27/04/2022
Zəfər Qurultayı Azərbaycanın dünyaya verdiyi növbəti mesajdır!
Artıq son dövrlərdə mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Şuşada keçirilməsi bir ənənəyə çevrilmişdir və bu Müzəffər Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, düzgün və məqsədyönlü siyasətin nəticələrindən biri kimi özünü büruzə verir. Azərbaycan Respublikasının Prezidenti bu ili ölkəmizdə “Şuşa ili” elan etmişdir. 25 aprel 2022-ci il tarixdə -“Şuşa ili” ndə Dünya Azərbaycanlılarının V Qurultayının Türk dünyasının mədəniyyət və incəsənət beşiyi olan Şuşada keçirilməsi dünyaya verilmiş aydın mesajlardır. Bu ərəfədə BMT Təhlükəsizlik Şurasının iştirakı ilə Şuşada təşkil olunmuş beynəlxalq tədbir, Avropa İttifaqının Azərbaycan-Ermənistan arasında normallaşma prosesində fəal iştirakı, “ATƏT-in Minsk qrupu”nun tarixin arxivinə atılması Azərbaycanın əhəmiyyətinin dünyada artmasının və onun mövqe və maraqlarının qəbul olunmasının real göstəricisidir. Azərbaycanın əzəli torpağı və incisi olan Şuşada təşkil olunmuş Zəfər Qurultayı düşmən üzərində haqq etdiyimiz tarixi qələbədən sonra dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirdi. Cənab Ali Baş Komandan məhz buna görə də bu dəfəki toplantını Zəfər Qurultayı adlandırdı. Zəfər Qurultayında 65 ölkədən gəlmiş 400 diaspor nümayəndəsi və qonaqlar dağıdıcı faşist erməni xislətinin şahidi olmaqla yanaşı, Qələbədən keçən müddətdə Qarabağda aparılan bərpa-quruculuq işləri ilə də yaxından tanış olmuşlar. Qurultayda tarixi Vətənlə əlaqələrin yeni-daha yüksək səviyyəyə çatdırılması və bu istiqamətdə qarşıda duran vəzifələr geniş müzakirə olunmuş, xarici ölkələrdə yaşayan gənc azərbaycanlılara vətənpərvərlik və milli iftixar hisslərinin aşılanması və Azərbaycan dilinin həftəsonu məktəbləri çərçivəsində tədrisinin təşkili, eləcə də şəbəkələşmə və müxtəlif səpkidə təbliğat-təşviqat kampaniyaların hazırlanması kimi məsələlər önə çəkilmişdir. Cənab Prezidentinin qurultayda söylədiyi tarixi nitq diaspor fəaliyyətinin perspektiv fəaliyyəti üçün “yol xəritəsi” olmaqla yanaşı, yetişməkdə olan gənc nəslə milli hisslərin, dilin aşılanması, qəhrəmanlıq tariximizin öyrədilməsi, təbliğ edilməsi sahəsində konkret və aydın müddəaları özündə ehtiva edir. Qurultayda Prezident İlham Əliyev informasiya müharibəsinin davam etdirilməsinin zəruriliyini qeyd edərək bildirdi ki, müharibə bitsə də, ölkəmizə qarşı olan ərazi iddiaları hələ başa çatmayıb. Ancaq bu da tezliklə başa çatacaq: “Əminəm ki, biz postmüharibə dövründə göstərdiyimiz səylər nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik”. Dövlət başçımızın öz çıxışında Ermənistanla sülh bağlanması məsələlərindən danışarkən xüsusi diqqətə çatdırdığı bir məqam “Dəmir Yumruğun” daim xəstə faşist millətçiliyinin başı üzərində hazır durmasıdır: “Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. Vətən Müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”. Cənab Prezident öz çıxışında bütün sahələrdə tənəzzül içində çabalayan məğlub Ermənistana sonuncu şansı verdi. Postmüharibə dövrünün prioritet inkişaf strategiyası ilə bağlı harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlıları üçün əsas hədəfləri müəyyənləşdirərək konkret tövsiyə və tapşırıqlarını diqqətə çatdırdı. Beləliklə, Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu Qurultay dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı dinc quruculuğa, sülhə və əmin-amanlığa meyillidir, lakin yeri gələndə düşmənə qarşı güclü dəmir yumruqda birləşib onu əzə də bilir. Xalqımızın məğrur və qəhrəman obrazı bir daha dünyanın diqqət mərkəzində canlandı. Dünya azərbaycanlılarının dövlətimizin başçısının ətrafında sıx birləşməsi, milli həmrəyliyimiz düşmənə göz dağı, dostlara sevinc gətirdi. Bu gün Prezident- Xalq-Ordu vəhdəti ölkəmizin beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirən əsas amillərdən bəlkə də birincisidir. Prezidentin təbirincə: “Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz".
Firdovsi Tağıyev;
Neftçala rayon sakini, ziyalı, müəllim