Mingəçevir Turizm Kolleci
Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.2006-cı il tarixli 45 nömrəli qərarı əsasında yaradılmışdır. Kollec 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə akkreditə olunmuşdur. Mingəçevir Turizm kollecinin qarşısında duran başlıca vəzifə iqtisadiyyatımızın inkişafı üçün ən perspektivli sahə
olan turizm sənayesi üçün hərtərəfli bacarıqlı mütəxəssislərin hazırlanmasıdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində kollec qısa müddətdə xeyli uğurlar qazana bilmişdir. Artıq kollecin məzunları ölkə turizminin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Kollecin fəaliyyətində ən uğurlu nailiyyətlər sırasında yüksək tədris intizamına nail olunmasını və beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurları göstərmək olar. Mingəçevir Turizm Kolleci Şotlandiyanın Stevenson, Rusiyanın Moskva Biznes və İqtisadiyyat, Moskva Humanitar, Rumıniyanın Andrei Barseanu, Qazaxıstanın “Almatı Dövlət Texnologiya və Menecment Kollecləri ilə əməkdaşlıq edir. 2012-ci ildən isə Avropa Komissiyasının TEMPUS proqramı çərçivəsində Almaniyanın Yade Universiteti ilə əməkdaşlığa başlamışdır. Belə əməkdaşlıqlar nəticəsində qazanılan təcrübə tədrisin müasir formalarının və yeniliklərin tətbiqinə imkan yaradır. Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovdur.