Novxanı kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbi

Novxanı kənd  3 nömrəli tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Novxanı kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbi, School, Novxanı.

14/08/2026

Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində Naxçıvanın sosial-iqtisadi inkişafı, müdafiə və enerji təhlükəsizliyi, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm və tarixi-mədəni irsin qorunması, eləcə də Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı mühüm məsələlərə toxunub.

Dövlət başçısı bildirib ki, bu, onun Prezident kimi Naxçıvana 17-ci səfəridir. O, son illərdə muxtar respublikada bir sıra mühüm layihələrin həyata keçirildiyini və bundan sonra da Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin ediləcəyini qeyd edib.
Müdafiə məsələlərinə toxunan Prezident Naxçıvanın təhlükəsizliyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Əlahiddə Ordunun yaradılması, ən müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması istiqamətində mühüm işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu deyən dövlət başçısı Naxçıvanın hərbi potensialının bundan sonra da gücləndiriləcəyini bildirib.
Müsahibədə Naxçıvan Sənaye Parkının təməlinin qoyulması da xüsusi qeyd olunub. Prezident bildirib ki, parkın yaradılması yeni sənaye müəssisələrinin və iş yerlərinin açılmasına mühüm imkan yaradacaq. Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası da nəzərdə tutulur. Bu stansiyanın həm Naxçıvanın dayanıqlı enerji təminatına, həm də gələcəkdə elektrik enerjisinin ixracına xidmət edəcəyi bildirilib. Qeyd edib ki, muxtar respublikada qazlaşma 100 faizdir, Günəş və su elektrik stansiyaları fəaliyyət göstərir. Naxçıvanda Günəş enerjisinin istehsalı üçün 600 hektardan çox ərazi müəyyən edilib və burada yüzlərlə meqavat gücündə yeni stansiyaların yaradılması planlaşdırılır. Prezident yalnız Günəş enerjisi hesabına Naxçıvanda ən azı 500 meqavat, perspektivdə isə 1000 meqavatadək elektrik enerjisi istehsalının mümkün olduğunu bildirib.

Dövlət başçısı Naxçıvanın zəngin tarixi və mədəni irsinin qorunmasının da mühüm istiqamət olduğunu qeyd edib. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi abidələrin konservasiyası və qorunması ilə bağlı işlərin davam etdiriləcəyi bildirilib. Prezident Naxçıvanın Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etdiyini vurğulayaraq, milli kimliyin, tarix və mədəniyyətin qorunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Müsahibənin əsas mövzularından biri də Zəngəzur dəhlizi olub. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək bu nəqliyyat bağlantısının ölkə üçün strateji əhəmiyyət daşıdığını bildirib. Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğunu, dəmir yolunun tikintisinin isə davam etdiyini qeyd edən dövlət başçısı Naxçıvan ərazisində dəmir yolunun bərpası istiqamətində işlərə başlanıldığını açıqlayıb.
Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan dəmir yolunun uzunluğunun 194 kilometr olacağı və gələcəkdə onun yükdaşıma qabiliyyətinin ildə ən azı 15 milyon tona çatdırılmasının planlaşdırıldığı bildirilib. Prezident Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevrilə biləcəyini vurğulayıb.

Dövlət başçısı Zəngəzur dəhlizinin yalnız avtomobil və dəmir yolundan ibarət olmayacağını da qeyd edib. Gələcəkdə bu istiqamətdə elektrik xətlərinin, fiber-optik kabellərin və zərurət yaranacağı təqdirdə digər enerji infrastrukturlarının yaradılmasının mümkün olduğu bildirilib.
Prezident şəhərlərarası və rayonlararası sərnişindaşmanın yaxşılaşdırılması üçün 217 müasir avtobusun alınacağını, həmçinin muxtar respublikada 420 kilometr uzunluğunda yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulduğunu açıqlayıb.
Naxçıvanın turizm potensialından da danışan İlham Əliyev muxtar respublikanın zəngin tarixi abidələrə, gözəl təbiətə və əlverişli iqlimə malik olduğunu bildirib. Turizmin inkişafı üçün müasir mehmanxana infrastrukturunun yaradılmasının vacibliyini qeyd edən Prezident Naxçıvan şəhərində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulduğunu və onun təxminən 2028-ci ildə istifadəyə veriləcəyini bildirib.
Prezident Naxçıvanın kənd təsərrüfatı, suvarma və yol infrastrukturunun inkişafının da diqqətdə saxlanıldığını qeyd edib. Yeni artezian quyularının qazılması, müasir suvarma sistemlərinin qurulması və kənd təsərrüfatı üçün istifadə olunan torpaqların genişləndirilməsi nəzərdə tutulur.
İlham Əliyev Naxçıvan şəhərinin Baş Planının hazırlanmasının vacib addım olduğunu bildirib. Eyni zamanda, Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısı Naxçıvanda idarəetmə sisteminin də təkmilləşdiriləcəyini bildirib. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin üstünlüklərinin nəzərə alınacağını qeyd edən Prezident Naxçıvan Muxtar Respublikasının muxtar statusunun qorunacağını xüsusi vurğulayıb və Naxçıvanın gələcək inkişafı ilə bağlı dövlət tərəfindən bütün zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.

Firdovsi Calalov,
Masazır bələdiyyəsinin sədri

29/07/2026

📢 Abşeron-Xızı Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən Psixoloji-Tibbi-Pedaqoji Komissiyaya (PTPK) sədr və katib vəzifələri üzrə işə qəbul elan edilir.

🔹 Komissiyanın sədri vəzifəsi üzrə namizədə tələblər:
✔ Hazırda ümumtəhsil müəssisəsində fəaliyyət göstərən, ən azı 5 il pedaqoji təcrübəyə malik psixoloq, defektoloq və ya ibtidai sinif müəllimi;
✔ Uşaqların sosial, emosional və koqnitiv inkişaf səviyyəsini qiymətləndirmək bacarığı;
✔ Xüsusi təhsil ehtiyaclarını müəyyən etmək bacarığı;
✔ Sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilinin təşkili, fərdi təhsil planının hazırlanması və icrası ilə bağlı təhsil müəssisələrinə tövsiyələr vermək bacarığı;
✔ Valideynlərə sağlamlıq imkanları məhdud uşaqların inkişafı və xüsusi təhsil ehtiyaclarının qarşılanması ilə bağlı məsləhət və tövsiyələr vermək bacarığı.
🔹 Komissiyanın katibi vəzifəsi üzrə namizədə tələblər:
✔ Pedaqoji ixtisas üzrə bakalavr təhsili;
✔ Hazırda müəllim kimi fəaliyyət göstərmək;
✔ Microsoft Word, Microsoft Excel və digər ofis proqramlarında sərbəst işləmək bacarığı;
✔ Elektron sənədləşmə və məlumat bazaları ilə işləmək bacarığı;
✔ Təşkilatçılıq, məsuliyyətlilik və komandada işləmək bacarığı.
📌 İş şəraiti:
🔸 Pedaqoji fəaliyyətlə paralel icra etmək imkanı;
🔸 Həftəlik dərs yükü – maksimum 18 saat;
🔸 İş günləri: çərşənbə axşamı və cümə günləri, saat 10:00–16:00;
🔸 Peşəkar kollektivdə fəaliyyət göstərmək və müasir iş mühitində çalışma imkanı;
🔸 Əməkhaqqı – əsas iş yerindən alınan əməkhaqqının 50 faizi həcmində.

📄 Hər iki vəzifə üzrə tələb olunan sənədlər:
▪ Ali təhsil haqqında sənədin surəti;
▪ Şəxsiyyəti təsdiq edən sənədin surəti;
▪ Tərcümeyi-hal (CV) və aktiv əlaqə nömrəsi qeyd edilməlidir.

📍 Sənədlər Abşeron-Xızı Regional Təhsil İdarəsinə təqdim edilməlidir.

🗓 Sənəd qəbulu üçün son tarix: 7 avqust

24/07/2026
23/07/2026

Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri və səfər çərçivəsində səsləndirdiyi bəyanatlar iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. İmzalanan sənədlər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika sahəsində əməkdaşlığın gücləndirilməsi və regional sülhün möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər yalnız Azərbaycan-Almaniya münasibətlərinin deyil, bütövlükdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafı üçün də yeni imkanlar açır.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri iki ölkə arasında strateji dialoqun başlanmasıdır. Strateji dialoq münasibətlərin yalnız mövcud səviyyəsinin qorunmasına deyil, onların gələcəkdə daha sistemli və məqsədyönlü şəkildə inkişafına xidmət edir. Bu format siyasi, iqtisadi, humanitar, elm, təhsil və yüksək texnologiyalar sahəsində qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.

Azərbaycan uzun illərdir ki, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri vaxtında və yüksək məsuliyyətlə yerinə yetirərək etimad qazanan dövlətə çevrilib. Xüsusilə enerji sahəsində Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı nüfuz Avropa ölkələri tərəfindən yüksək qiymətləndirilir. Almaniya ilə əməkdaşlığın yeni mərhələyə yüksəlməsi də məhz qarşılıqlı etimadın və ortaq maraqların məntiqi nəticəsidir.

Bəyanatda enerji təhlükəsizliyi məsələsinə geniş yer ayrılması təsadüfi deyil. Son illərdə dünyada baş verən geosiyasi proseslər enerji təhlükəsizliyini dövlətlərin prioritet məsələlərindən birinə çevirib. Azərbaycanın təbii qazının Almaniyaya ixracına başlanılması ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırır. Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq perspektivləri də diqqət mərkəzindədir. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı Almaniyanın qabaqcıl texnologiyaları ilə birləşərək hər iki ölkə üçün faydalı layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

İqtisadi əməkdaşlığın genişləndirilməsi də səfərin mühüm nəticələrindəndir. Hazırda Azərbaycanda yüzlərlə Almaniya şirkəti fəaliyyət göstərir və onların sayı ildən-ilə artır. Qarşılıqlı sərmayələrin təşviqi, sənaye əməkdaşlığının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və yeni biznes layihələrinin həyata keçirilməsi ölkəmizin qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək. Xüsusilə Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması sahibkarlar arasında əlaqələrin möhkəmlənməsinə və yeni investisiya imkanlarının yaranmasına xidmət edəcək.

Prezident İlham Əliyev çıxışında nəqliyyat və tranzit imkanlarının inkişafını da xüsusi qeyd etdi. Azərbaycanın son illərdə həyata keçirdiyi iri infrastruktur layihələri ölkəmizi Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevirib. Orta Dəhlizin əhəmiyyətinin artdığı indiki dövrdə Almaniyanın bu layihələrə maraq göstərməsi Azərbaycanın beynəlxalq logistika sistemində mövqeyini daha da gücləndirəcək. Bu əməkdaşlıq yalnız iqtisadi dividendlər deyil, həm də regionda qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Bəyanatda Cənubi Qafqazda davam edən sülh prosesi də mühüm yer tutur. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və bu gün davamlı sülhün təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Ermənistanla münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Almaniyanın bu proseslərə konstruktiv yanaşması və sülh təşəbbüslərinə dəstək verməsi əməkdaşlığın siyasi əhəmiyyətini daha da artırır.

Diqqət çəkən məqamlardan biri də Avropa İttifaqı ilə münasibətlərə verilən önəmdir. Azərbaycan Avropa dövlətləri ilə qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər qurur. Almaniya Avropanın aparıcı iqtisadi və siyasi güclərindən biri kimi bu əməkdaşlıqda xüsusi yer tutur. Bu baxımdan strateji dialoqun başlanması gələcəkdə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin daha da möhkəmlənməsinə müsbət təsir göstərəcək.

Səfər zamanı imzalanmış "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında strateji gündəliyə dair Birgə Bəyannamə" və digər sənədlər münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirir. Bu sənədlər qarşılıqlı etimadın, uzunmüddətli tərəfdaşlığın və konkret layihələrin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır.

İmzalanan sənədlər və verilən bəyanatlar iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir. Enerji, iqtisadiyyat, nəqliyyat, investisiya, yaşıl enerji və regional təhlükəsizlik istiqamətlərində əməkdaşlığın genişlənməsi həm Azərbaycanın milli maraqlarına, həm də Avropanın sabitliyi və inkişafına mühüm töhfə verəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan–Almaniya tərəfdaşlığı qarşıdakı illərdə daha da möhkəmlənəcək və qarşılıqlı faydalı əməkdaşlığın uğurlu nümunələrindən birinə çevriləcək.

Malik Məmmədov
Abşeron RİH başçısının Xırdalan şəhər İƏD üzrə nümayəndəsi

22/07/2026

Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir

Azərbaycan milli mətbuatı 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə zəngin və şərəfli inkişaf yoluna qədəm qoymuşdur. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, "Əkinçi" xalqın maariflənməsində, ana dilinin qorunmasında, milli özünüdərk hissinin formalaşmasında və mütərəqqi ictimai fikrin inkişafında müstəsna rol oynamışdır. Sonrakı dövrlərdə nəşr olunan "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "Açıq söz" və digər qəzet və jurnallar Zərdabinin başladığı maarifçilik yolunu uğurla davam etdirmiş, milli mətbuatı xalqın ictimai-siyasi və mədəni həyatının ayrılmaz tərkib hissəsinə çevirmişdir.

Ulu Öndər Heydər Əliyev milli mətbuatın tarixi missiyasını yüksək qiymətləndirərək deyirdi: "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik." Bu fikir milli mətbuatın cəmiyyətin maariflənməsində, milli şüurun formalaşmasında və dövlətçilik ideyalarının möhkəmləndirilməsində oynadığı əvəzsiz rolu dolğun şəkildə ifadə edir.

Müstəqillik illərində Azərbaycanda həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm istiqamətlərindən biri də media sahəsində ardıcıl islahatların aparılması olmuşdur. Xüsusilə 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası formalaşdırılmış, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafındakı rolunun artırılması istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycan mediasının inkişaf tarixində xüsusi əhəmiyyət daşıyan qərarlardan biri 1998-ci ilin avqustunda dövlət senzurasının ləğv edilməsi olmuşdur. Bu addım ölkədə söz və mətbuat azadlığının təmin olunmasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Senzuranın aradan qaldırılması azad medianın formalaşmasına, jurnalistlərin peşə fəaliyyətini daha sərbəst həyata keçirməsinə və cəmiyyətin operativ, obyektiv informasiya almaq hüququnun daha dolğun təmin edilməsinə geniş imkanlar yaratmışdır.

Ulu Öndərin müəyyən etdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı mətbuatın cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirərək bildirib: "Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm."

Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən islahatlar yeni inkişaf mərhələsi yaratmışdır. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın qəbul edilməsi, 2021-ci il 12 yanvar tarixli "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi milli medianın hüquqi və institusional əsaslarını daha da möhkəmləndirmişdir. Bu islahatlar media subyektlərinin iqtisadi dayanıqlığının artırılmasına, peşəkar jurnalistikanın inkişafına, informasiya təhlükəsizliyinin təmin olunmasına və müasir media mühitinin formalaşdırılmasına mühüm töhfə vermişdir.

Həyata keçirilən islahatlar region mediasının inkişafına da yeni imkanlar açmışdır. Rayon və şəhər qəzetləri, yerli informasiya resursları bölgələrdə həyata keçirilən sosial-iqtisadi layihələrin, abadlıq və quruculuq işlərinin, dövlət proqramlarının və ictimai əhəmiyyət daşıyan təşəbbüslərin operativ şəkildə işıqlandırılmasında, dövlətlə vətəndaş arasında səmərəli informasiya körpüsünün qurulmasında mühüm rol oynayırlar. Region mətbuatının maddi-texniki imkanlarının genişləndirilməsi, rəqəmsal transformasiyaya uyğunlaşdırılması və jurnalistlərin peşəkarlığının artırılması istiqamətində görülən tədbirlər yerli medianın dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.

Son illərdə media subyektlərinə tətbiq olunan vergi güzəştləri, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, güzəştli ipoteka imkanlarının yaradılması, media layihələrinin dövlət tərəfindən dəstəklənməsi və peşəkar jurnalistikanın təşviqi istiqamətində həyata keçirilən tədbirlər dövlətin milli mətbuata göstərdiyi ardıcıl diqqət və qayğının bariz nümunəsidir. Bununla yanaşı, rəqəmsal texnologiyaların inkişafı internet jurnalistikasının genişlənməsinə, Azərbaycan mediasının qlobal informasiya məkanında mövqeyinin daha da möhkəmlənməsinə şərait yaratmışdır.

Azərbaycan mediası Vətən müharibəsi dövründə də yüksək peşəkarlıq nümayiş etdirərək informasiya cəbhəsində üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmişdir. Operativ və obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması, dezinformasiyaya qarşı prinsipial mübarizə aparılması və Azərbaycan həqiqətlərinin beynəlxalq informasiya məkanında müdafiəsi milli mətbuatın dövlətçilik maraqlarına sədaqətini bir daha nümayiş etdirmişdir. Müharibədən sonrakı dövrdə isə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, Böyük Qayıdış Proqramının və ölkəmizin inkişaf strategiyasının işıqlandırılması medianın əsas fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.

Prezident İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə ünvanladığı təbrik məktubunda qeyd olunduğu kimi, Azərbaycan mətbuatı "Əkinçi" qəzetinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq böyük inkişaf yolu keçmiş, xalqın maariflənməsinə, milli şüurun formalaşmasına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və milli-mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir. Şuşada Milli Mətbuat Gününə həsr olunan tədbirlərin və Qlobal Media Forumlarının keçirilməsi Azərbaycanın beynəlxalq media dialoqunun mühüm mərkəzlərindən birinə çevrildiyini, ölkəmizdə söz və mətbuat azadlığının inkişafına verilən yüksək dəyəri bir daha nümayiş etdirir.

Azərbaycanda media sahəsində həyata keçirilən ardıcıl islahatlar milli mətbuatın hüquqi bazasının təkmilləşdirilməsini, institusional inkişafını, iqtisadi dayanıqlığının möhkəmləndirilməsini və rəqəmsal transformasiyasını təmin etmişdir. Bu gün Azərbaycan mediası milli maraqların qorunmasına, cəmiyyətin obyektiv və operativ informasiya ilə təmin olunmasına, dövlətçilik dəyərlərinin təbliğinə və ictimai həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfələr verir. Milli mətbuatımızın zəngin tarixi ənənələri üzərində qurulan müasir inkişaf modeli gələcəkdə də bu sahənin uğurlu inkişafını təmin edəcək mühüm amillərdən biri olaraq qalacaq.

Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru

17/07/2026

📢 İcma əsaslı məktəbəqədər təhsil qrupları üçün müəllim (tərbiyəçi) vakansiyası elan olunur!

👩‍🏫 Uşaqların erkən inkişafına töhfə vermək, öz icmanızda fəaliyyət göstərmək və gələcək nəsillərin təhsilinə dəstək olmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!

📌 2026–2027-ci tədris ili üçün müəllim (tərbiyəçi) seçiminə başlanılır.

✅ Bu ildən etibarən müraciətlər yalnız elektron platforma üzərindən qəbul ediləcək.

Müraciət etmək üçün:

🔹 İşə qəbul portalına daxil olun;
🔹 Özünüzə şəxsi kabinet yaradın;
🔹 Məlumatlarınızı sistemə daxil edin;
🔹 Uyğun vakansiyanı seçərək müraciətinizi tamamlayın.

🎥 Şəxsi kabinetin yaradılması və müraciət qaydası ilə bağlı təlimat videosu hazırlanıb. Müraciət etməzdən əvvəl videonu izləməyiniz tövsiyə olunur.

Seçim zamanı aşağıdakı namizədlərə üstünlük veriləcək:

✔️ Məktəbəqədər təhsil, ibtidai təhsil, pedaqogika, psixologiya və digər uyğun ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili olanlara;
✔️ Məktəbəqədər yaşlı uşaqlarla işləmək təcrübəsinə malik olanlara;
✔️ Vakansiya elan olunan yaşayış məntəqəsində və ya həmin icmada yaşayan namizədlərə;
✔️ Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı yüksək olanlara;

⚠️ Xahiş edirik, müraciət zamanı bütün məlumatlarınızı düzgün və tam şəkildə daxil edin. Yanlış və ya natamam məlumatlar müraciətinizin etibarsız hesab edilməsinə səbəb ola bilər.

🔗 İşə qəbul portalının linki: https://vakansiya.ilk5il.az

🎥 Təlimat videosu: https://youtu.be/aq5DUIYCXXs

📢 Elanı paylaşaraq daha çox insanın bu fürsətdən yararlanmasına dəstək ola bilərsiniz!

16/07/2026

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu

Şuşada keçirilən IV Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun, milli maraqlara əsaslanan xarici siyasət kursunun və postmünaqişə dövründə həyata keçirdiyi inkişaf strategiyasının beynəlxalq ictimaiyyətə təqdim olunduğu mühüm platforma kimi diqqət çəkib. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi forum qlobal informasiya mühitində əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, regionda yaranmış yeni geosiyasi reallıqların müzakirəsi baxımından da əhəmiyyətli olub.

Forum çərçivəsində Prezident İlham Əliyev çıxış edərək Azərbaycanın regional və beynəlxalq siyasətinin əsas istiqamətləri, iqtisadi inkişaf prioritetləri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, postmünaqişə dövründə aparılan bərpa-quruculuq işləri və sülh gündəliyi ilə bağlı fikirlərini bölüşüb.

Dövlətimizin başçısı forumun artıq beynəlxalq nüfuz qazandığını qeyd edərək bildirib ki, son dörd il ərzində 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Qarabağa səfəri Azərbaycanın açıq informasiya siyasətinin göstəricisidir. Prezident vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi Qarabağda formalaşan yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, eyni zamanda beynəlxalq dialoq, media əməkdaşlığı və qlobal müzakirələrin keçirildiyi nüfuzlu platformalardan birinə çevrilir. Bu amil Azərbaycanın suverenliyinin tam bərpa olunmasının siyasi nəticələrinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan xarici siyasətini yalnız milli maraqlar əsasında formalaşdırır və beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüquq prinsiplərinə üstünlük verir.

Məhz bu yanaşma ölkəmizin regionun əsas siyasi və iqtisadi aktorlarından birinə çevrilməsini təmin edib. Azərbaycanın müxtəlif siyasi və iqtisadi platformalarda etibarlı tərəfdaş kimi tanınması həyata keçirilən ardıcıl və praqmatik siyasətin nəticəsi kimi qiymətləndirilir.

Çıxış zamanı Azərbaycanın enerji diplomatiyasının uğurlarına toxunan dövlətimizin başçısı ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi qeyd edib. Bildirilib ki, son illərdə qaz ixracının artırılması və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi Azərbaycanın etibarlı enerji tərəfdaşı mövqeyini daha da möhkəmləndirib.

Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi beynəlxalq layihələr Azərbaycanın Avrasiya məkanında mühüm tranzit və logistika mərkəzi kimi rolunu gücləndirir. Bu layihələr həm ölkəmizin iqtisadi potensialının artırılmasına, həm də regional əməkdaşlığın genişlənməsinə xidmət edir.

Forumda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələrinə də toxunulub. Qeyd edilib ki, müasir şəhər və kəndlərin salınması, yeni nəqliyyat infrastrukturu, hava limanları, sosial obyektlər və mühəndis-kommunikasiya sistemlərinin yaradılması Qarabağın ölkənin iqtisadi məkanına sürətli inteqrasiyasını təmin edir.

Böyük Qayıdış Proqramının uğurla icrası keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışını təmin etməklə yanaşı, regionun sosial-iqtisadi inkişafı üçün də yeni imkanlar yaradır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunmasına sadiqliyini bir daha vurğulayıb. Türkiyə ilə müttəfiqlik münasibətlərinin və Şuşa Bəyannaməsinin Cənubi Qafqazda təhlükəsizlik mühitinin möhkəmləndirilməsində mühüm rol oynadığı bildirilib.

Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda fəal iştirakı ölkəmizin çoxtərəfli əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi dəyərləndirilib.

Forum çərçivəsində informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və media əməkdaşlığının gücləndirilməsi məsələləri də geniş müzakirə olunub. Bildirilib ki, müasir dövrdə informasiya məkanında obyektivliyin təmin olunması beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri hesab edilir.

Bu baxımdan Şuşa Qlobal Media Forumu beynəlxalq media nümayəndələri arasında dialoqun genişləndirilməsi və etibarlı informasiya mühitinin formalaşdırılması üçün mühüm platforma rolunu oynayır.

Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişaf prioritetləri sırasında müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, rəqəmsal transformasiya, yaşıl enerji layihələrinin genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və regionda dayanıqlı sülhün təmin olunmasını xüsusi qeyd edib.

IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasəti, güclənən iqtisadi potensialı, beynəlxalq əməkdaşlığa verdiyi töhfələr və regional təşəbbüsləri ilə Cənubi Qafqazda və daha geniş coğrafiyada mühüm aktor kimi mövqeyini möhkəmləndirməkdə davam edir. Şuşa isə artıq təkcə tarixi Zəfərin rəmzi deyil, həm də qlobal dialoqun və beynəlxalq əməkdaşlığın yeni ünvanlarından biri kimi öz mövqeyini möhkəmləndirir.

Zamin Zeynal
Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədr müavini, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri

04/07/2026

Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri

2026-cı ilin iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində mühüm siyasi və iqtisadi hadisələrdən biri kimi qiymətləndirilir. Səfər çərçivəsində verilən bəyanatlar tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, enerji təhlükəsizliyi, regional sabitlik və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev də öz bəyanatında Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu vurğulayaraq ölkənin beynəlxalq enerji bazarında artan roluna diqqət çəkmişdir.

Bəyanatda qeyd olunan əsas məsələlərdən biri enerji əməkdaşlığı olmuşdur. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və Cənub Qaz Dəhlizi vasitəsilə bir sıra Avropa dövlətlərini təbii qazla təmin edir. Son illərdə Avropada enerji təhlükəsizliyi məsələsinin aktuallaşması Azərbaycanın strateji əhəmiyyətini daha da artırmışdır. Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan gələcəkdə də qaz ixracını artırmağa, eyni zamanda bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət ayırmağa hazırdır. Bu yanaşma Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi və dayanıqlı enerji siyasəti ilə üst-üstə düşür.

Səfər zamanı yaşıl enerji sahəsində əməkdaşlıq da ön plana çıxmışdır. Azərbaycanın günəş və külək enerjisi potensialı olduqca yüksək qiymətləndirilir. Xüsusilə Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, yaşıl elektrik enerjisinin Avropa bazarlarına ixracı və beynəlxalq enerji layihələrinin genişləndirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri hesab olunur. Bu layihələr Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini daha da gücləndirməklə yanaşı, Avropa İttifaqının karbon emissiyalarının azaldılması və iqlim hədəflərinə nail olunmasına da mühüm töhfə verə bilər.

Prezident İlham Əliyevin bəyanatında regional sabitlik və təhlükəsizlik məsələləri də mühüm yer tutmuşdur. Bildirilmişdir ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və iqtisadi əməkdaşlığın tərəfdarıdır. Nəqliyyat-kommunikasiya layihələrinin inkişafı, region ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq platformalarının yaradılması sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan Avropa İttifaqının regionda sabitliyə və dialoqa verdiyi dəstək tərəflər arasında siyasi münasibətlərin inkişafında mühüm rol oynayır.

Bəyanatda iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi məsələləri də xüsusi vurğulanmışdır. Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir və tərəflər arasında ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin həyata keçirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir. Bu əməkdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərə bilər.

Bununla yanaşı, səfər zamanı səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və xarici siyasətdə həyata keçirdiyi balanslaşdırılmış kursun uğurlu nəticəsi kimi də qiymətləndirilə bilər. Azərbaycan həm Şərq, həm də Qərb arasında etibarlı tərəfdaş kimi çıxış edir, beynəlxalq enerji, nəqliyyat və logistika layihələrində mühüm rol oynayır. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Azərbaycanın geostrateji mövqeyi daha da əhəmiyyət qazanır və Avropa ilə Asiya arasında etibarlı tranzit körpüsü rolunu möhkəmləndirir.

Eyni zamanda, tərəflər arasında əməkdaşlığın yalnız enerji və iqtisadiyyatla məhdudlaşmayacağı, elm, təhsil, rəqəmsal texnologiyalar, innovasiya, ekologiya və humanitar sahələrdə də genişlənəcəyi gözlənilir. Bu istiqamətlərdə həyata keçiriləcək birgə layihələr xalqlar arasında əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı etimadın artmasına və uzunmüddətli tərəfdaşlığın dərinləşməsinə xidmət edəcəkdir. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı ölkənin beynəlxalq inteqrasiyasını gücləndirən mühüm amillərdən biri kimi çıxış edir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Bəyanatda enerji təhlükəsizliyi, yaşıl enerji, iqtisadi əməkdaşlıq, regional sabitlik, nəqliyyat dəhlizləri və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq kimi məsələlərin ön plana çıxarılması göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu əməkdaşlığın gələcək illərdə daha da genişlənməsi həm Azərbaycanın milli maraqlarına, həm də Avropanın enerji təhlükəsizliyi, iqtisadi inkişafı və regional sabitlik məqsədlərinə mühüm töhfə verəcəkdir.

Şəhla Ağbulud
Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin sədri

Address

Novxanı

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Novxanı kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Novxanı kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category