25/06/2026
🏆 NDU nəzdində Beynəlxalq Kembric Məktəbində beynəlxalq olimpiada qalibləri mükafatlandırılıb
📍 Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbində beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə etmiş şagirdlərin mükafatlandırma mərasimi keçirilib.
🎤 Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bayram Əliyev son illərdə təhsil sahəsinə göstərilən diqqət və qayğının, yaradılan müasir təhsil mühitinin əldə olunan uğurlarda mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, məktəbin şagirdləri “Hippo”, “Eynşteyn” və “Spirit of Math” beynəlxalq olimpiadalarında ümumilikdə 26 medala layiq görülərək mühüm uğura imza atıblar.
🎓 Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək qazanılan nailiyyətləri yüksək qiymətləndirib. Rektor bildirib ki, ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısı, həyata keçirilən uğurlu təhsil siyasəti və gənclərin hərtərəfli inkişafına yönəlmiş layihələr Azərbaycan təhsilinin beynəlxalq arenadakı uğurlarının əsasını təşkil edir. Vurğulayıb ki, müasir təhsil infrastrukturunun yaradılması, innovativ tədris metodlarının tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi şagirdlərin bilik və bacarıqlarının inkişafına geniş imkanlar yaradır.
📚 Elbrus İsayev qeyd edib ki, beynəlxalq olimpiadalarda əldə olunan uğurlar müəllimlərin peşəkarlığının, onların fədakar əməyinin, valideyn dəstəyinin və şagirdlərin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Rektor Beynəlxalq Kembric Məktəbinin qısa müddət ərzində qazandığı nailiyyətlərin təhsil müəssisəsində formalaşmış sağlam akademik mühitin göstəricisi olduğunu bildirib. Rektor məktəbin gələcək inkişaf perspektivlərindən, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən və şagirdlərin qlobal bilik və bacarıqlara yiyələnməsi istiqamətində həyata keçiriləcək layihələrdən bəhs edib.
🏅 Tədbirdə olimpiada qaliblərinə medal və sertifikatlar təqdim olunub. Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futbol turnirində iştirak edən, eləcə də məktəbdə keçirilən Mədəniyyət festivalında fərqlənən şagirdlərə sertifikatlar təqdim olunub.
🎨 Həmçinin III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində təşkil olunmuş rəsm sərgisində fəal iştirak edən şagirdlər də təltif ediliblər. Milli-mənəvi irsin təbliğində göstərdikləri fəallığa və yüksək yaradıcılıq qabiliyyətinə görə Beynəlxalq Kembric Məktəbinin 9 şagirdinə təşəkkürnamə təqdim olunub.
🤝 Tədbirin sonunda valideynlər çıxış edərək məktəbdə yaradılmış yüksək təhsil mühitinə, şagirdlərin hərtərəfli inkişafına göstərilən diqqətə və övladlarının qazandıqları uğurlara görə minnətdarlıqlarını bildiriblər.