20/05/2025
“İkinci Evim” layihəsinin bağlanış mərasimi keçirildi
Mingəçevir şəhəri V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsi çərçivəsində və “Öndə Gənclər” İctimai Birliyinin təşkilati dəstəyi ilə icra olunan “İkinci Evim” məktəb icmasında sosial birliyin gücləndirilməsi layihəsinin bağlanış mərasimi baş tutdu.
Bağlanış tədbirində layihə rəhbəri Sevda İsmayılova, layihənin təlimçisi Fərhad Abdulov və məktəbin nümayəndələri çıxış edərək layihənin uğurlu nəticələrindən söz açdı, iştirakçı şagirdləri təbrik etdilər.
Layihə çərçivəsində V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəb, D.Nağıyev adına 9 nömrəli tam orta məktəb və Mingəçevir İnteqrasiya təlimli internat tipli gimnaziyasının şagirdləri üçün 14 gün ərzində 56 akademik saatlıq təlim proqramı həyata keçirilib. Təlimlər komanda quruculuğu, liderlik və karyera planlaması mövzularını əhatə edib və iştirakçıların məktəb icması daxilində fəal, təşəbbüskar fərdlər kimi formalaşmasına töhfə verib.
Təlimlərdə iştirak edən 50 şagird layihə müddətində müxtəlif interaktiv məşğələlərdə iştirak edərək həm fərdi, həm də qrup şəklində fəaliyyət bacarıqlarını inkişaf etdirib. Onlara məktəb mühitində sosial münasibətlərin möhkəmləndirilməsi, empati və əməkdaşlıq ruhunun formalaşdırılması istiqamətində bilik və bacarıqlar aşılanıb.
Təlimləri uğurla başa vuran şagirdlərə sertifikatlar təqdim olunub. Layihənin bütün mərhələləri sosial media vasitəsilə ictimaiyyətə təqdim edilib, geniş yayım imkanı əldə olunub.
“İkinci Evim” layihəsi şagirdlərin sosial bacarıqlarının inkişafına, sağlam məktəb mühitinin qurulmasına və icma daxilində birlik ruhunun möhkəmləndirilməsinə mühüm töhfə verib.