Qax Rayon Təhsil Sektoru

  • Home
  • Qax Rayon Təhsil Sektoru

Qax Rayon Təhsil Sektoru Qax Rayon Təhsil Şöbəsi 1993-cü ilin avqust ayından bu adla fəaliyyət göstərir. Bundan əvvəl isə fəaliyyətini Qax rayon Xalq Maarif Şöbəsi kimi aparmışdır.

Hörmətli izləyicilər,Bu gündən etibarən Qax rayonu üzrə təhsil sektorunun "Facebook" səhifəsi fəaliyyətini dayandırılır....
03/03/2025

Hörmətli izləyicilər,

Bu gündən etibarən Qax rayonu üzrə təhsil sektorunun "Facebook" səhifəsi fəaliyyətini dayandırılır. Rayondakı təhsil yenilikləri və ümumilikdə şimal-qərb bölgəsi üzrə məlumatları əldə etmək üçün Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəsmi sosial media hesablarını izləyə bilərsiniz:

📌 Facebook: https://www.facebook.com/ShekiZagatalaRTI
📌 Instagram: https://instagram.com/seki_zaqatala_rti?igshid=OGQ5ZDc2ODk2ZA==
📌 Telegram: https://t.me/sekizaqatalarti

Martın 2-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil ...
02/03/2025

Martın 2-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan V, VI və VII sinif şagirdlərinin iştirakı ilə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.

Qax rayonu üzrə təhsil sektorunda 2025-ci ildə sertifikasiya imtahanında iştirak edəcək müəllimlərlə görüş keçirilmişdir...
25/02/2025

Qax rayonu üzrə təhsil sektorunda 2025-ci ildə sertifikasiya imtahanında iştirak edəcək müəllimlərlə görüş keçirilmişdir. Görüşdə sertifikatlaşdırma prosesi barədə məlumat verilmiş və müəllimlərin sualları cavablandırılmışdır.

Qax Rayon Təhsil Sektorunda rayonda fəaliyyət göstərən  ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə...
25/02/2025

Qax Rayon Təhsil Sektorunda rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Bəhruz Nəbili iştirak edib. Görüşün keçirilməsində məqsəd tədrisin keyfiyyətinin artırılmasından, tədris prosesinin düzgün idarə olunmasından və ümumi təhsilin məqsədyönlü inkişafına, qarşıda duran hədəflərə nail olmaqdan ibarətdir.

Dost ölkə ilə çoxtərəfli əlaqələr yeni mərhələyə qədəm qoyur.Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranma...
25/02/2025

Dost ölkə ilə çoxtərəfli əlaqələr yeni mərhələyə qədəm qoyur.

Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur.
Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Pakistan arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür.
Tarixən formalaşan Azərbaycan–Pakistan əməkdaşlığı müstəqilliyimiz dövründə daha da möhkəmlənib. Belə ki, Pakistan ölkəmizin müstəqilliyini tanıyan (12 dekabr 1991-ci il), onunla diplomatik əlaqələr yaradan (9 iyun 1992-ci il) və Azərbaycanda səfirliyini açan (12 mart 1993-cü il) ilk müsəlman dövlətlərindən biri olub. Eyni zamanda, Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl şəkildə müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. Onu da xatırladaq ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.
Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bundan bir il sonra, oktyabr ayında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıda rəsmi səfərdə olub, 1996-cı ilin aprelində isə ulu öndər Heydər Əliyev dost ölkəyə səfər edib. Səfərlər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, habelə iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün bir neçə saziş imzalanıb. 1997-ci ildə isə Azərbaycan Pakistanda öz səfirliyini açıb və rəsmi İslamabad ilə münasibətləri daha da genişləndirib.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə Azərbaycan–Pakistan münasibətləri müasir inkişaf mərhələsinə yüksəlib. Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf 2004-cü il iyulun 8-dən 10-dək Azərbaycanda rəsmi səfərdə olub, bir sıra mühüm görüşlər keçirib. P.Müşərrəflə görüşündə Prezident İlham Əliyev Ermənistan–Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyinin rəsmi İslamabad tərəfindən daim dəstəklənməsi faktını xüsusi vurğulayıb. Səfərin yekunu kimi, Azərbaycan və Pakistan hökumətləri arasında turizm və gömrük işi sahəsində əməkdaşlıq haqqında sazişlər, habelə digər mühüm sənədlər imzalanıb.
Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri zamanı imzalanan sənədlər çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün lazımi hüquqi baza yaradıb. Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanıb. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib.
Ötən il Bakıda təşkil olunan beynəlxalq iqlim sammiti - COP29 çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Hər iki tərəf qarşılıqlı səfərlərin intensivləşməsini və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsini vurğulayıb. Həmçinin Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının önəmi qeyd edilib.
Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr sahəsində əməkdaşlığı daha da genişləndirmək üçün indiyədək ciddi səylər göstərilib, müxtəlif səviyyəli görüşlər, iqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclasları keçirilib. Ticarət dövriyyəsinin artırılması istiqamətində bir sıra mühüm layihələr reallaşdırılıb və yeni təşəbbüslər irəli sürülüb. Son illərdə qarşılıqlı ticarətin həcmi artsa da, hər iki tərəf bu sahədə göstəricilərin daha da yüksəlməsinə nail olmaq üçün birgə fəaliyyət göstərib. Pakistan və Azərbaycan sahibkarları arasında əməkdaşlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və sərmayələrin artırılması üçün davamlı müzakirələr aparılıb.
Hazırda iki qardaş ölkə arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılır. Azərbaycanın Pakistanla kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı üçün böyük potensialı mövcuddur. Azərbaycanın neft-qaz sənayesində qazandığı təcrübə və enerji resursları Pakistan üçün mühüm əhəmiyyət daşıyır. Pakistan isə öz növbəsində əczaçılıq, tekstil, aqrar və emal sənayesi sahələrində Azərbaycan bazarında öz mövqeyini gücləndirə bilər.
Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı ticarət maneələrinin aradan qaldırılması, gömrük və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi əsas məqsədlərdən biridir. Xüsusilə nəqliyyat və tranzit marşrutlarının genişləndirilməsi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına ciddi töhfə verə bilər. Azərbaycanın coğrafi mövqeyi, onun Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Pakistan üçün yeni ixrac imkanları yaradır.
Bundan əlavə, Pakistan və Azərbaycan arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçi qruplar fəaliyyət göstərir. Bu qruplar qarşılıqlı investisiya imkanlarını dəyərləndirir və sahibkarlar üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atır. Bütün bu təşəbbüslər, layihələr və əməkdaşlıq istiqamətləri Azərbaycanın və Pakistanın iqtisadi-ticari münasibətlərinin daha da güclənməsinə xidmət edir.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də Azərbaycanda rəsmi səfərdə olub. Səfər əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif həm təkbətək, həm də geniş tərkibdə görüş keçiriblər. Eyni zamanda, səfər çərçivəsində Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub. Daha sonra isə, iki ölkə liderləri mətbuata bəyanatlarla çıxış ediblər. Hər iki lider öz bəyanatlarında Azərbaycan ilə Pakistan arasında münasibətlərin uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını, xalqlarımızın tarix boyu bir-birinə dəstək nümayiş etdirdiyini, eləcə də dövlətlərimizin beynəlxalq aləmdə daim ortaq maraqlardan çıxış etdiyini vurğulayıb.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri çərçivəsində fevral ayının 24-də iki ölkə arasında imzalanmış sənədlər – Dövlət Neft Şirkəti ilə “Pakistan State Oil Company Limited” və “Pakistan Refinery Limited” (PRL) müəssisələri arasında Anlaşma Memorandumunun imzalanması, eləcə də mayeləşdirilmiş təbii qaz yüklərinin, neft məhsullarının alqı-satqısı ilə bağlı sazişlərin, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mübadilə edilməsi də iki dost ölkə münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyini və yeni əməkdaşlıq imkanlarının yaranacağını deməyə əsas verir.
Səfər çərçivəsində, həmçinin gömrük xidmətləri arasında fəaliyyətlərin səmərəliyinin artırılması, bitki karantini və mühafizəsi sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı Anlaşma Memorandumunun imzalanması bundan sonra da əsas strateji hədəflər kimi diqqətdə saxlanılacaq. İqtisadi əməkdaşlıq sahəsində yeni ticarət marşrutlarının açılması və investisiya imkanlarının artırılması üçün müvafiq addımlar atılacaq. Enerji, kənd təsərrüfatı və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Bu addımlar isə, öz növbəsində, hər iki ölkənin strateji əhəmiyyətini artıracaq, regionda və dünyada sabitliyə töhfə verəcək.
Azərbaycan–Pakistan iqtisadi əməkdaşlığı mühüm önəm daşımaqla yeni dünya nizamında olduqca böyük təsirə malikdir. Bu əlaqələrin təkmilləşdirilməsi və yeni perspektivlərin müzakirəsi iki ölkə arasındakı münasibətlərin daha da güclənməsinə müsbət təsir göstərir. Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun və İslamabad Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə keçirilən biznes forumlarında sənaye, tikinti, tekstil, informasiya texnologiyaları, səhiyyə, qida, turizm və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə fikir mübadiləsi aparılması iqtisadi-ticari əlaqələrin genişlənməsində əhəmiyyəti rol oynayır, eyni zamanda, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində gerçəkləşdirilən layihələrin iki ölkə arasında səmərəli ticarət dövriyyəsinin təşviqinə xidmət edir.
İki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə Azərbaycan – Pakistan Preferensial Ticarət Sazişinin imzalanması və bu əsasda birgə layihələrin işlənib başa çatdırılması da əhəmiyyətli təsir göstərib. Qarşılıqlı sərmayələrin təşviqi və energetika sahəsində əməkdaşlıq imkanlarını ifadə edən bu sazişin qüvvəyə minməsi iki ölkənin gələcək iqtisadi tərəfdaşlığını, xüsusilə iqtisadi əlaqələrinin gücləndirilməsini şərtləndirib.
"Azərbaycanın və Pakistanın siyasi, iqtisadi və mədəni sahələrdə yaxın əlaqələr qurması, həmçinin bir-birini regional məsələlərdə dəstəkləməsi, bu səfərin önəmini artırır.
Pakistanın Baş nazirinin bu səfəri Azərbaycan ilə Pakistan arasında ticarət və iqtisadi əməkdaşlığın genişlənməsi, enerji sahəsində birgə layihələrin inkişafı və eləcə də hərbi sahədə əməkdaşlığın daha da dərinləşməsi üçün mühüm imkanlar yaradacaqdır. Eyni zamanda, bu əlaqələr regional təhlükəsizlik və sabitlik məsələlərində də özünü göstərir. Pakistan və Azərbaycanın daha çox birgə layihələr həyata keçirməsi, müxtəlif sahələrdə, o cümlədən infrastruktur, nəqliyyat və təhsil sahələrində əməkdaşlıq etməsi mümkündür. Bu səfər, gələcəkdə bu əlaqələrin daha da genişlənməsi üçün yaxşı bir zəmin yaradır.
Pakistan İslam Respublikası, xüsusilə Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyərək 2020-ci ilin Vətən müharibəsi dövründə Azərbaycanın yanında olduğunu bəyan etdi, Azərbaycanın haqq işini tanıdı və münaqişənin həllində Azərbaycanın mövqeyinə tam dəstək verdiyini birmənalı olaraq bildirdi. Müharibə bitdikdən sonra, Pakistan İslam Respublikası Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa işlərini dəstəkləmək və bu bölgənin iqtisadi inkişafına yardım etmək üçün yanında olduğunu bir daha da bildirmişdir. Pakistanın Qarabağ müharibəsindəki dəstəyi Azərbaycanın beynəlxalq münasibətlərində əhəmiyyətli bir tərəfdaşlıq nümunəsi olaraq qalır. Bu isə iki ölkə arasında qarşılıqlı hörmət və etimadın mövcud olduğunu göstərir.
Son illərdə ölkələrimiz arasında qardaşlıq münasibətləri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənmişdir. Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub və ölkənin suverenliyinə, ərazi bütövlüyünə güclü dəstək verməkdə davam etmişdir. Bu dostluq münasibətləri, yalnız dövlət başçıları arasında deyil, həm də iki ölkənin xalqları arasında olan münasibətləri dərinləşdirir. Prezidentlər arasındakı sıx əməkdaşlıq və qarşılıqlı dəstək, Azərbaycan və Pakistan arasındakı əlaqələrin əsasını təşkil edir və bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcəkdir. Ümumilikdə, Şahbaz Şərifin Azərbaycana səfəri, iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün mühüm bir imkan təqdim edir.

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdırTarixin ən dəhşətli faciəsi olan Xocalı ...
24/02/2025

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır

Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 33 il ötür. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri son anadək özlərini qəhrəman kimi aparıb, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.
Xocalı mühüm geostrateji mövqeyi ilə seçilir. Qarabağdakı yeganə hava limanı da məhz burada yerləşirdi. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Dağlıq Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biridir.
Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.
1992-ci ilin fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Həmin ilin martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
“Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir: belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi kimi təzahür olunur.
Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 20-dən çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
“Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.
Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir.
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir ki, Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Elə məhz Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbəliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Erməni işğalına, zülmünə son verilmişdir. Xocalı şəhidlərinin qanı yerdə qalmamışdır.

24/02/2025

📢“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır

ℹ️Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.

📌Müsabiqə region və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq.

💻Şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər.

📩 Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər.

🏆 Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümü ilə əlaqədar, ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

📞 Qeydiyyatla bağlı hər hansı çətinliklə üzləşən vətəndaşlar +994 51 206 78 48 nömrəsinə “Whatsapp” üzərindən yazaraq müraciət edə bilərlər.

❗Nəzərinizə çatdırırıq ki, müsabiqəyə qeydiyyat və qaynar xətt 4 mart saat 11:00-a kimi aktiv olacaq.

hər iki tərəfin dövlət rəsmilərinin bir sıra əməkdaşlıq sazişlərini mübadiləsi hər iki dövlət üçün səmərəlidirAzərbaycan...
14/02/2025

hər iki tərəfin dövlət rəsmilərinin bir sıra əməkdaşlıq sazişlərini mübadiləsi hər iki dövlət üçün səmərəlidir
Azərbaycanda səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud ilə dövlət başçısı İlham Əliyev arasında görüş keçirilib. Liderlər ikitərəfli münasibətləri müzakirə etdikdən sonra dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər. Bəyanatdan da göründüyü kimi tərəflər arasında önəmli sənədlər də imzalanıb. Somali Prezidentinin Azərbaycana rəsmi səfəri hazırkı dövrdə vacib əhəmiyyət daşıyır. Afrika ölkələrinə barmaqarası baxmaq olmaz və qitənin aparıcı dövlətlərindən biri kimi Somali ilə də münasibətlərin qurulması labüddür. Bu baxımdan Azərbaycan kimi inkişafını uğurla həyata keçirən ölkələrin təcrübəsi Afrika üçün faydalı ola bilər. Afrika ölkələri Azərbaycana xüsusi simpatiya bəsləyir. Bunun əsas səbəbi Azərbaycanın heç bir gizli geosiyasi gündəliyinin olmaması və səmimi əməkdaşlıq təklif etməsidir. Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Bundan əlavə, Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model ola bilər. Ölkəmiz Afrikada müxtəlif infrastruktur layihələrinə sərmayə yatıraraq yerli iqtisadiyyatı stimullaşdırmaqda maraqlıdır və bu addımlar Afrika dövlətləri tərəfindən müsbət qarşılanır. Belə bir yanaşma Afrika ölkələrinin inkişafına real töhfə verməklə yanaşı, Azərbaycanın da beynəlxalq nüfuzunun artmasına şərait yaradır. Ölkəmiz, eyni zamanda, Afrika ölkələrinin enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində inkişaf etməsinə töhfə vermək məqsədilə ortaq layihələrdə iştirak edir.
Azərbaycan Afrika ölkələrinin təhsil sahəsində inkişafını dəstəkləmək üçün tələbələrə təqaüdlər ayırır və akademik mübadilə proqramlarını təşviq edir. Həmçinin ölkəmiz Afrika dövlətləri ilə iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün biznes forumlar və sərgilər təşkil edərək, onların qlobal bazarlara inteqrasiyasını dəstəkləyir. Bu strateji yanaşma Azərbaycanın Afrikada etibarlı və səmimi tərəfdaş kimi qəbul olunmasına şərait yaradır. Bir sözlə, Azərbaycan və Afrika ölkələri arasında münasibətlər sürətlə inkişaf edir. Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirmək niyyətindədir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcək. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq. Ümumiyyətlə, Azərbaycanın Afrika ölkələri ilə təmasları, əlaqələrinin inkişafı müsbət qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Somali Prezidenti ilə görüşü və hər iki tərəfin dövlət rəsmilərinin bir sıra əməkdaşlıq sazişlərini mübadiləsi hər iki dövlət üçün səmərəlidir. Həmin dövlətin Azərbaycana maraq göstərməsi ölkəmizin dünya arenasında, həmçinin Afrika ölkələrində də etibarlı tərəfdaş və güclü ölkə kimi özünü sübut etməsinin nəticəsidir. Enerji və başqa sahələrdə qarşılıqlı razılaşma və mübadilələr gələcəkdə Somalini ölkəmizə daha da yaxınlaşdıracaq. İqtisadi maraqlardan əlavə siyasi müstəvidə də bu kimi yaxınlaşmalar Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın Afrika ölkələri ilə münasibətlərinin sıxlaşdırılması dövlət başçısı İlham Əliyevin dərin, uzaqgörən və müdrik xarici siyasətinin təzahürüdür. Biz bu münasibətlərin faydasını, böyük dəyərini zaman keçdikcə görəcəyik. Azərbaycanın dünyada tanınması ilə yanaşı bütün münasib ölkələrlə müxtəlif sahələrdə fərqli əlaqələrin qurulması dövlətimizin daha da qüdrətlənməsi deməkdir. Eyni zamanda siyasi arenada tərəfdaş və dəstək qazanmaq deməkdir. Bütün bu fikirlər mətbuata verilən bəyanatda geniş formada əksini tapıb və inkişafın dayanıqlı olması üçün mühüm sənədlər imzalanıb.

Aparılan uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 5 faizə enibPrezident İlham Əliyevin iştirak etdiyi beynə...
14/02/2025

Aparılan uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 5 faizə enib
Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərdə dünyanın nüfuzlu media orqanlarının onunla müsahibəyə can atması artıq ənənə halını alıb. Ölkə Prezidentinin həm qlobal iqtisadi-siyasi proseslər, həm Azərbaycanın xarici siyasəti, həm digər dövlətlərlə münasibətləri, həm də digər məsələlərlə bağlı fikirləri, proqnozları böyük maraqla qarşılanır. O da maraqlıdır ki, Azərbaycan liderinin həyata keçirdiyi siyasətin və həmçinin proqnozlarının düzgünlüyü, dəqiqliyi bir müddət sonra öz təsdiqini tapır. Bu kimi hallar beynəlxalq media qurumlarını növbəti dəfə Prezident İlham Əliyevə müsahibə almaq üçün müraciət etməyə sövq edir. Davos Forumunda Çinin CGTN telekanalının ölkə başçısından müsahibə götürməsi bunun təsdiqidir.
Müsahibədə jurnalistin verdiyi sualların məzmunu, istiqamətləri Azərbaycan Prezidentinin siyasi nüfuzundan, onun fikir və proqnozlarına olan ehtiyacdan xəbər verir. Müsahibədə ölkə başçısı bildirib ki, “Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etməsi, siyasi sabitliyin və iqtisadi inkişafın mövcudluğu ölkəmizə beynəlxalq münasibəti müsbətə doğru dəyişib. Azərbaycanın öz milli mənafeyini qoruması, bütün dövlətlərlə yaxşı əlaqələr qurması və cəmiyyətdə mövcud olan sabitlik bizə imkan verir ki, öz maraqlarımızı müdafiə edə bilək.”
Daxili sabitliyin, milli birliyin olmadığı ölkələrin hökumətləri xarici siyasətdə də milli maraqlarını müdafiə edə bilmirlər, hücumlar qarşısında geri çəkilirlər. Güclü iqtisadiyyatın qurulması, ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsinin cəmi 6,9 faiz olması, həyata keçirilən genişmiqyaslı layihələr Cənubi Qafqazda və Xəzər regionunda etibarlı mövqe tutmağımıza səbəb olub deyə Cənab Prezident İlham Əliyev bildirib.
Aparılan uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 5 faizə enib. Həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Orta Dəhlizlə bağlı görülən işlərin məqsədi özəl sektoru inkişaf etdirməkdir. Bugün Orta Dəhlizlə yükaşırma qabiliyyətini daha da artırmaqdır. Əldə olunan gəlirlər hesabına yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya qoyulur. 2027-ci ilə qədər olan hədəf 2 giqavat həcmində Günəş vəK külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır.
Müsahibədə Azərbaycan-Çin münasibətləri haqqında ətraflı danışan Prezident İlham Əliyev ölkəmizin Pekinlə münasibətlərə böyük önəm verdiyini bildirib: “Dünyanın aparıcı dövlətlərindən olan Çinlə imzalanmış strateji tərəfdaşlıq Bəyannaməmiz münasibətlərimizi daha da inkişaf etdirməyə imkan verir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. Bu da imkan verir ki, həmin beynəlxalq təşkilatla daha yaxından əməkdaşlıq edək. Həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Azərbaycanın nəqliyyat infrastrukturunun Şərqdən Qərbə gedən yol üzərində yerləşməsi Çin və Orta Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməyi diktə edir. Bu əməkdaşlıq regional sabitliyə, regional sülhə töhfə verəcək. Azərbaycanın Çin vətəndaşları üçün viza rejimini ləğv etməsi münasibətlərimizdə yeni mərhələnin başlanğıcı oldu. Çin vətəndaşları heç elektron viza üçün müraciət etmədən ölkəmizə gələ bilərlər. Eyni fürsətin Azərbaycan vətəndaşlarına da yaradılacağına ümid edirik”.
Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan Prezident bildirib ki, sammit qlobal iqlim böhranından əziyyət çəkən ölkələrə öz problemlərini, tələblərini irəli sürməyə imkan verdi. COP29-da Azərbaycan Qazaxıstan və Özbəkistanla Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə müqavilə imzaladı. Bu öz növbəsində ölkəmizin Çinin enerji kabelinə qoşulmasına imkan yaradacaq. Ümumiyyətlə, COP29 Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynadı. Bütün dünya ölkəmizin ədalətin, beynəlxalq hüququn yanında olduğunu gördü. Prezident İlham Əliyev müsahibədə həm COP29 sammitinin beynəlxalq əhəmiyyəti, həm də Azərbaycanın əldə etdiyi uğurun sirri barədə geniş danışdı. Bildirdi ki, dövlət başçısı bütün xarici təzyiqlərə, təhdidlərə baxmayaraq, sona qədər ölkəsinin milli maraqlarını qorumalı, xalqına qarşı dürüst olmalıdır.

Address

Ə.Əliyev 2

3400

Opening Hours

Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994504099463

Alerts

Be the first to know and let us send you an email when Qax Rayon Təhsil Sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Qax Rayon Təhsil Sektoru:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share