər əldə etmişlər.
🎯 Məqsədimiz — dinləyən, anlayan və düzgün ünsiyyət quran cəmiyyət formalaşdırmaqdır.
🤝 Tədbirdə iştirak edən bütün valideynlərimizə təşəkkür edirik!



13/05/2026

🔊 Məktəbimizdə şagird təşəbbüsü ilə yeni yaradılmış — “Sualımız var” rubrikasının ilk sualı və doğru cavabı səsləndirən şagirdimizi təqdim edirik.

❓ İlk sualımız:
“Kimi 1931-ci ilin oktyabrın 22-də amerikalılar təkcə bir dəqiqəlik sükutla yox, həm də işıqları söndürməklə yad etdilər?”
💡 Düzgün cavab:
Tomas Edisonu!
Bir dəqiqəlik qaranlıqla amerikalılar onlara elektrik işığını hədiyyə etmiş böyük ixtiraçı Tomas Edisonu yad etdilər.
👨‍🎓 Əzimov Yusif
📖 9b sinfi
💭 Bəs görəsən, növbəti sualın cavabını kim tapacaq? 😊

“Sualımız var” rubrikasınım 🎯məqsədi:
🔹 şagirdlərdə məntiqi düşüncəni inkişaf etdirmək,
🔹 araşdırma marağını artırmaq,
🔹 sərbəst nitq və təqdimetmə bacarıqlarını gücləndirmək,
🔹 tənəffüsləri həm əyləncəli, həm də öyrədici etməkdir.



Photos from Sumqayıt şəhər 32 nömrəli tam orta ümumtəhsil məktəbi's post 12/05/2026

📚 I siniflərdə monitorinqlər davam edir
Şagird nailiyyətlərinin daha effektiv qiymətləndirilməsi və tədris keyfiyyətinin artırılması məqsədilə I siniflərdə Tədris dili və Riyaziyyat fənləri üzrə məzmun xətləri istiqamətində monitorinqlər təşkil olunur.
Monitorinqlərin əsas məqsədi:
🔹 şagirdlərin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilməsi
🔹 öyrənmə ehtiyaclarının vaxtında aşkarlanması
🔹 fərdi yanaşmaya əsaslanan dəstək proqramlarının hazırlanması
🔹 tədris prosesinin keyfiyyətinin yüksəldilməsi
Əldə olunan nəticələr əsasında şagirdlərin inkişafını dəstəkləyən əlavə tədbirlər və proqramlar həyata keçiriləcək.

🎯 Məqsədimiz hər bir şagirdin potensialını üzə çıxarmaq və keyfiyyətli təhsil imkanlarını genişləndirməkdir.



12/05/2026

Zirvələrə yüksələn missiya: Tarixə baxış

Tarix yalnız keçmişin xronologiyası deyil, həm də xalqın taleyini formalaşdıran tarixi şəxsiyyətlərin, bu şəxsiyyətlərin verdiyi taleyüklü qərarların və ideyaların bütöv mənzərəsidir. Tarixi dəyərləndirərkən əsas məsələ hadisələrin ardıcıllığını sadalamaq yox, onların mahiyyətini, səbəb-nəticə əlaqələrini və gələcək üçün verdiyi mesajları düzgün anlamaqdır. Bu mənada tarix həm obyektiv reallıq, həm də ədalətli şərh tələb edən bir elmdir. Aristotel tarix elmini müəyyən mənada subyektiv hesab etsə də, artıq baş vermiş hadisələrin vicdanla qələmə alınması onu obyektiv həqiqətə çevirir.

Azərbaycan xalqının taleyində misilsiz rol oynamış Heydər Əliyev isə tarixə sadəcə müşahidəçi kimi yanaşan liderlərdən deyildi. O, tarixi dərindən mənimsəyən, ondan nəticə çıxaran və bu nəticələri gələcəyin quruculuğuna yönəldən nadir şəxsiyyətlərdən idi. Onun siyasi fəaliyyəti sübut etdi ki, tarix yalnız öyrənilməli deyil, həm də yaradılmalıdır. Konfutsinin “keçmişi davam etdirməklə gələcəyə çatmaq olar” fikri məhz Heydər Əliyevin həyat və fəaliyyətində real məzmun qazandı.

1969-cu il iyulun 14-də onun Azərbaycan rəhbərliyinə gəlməsi ilə ölkədə yeni inkişaf mərhələsi başlandı. Qısa müddət ərzində sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində köklü dəyişikliklər həyata keçirildi. Azərbaycan İttifaq respublikaları arasında geridə qalan mövqedən qabaqcıl yerlərə yüksəldi. Yeni sənaye müəssisələri yaradıldı, infrastruktur genişləndirildi, Bakı və digər şəhərlərdə abadlıq və quruculuq işləri sürətləndirildi. Bəli, Heydər Əliyevin ictimai-siyasi arenada yüksək vəzifədə fəaliyyətə başlaması ilə milli həyatımızda və təfəkkürümüzdə yeni eranın təməli qoyuldu. Başqa sözlə, bunu xilaskarlıq missiyasının başlanğıcı hesab edə bilərik.

Bu dövrdə həyata keçirilən siyasətin ən mühüm cəhətlərindən biri milli ruhun dirçəldilməsi idi. Ana dilinə diqqətin artırılması, milli mədəniyyətin inkişafına verilən dəstək, tarix və ədəbiyyat sahəsində aparılan tədqiqatların genişləndirilməsi xalqın özünə inamını bərpa etdi. Heydər Əliyev yaxşı bilirdi ki, milli kimliyin qorunması üçün dil, tarix və mədəniyyət əsas sütunlardır.

Azərbaycan dilinə dair tədqiqatların aparılmasını təşviq edən Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq bu sahənin görkəmli alimlərinə dövlət mükafatlarının verilməsinə nail oldu. Heydər Əliyev Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin xatirəsini əziz tutur və əbədiləşdirirdi. Uzaq Sibirdən böyük mütəfəkkir, türkçü, turançı Hüseyn Cavidin məzarının Naxçıvana köçürülməsi təkcə tarixi ədəbi irsə göstərilən qayğı deyil, şair və yazıçıların toxunulmazlıqlarına bir işarə idi.

Eyni zamanda, Heydər Əliyev milli ziyalı təbəqəsinin qorunmasına və inkişafına böyük diqqət yetirirdi. Ədəbiyyat və incəsənət xadimlərinin fəaliyyətinə yaradılan şərait, onların əsərlərində milli ideyaların əks olunmasına imkan verilməsi cəmiyyətdə istiqlal düşüncəsinin formalaşmasına təkan verdi. Bu, açıq şəkildə deyil, lakin uzaqgörən siyasətin tərkib hissəsi kimi həyata keçirilirdi.

Azərbaycan tarixini obyektiv şəkildə yazmağı tarixçilərə tövsiyə edən Heydər Əliyev onlara dövlət mükafatı təqdim edərək xalqın özünü tanımasında əsas faktor olan tariximizə böyük önəm verdiyini gözlər önünə sərirdi. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonrakı illərdə etdiyi çıxışlarının birində Heydər Əliyev deyirdi: “Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım”.

Bəli, Ulu Öndərin bu fikrini sovet imperiyasının mərkəzində də bilirdilər. Mərkəzdə belə hesab edirdilər ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan müstəqilliyə tam hazırlanıb, yalnız onun formal elan edilməsi qalıb. Lakin sovet rejiminin liderləri Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaqdan çəkinir, bunun milli məsələdə ağır nəticələrə gətirə biləcəyini düşünürdülər. Belə vəziyyətdən çıxmaq üçün onlar Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaq deyil, yeni vəzifəyə gətirilərək Moskvada daha çox nəzarət altında saxlamaq qərarına gəldilər. Bununla belə, Kommunist ideologiyasının və sovet sisteminin mövcudluğuna baxmayaraq, Heydər Əliyevin 1982-ci ilin sonlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi Azərbaycan xalqı üçün böyük və qürurverici hadisə idi.

Mixail Qorbaçov SSRİ rəhbəri seçilən zaman yaxşı bilirdi ki, türk, müsəlman respublikaları xeyli irəli gediblər və dövlət müstəqilliklərini elan etməyə hazırdırlar. Buna görə də sovet rəhbərliyində olan türk dövlət xadimlərinə etibar etmir, bir-birinin ardınca vəzifələrindən uzalqlaşdırırdı. Heydər Əliyev kimi siyasət qrossmeysteri bunu çox gözəl başa düşürdü. 1987-ci ildə istefa verən Heydər Əliyev sovet idarəçiliyi sistemindən uzaqlaşdı.

Bundan sonra Ermənistan əsassız ərazi iddiaları ilə Azərbaycanın daxili işlərinə kobud şəkildə qarışmağa, Sovetlər Birliyi dağıldıqdan sonra isə rus hərbi hissələrinin silah-sursatından, hərbi kontingentindən istifadə edərək açıq hərbi müdaxiləyə başladı. Qərbi Azərbaycanda əsrlər boyu yaşayan azərbaycanlılar bütün mal və mülkləri talan edilərək qaçqına çevrildilər. Xalqın tarix və mədəniyyət abidələri, qəbiristanlıqları dağıdıldı. Azərbaycanın həmin dövrdəki bacarıqsız rəhbərləri bunun qarşısını ala bilmədi. Respublikamız böhrana düşdü. Rəhbərlər bir-birinin ardınca dəyişsə də, vəziyyət düzəlmədi.

Ermənistanı dayandırmaq əvəzinə Azərbaycanı cəzalandırmaq yolunu tutan M.Qorbaçovun göstərişi ilə sovet qoşun hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı kütləvi qırğın törətdi.

Bu faciəvi hadisə Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdı və sovet rejiminin mahiyyətini açıq şəkildə nümayiş etdirdi. Belə bir ağır şəraitdə Moskvada təhlükəsizliyinin təmin edilməməsinə və ağır şərtlər altında yaşamasına baxmayaraq, Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycan xalqına qarşı qəddar repressiya aktı olan bu hadisədən dərhal sonra Azərbaycanın daimi nümayəndəliyinə gələrək bəyanat verib 20 Yanvar qətliamını törədənləri ittiham etdi, ən ağır günlərdə xalqının yanında oldu. Heydər Əliyevin açıq, birmənalı və konkret mövqeyini ortaya qoyması gələcək siyasi və müstəqil milli dövlətçilik fəaliyyətində zirvəyə aparan yolun başlanğıcı, xilaskarlıq missiyasının isə növbəti mərhələsi oldu. 20 Yanvardan sonra Azərbaycan xalqı İttifaq dövləti ilə yolunun bir olmadığı qənaətinə gəldi.

Moskvada yaşamağın mümkün olmadığını görən Heydər Əliyev Azərbaycana qayıtmaq qərarına gəldi. Öz ağalarına itaətkarlığı ilə seçilən respublika rəhbərləri onun Bakıda yaşamasına təminat vermədiklərindən Heydər Əliyev doğulduğu Naxçıvana getdi. Muxtar respublika əhalisi onu hərarətlə qarşıladı. Bir müddət sonra Naxçıvan MSSR Ali Məclisinin deputatı və sədri seçildi. Onun təklifi ilə sovet dövrünün atributlarından imtina edildi. Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözləri çıxarıldı. Ali Sovet Ali Məclis adlandırıldı. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə olaraq Naxçıvanda rəsmi dövlət bayrağı kimi qəbul edildi. Bu, sadəcə, bayraq dəyişdirilməsi məsələsi deyildi. Belə bir addımla Heydər Əliyev əslində müstəqil dövlətin təməlini atırdı. O, Azərbaycan rəhbərliyinə Cümhuriyyətin atributlarını qəbul etməyi təklif etdi.

SSRİ-nin dağılmasından sonra Azərbaycan müstəqilliyini bərpa etsə də, ölkə ciddi sınaqlarla üz-üzə qaldı. Daxili siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü və separatçılıq meyilləri dövlətçiliyi təhlükə altına saldı. Həmin dövrdə hakimiyyətdə olan qüvvələr bu problemlərin öhdəsindən gəlmək iqtidarında deyildilər.

Ermənistanın işğalının davam etdiyi bir şəraitdə digər tərəfdən də şimalda və cənubda xaricdən dəstəklənən separatçılıq güclənmiş, Gəncədəki hərbi hissədə baş verən qiyamı yatıra bilməyən hakimiyyət proseslər üzərində nəzarəti tamamilə itirmişdi. Ölkə parçalanmaq, dövlət müstəqilliyi itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Dövlət idarəçilik bacarığına, zəruri intellektual səviyyəyə malik olmayan hakimiyyət ölkəni beynəlxalq aləmdə təcridçiliyə gətirdi. Bu, Azərbaycan dövlətçiliyi tarixində utancverici bir səhifə idi.

Belə bir tarixi şəraitdə Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın dərin inamına görə, yalnız Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan qurtara, xalqı mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Bu inam onun 1970-ci illərdə respublika, 1990-cı illərin əvvəllərində Naxçıvanda gördüyü işlərdən doğurdu.

Çarəsiz qalan respublika rəhbərliyi xalqın tələbləri qarşısında geri çəkilərək Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Bakıya gələn kimi Heydər Əliyev yeni bir liderlik keyfiyyətini ortaya qoydu. Bu xilaskarlıq missiyasının daha bir pilləsi idi.

Heydər Əliyev qiyam baş vermiş Gəncəyə təkbaşına gedərək sakinlərlə görüşdü, vəziyyətlə yerindəcə tanış oldu. Şəhərdə sabitlik tədricən bərqərar olmağa başladı. Qayıtdıqdan sonra parlament sədri seçildi. Ə.Elçibəy Bakını tərk edəndən sonra isə ölkə Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

Dövlətin keşməkeşli bir dövründə hakimiyyətə gələn Heydər Əliyev ölkənin problemlərinin həllində gücə deyil, xalqa arxalanaraq daxili siyasət sahəsində ölkəni dağılmaqdan, separatçılıqdan xilas etdi, milli birliyi bərpa etdi, xalq ilə hakimiyyət arasında inamsızlığı aradan qaldırdı, iflic olmuş dövlət orqanlarının fəaliyyətini bərqərar etdi, insanların sakit və təhlükəsiz yaşayışını təmin etdi və s., xarici siyasət sahəsində isə Ermənistanın davam edən hərbi təcavüzünü dayandırdı, ölkəni fəlakətə salmış savadsız, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xətdən imtina etdi, dövlət quruculuğu üçün əlverişli beynəlxalq şərait yaratdı.

Heydər Əliyev daxili siyasətdə milli birliyin möhkəmləndirilməsinə, dövlətçiliyin bərpasına və hüquqi əsasların yaradılmasına xüsusi önəm verdi. Xarici siyasətdə isə balanslaşdırılmış və praqmatik xətt seçərək Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi. Onun rəhbərliyi ilə ölkə beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmağa başladı.

Bu dövrdə həyata keçirilən iqtisadi islahatlar, enerji strategiyasının müəyyənləşdirilməsi və xarici investisiyaların cəlb edilməsi Azərbaycanın gələcək inkişafının əsasını qoydu. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi sabitliyin təmin olunması və beynəlxalq əlaqələrin genişləndirilməsi onun siyasi kursunun əsas istiqamətləri idi.

Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, müasir və güclü dövlətə çevrilmişdir. Ölkədə aparılan islahatlar, iqtisadi inkişaf, sosial rifahın yüksəldilməsi və beynəlxalq nüfuzun artması bu siyasətin uğurlu davamının göstəricisidir.

Xüsusilə, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş nöqtəsi oldu. Azərbaycan Ordusunun qazandığı Qələbə uzun illər aparılan məqsədyönlü siyasətin nəticəsi idi. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri isə dövlət suverenliyinin tam bərpasını təmin etdi.

Bu nailiyyətlər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasının nə qədər uzaqgörən və düzgün olduğunu bir daha sübut edir. Onun müəyyən etdiyi yol Azərbaycanı sabitlikdən inkişafa, inkişafdan isə qələbəyə aparan strateji xəritəyə çevrildi.

Nəticə etibarilə, Heydər Əliyevin fəaliyyəti Azərbaycan tarixində müstəsna yer tutur. Onun xilaskarlıq missiyası təkcə bir dövrün problemlərinin həlli ilə məhdudlaşmır, həm də gələcək nəsillər üçün güclü dövlət modelinin formalaşdırılmasına xidmət edir. Bu gün müstəqil, güclü və qalib Azərbaycan reallığı həmin missiyanın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əvəzsiz fəaliyyəti sayəsində ən yüksək zirvəyə çatdığını göstərir.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri

08/05/2026
Photos from Sumqayıt şəhər 32 nömrəli tam orta ümumtəhsil məktəbi's post 07/05/2026

17-22 may 2026-cı il tarixlərində Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.Bu istiqamətdə məktəbimizin Coğrafiya müəllimi M.Əmirsultanova tərəfindən şagirdlər üçün forumun əhəmiyyəti,şəhərsalma sahəsində sahəsində qlobal çağırışlar və Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyinin önəmi barədə maarifləndirici təqdimat keçirilmişdir.Təqdimat zamanı şagirdlərə şəhərlərin davamlı inkişafı,müasir urbanizasiya prosesləri və beynəlxalq əməkdaşlığın rolu haqqında ətraflı məlumat verilmişdir.

Photos from Sumqayıt şəhər 32 nömrəli tam orta ümumtəhsil məktəbi's post 07/05/2026

📚 Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş nümunəvi dərs təşkil olundu.
Dərs zamanı şagirdlərə Ümummilli Liderin zəngin həyat yolu, Azərbaycan dövlətçiliyinin inkişafındakı tarixi xidmətləri, elmə və təhsilə göstərdiyi xüsusi diqqət barədə geniş məlumat verildi. Şagirdlərin təqdimatları, çıxışları və fikir mübadilələri dərsin daha maraqlı və yaddaqalan keçməsinə şərait yaratdı.
Belə nümunəvi dərslər gənc nəslin milli dəyərlərə bağlı, vətənpərvər və maarifli ruhda formalaşmasına mühüm töhfə verir.
📸 Dərsdən görüntüləri təqdim edirik.


Photos from Sumqayıt şəhər 32 nömrəli tam orta ümumtəhsil məktəbi's post 07/05/2026

🇦🇿 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbirimiz böyük ehtiram və qürur hissi ilə keçirildi.
Tədbirdə dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, təhsilin inkişafı, gənclərin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs olundu.
Bu əlamətdar tarix bir daha göstərdi ki, Heydər Əliyev irsi xalqımızın milli-mənəvi dəyərlərinin, müstəqillik ideallarının və gələcəyə inamının əsas dayaqlarındandır.
Tədbirin təşkilində əməyi olan müəllimlərimizə, şagirdlərimizə və iştirak edən hər kəsə təşəkkür edirik.
📸 Tədbirdən yadda qalan anlar.



Want your school to be the top-listed School/college in Sumqayıt?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

H. Z. Tağıyev Qəsəbəsi
Sumqayıt
AZ5022

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 18:00