31/07/2026
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə kollecin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə yanaşı, Gürcüstandan dəvət olunmuş həmyerlimiz – SOCAR Gürcüstanın əməkdaşı, İqtisadiyyat üzrə fəlsəfə doktoru, “Maarif” təşkilatının direktoru Aygül İsayeva da iştirak etmişdir. O, uzun illərdir Gürcüstanda yaşayan soydaşlarımızın təhsil məsələləri ilə yaxından məşğul olur, onların keyfiyyətli təhsil almasına dəstək göstərir, eyni zamanda Azərbaycan dili və ədəbiyyatının təbliği üzrə əməli addımlar ataraq, ana dilimizin yaşadılması və gələcək nəsillərə ötürülməsinə dəyərli töhfələr verir.
Təqdimatı zamanı Aygül İsayeva Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin mövcud vəziyyəti, bu sahədə qarşıya çıxan problemlər, onların həlli məqsədilə aidiyyəti dövlət qurumlarına ünvanlanmış müraciətlər, eləcə də apardığı elmi araşdırmalar və əldə olunan nəticələr barədə ətraflı məlumat vermişdir. Onun tədbirdə iştirakı Azərbaycan dilinin beynəlxalq müstəvidə tanıdılması və xaricdə yaşayan azərbaycanlıların ana dilinə bağlılığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Tədbirin növbəti hissəsində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın məqsəd və vəzifələrinə uyğun mövzular üzrə təqdimatlar edilmişdir. Kollecin Azərbaycan dili və ədəbiyyat müəllimləri Dövlət Proqramının icrası istiqamətində - ölkədə qədim dünya dillərinin və qədim mədəniyyətlərin öyrənilməsi, onların Azərbaycan dili ilə tarixi və dilçilik baxımından əlaqələri, Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənilməsi, sistemləşdirilməsi və tətbiqi, eləcə də Azərbaycan dilinin dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun şəkildə araşdırılması mövzusunda təqdimatlarla çıxış etmişlər.
Araşdırmaların əsas xüsusiyyətlərindən biri onların Qazax rayonu ilə bağlı materiallar əsasında aparılması olmuşdur. Dialekt və şivələrin öyrənilməsi istiqamətində müəllimlər tərəfindən Qazax rayonunun sakinləri ilə sorğular və müsahibələr keçirilmiş, bölgəyə məxsus dil xüsusiyyətləri toplanaraq təhlil edilmişdir. Bununla yanaşı, müxtəlif filmlərdə işlənən dialekt nümunələri araşdırılmış, qədim dillərin Azərbaycan dili ilə əlaqələri və dilimizin tarixi inkişaf mərhələləri elmi əsaslarla təqdim olunmuşdur.
Keçirilən tədbir Azərbaycan dilinin zənginliyinin, tarixi inkişaf yolunun və milli-mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyətini bir daha ön plana çıxarmış, müəllimlərin elmi-tədqiqat fəaliyyətinin nəticələrinin paylaşılması üçün səmərəli platforma olmuşdur.