25/06/2026
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü.
Güclü Dövlətin Güclü Ordusu.
“Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir”. - Ulu Öndər Heydər Əliyev
“Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı
Hər bir müstəqil dövlətin mövcudluğunu və təhlükəsizliyini təmin edən əsas amillərdən biri güclü ordunun olmasıdır. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşısında duran ən mühüm vəzifələrdən biri milli silahlı qüvvələrin yaradılması olmuşdur. Bu baxımdan Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu dövlətçilik tariximizin ən mühüm səhifələrindən birini təşkil edir.
Azərbaycan Respublikasında hər il iyunun 26-sı Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 26 iyun tarixində Əlahiddə Azərbaycan Korpusunun yaradılması haqqında qərar qəbul etməsi ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin gün rəsmi dövlət bayramı elan edilmişdir.
Azərbaycan Ordusunun müasir inkişaf tarixinin əsasları Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. 1969-cu ildə Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyev milli hərbi kadrların hazırlanmasının strateji əhəmiyyətini düzgün qiymətləndirərək bu sahəyə xüsusi diqqət ayırmışdır. Onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdır. Bu təhsil ocağı sonrakı dövrlərdə Azərbaycan Silahlı Qüvvələri üçün minlərlə peşəkar zabit və hərbi mütəxəssis yetişdirmişdir.
Eyni zamanda yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil almasına şərait yaradılmışdır. Sonradan müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin əsas zabit heyətinin böyük hissəsi məhz həmin hərbi məktəblərin məzunlarından formalaşmışdır.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ölkədə mürəkkəb siyasi və hərbi vəziyyət hökm sürürdü. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü fonunda nizami ordunun olmaması və müxtəlif silahlı dəstələrin mövcudluğu dövlət təhlükəsizliyi üçün ciddi təhdid yaradırdı. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr ordu quruculuğu sahəsində ciddi uğurlar əldə edə bilməmişdilər.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə dövlətçiliyin möhkəmləndirilməsi və nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atdı. Qısa müddətdə ayrı-ayrı silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq sistemi yaradıldı və peşəkar ordunun formalaşdırılmasına başlanıldı.
1994-cü ilin may ayında Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə olunması ordu quruculuğu prosesini daha da sürətləndirdi. Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi hissələrin təminatının yaxşılaşdırılması, şəxsi heyətin döyüş hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmışdır.
Silahlı Qüvvələrdə aparılan struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirib. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan ilə NATO arasında sıx və səmərəli əməkdaşlıq yaradılıb.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Ötən illərdə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişikliklər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir.Hərbi quruculuq işi Prezident Cənab İlham Əliyevin dövlət siyasətinin strateji prioritetlərindəndir. Prezident İlham Əliyev demişdir:“Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir.” “Azərbaycan Ordusu nəinki bölgədə, həm hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə dünya miqyasında güclü ordular sırasındadır.”
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.
Əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.
2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və peşəkarlığını nümayiş etdirdi. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində strateji yüksəkliklər və ərazilər azad edildi.
2018-ci ilin may ayında keçirilən Günnüt əməliyyatı isə Azərbaycan Ordusunun növbəti uğuru oldu. Əməliyyat nəticəsində Naxçıvan istiqamətində mühüm strateji mövqelər nəzarət altına alındı və dövlət sərhədinin müdafiə imkanları daha da gücləndirildi.
Danılmaz faktdır ki, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Taleyimizin tarıxındən nişan verən bu günlərin bariz görüntülərindən biri də insanların görünməmiş birlik, həmrəylik nümayiş etdirməsidir. Dilindən, dinindən, siyasi fikirlərindən asılı olmayaraq, hər bir azərbaycanlının cənab Prezidentin ətrafında sıx birləşərək, həmrəylik göstərməsi Azərbaycan xalqının və onun rəhbərinin qüdrətindən xəbər verir. İllər uzunu torpaqlarımızın azad olunması üçün aparılan danışıqların fayda vermədiyini görən Azərbaycan Ordusu düşmənin 2020-ci il sentyabrın 27-dəki hücumunu adekvat cavablandıraraq məharətini göstərdi. Elə ilk gündən ordumuzun qalib olacağına böyük inam var idi. Əlbəttə ki, xalqımız müharibənin tərəfdarı deyildi, lakin çıxış yolu yox idi. Müharibə dövründə xalqa müraciətlərində öz qətiyyəti ilə əsgərlərimizə böyük əzmkarlıq və qorxmazlıq hissləri aşılayan dövlətimizin başçısı düşmənimizin himayədarlarına da öz dəmir yumruğunu göstərirdi. 44 günlük müharibə Azərbaycana böyük qələbə qazandırdı. Azərbaycan Ordusunun vətənpərvərliyi, peşəkarlığı dövlətimizin gücünü dünyaya göstərdi. Müzəffər Ordu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəldi. 44 gün ərzində ərazilərin azad olunmasında xüsusi təyinatlıların böyük xidməti olub.
Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılır. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.
Müasir ordu quruculuğu prosesində Prezident İlham Əliyevin həyata keçirdiyi hər bir islahat, tətbiq etdiyi yenilik son dərəcə səmərəli olub. Bu yeniliklər kompleks yanaşma siyasətinin tərkib elementi kimi çıxış edib.
Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, Vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində büruzə verib. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin sərgilədiyi qəhrəmanlıq – düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi gerçəyi deyilənlərə nümunədir.
Məhz bu ruh yüksəkliyinin və peşəkarlığın nəticəsidir ki, Azərbaycan Ordusu otuz ilə yaxın müddətdə möhkəmləndirilmiş istehkamlarda güclü mövqelər quran düşmənə qarşı çətin relyef şəraitində ən müasir standartlar səviyyəsində döyüş apararaq, 44 gün ərzində şanlı Qələbə qazandı. Rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı.
Müzəffər Ali Baş Komandan bu şanlı Qələbənin qazanılmasının əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını dəfələrlə vurğulayıb. Dövlətimizin başçısının çıxışlarının birində dediyi bu sözlər Azərbaycan Ordusunun qəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyani təsdiqidir: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Azərbaycan Ordusunun yüksək hazırlıqlı zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki heyətlə keyfiyyətli komplektləşdirilməsi istiqamətində vacib işlər aparılır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı, gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlanması üçün mütəmadi olaraq toplanışlar təşkil olunur və keçirilir. Müasir müharibələrin tələblərinə uyğun kadrların hazırlanmasının təkmilləşdirilməsi məqsədilə sürətlə dəyişən əməliyyat mühitində çevik qərar qəbul edən və yüksək adaptasiya qabiliyyəti olan kadrların hazırlanması istiqamətində xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir, mənimsənilir və ölkəmizin hərbi maraqlarına uyğunlaşdırılaraq Azərbaycan Ordusunda tətbiq olunur.
Gənclərin hərbi təhsilə cəlb olunması, kursantlar üçün sosial təminat mexanizmlərinin tətbiqi və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi də dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Azərbaycan Ordusu uzun və şərəfli inkişaf yolu keçərək regionun ən güclü ordularından birinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilmiş və mühüm nailiyyətlər əldə edilmişdir.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirmişdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri ölkəmizin təhlükəsizliyinin, müstəqilliyinin və milli maraqlarının etibarlı təminatçısı kimi fəaliyyət göstərir. Güclü dövlətin əsas dayaqlarından biri olan güclü Azərbaycan Ordusu gələcəkdə də dövlətçiliyimizin qorunmasına və inkişafına xidmət edəcəkdir.