Türk Dünyası Araşdırmaları mərkəzi

Türk Dünyası Araşdırmaları mərkəzi Azərbaycan Dillər Universiteti-Türk Dünyası Araşdırmaları Mərkəzi

Nizami CəfərovTürkoloji Fikrin Sərt QayasıMən Osman bəyi həmişə nüfuzlu məclislərdə özünəməxsus uca səslə danışan, nəink...
31/07/2026

Nizami Cəfərov
Türkoloji Fikrin Sərt Qayası
Mən Osman bəyi həmişə nüfuzlu məclislərdə özünəməxsus uca səslə danışan, nəinki hər bir sözü, hətta hər bir səsi belə aydın, təsirli və mənalı intonasiya ilə tələffüz edən görmüşəm. Onun çox da uzun olmayan çıxışlarının üç- dörd cümləsini dinləmək kifayətdir əmin olasan ki, haqqında bəhs etydiyi mövzunun, ümumən öz sahəsinin nə qədər böyük mütəxəssisi, nə qədər təcrübəli ustasıdır. Heç şübhəsiz, Osman bəy mükəmməl elmi məktəb keçmişdir. Özünün də dəfələrlə etiraf etdiyi kimi, xüsusilə məşhur azərbaycanlı türkoloq Əhməd Cəfəroğludan aldığı türk dili tarixi dərsləri onun yaradıcı təfəkkürünün formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Bununla belə, Osman bəyin anadangəlmə dil həssaslığı, təbii dilçi istedadı olmasaydı, Əhməd Cəfəroğlu kimi əvəzsiz pedaqoq da onun tərcümeyi- halında bu qədər rol oynaya bilməzdi.
Hər bir həqiqi alimin, sənətkarın tərcümeyi- halının, həyatının ən mühüm hadisələri, heç şübhəsiz, onun yaradıcılığından ibarətdir. Osman Fikri Sərtqayanın həyatı (və yaradıcılığı) da bu baxımdan çox səciyyəvi, yeni nəslə örnək olacaq əsl alim- türkoloq taleyinin təzahürüdür.
1946- cı ilin 11 avqustunda Adanada, zəngin etnoqrafik- mədəni kökləri olan bir ailədə doğulmuş, İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünü bitirmişdir. 1996- cı ildə otuz ildən artıq ardıcıl məşğul olduğu sahə – türk dili tarixi üzrə professor ünvanını almışdır. 2013- cü ildə yaş həddinə görə təqaüdə çıxsa da elmi araşdırmalarını eyni həvəs. eşq və professionallıqla davam etdirməkdədir.
Osman bəyin 50- si beynəlxalq dillərdə olmaqla 500- ə qədər məqaləsi nəşr edilmişdir ki, hər birində türkologiyanın aktual problemlərinə toxunulur. Doğrudur, o, monoqrafik əsərlər qələmə almağa o qədər də meyl göstərməmişdir (yalnız bir neçə kitabını misal göstərmək mümkündür: “Göytürk tarixinin məsələləri” (1995), “Dədə Qorqud Kitabının Drezden nüsxəsinin giriş bölümü” (2006), “Etimoloji araşdırmaları” (I c., 2018; II c., 2025 və s.), ancaq məqalələri həm öz- özlüklərində monoqrafik səciyyə daşıyır, həm də hamısı bir yerdə “Türkologiyanın aktual problemləri” adlandıra biləcəyimiz fundamental bir monoqrafiyanın üzvi tərkib hissələri kimi oxunur.
Buraya elm quruculuğu, beynəlxalq elmi əlaqələr və elmi- pedaqoji fəaliyyəti də əlavə etsək, Osman bəyin türkologiyadakı xidmətlərinin miqyası barədə aydın təsəvvür yaranar. Xüsusilə onun böyük alim- mütəfəkkir Mehmed Fuad Köprülü tərəfindən məlum missiya ilə qurulan İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutuna uzun illər (1996- 2009) rəhbərlik etməsi türkologiya tarixində əlamətdar hadisədir. Və bu illər türk xaqlarının mədəni yaxınlaşmasının ən intensiv (və ən həssas!) dövrünə təsadüf edirdi.
Türk dünyasında elə bir tanınmış elmi türkoloji qurum təsəvvür etmək mümkün deyil ki, Prof.Dr. Osman Fikri Sərtqaya onunla bu və ya digər dərəcədə əməkdaşlıq etmiş olmasın. Təkcə onu demək kifayətdir ki, gənc yaşlarından başlayaraq indiyə qədər dünyanın müxtəlif yerlərində iki yüzə yaxın türkoloji məclisdə məruzələrlə şıxış etmişdir. Tanıyanlar bilirlər ki, əgər bir toplantıda Osman bəy iştirak edirsə, orada böyük türkoloji fikrin təsiri həmişəlik qalmış olur. Və heç də təsadüfi deyil ki, o, çoxlarından fərqli olaraq, hər bir məruzəsinə yalnız məsuliyyətlə yanaşmır, kürsüyə həmişə yeni söz demək, yeni məlumatlar vermək, yeni elmi nəticələr bəyan etmək üçün çıxır. Həqiqi elm adamı olmaqla təbiətinin səciyyəvi cəhətlərindən biri də budur ki, konfransın iclaslarında edilən, demək olar ki, bütün məruzələri eyni maraqla dinləyir, imkan verildiyi hüdudlar daxilində ciddi (və səmimi) polemikalara qatılır. Və bu cür məclislərdə onun yaradıcı siması, alim- türkoloq şəxsiyyəti (və portreti!) son dərəcə parlaq (və mükəmməl) görünür.
Prof.Dr. Osman Fikri Sərtqayanın istər danışıqlarında, istərsə də yazılarında diqqəti dərhal çəkən birinci məziyyət bəlgəlilik, sənədlilikdir. Və bu sənədlilik (dokumentallıq!) özünü o qədər təfərrüatlı bir şəkildə göstərir ki, adi dinləyici, adi oxucu bəzən müəllifin təfsilatlılığından yorula bilər, ancaq mövzunun mahiyyətinə varmaq istəyənlər üçün bu, nəinki yorucu, əksinə, son dərəcə maraqlıdır. Çünki etnoloji elmlərdə, o cümlədən türkologiyada heç bir fakta əsaslanmayan, çox vaxt “mənə belə gəlir ki”yə dayanan mülahizələr o qədər geniş yayılır ki, əsl elmi baxışlar kənara sıxışdırılır. Bu cür halların qarşısını alacaq sınanılmış yollardan biri, əlbəttə, humanitariyada da riyazi- texniki dəqiqliyə əməl etməkdir.
Osman bəy artıq neçə illərdir ki, öz sahəsinin – türkologiyanın yalnız Ustası yox, həm də Ustadıdır. Bu isə o deməkdir ki, onun yarım əsrdən artıq bir dövrdə yazdıqları, danışdıqları yalnız Türkiyədə deyil, türk dünyasında və bütün dünyada yüzlərlə yüksək ixtisaslı türkoloqun yetişməsində həlledici rol oynamışdır. Müəllimi Əhməd Cəfəroğlundan, eləcə də adlarını həmişə böyük hörmətlə andığı digər müəllimlərindən aldığı dərsləri eyni ciddiyyətlə (və mütəvaze) ilə tələbələrinə çatdıqmaqda heç vaxt tərəddüd etməmişdir. Onun müəllimlik istedadının təməli tələbəlik illərindən mənimsədiyi zəngin biliklər, xüsusilə yalnız türkcəni qədim dövrlərdən bəri dərindən öyrənməklə kifayətlənməyib, ümumən dil haqqındakı elmin təbiətinə, nəzəri- metodoloji problemlərinə yetərincə nüfuz etmək qabiliyyəti bünövrəsində qoyulmuşdur. Və əminliklə demək olar ki, bu gün də öyrətdiyindən daha çox öyrənir.
Osman bəylə ilk yaddaqalan görüşümüz türk xalqlarının Antalyada keçirilən çox mötəbər bir toplantısında oldu. Türkiyə və Azərbaycan dövlət başçılarının rəsmi çıxışlarından sonra ilk iclası aparmaq mənə həvalə edilmişdi. O zaman çox dəbdə olan, əslində, bu gün də aktuallığını itirməyən, ancaq izahına daha analitik, daha diferensial yanaşılan mədəni inteqrasiya məsələləri müzakirə olunurdu. Osman bəy proqramdan kənar söz istəyib özünəməxsus emosionallıqla dalbadal bəzi təkliflər irəli sürdü. Möhtəşəm məclisi idarə etmək məsuliyyəti bir tərəfdən, Osman bəyin o qədər də sadə olmayan təkliflərinə münasibət bildirmək zərurəti başqa tərəfdən vəziyyəti bir qədər gərginləşdirdi. Ancaq bu hal çox çəkmədi. Osman bəy öz mövqeyini adəti üzrə, aydın şəkildə bildirdikdən sonra əyləşdi və məclis mövcud proqrama uyğun olaraq davam etməyə başladı.
Osman bəyin dövri türkoloji nəşrlərlə əməkdaşlıq mədəniyyətini, doğrusunu deyim ki, heç kəsdə görməmişəm. 1970- ci ildən Bakıda çıxan nüfuzlu “Türkologiya”nın bütün nömrələrini evində yığıb saxlayan alimin həmin jurnalda çoxlu məqaləsi dərc olunmuşdur ki, hər birində ciddi məsələlərdən bəhs edilir. Bir dəfə telefon danışığımız zamanı ərklə mənə dedi ki, sənin qızın Aysel jurnalın son nömrəsini ünvanıma göndərməyib. Aysel “Türkologiya”nın məsul katibi idi. Ondan “göndərmişik” cavabını eşidəndə dedim ki, birini də göndərin, çatmasa üçüncüsünü də göndərin... Heç bir şübhə yox idi ki, jurnalın son nömrəsini görməməsi, orada gedən materiallarla tanış olmaması Osman bəy üçün çox böyük çatışmazlıq sayılırdı.
Keçən ilin payız günlərində görkəmli yazıçı, türkoloq, akademik Kamal Abdullanın yetmiş beş illik yubileyi münasibətilə Ankara və İstanbulda keçirilən toplantılara, tamamilə təbii idi ki, yubilyarın dostu Osman Fikri Sərtqaya da dəvət edilmişdi. Ancaq ağır beyin əməliyyatından sonra hələ məclislərə getməyə çətinlik çəkən alimi İstanbuldakı evində Kamal müəllimlə birlikdə akademik Muxtar Kazımoğlu ilə mən də ziyarət etdik. Osman bəylə Ayşəgül xanım bizi çox böyük səmimiyyətlə qarşıladılar. Malikanələri, həqiqətən, şahanə idi. Və ev sahibləri bu gözəl məkanda bizə heç vaxt unutmayacağımız bir qonaqpərvərlik göstərdilər. Osman bəy yenə də gur səslə aram- aram danışırdı. Hiss edilmirdi ki, yaxınlarda ağır cərrahiyyə əməliyyatı keçirib. Ürəyi yaradıcılıq eşqi ilə dolu olan bu qüdrətli alim üçün türk dili hər an sirlərini açmaq uğruda mübarizə apardığı son dərəcə doğma bir ərazi idi.
Xudahafizləşib ayrılanda Osman bəy bizə yenicə çapdan çıxmış “Kəlmə dağarcığımızdan. Etimoloji araşdırmalar”ını bağışladı. Bu, kitabın ikinci cildi idi, Türkiyə Yazarlar Birliyinin “Türk Dil Ödülü” ilə təltifləndirilmiş birinci cild 2018- də nəşr olunmuşdu. Yeni kitabı türkologiyanın klassiklərindən Prof.Dr. Mühərrəm Erginın (1923- 1995) ölümünün 30 illiyinə həsr etməsi Osman bəyin öz müəllimlərinin xatirəsini həmişə əziz tutmasının daha bir ifadəsidir.
Üçüncü minilliyin əvvəllərində türkcənin etimoloji tədqiqinə həsr olunmuş əsas kitablar barədə qısa məlumat verdikdən sonra müəllif “Türkcədə sözlərin etimologiyası necə edilir?” sualını cavablandırır ki, bu zaman ən önəmli məsələlərdən biri heca quruluşunun fonetik təsbitidir. Müəllif türkcənin altı heca quruluşunun (qrupunun) varlığını göstərir: 1)V; 2)KV; 3)VK; 4)KVK; 5)VKK və 6)KVKK (burada: V- vokal. K- konsonant). Həmin qruplaşma türkcənin heca, ümumən səs quruluşunun təbii xarakterindən irəli gəlməklə etimoloji (müqayisəli- tarixi) təhlilin əsasında dayanır. “Etimoloji araşdırmalar” müəllifi bundan sonra a)uydurmaca, b)başqa bir kəlməyə bənzətmə və c)səs bənzəşməsi örnəkləri ilə təzahür edən xalq etimologiyasından bəhs etməklə onu elmi etimologiyadan prinsip etibarilə ayırmış olur.
Əlbəttə, türkoloq olmaq hələ etimoloq olmaq demək deyil. Və etimoloq üçün mümkün qədər çox, müxtəlif sistemli dillərə yaxından bələd olmaqla yanaşı, müqayisəli- tarixi dilçiliyi dərindən bilmək gərəkir. Osman bəyin etimologiyaları bu tələbləri hərtərəfli ödədiyinə görə obyektivliyi ilə seçilir. Məsələn. ilk baxışdan türk mənşəli kimi görünən “bayram” kəlməsinin etimologiyasını araşdırarkən onun qədim uyğur türkcəsinə hind- İran dillərindən “aram” (sanskritcəsi: “rama”) şəklində daxil olduğunu göstərdikdən sonra yazır: “Kaşğarlı Mahmud “bayram” şəklində maddə başını verdikdən sonra bu maddə başının “bezrem” ˃ “bazram” kəlməsindən dönüşdürüldüyünü söyləyir”. Və belə məlum olur ki, türk dillərində “bayram”, “mayram//meyrem”, “payram// peyrem” formalarında geniş yayılmış bu söz mənşə etibarilə sanskritcədir.
Eyni elmi obyektivlik özünü “lavaş” sözünün izahında (çincə: “liv” + türkcə “aş”) da göstərir.
Bu və bu kimi etimologiyalarda bir tərəfdən sözün keçmişinə enilirsə, digər tərəfdən bu günü, nitq mədəniyyəti imkanları işıqlandırılır.
Osman bəyin yer adlarına (Çanakkala, Yenisey və s.) verdiyi tarixi- etimoloji şərhlər də mükəmməldir.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi”ndə Osman bəylə Ayşəgül xanımın iştirakı, əlbəttə, bizi sevindirdi. İştirak etdiyi bütün məclislərdə Prof.Dr. Osman Fikri Sərtqayanın yeri müstəsna idi. Və onun çıxışları həmişə olduğu kimi bu günlərdə də zəngin informasiyası, dərin (və sərt) məntiqi, ümumbəşəri olduğu qədər də milli təəssübkeşliyi ilə seçilirdi. Xüsusilə Türkoloji Qurultayla başlı verdiyi bir məlumat, elə bilirəm ki, mühüm əhəmiyyət kəsb edirdi. Qurultayda Türkiyə nümayəndə heyətinin rəhbəri Prof.Dr. Mehmed Fuad Köprülünün oğlu sonralar Osman bəyə danışırmış ki, atasının əski ərəb əlifbasına münasibətdə mühafizəkar mövqeyi Türkiyə hökumətinin yox, özünün şəxsi təşəbbüsü imiş. Həyatının gənclik illərini bütünlüklə orta əsrlər əlyazmalarının araşdırılmasına həsr etmiş, əsərləri bu əlifbada yayınlanmış alim- filoloqun belə bir mövqeyi müdafiə etməsi müəyyən mənada təbii görünməyə bilməz. Ancaq hər sahədə olduğu kimi sözügedən sahədə də inqilab tərəfdarı olan Mustafa Kamal eşidəndə ki Mehmed Fuad əski əlifbaya rəğbət göstərir, onu möhkəm tənbeh etmiş, Türkiyənin tez bir zamanda latına keçəcəyini bildirmiş, görkəmli alimə də fikrini dəyişməyi məsləhət görmüşdür.
“Türk dünyası həftəsi”nə Osman bəy yeni kitabı ilə gəlmişdi ki, bu, atalar sözlərindən ibarət məşhur “Oğuznamə”nin Sankt- Peterburq nüsxəsinin mükəmməl elmi tənqidi mətninin nəşri idi.
Bu il böyük türkoloqun səksən yaşı tamam olur. Biz arzu edirik ki, o doxsan yaşına da, yüz yaşına da dəyərli araşdırmalarla qədəm qoysun.

Nizami Cəfərov“Dədəm Qorqud kitabı”nayeni analitik baxışın üfüqləriBu il iyul ayının əvvəllərində Türkiyənin Dədə Qorqud...
29/07/2026

Nizami Cəfərov
“Dədəm Qorqud kitabı”na
yeni analitik baxışın üfüqləri
Bu il iyul ayının əvvəllərində Türkiyənin Dədə Qorqud yurdlarından biri Bayburdda keçirilən 30-cu Dədə Qorqud Elm, Mədəniyyət və İdman Şölənində iştirakım mənim üçün bir çox baxımlardan unudulmaz oldu ki, onlardan ən əlamətdarı qorqudşünasların gənc nəslinə mənsub Prof. Dr. Cahangir Qızılözənlə tanışlığım idi. Əslən Güney Azərbaycandan olan Cahangir 1998- 2002- ci illərdə Ege Universiteti Türk dili və Ədəbiyyatı bölümündə lisans (bakalavr), 2002- 2004- cü illərdə həmin universitetin Sosial Elmlər İnstitutunda yüksək lisans (magistr) təhsili almışdır. “İslam öncəsi türk- fars dillərinin leksik əlaqələri” mövzusundakı magistrlik dissertasiyası gənc tədqiqatçının ilk ciddi elmi araşdırması olmuşdur.
Türk dili (və dilləri) tarixi, dil əlaqələri, dialektologiya və s. sahələrdə araşdırmalarını ardıcıl davam etdirən Cahangir Qızılözən 2009-cu ildə Qazi Universiteti Sosial Elmlər İnstitutunda “Ərdəbil eli şivələri” mövzusunda dissertasiya müdafiə edərək doktorluq elmi dərəcəsi, 2019-cu ildə isə Qədim türk dili ixtisası üzrə dosentlik, 2025-ci ildə isə professorluq elmi adı almışdır. Onun məşğul olduğu türkoloji sahələrə aid çoxlu məqalələri ilə yanaşı, üç kitabı – monoqrafik əsəri yayınlanmışdır: “Farscada türkcənin ən əski izləri”, “Türk xaqanı uca Oğuzun dastanı” və “Dədəm Qorqud kitabı”.
Məlum olduğu kimi, qorqudşünaslıq özünün get-gedə daha da diferensiallaşan müxtəlif istiqamətləri ilə müasir türkologiyanın, xüsusilə türk- oğuzşünaslığın əsas sahələrindən biri, bəlkə də, birincisidir. Və buraya “Dədəm Qorqud kitabı”nın mükəmməl elmi- tənqidi mətninin hazırlanmasından tutmuş onun linqvistik, ədəbi və tarixi- etnoloji abidə olaraq öyrənilməsi daxildir. O da məlumdur ki, “Kitab”ın mətninin hazırlanması sahəsində indiyə qədər son dərəcə dəyərli işlər görülmüşdür.
“Dədəm Qorqud kitabı”nın yeni mətnini hazırlayan Cahangir Qızılözənin əsərinin məziyyəti, fikrimizcə, ondan başlayır ki, nəşr olunmuş bütün mətnləri diqqətlə araşdırmış, mövcud fonetik, leksik və qrammatik “variantlıqlar”ın mahiyyətinə varmış, nəticə etibarilə, qorqudşünaslığın sözügedən sahədəki ənənələrinə (və uğurlarına) ehtiramla istinad etməyin ən yaxşı təcrübələrindən birini vermişdir. İki cilddən ibarət əsərin “Giriş”ində müəllif qorqudşünaslıqda bu və ya digər dərəcədə xidmətləri olan, xüsusilə “Kitab”ın mətnini bütövlükdə hazırlayan araşdırmaçıların adlarını çəkdikdən sonra “ilk akademik araşdırmalar olub mətnin oxunmasında, anlamlandırılmasında önəmli faydalar verdiyindən” üç çalışmaya daha çox diqqət yetirildiyini nəzərə çatdırır: 1)O.Ş.Gökyayın “Dədəm Qorqudun kitabı”; 2)M.Erginin “Dədə Qorqud kitabı” və 3)F.Zeynalov ilə S.Əlizadənin “Kitabi-Dədə Qorqud”u.
Cahangir Qızılözən belə bir nəticəyə gəlir ki, “Kitab”la bağlı çalışmalarda aşağıdakı dörd mühüm problem özünü göstərir:
1)araşdırıcılar bəzi parçaları mətndə yazıldığı kimi deyil “düzəldərək” təqdim etmişlər;
2)aparılan çalışmalarda mətndəki bəzi vahidlər başqa vahidlərlə dəyişdirilmişdir;
3)araşdırıcılar bəzi vahidlərə əlavələr etmişlər;
4)mətndəki bəzi vahidlər heç oxunmamışdır.
Bu isə o deməkdir ki, müəllif qorqudşünaslıq ənənəsinə nə qədər ehtiramla yanaşsa da ortaya çıxan problemlərə də laqeyd qalmamış, əslində, yenə də məhz ənənəyə ehtiram naminə həmin problemlərin aradan qaldırılması üçün zəruri elmi prinsiplər işləyib hazırlamağa kifayət qədər uğurlu cəhdlər göstərmişdir.
Əsər, kitabın üz qabığında da qeyd olunduğu kimi, “Drezden – Vatikan – Bursa nüsxələrinin birlikdə yer aldığı ilk çalışmadır.
Əlbəttə, indiyəqədərki nəşrlərdə müqəddimə və on iki boyun olduğu mükəmməl Drezden nüsxəsi, tamamilə təbiidir ki, əsas alınmış, hərəkəli olduğu üçün Vatikan nüsxəsi bəzi mübahisəli sözlərin daha dəqiq oxunmasında, yaxud mətn fərqlərinin müqayisəsində əlavə mənbə kimi istifadə edilmişdir. Yeni tapılan Bursa nüsxəsi isə həm Drezden nüsxəsindəki bütün boyları əhatə etdiyinə, həm də hərəkəli olduğuna görə elmi tənqidi mətnin hazırlanmasında mühüm əhəmiyyət kəsb etməyə bilməz.
Həm qorqudşünaslıq ənənəsinə ehtiram, həm mövcud əlyazma nüsxələrinə həssas münasibət, həm də geniş türkoloji hazırlıq Cahangir Qızılözənə imkan vermişdir ki, “Dədəm Qorqud kitabı” mətnşünaslığı tarixində yeni bir səhifə açsın. Bu yeniliyin metodoloji əsasında aşağıdakı mühakimələr dayanır:
“Dədəm Qorqud kitabı”nın Drezden və Vatikan nüsxələri ilə bağlı bir çox çalışmalar vardır. Bugünə qədərki bütün çalışmalarda bu nüsxələrdə işlənən yüzlərlə sözün yanlış yazıldığı düşünülmüş, yanlış yazıldığı irəli sürülən vahidlər əski Oğuz (Anadolu) türkcəsinin səs (fonetik), biçim (morfoloji) və anlam (semantik) xüsusiyyətinə görə düzənlənmişdir”.
Günümüzün araşdırıcısı davam edərək yazır ki, onun çalışması “ilk dəfə sözügedən vahidlərin yanlış yazılmadığını, haradasa hamısına yaxınının doğru yazıldığını, mətndə dil təbəqələrinin olduğunu, yanlış yazıldığı düşünülən vahidlərin isə bu dil təbəqələri ilə bağlı olduğunu müdafiə etməkdədir”.
Cahangir Qızılözənin bir mətnşünas olaraq yüksək peşəkarlığının nəticəsidir ki, çox mürəkkəb məsələləri çox aydın mülahizələrlə şərh edir. Məsələn, deyir ki, bir mətnin “düzəldilərək” oxunması özü ilə başqa problemlər gətirir... “Əlbəttə, “Dədəm Qorqud kitabı”nın üzünü köçürən yanlış yazmış ola bilər, ancaq Mühərrəm Erginin və ya Orxan Ş.Gökyayın “düzəltdiyi” formanın doğru olduğundan necə əmin ola bilərik? M.Erginin, O.Ş.Gökyayın və ya hər hansı bir araşdırmaçının oxumasını doğru qəbul etdikdə o, artıq Drezden nüsxəsi olmaqdan çıxıb Erginin, Gökyayın və ya başqasının nüsxəsi olmazmı?”
Məsələ burasındadır ki, bugünə qədərki “Dədə Qorqud kitabı” nəşrləri XX və hətta XXI əsrin oxucularına (bütövlükdə cəmiyyətə!) eposun məzmun- mündərəcəsini xeyli dərəcədə mükəmməl çatdırmışdır. Məsələn, müəyyən qədər kütləvi səciyyəli Həmid Araslı nəşri belə Azərbaycanda Dədə Qorqud (türkçülük!) ideyalarının qüsursuz yayılmasında həlledici rol oynamışdır. Eləcə də O.Ş.Gökyay, M.Ergin, son dövrlərdə F.Zeynalov və S.Əlizadə nəşrləri... Cahangir Qızılözənin dedikləri isə tamamilə başqa səviyyənin söhbətidir. Onun məqsədi hər cəhətdən mükəmməl (əslində, ideal!) bir “Dədə Qorqud kitabı” mətninə yaxınlaşmaqdır. Və belə bir həqiqətən elmi tənqidi mətnə ehtiyacımız olmaya bilməz. Bunun üçünsə ilk prinsipial şərt mətni necə varsa o cür oxumaqdan, heç bir “düzəliş”ə yol verməməkdən ibarətdir.
Müəllif yazır:
“Əlimizdəki nüsxələrin Anadolu (Azərbaycan – Şərqi Anadolu daha dəqiq olardı – N.C.) sahəsində köçürüldüyü qətidir, ancaq mətnin dil özəllikləri bu nüsxələrə qaynaqlıq edən əsərin ayrı- ayrı dövrlərdə, ayrı- ayrı bölgələrdə köçürüldüyünü göstərir... Odur ki, “Dədəm Qorqud kitabı” hər hansı bir bölgə və ya etnik şivəyə görə “düzəldilməz”. Hər hansı bir türk dialektini, ləhcəsini (əslində, dilini – N.C.) əsas alaraq “Dədəm Qorqud kitabı”nı “düzəltmək” onun dil özəlliklərinin ortaya çıxmasına mane olar”.
“Dədə Qorqud kitabı”nın mətni üzərindəki özünəqədərki çalışmaların əsas problemlərini şərh edərkən son dərəcə mühüm mətləblərə toxunan araşdırıcı nəhayət “Kitab”ın dil təbəqələri və ya qatları məsələsinə keçərək göstərir ki, əlimizdə olan nüsxələr ilk mənbə olmaqdan çox uzaqdır. Və əslində, mətnin formalaşmasının son mərhələsini təcəssüm etdirən həmin nüsxələrdə aşağıdakı dil təbəqələri mövcuddur: 1)yaşayan türk dialektləri (müasir türk dillərinin bilavasitə mənbəyində dayanan bu və ya digər dərəcədə diferensial fonetik, qrammatik və leksik xüsusiyyətlər nəzərdə tutulur – N.C.); 2) əski Oğuz türkcəsi; 3) əski Oğuz türkcəsinin ilk mərhələsi (bu, əski türkcənin əski oğuz türkcəsinə, bəlkə də, daha doğru olar deyək ki, əski oğuz, qıpçaq, karluq və s. türkcələrə bölünməyə başladığı dövrdür – N.C.); 4) əski türkcə; 5) ön türkcə.
Nə qədər gənc olsa da, böyük klassik akademik sələfləri ilə polemika aparmaq qüdrəti nümayiş etdirən Cahangir Qızılözən belə bir ciddi elmi qənaətlə onların – mötəbər sələflərinin, əgər belə demək mümkünsə, önlərinə çıxmağa mütəvazi bir təşəbbüs göstərmişdir:
“Dədəm Qorqud kitabı” ilə bağlı aparılan araşdırmaların təməl problemlərindən biri mətnin yalnız bir dövrün dil meyarlarına görə izah edilməsidir. Bu şəkli əski Oğuz türkcəsi dövrünün məhsulu olaraq qəbul edən araşdırmaçılar əsərdəki bütün arxaik əlamətləri yanlış yazıldığı bəhanəsilə dəyişdirmişlər. Mətnin dilini əski Oğuz türkcəsinə uyğun olaraq müasirləşdirmə yolu ilə getmişlər. Əsərdə əski türkcə özəllikləri yer almaz düşüncəsiylə onlarca əski türkcəyə məxsus konkret strukturlar ortadan qaldırılmış, onların yerinə əski Oğuz türkcəsinin səs/quruluş /anlam meyarlarının uyğun qarşılıqları qoyulmuşdur. Deməli, mətnin dilinə baxaraq əsərin hansı dövrə aid olduğuna qərar verilərsə, başqa bir “Dədəm Qorqud kitabı” ortaya çıxacaqdır”.
Əslində, bu, ənənəvi “Dədə Qorqud” mətnşünaslığına qarşı əsaslı olduğu qədər də ciddi etirazdır. Ancaq biz yeni dövrün mətnşünasını bir inqilabçı kimi təqdim etmək fikrindən uzaq olduğumuza görə onun mövqeyininin mütəvazilikdən kənara çıxmadığı qənaətindəyik. Birincisi ona görə ki, Cahangir Qızılözən özündən əvvəlki “Dədə Qorqud” mətnşünaslarından çox şeylər öyrənmiş, onların bir sıra təsbitlərini qoruyub saxlamışdır. İkincisi ona görə ki, artıq cəsarətlə keçmiş dövrə aid edə biləcəyimiz mətnşünaslıq pərakəndə yox, müəyyən prinsip – mətni əski oğuz türkcəsinə uyğunlaşdırmaq üzrə getmişdir. Və bu da hər halda qanunauyğun bir dövr meydana gətirmişdir. Və nəhayət, üçüncüsü ona görə ki, həmin qanunauyğunluq olmasaydı “Dədə Qorqud” mətnşünaslığı Cahangir Qızılözənin şəxsində öz yeni mütəxəssisini yetirə bilməzdi.
Bizim müəllifin kifayət qədər ixtisaslı, peşəkar söz dediyi sahələrdən biri də əlyazmaların qrafikası məsələsidir. Indiyəqədərki mətnşünasların ya diqqət yetirmədiyi, ya çox az diqqət yetirdiyi həmin sahədə aparılmış araşdırma bir sıra qaranlıq məsələlər üzərinə gur işıq salır. Belə ki, üzünün XV əsrdə köçürüldüyü şübhə doğurmayan “Drezden nüsxəsindəki bəzi hərflərin yazılışı mətndəki geniş yayılmış yazılışlardan fərqlidir. Bu örnəklərin açıqca kufi yazısıyla qələmə alındığı görülür”.
Kufi yazısının hicri ikinci, üçüncü (miladi VIII, IX) əsrlərə aid olduğunu xatırladan müəllif əlavə edir ki, həmin əsərlərdə “türklərin hələ müsəlman olmadığı doğru ola bilər, ancaq bu vəziyyət hər hansı bir türkcə əsərin ərəb əlifbası ilə yazılmayacağı mənasına gəlməz. Codex Cumanicus latın əlifbası ilə yazılanda Kuman türkləri xristian deyildilər. Və türklər o tarixdə latın əlifbasına da keçməmişdilər”.
Beləliklə, araşdırıcı əlifbadan (qrafikadan) başlayaraq sözə, qrammatik quruluşa qədər türkcənin ən müxtəlif təkamül- diferensiasiya dövrlərinə dair materialları çeşidləməklə “Dədə Qorqud kitabı” mətninin süni olaraq əski oğuzca çərçivəsinə salınması “ənənə”sini həm nəzəri, həm də təklif etdiyi obyektiv mətnlə praktik olaraq aradan qaldırır.
Cahangir Qızılözənin nümayiş etdirdiyi bu yeni təşəbbüs- təcrübəyə dayanaraq, düşünürəm ki, əsərin dərin məzmunlu “Giriş”ində daha iki məsələyə aydınlıq gətirmək lazım idi. Xüsusilə ona görə ki, müəllif həmin məsələlərin hüdudlarına qədər gəlir, ancaq nədənsə mahiyyətə nüfuz etmək istəmir. Birincisi odur ki, “Dədəm Qorqud kitabı”nda tarixin süxurlaşan, qat- qat, təbəqə- təbəqə yığılan dil xüsusiyyətləri əski Oğuz türkcəsinə, yəni türk dili tarixinin məlum dövrünə, onun bütün abidə- təzahürlərinə deyil, yalnız bu dövrlərin, belə demək mümkünsə, fövqündə dayanan “Dədə Qorqud” mətninə aiddir. Heç şübhəsiz, ən qədim türkcədən (ön türkcədən), hətta ümumaltay birliyindən başlayaraq gələn dil elementləri türkcənin bütün dövrlərində özünü göstərməkdədir. Eləcə də əski Oğuz türkcəsi həmin xronoloji yığılmanın güclü təsiri altında olmaya bilməz. Ancaq bu, başqa məsələdir. “Dədə Qorqud kitabı” mətnindəki təbəqələşmə isə, dahi F.de Sössürün terminologiyasına müraciət etsək, “dil” yox, məhz “nitq” məsələsidir ki, eposun ozan sənəti faktı olmasından irəli gəlir.
Əsərdə üzərindən keçilən ikinci məsələ birincisinin davamıdır. “Dədə Qorqud” eposunun orijinal (türkcə) mətni müxtəlif əlifbalarda (eyni zamanda, bizə məlum olduğu üzrə, ərəb və fars dillərinə tərcümələrdə) məhz “nəhr dastan” (Ə.B.Ərcilasun) “Oğuznamə”nin üzvi tərkib hissəsi kimi təzahür etmiş, tədricən ondan ayrılıb az- çox müstəqil “Kitab”a çevrilsə də bütün türklər (oğuzlar, qıpçaqlar, karluqlar və b.) üçün ümumi olan həm məzmun, həm də forma özəlliklərini qoruyub saxlamışdır.
Ümid edirik ki, kitabın gələcək nəşrlərində bu məsələlərə daha ətraflı münasibət bildiriləcəkdir.
Cahangir Qızılözən haqlıdır ki, “Drezden, Vatikan və Bursa nüsxələrinin dili, hadisələrin axışı bu nüsxələrin ortaq bir mətnə dayandığını göstərir”. Əlbəttə, həmin ortaq mətnin ən geci IX-XI əsrlərə aid olduğunu güman etmək mümkündür. Ancaq türklərin “Oğuznamə” yaradıcılığı mədəniyyəti deməyə əsas verir ki, bizim müəllifin şübhə etdiyi kimi, “Kitab”ın ilk nüsxələrini daha əvvəlki dövrlərdə axtaraq.
Araşdırıcının dil tarixindən həmin dilin daşıyıcısı (və “Dədə Qorqud kitabı”nın yaradıcısı) olan etnosun tarixinə adlaması da tamamilə anlaşılandır. Həmin mövqedən söylədiyi diqqətəlayiq mülahizələrdən biri budur ki, “Kitab”dakı dastanlar “müxtəlif türk boylarının birlik nəzərdə tutduqları, ancaq tək bir boy olacaq səviyyəyə yüksəlmədikləri dönəmin məhsuludur. Boy birliyinə (oğuza) qatılanlar bir boyun və ya etnik qrupun hamısı olmaya bilər. Müxtəlif türk boylarının ana gövdəsindən qopmuş kütlələrin qatılımıyla da bu birlik nəzərdə tutulmuşdur deyə bilərik”.
Mən kifayət qədər dərin (ən çoxşaxəli) olan bu məsələnin təfsilatlarına varmaq iddiasında deyiləm. Yalnız onu bildirmək istəyirəm ki, xalqlar kimi onların dillərinin də tarixi, prinsip etibarilə, diferensiasiya tarixidir, ancaq tarixin məlum dövrlərində etnos üçün dövlətçilik, dil üçünsə daha çox dövlətçiliklə bağlı olan ədəbilik (sosial-mədəni normativlik) tələbləri mövcud diferensiasiya daxilində müəyyən inteqrasiya meylləri nümayiş etdirir.
Hər hansı halda Cahangir Qızılözənin “Dədə Qorqud kitabı” kontekstində türk boyları (xalqları) və türk dialektləri (dilləri) arasındakı tarixi münasibətlərə nüfuzu ciddi (peşəkar) bir dilçinin maraqları səviyyəsinə yüksəldiyinə görə heç vaxt təsadüfü ola bilməz. Çünki burada etnosun həyatı, varlığı ilə sıx bağlı olan bir hadisənin (dilin) inkişaf qanunauyğunluqlarının etnosun “tərcümeyi-hal”ına tətbiqindən söhbət gedir.
Araşdırıcının belə bir qənaəti ilə hesablaşmaq lazımdır ki, “Dədəm Qorqud kitabı”nın diliylə Oğuz qavramının mənası bir-birini anlatmaqdadır. “Dədəm Qorqud kitabı”nın dili anlaşılmadan Oğuz qavramı açıqlana bilməz, Oğuz qavramı anlaşılmadan da “Dədəm Qorqud kitabı”nın dili çözülə bilməz”.
Kitabın birinci cildində müəllif Mətn üzərindəki işin elmi-metodoloji əsasları barədə bəhs elədikdən sonra hazırladığı Mətnin özünü təqdim edir ki, burada həm sıravi, həm də peşəkar oxucunun istəkləri nəzərə alınmışdır. İkinci cild isə Mətndəki dörd yüzdən artıq oxunuşu bu və ya digər dərəcədə mübahisəli dil vahidinin açıqlanmasını, Mətnin fonetik-qrammatik təsvirini və istifadə olunmuş mənbələrin siyahısını əhatə edir.
Cahangir Qızılözən bir neçə dəfə təkrarlamağı vacib bilir ki, onun məqsədi araşdırıcıların “yanlış yazılmışdır dedikləri vahidlərin doğru yazıldığını” göstərməkdir. Bununla belə, o, istisna etmir ki, onun çalışmasındakı fikirlərə “qatılmayanlar, qarşı çıxanlar olacaqdır”. Ancaq heç şübhəsiz, “tutarlı olan hər qarşı duruş da “Dədəm Qorqud kitabı” oxumalarına yeni faydalar gətirəcəkdir. Ancaq mətndəki sözügedən vahidlərin yanlış yazıldığı iddiasını təsdiq etmək daha əvvəlki “ifa”dan yeni bir iddia olmadığı kimi, mətnin çözülməsinə də hər hansı bir fayda verməyəcəkdir”.
Bu mövqe əsl araşdırıcı mövqeyi olub, bir tərəfdən, görülən işin əhəmiyyəti barədə obyektiv təsəvvür yaradırsa, digər tərəfdən, mötəbər bir mövzuya – “Dədə Qorqud kitabı” mətninə layiq olduğu geniş panoramalı baxış tələb edir. Və Cahangir Qızılözənin “Dədəm Qorqud kitabı”nda sərgilədiyi həmin mövqe bir daha sübut edir ki, qorqudşünaslıqda “iddialar” dövrü öz yerini “izahlar”a – “açıqlamalara” verir.

Əsgər AkayevƏsgər (Askar) Akayev 10 noyabr 1944-cü ildə Qırğızıstanın Çuy vilayətinin Kemin rayonunun Qızıl-Bayraq kəndi...
27/07/2026

Əsgər Akayev
Əsgər (Askar) Akayev 10 noyabr 1944-cü ildə Qırğızıstanın Çuy vilayətinin Kemin rayonunun Qızıl-Bayraq kəndində anadan olmuşdur. O, fizika sahəsində alim, akademik və dövlət xadimi kimi tanınır. Əmək fəaliyyətinə mühəndis kimi başlamış, sonradan ali təhsil və elmi fəaliyyətlə məşğul olmuşdur. Fizika üzrə elmi tədqiqatları nəticəsində elmlər doktoru elmi dərəcəsini almış, 1989-cu ildə Qırğızıstan Elmlər Akademiyasının prezidenti seçilmişdir.
1990-cı ildə Qırğızıstan Ali Soveti tərəfindən respublikanın prezidenti seçilən Əsgər Akayev, 1991-ci ildə ölkə müstəqillik qazandıqdan sonra müstəqil Qırğızıstanın ilk prezidenti olmuşdur. Onun prezidentliyi dövründə bazar iqtisadiyyatına keçid, demokratik institutların formalaşdırılması və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. İlk illərdə həyata keçirdiyi islahatlar beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirilmişdir.
Lakin 1990-cı illərin sonlarından etibarən onun hakimiyyəti avtoritar meyillərin güclənməsi, seçkilərlə bağlı narazılıqlar və korrupsiya iddiaları səbəbindən tənqid olunmağa başlamışdır. 2005-ci ildə parlament seçkilərindən sonra baş verən kütləvi etirazlar, tarixə "Lalə (Tülpan) İnqilabı" kimi daxil olmuş hadisələr nəticəsində Əsgər Akayev hakimiyyətdən uzaqlaşdırılmış və Rusiyaya mühacirət etmişdir.
Prezidentlikdən sonra Akayev elmi fəaliyyətini davam etdirmiş, Moskva Dövlət Universitetində professor və elmi işçi kimi çalışmışdır. O, fizika, informasiya texnologiyaları, iqtisadi inkişaf və dövlət idarəçiliyi mövzularında çoxsaylı elmi əsərlərin müəllifidir. Elmi nailiyyətləri və akademik fəaliyyəti ona beynəlxalq elmi mühitdə tanınma qazandırmışdır.
Nəticə etibarilə, Əsgər Akayev həm Qırğızıstanın müstəqillik dövrünün ilk prezidenti, həm də tanınmış alim kimi ölkəsinin siyasi və elmi tarixində mühüm yer tutur. Onun fəaliyyəti bir tərəfdən iqtisadi və siyasi islahatlarla, digər tərəfdən isə demokratik idarəetmə sahəsində yaranmış problemlərlə xarakterizə olunur. Bu baxımdan, Əsgər Akayevin irsi Mərkəzi Asiya tarixinin və müasir Qırğızıstanın inkişafının öyrənilməsində mühüm tədqiqat mövzularından biri hesab edilir.

Azərbaycanı Tədqiq və Tətəbbö CəmiyyətiXX əsrin 20-ci illərində Azərbaycanda elm və təhsilin yeni mərhələyə qədəm qoymas...
24/07/2026

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti

XX əsrin 20-ci illərində Azərbaycanda elm və təhsilin yeni mərhələyə qədəm qoyması milli elmi-tədqiqat işlərinin təşkilini zəruri edirdi. Tarix, dil, ədəbiyyat, folklor, etnoqrafiya və təbiət elmləri sahəsində aparılan araşdırmalar pərakəndə xarakter daşıdığından onların vahid mərkəzdən idarə olunmasına ehtiyac yaranmışdı. Məhz bu zərurətdən irəli gələrək 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti təsis edildi. Bu cəmiyyət Azərbaycanın elmi tarixində ilk sistemli elmi-tədqiqat müəssisələrindən biri kimi mühüm yer tutur. Onun yaradılması ölkədə elmi fəaliyyətin təşkilatlanması ilə yanaşı, milli-mədəni irsin elmi əsaslarla öyrənilməsində də yeni mərhələnin başlanğıcı oldu.

Cəmiyyətin əsas məqsədi Azərbaycanın tarixi keçmişini, zəngin mədəni irsini, dilini, ədəbiyyatını, folklorunu, etnoqrafiyasını, iqtisadiyyatını, təbii sərvətlərini və coğrafiyasını hərtərəfli şəkildə araşdırmaq idi. Təşkilat fəaliyyətini yalnız nəzəri araşdırmalarla məhdudlaşdırmır, həm də əldə olunan materialların toplanması, sistemləşdirilməsi, nəşri və gələcək nəsillər üçün qorunmasına xüsusi diqqət yetirirdi. Bu baxımdan Cəmiyyət Azərbaycanşünaslıq elminin inkişafında mühüm rol oynayan ilk elmi mərkəzlərdən biri hesab olunur.

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində dövrün tanınmış alimləri və ziyalıları yaxından iştirak edirdilər. Təşkilatın fəxri sədri Səməd ağa Ağamalıoğlu idi. Bəkir Çobanzadə, Salman Mümtaz, Vəli Xuluflu, Hənəfi Zeynallı və başqa görkəmli elm xadimləri Cəmiyyətin müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi elmi işlərə töhfə vermişlər. Onların fəaliyyəti nəticəsində Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı çoxsaylı qiymətli materiallar toplanmış, elmi dövriyyəyə daxil edilmişdir.

Cəmiyyətin tərkibində tarix-etnoqrafiya, dil və ədəbiyyat, arxeologiya, iqtisadiyyat, təbiətşünaslıq, coğrafiya və türkologiya kimi müxtəlif bölmələr fəaliyyət göstərirdi. Bu bölmələr ölkənin ayrı-ayrı bölgələrinə elmi ekspedisiyalar təşkil edir, qədim yaşayış məskənlərini, tarixi abidələri, maddi-mədəniyyət nümunələrini öyrənir, xalq arasında qorunub saxlanılan folklor nümunələrini, dialekt və şivələri, adət-ənənələri qeydə alırdılar. Toplanmış materiallar sonrakı illərdə Azərbaycan tarixi, dili və mədəniyyəti ilə bağlı fundamental tədqiqatların əsas mənbələrindən birinə çevrilmişdir.

Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də kitabxana və arxiv fondlarının zənginləşdirilməsi idi. Bu məqsədlə müxtəlif kitablar, əlyazmalar, qəzet və jurnallar toplanır, Azərbaycan haqqında nəşr olunan elmi əsərlərin biblioqrafiyası hazırlanırdı. Həmin materiallar tədqiqatçıların istifadəsinə verilərək elmi araşdırmaların daha səmərəli aparılmasına şərait yaradırdı. Sonralar bu fondlar Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının formalaşmasına mühüm təsir göstərmişdir.

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yalnız Bakıda deyil, respublikanın müxtəlif bölgələrində də fəaliyyət göstərirdi. Gəncə, Şamaxı, Quba, Lənkəran, Naxçıvan, Zaqatala və digər şəhərlərdə yaradılan şöbələr yerli tarix, etnoqrafiya və folklorun öyrənilməsi ilə məşğul olurdu. Bu, Azərbaycanın müxtəlif bölgələrinin elmi baxımdan daha dərindən araşdırılmasına və zəngin mədəni irsinin sənədləşdirilməsinə imkan yaratmışdı.

Cəmiyyət elmi tədqiqatlarla yanaşı, maarifçilik fəaliyyətinə də xüsusi əhəmiyyət verirdi. Burada müntəzəm olaraq elmi məruzələr oxunur, müzakirələr təşkil edilir, müxtəlif məcmuələr və elmi əsərlər nəşr olunurdu. Gənc tədqiqatçıların elmə cəlb edilməsi, milli elmi terminologiyanın formalaşdırılması və Azərbaycanşünaslıq istiqamətində yeni tədqiqatların aparılması Cəmiyyətin prioritet istiqamətlərindən idi.

1926-cı ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayın təşkilində də Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin mühüm rolu olmuşdur. Qurultay türk xalqlarının dili, tarixi və mədəniyyətinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyırdı. Dünyanın müxtəlif ölkələrindən gələn alimlərin iştirakı ilə keçirilən bu tədbir türkoloji elmin inkişafında yeni mərhələnin əsasını qoymuş və Azərbaycanın beynəlxalq elmi əlaqələrinin genişlənməsinə töhfə vermişdir.

Cəmiyyət 1929-cu ildə fəaliyyətini başa vursa da, onun yaratdığı elmi ənənələr sonrakı dövrlərdə də davam etdirildi. Məhz bu təşkilatın bazasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yaradıldı, daha sonra isə bu institut Azərbaycan Elmlər Akademiyasının formalaşmasına zəmin hazırladı. Bu baxımdan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti müasir Azərbaycan akademik elminin başlanğıc nöqtələrindən biri hesab olunur.

Bu gün Azərbaycan elminin inkişaf tarixindən bəhs edilərkən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin adı xüsusi hörmətlə xatırlanır. Cəmiyyət qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, milli elmi fikrin formalaşmasına, Azərbaycanşünaslığın inkişafına, tarixi və mədəni irsin qorunmasına mühüm töhfələr vermişdir. Onun həyata keçirdiyi tədqiqatlar və yaratdığı elmi mühit sonrakı nəsil alimlər üçün möhkəm zəmin yaratmış, Azərbaycanın akademik elm ənənəsinin formalaşmasında mühüm rol oynamışdır. Bu səbəbdən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti təkcə bir elmi təşkilat deyil, həm də Azərbaycan elminin inkişaf tarixində dönüş nöqtəsi yaradan mühüm bir elm ocağı kimi qiymətləndirilir.

Address

Rəşih Behbudov Küçəsi
Küçəsi

Alerts

Be the first to know and let us send you an email when Türk Dünyası Araşdırmaları mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share