Qusar Rayon İcra Hakimiyyəti

Qusar Rayon İcra Hakimiyyəti Qusar

26 avqust – Laçın Şəhəri Günü Azərbaycan tarixinin ən mühüm və qürurverici səhifələrindən birini təşkil edirBu tarix uzu...
26/08/2026

26 avqust – Laçın Şəhəri Günü Azərbaycan tarixinin ən mühüm və qürurverici səhifələrindən birini təşkil edir

Bu tarix uzun illər işğal altında qalan Laçın şəhərinin azadlığa qovuşduğu, Azərbaycan bayrağının doğma torpaqlarda yenidən dalğalandığı və laçınlıların illərlə davam edən yurd həsrətinin sona çatmasına doğru mühüm addımın atıldığı gündür. 2022-ci il avqustun 26-da Laçın şəhərinin və Zabux, Sus kəndlərinin Azərbaycanın nəzarətinə götürülməsi xalqımızın Zəfər salnaməsinin mühüm hadisələrindən biri kimi tarixə düşmüşdür.
Laçının azadlığı 2020-ci ildə əldə edilmiş tarixi Qələbədən sonra Azərbaycanın qarşıya qoyduğu strateji məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsi idi. 44 günlük Vətən müharibəsindən sonra 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Lakin Laçın şəhərinin və iki kəndin nəzarətə götürülməsi sonrakı mərhələdə həyata keçirildi. Azərbaycan dövləti yeni yolun inşasını təmin etməklə Laçına təhlükəsiz və alternativ bağlantı yaratdı və nəticədə 2022-ci il avqustun 26-da şəhərə qayıdış təmin edildi.
Laçın şəhərinin azad edilməsi ilə tariximizin daha bir mühüm səhifəsi yazıldı. Lakin bu, qarşıda duran böyük vəzifələrin yalnız başlanğıcı idi. Qarşıda dağıdılmış şəhərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, insanların təhlükəsizliyinin təmin edilməsi, sosial obyektlərin yaradılması və ən əsası, uzun illər doğma yurdlarından ayrı düşmüş insanların öz torpaqlarına qayıtması kimi mühüm məsələlər dayanırdı. Azərbaycan dövləti bu istiqamətdə genişmiqyaslı işlərə başladı. Məcburi köçkünlərin doğma torpaqlara qayıdışı 2023-cü il mayın 27-dən başlanıb. Bu hadisə sadəcə yeni mənzillərin sakinlərə təqdim edilməsi deyildi. Bu, illərlə davam edən həsrətin sona çatması demək idi.
Bu gün Laçın rayonunda quruculuq işləri şəhərlə məhdudlaşmır. Kəndlərin də müasir standartlara uyğun yenidən qurulması həyata keçirilir. 2025-ci ildə Bəylik kəndinin açılışı bunun nümunələrindən biridir. Kənddə yaşayış evləri ilə yanaşı, klub-icma mərkəzi, iqtisadi və sosial təyinatlı obyektlər yaradılıb, yollar və kommunikasiya xətləri çəkilib, əhalinin məşğulluğu üçün şərait yaradılıb.
Laçının gələcək inkişafında nəqliyyat və turizm infrastrukturu da mühüm yer tutur. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin nəqliyyat imkanlarını genişləndirən və regionun iqtisadi, turizm və investisiya potensialına yeni imkanlar açan mühüm layihədir. Laçında yaradılan istirahət və turizm infrastrukturu isə bu qədim və gözəl diyarın təbii potensialından daha səmərəli istifadə etməyə imkan verir.
Laçının dirçəlişinin digər mühüm tərəfi onun tarixi-mədəni irsinin yaşadılmasıdır. Laçın özünəməxsus folkloru, mətbəxi, sənət ənənələri, şair və ziyalıları ilə Azərbaycanın mədəni xəzinəsində xüsusi yer tutur. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması şəhərin fiziki bərpası qədər əhəmiyyətlidir.
26 avqust tarixinin Laçın Şəhəri Günü kimi qeyd olunması da təsadüfi deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş şəhərlərin günləri təsis edilib və 26 avqust Laçın şəhəri günü kimi müəyyənləşdirilib. Bu günlər Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin əbədiləşdirilməsi və azad edilmiş şəhərlərin tarixinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu mənada Laçın bu gün Azərbaycanın Zəfər tarixinin canlı təcəssümüdür.
Laçın Şəhəri Günü münasibətilə bu əlamətdar tarix bir daha xatırladır ki, Laçının azadlığı Zəfərimizin, Laçının dirçəlişi Böyük Qayıdışımızın, Laçının gələcəyi isə Azərbaycanın güclü və firavan gələcəyinin rəmzidir.

26/08/2026
“Musiqili axşamlar” adlı yekun konsert proqramı keçirilibYay ayları ərzində Qusar rayonunda əhalinin asudə vaxtının səmə...
25/08/2026

“Musiqili axşamlar” adlı yekun konsert proqramı keçirilib

Yay ayları ərzində Qusar rayonunda əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif konsert proqramları təşkil olunub. Bu silsilə tədbirlərin davamı olaraq avqustun 22-də Qusar şəhərinin Nəriman Nərimanov adına Mədəniyyət və İstirahət Parkında “Musiqili axşamlar” adlı yekun konsert proqramı keçirilib.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsert proqramında Avaran kənd Folklor, İmamqulukənd Diyarşünaslıq, Aşağı Ləgər Sənətkarlıq evlərinin, eləcə də bir sıra kənd klublarının musiqi kollektivlərinin üzvləri iştirak ediblər.
Konsert proqramında rəngarəng musiqi nümunələri səsləndirilib, rəqslər nümayiş etdirilib. Musiqi və rəqs nömrələri alqışlarla müşayiət edilib.

Şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin bir sinfinin bütün məzunları tələbə adını qazanıb 2025–2026-cı tədris ilind...
25/08/2026

Şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin bir sinfinin bütün məzunları tələbə adını qazanıb

2025–2026-cı tədris ilində Qusar rayonunun ümumtəhsil məktəblərini başa vuran məzunlar yüksək nəticələr göstəriblər. Rayon məktəbləri üzrə əldə olunan uğurlar sırasında Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta məktəbin rus bölməsinin 11a sinfinin nəticələri xüsusilə fərqlənir. Belə ki, sinfin 20 məzununun hər biri ali təhsil müəssisələrinə qəbul olub. Bu yüksək nəticə təsadüfi deyil. Sinfin rəhbəri Qumru Çiqniyevanın sözlərinə görə, sinif kimya-biologiya təmayüllü olub. Şagirdlər I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarına hazırlaşıblar. Sinfin məzunlarından üçü orta məktəbi fərqlənmə attestatı ilə başa vurub və yüksək balla ali məktəbə qəbul olub. Bir məzun 600-dən, 4 məzun 500-dən, 5 məzun isə 400-dən çox bal toplayıb.
Məzunların ibtidai sinif müəllimi Məlahət İbrahimova da yetirmələrinin uğurundan qürur hissi keçirdiyini bildirib. O qeyd edib ki, ibtidai sinifdə dərs dediyi illərdə şagirdlərin fəal, öyrənməyə həvəsli uşaqlar olduğunu müşahidə edib, onların hər birinin uğur qazanacağına inanıb. Onun sözlərinə görə, ibtidai təhsil mərhələsində əsas məqsəd yalnız şagirdlərə oxumağı, yazmağı və hesablamağı öyrətmək deyil, onların gələcək təhsili və həyatı üçün möhkəm təməl formalaşdırmaqdır.
Yeni tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini bu nailiyyət münasibətilə təbrik edir, məzunlara gələcək təhsil həyatlarında uğurlar arzu edirik!

Rayon icra hakimiyyətinin başçısı cari təmirdən sonra Qusar Tarix-Diyarşünaslıq Muzeyində yaradılmış şəraitlə tanış olub...
25/08/2026

Rayon icra hakimiyyətinin başçısı cari təmirdən sonra Qusar Tarix-Diyarşünaslıq Muzeyində yaradılmış şəraitlə tanış olub

Avqustun 24-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov cari təmirdən sonra Qusar Tarix-Diyarşünaslıq Muzeyində yaradılmış şəraitlə tanış olub. Muzeydə aparılan cari təmir və yenidənqurma işləri nəticəsində burada rayonun tarixi keçmişini, mədəni irsini və adət-ənənələrini nümayiş etdirmək üçün bütün zəruri şərait yaradılıb. İcra başçısına muzeyin yenilənmiş ekspozisiya zalları təqdim edilib. Ekspozisiyada nümayiş olunan nadir arxeoloji tapıntılar, qiymətli etnoqrafik nümunələr, xalq sənətkarlığına aid əl işləri, qədim məişət əşyaları və sənədli arxiv materialları haqqında ətraflı məlumat verilib.
Muzeyin gənclərimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, Qusar rayonunun zəngin tarixinin təbliğində mühüm rol oynayan bir mərkəz olduğunu qeyd edən rayon rəhbəri kollektivə uğurlar arzulayaraq, muzeyin fəaliyyətinin daha da təkmilləşdirilməsi, fondun yeni eksponatlarla zənginləşdirilməsi və müxtəlif yaş qrupları üçün mədəni-maarifləndirici tədbirlərin mütəmadi təşkili ilə bağlı tövsiyələrini verib.
İcra başçısına məlumat verilib ki, cari təmir və yenidənqurma işləri çərçivəsində muzeyin binasının fasadı tamamilə yenilənib, ətraf ərazi abadlaşdırılaraq yaşıllaşdırılıb, müxtəlif növ dibçək gülləri ilə bəzədilib. Muzeyin foye hissəsində xüsusi konseptual stendlər quraşdırılıb. Stendlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qusar rayonuna səfərlərini, sakinlərlə görüşlərini əks etdirən fotoşəkillərlə yanaşı, rayonun tarixi-mədəni irsinə dair zəngin vizual və məlumat xarakterli materiallar nümayiş olunur.
Cari təmirdən sonra müasir görkəm alan muzey yerli sakinlərin və qonaqların ziyarətinə açıqdır.

"Aşıq Nüsrət" küçəsində asfaltlanma işləri başa çatdırılıb Qusar şəhərində yolların əsaslı təmiri işləri davam etdirilir...
24/08/2026

"Aşıq Nüsrət" küçəsində asfaltlanma işləri başa çatdırılıb

Qusar şəhərində yolların əsaslı təmiri işləri davam etdirilir. Bu istiqamətdə şəhərin "Aşıq Nüsrət" küçəsində asfaltlanma işləri başa çatdırılıb. 6300 m² yeni asfalt örtüyü salınıb.

Rayonun fəal gəncləri Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblərGənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunm...
24/08/2026

Rayonun fəal gəncləri Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər

Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması məqsədilə maarifləndirici tədbirlər davam etdirilir. Bu məqsədlə Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə avqustun 19-da rayonun fəal gənclərinin Qusar Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub. Muzey əməkdaşları gənclərə Qusar diyarının qədim tarixi, zəngin mənəvi irsi, özünəməxsus milli adət-ənənələri, eləcə də ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış görkəmli şəxsiyyətləri haqqında ətraflı məlumat veriblər. Gənclər muzeydə qorunub saxlanılan arxeoloji tapıntılar, etnoqrafik və xalq sənətkarlığı nümunələri, qədim məişət əşyaları və foto-sənədli materiallarla tanış olublar.

Qusar rayonunda abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilirRayon ərazisində əhalinin rahat yaşayışı və mü...
23/08/2026

Qusar rayonunda abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir

Rayon ərazisində əhalinin rahat yaşayışı və müasir infrastrukturun formalaşdırılması məqsədilə abadlıq-quruculuq və təmir-bərpa işləri ardıcıl olaraq həyata keçirilir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində Mahmud Əbilov küçəsində kompleks abadlıq işləri icra olunub. Küçə boyunca ərazidə təmizlik işləri aparılıb, yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, piyada səkilərinin kənarları bərpa edilib. Bununla yanaşı, küçə boyu yerləşən fərdi yaşayış evləri və iaşə obyektlərinin qarşısındakı hasarların rənglənməsi işləri yekunlaşdırılıb. Eyni zamanda, şəhərin Nəsimi küçəsinin asfaltlanması işləri başa çatdırılıb. Küçəyə müasir standartlara uyğun yeni asfalt örtüyü döşənib. Abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdiriləcək.

Rayon icra hakimiyyətinin başçısı vətəndaşların müraciətlərini həm fərdi, həm də onlayn formatda dinləyibMüasir dövrdə d...
21/08/2026

Rayon icra hakimiyyətinin başçısı vətəndaşların müraciətlərini həm fərdi, həm də onlayn formatda dinləyib

Müasir dövrdə dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasında rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynayır. İdarəetmənin bütün səviyyələrində innovativ yanaşmaların tətbiqi, vətəndaş-məmur münasibətlərinin müasir tələblər səviyyəsində qurulması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Qusar rayonunda da müasir idarəetmə modeli uğurla tətbiq edilir. Vətəndaş məmnuniyyətini əsas götürən bu yanaşma çərçivəsində rayon icra hakimiyyəti başçısının yerlərdə səyyar, o cümlədən fərdi və onlayn vətəndaş qəbulları keçirilir. Onlayn qəbul formatı vətəndaşların yaşadıqları yaşayış məntəqələrindən rayon mərkəzinə gəlmədən, əlavə maddi vəsait və vaxt sərf etmədən öz problem və təkliflərini birbaşa rayon rəhbərliyinə çatdırması üçün ən müasir və effektiv üsullardan biridir.
Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanovun və RİHB Aparatının məsul əməkdaşlarının iştirakı ilə növbəti belə qəbul avqustun 20-də baş tutub. Həmçinin idarə və müəssisə rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri onlayn bağlantı vasitəsilə qəbula qoşulublar. Qəbulda rayonun müxtəlif yaşayış məntəqələrindən olan vətəndaşların müraciətləri dinlənilib. Vətəndaşlar maddi yardım göstərilməsi, fərdi yaşayış evinə kommunal xəttlərin çəkilməsi, qaz sayğacının quraşdırılması, qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Rayon icra hakimiyyətinin başçısı hər bir müraciəti diqqətlə dinləyib, vətəndaşlara mövcud qanunvericilik çərçivəsində ətraflı izahatlar verib. Qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Eyni gündə keçirilən fərdi qəbulda 3 şəhid ailəsinin 4 üzvü iştirak edib. Görüş zamanı səsləndirilən müraciətlər 2 əsas istiqaməti əhatə edib. İşlə təminat və şəhidin adını daşıyan küçəyə asfalt örtüyünün çəkilməsi ilə bağlı müraciətlər səsləndirilib.
Şəhid ailələrinə göstərilən dövlət qayğısının ölkə siyasətinin prioritet istiqaməti olduğunu vurğulayan icra başçısı bildirib ki, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi və onların problemlərinin həlli rayon rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır. Rayon rəhbəri vurğulayıb ki, səsləndirilən müraciətlərin həlli istiqamətində zəruri tədbirlər görüləcək və nəticəsi barədə müraciət edənlərə məlumat veriləcək.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Köhnə Xudat Qazmalar kəndinin sakinləri ilə görüşübRayon icra ...
21/08/2026

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Köhnə Xudat Qazmalar kəndinin sakinləri ilə görüşüb

Rayon icra hakimiyyətinin başçısının vətəndaşların problemlərinin yerində öyrənilməsi və operativ həlli məqsədilə keçirilən səyyar qəbulları mütəmadi olaraq davam etdirilir. Növbəti səyyar qəbul rayonun Köhnə Xudat Qazmalar kəndində baş tutub. Sakinlərlə görüşdə rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİHB Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir. Səyyar qəbuldan əvvəl Köhnə Xudat Qazmalar kənd Sənətkarlıq evinin fəaliyyəti ilə tanışlıq baş tutub, əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Qəbul zamanı kənd sakinləri onları narahat edən sosial, infrastruktur sahələrini əhatə edən və digər problemləri ilə bağlı müraciətlərini səsləndiriblər. Şəhid anası İradə Əlimova əsas magistral yoldan yaşadığı ünvana qədər olan təxminən 450 metr uzunluğunda yola asfalt örtüyünün çəkilməsi üçün müraciət edib. Digər şəhid anası İradə Niftəliyeva isə onun istifadəsində olan torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınmasına hüquqi köməklik göstərilməsini xahiş edib. Bundan əlavə, sakinlər tərəfindən kənddaxili yolların əsaslı təmiri, avtobus dayanacaqlarının quraşdırılması, yaşayış məhəlləsinin təbii qazla təmin olunması, əlillik dərəcəsinin verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər səsləndirilib.
Vətəndaşların qaldırdığı bütün məsələlər qeydiyyata alınıb. Müraciətlərin həlli istiqamətində müvafiq idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Vətəndaşlarla açıq dialoq qurmaq, onların problemlərini birinci mənbədən öyrənmək və həllinə nail olmaq məqsədilə keçirilən səyyar qəbullar rayonun digər yaşayış məntəqələrində də qrafikə uyğun davam etdiriləcək.

Address

Qusar
Kusary
3800

Website

Alerts

Be the first to know and let us send you an email when Qusar Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category