14/08/2026
Naxçıvan təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi inkişaf istiqamətlərində yeni strateji mərhələyə qədəm qoyur
Cənab Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişafının əsas prioritetlərini, regionun Azərbaycanın ümumi iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik strategiyasındakı rolunu əhatə edən geniş məzmunlu siyasi və strateji mesajlarla yadda qalıb. Cənab Prezidentin Naxçıvana 17-ci səfərinə xüsusi əhəmiyyət verməsi onun muxtar respublikanın inkişafına davamlı diqqətinin göstəricisi kimi qiymətləndirilə bilər. Müsahibədə Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yeni sənaye müəssisələrinin yaradılması, infrastrukturun yenilənməsi, kənd təsərrüfatının inkişafı, sosial xidmətlərin genişləndirilməsi və turizm imkanlarından daha səmərəli istifadə məsələləri ön plana çəkilib. Bu baxımdan Naxçıvan Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Parkın tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması Naxçıvanın yalnız sənaye potensialının deyil, həm də enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək. Qarşıdakı dövrdə Naxçıvanın enerji istehsal edən və eyni zamanda elektrik enerjisini ixrac edən regiona çevrilməsi əsas hədəflərdən biri olacaq. Naxçıvanın enerji potensialı müsahibənin ən mühüm istiqamətlərindən biri olub. Prezident İlham Əliyev muxtar respublikanın günəş və su enerjisi baxımından böyük imkanlara malik olduğunu vurğulayıb. 600 hektardan artıq ərazidə yüzlərlə meqavat gücündə günəş elektrik stansiyalarının yaradılması planları Naxçıvanın gələcəkdə Azərbaycanın yaşıl enerji strategiyasında daha mühüm yer tutacağını göstərir. Günəş enerjisi istehsalının potensialının ən azı 500 meqavat, perspektivdə isə 1000 meqavata qədər yüksələ biləcəyinin qeyd edilməsi bu istiqamətin miqyasını nümayiş etdirir. Eyni zamanda, Naxçıvanda enerji təhlükəsizliyinin yalnız daxili tələbatın ödənilməsi ilə məhdudlaşdırılmadığı görünür. Muxtar respublikanın Türkiyə və İran istiqamətində elektrik enerjisi ixracı imkanlarının genişləndirilməsi, gələcəkdə Avropa bazarlarına çıxış perspektivlərinin nəzərdən keçirilməsi Naxçıvanı daha geniş enerji coğrafiyasının mühüm hissəsinə çevirə bilər. Bu məqsədlə ötürücü xətlərin gücləndirilməsi və ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması planlaşdırılır.
Müsahibədə enerji təhlükəsizliyi ilə yanaşı, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi də strateji prioritet kimi təqdim olunur. Əlahiddə Ordunun yaradılması və onun müasir hərbi texnika və yeni komando qüvvələri ilə təchiz edilməsi Naxçıvanın xüsusi coğrafi mövqeyi ilə əlaqələndirilir. Naxçıvanın təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizlik sisteminin ayrılmaz hissəsi kimi qəbul edilir və bu sahədə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Müsahibənin ən geniş siyasi-strateji hissələrindən biri Zəngəzur dəhlizi ilə bağlı olub. Prezident İlham Əliyev bu layihənin təşəbbüskarının Azərbaycan olduğunu və əsas məqsədin ölkənin əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması olduğunu bildirib. Onun təqdim etdiyi tarixçəyə əsasən, 2020-ci il üçtərəfli bəyanatından sonra bu istiqamətdə uzun müddət praktiki irəliləyiş əldə edilməyib, lakin sonrakı diplomatik proseslər nəticəsində layihənin həyata keçirilməsi üçün yeni imkanlar yaranıb. TRIPP layihəsinin gündəmə gətirilməsi Zəngəzur dəhlizinə artıq yalnız regional nəqliyyat layihəsi kimi deyil, daha geniş beynəlxalq nəqliyyat və logistika sisteminin tərkib hissəsi kimi yanaşıldığını göstərir. Bu kontekstdə Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm logistika mərkəzinə çevrilməsi perspektivi xüsusi diqqət çəkir. Horadiz-Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi və dəmir yolunun tikintisinin davam etdirilməsi də bu strategiyanın praktiki tərəfini göstərir. Naxçıvan dəmir yolunun 194 kilometr uzunluğunda, daha yüksək yükaşırma qabiliyyətinə uyğun şəkildə yenidən qurulmasının nəzərdə tutulması layihənin yalnız sərnişin daşımaları deyil, böyük həcmdə beynəlxalq yükdaşımaları üçün planlaşdırıldığını göstərir. İlkin mərhələdə mövcud 1,5 milyon tonluq yükaşırma imkanının kifayət etdiyi, lakin uzunmüddətli perspektivdə 15 milyon tona qədər yük daşınmasının hədəfləndiyi bildirilir. Zəngəzur dəhlizinə yalnız avtomobil və dəmir yolu layihəsi kimi baxılmaması müsahibənin mühüm məqamlarından biridir. Prezident elektrik xətləri, fiber-optik kabellər, gələcəkdə isə neft-qaz kəmərlərinin də bu marşrutdan keçə biləcəyini bildirib. Belə yanaşma dəhlizin nəqliyyat layihəsindən daha geniş, çoxşaxəli regional kommunikasiya platformasına çevrilə biləcəyini göstərir. Enerji dəhlizi məsələsi xüsusilə diqqət çəkir. Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi ideyası həm Naxçıvanın enerji təminatının şaxələndirilməsi, həm də regionun enerji sistemlərinin bir-birinə bağlanması baxımından əhəmiyyətlidir. Bu layihənin gələcəkdə Türkiyə və Avropa istiqamətində enerji ötürülməsi imkanlarını genişləndirə biləcəyi vurğulanır. Müsahibədə Naxçıvanın iqtisadi inkişafı ilə nəqliyyat və enerji layihələri arasında birbaşa əlaqə yaradılır. Nəqliyyat dəhlizlərinin fəaliyyətə başlaması nəticəsində yükdaşımaların artması, yeni iş yerlərinin açılması, iqtisadi fəallığın yüksəlməsi və Naxçıvanın regional logistika mərkəzinə çevrilməsi gözlənilir. Bu isə muxtar respublikanın iqtisadi potensialının daha geniş coğrafiyaya inteqrasiyasını təmin edə bilər. Sosial-iqtisadi inkişafla bağlı açıqlanan tədbirlər də kifayət qədər genişdir. 217 müasir rayonlararası avtobusun alınması, 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri, suvarma sistemlərinin genişləndirilməsi, artezian quyularının qazılması, uşaq bağçalarının tikintisi və təmiri kimi layihələr əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Naxçıvan şəhərində ictimai nəqliyyatın elektrik avtobusları hesabına yenilənməsi isə şəhər nəqliyyatının ekoloji baxımdan modernləşdirilməsinə xidmət edir. Kənd təsərrüfatı da Naxçıvanın inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi təqdim olunur. Dövlət proqramında Naxçıvana xüsusi yer ayrılması və suvarma layihələrinin genişləndirilməsi kənd təsərrüfatı üçün istifadə olunmayan torpaqların dövriyyəyə cəlb edilməsinə imkan verə bilər. Bu siyasətin nəticəsində kənd təsərrüfatı istehsalının və məşğulluğun artması gözlənilir. Müsahibədə Naxçıvanın tarixi və mədəni irsinin qorunmasına xüsusi diqqət yetirilməsi də mühüm mesajdır. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi və digər tarixi-mədəni abidələrin konservasiyası göstərir ki, regionun inkişafı yalnız iqtisadi göstəricilərlə ölçülmür. Milli kimlik, tarix, mədəniyyət və memarlıq irsinin qorunması inkişaf siyasətinin ayrılmaz hissəsi kimi təqdim edilir. Turizm də Naxçıvanın gələcək iqtisadi inkişafında perspektivli sahə kimi qiymətləndirilir. Tarixi abidələr, təbii landşaft, təmiz hava və zəngin mədəni irs regionun turizm imkanlarını artırır. Bununla belə, mehmanxana infrastrukturunun yetərli olmaması əsas problemlərdən biri kimi göstərilir. Şəhər mərkəzində beşulduzlu yeni mehmanxananın inşasına başlanılması bu problemin həlli istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilə bilər. Prezidentin çıxışında Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi xüsusi siyasi və idarəetmə mesajı daşıyır. Bu yanaşma üç region arasında iqtisadi, infrastruktur və idarəetmə baxımından daha sıx əlaqələrin formalaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, Naxçıvanın muxtar respublika statusunun qorunacağı xüsusi vurğulanır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan Prezidentin xüsusi nümayəndəlik institutunun Naxçıvanda da tətbiq edilməsi idarəetmə islahatlarının mühüm elementidir. Burada məqsəd idarəetmənin daha çevik və koordinasiyalı həyata keçirilməsi, dövlət layihələrinin icrasına nəzarətin gücləndirilməsi və regionun inkişaf proseslərinin vahid strategiya əsasında idarə olunmasıdır. Naxçıvanda təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, tarixi-mədəni irsin qorunması və idarəetmənin təkmilləşdirilməsi paralel şəkildə həyata keçiriləcək. Bu yanaşma Naxçıvanın həm Azərbaycanın daxili inkişaf sistemində, həm də daha geniş regional geosiyasi və iqtisadi məkanda rolunun əhəmiyyətli dərəcədə artmasına zəmin yarada bilər.