16/12/2022
Laçın yolunda aksiya davam edir, aksiyaya ictimai dəstək artır.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirirlər. Aksiya iştirakçıları gecəni tonqal ətrafında keçiriblər. Onlar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.
Bundan başqa, etirazçılar bildiriblər ki, Rusiya sülhməramlılarının olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir.
Şüarlarda Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi də səsləndirilib.
Aksiya iştirakçılarına ictimai dəstək isə günbəgün artır. Ekologiya, geologiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, vətəndaş cəmiyyətinin təmsilçiləri aksiyaya qoşulur, səsləndirilən tələblərə dəstək verirlər.
Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər. Lakin bu aksiyanın keçirilməsi yolun bağlanması demək deyil. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.
Ermənistan və ermənipərəst dairələr feyk məlumatlar yayır ki, Azərbaycan guya aksiya keçirilən yerdə yolu tam bağlayıb. Halbuki, burada yolun blokadaya alınmasından ümumiyyətlə söhbət getmir, yoldan təcili yardım maşınları, mülki şəxslər sərbəst keçə bilər.Yolu məhz Rusiya sülhməramlıları bağlayıblar.Burada toplaşan Azərbaycanın vətəndaş cəmiyyəti, ictimaiyyət nümayəndələrinin tələbləri, istəkləri aydın, tamamilə qeyri-siyasi mahiyyətlidir.
Azərbaycan ictimaiyyəti bu yoldan və ümumiyyətlə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yerlərdən məhz qanunsuz yükdaşımalara, hələ də ərazidən qovulmamış Ermənistan ordusunun tör-töküntülərinə, qanunsuz silahlı dəstələrinə, onlarla əlbir şəkildə Azərbaycanın təbii sərvətlərini talayanlara, qanunsuz istismarla məşğul olanlara qarşıdır.
Azərbaycan dövləti və ictimaiyyəti bu cür qanunsuz hərəkətlərə yol verənlərə qarşı, suveren ərazisində baş verən özbaşınalıqlara göz yummayacaq.
Üzərilərinə düşən öhdəliyi pozanlar və təbii reaksiyadan şou yaradanlar məhz ifşa olunduqları üçün müxtəlif feyk məlumatlar yaymaqla məsuliyyətdəni yayınacaqlarını, mövzunu dəyişdirə biləcəklərini düşünürlər.
Bu cəhdlərin hamısı əbəsdir.