30/06/2026
"Müəllimlərdə emosional yanma sindromu"
İyunun 30-u məktəbdə "Müəllimlərdə emosional yanma sindromu" mövzusunda təlim keçirilib.
Təlimin məqsədi müəllimlərin emosional rifahını dəstəkləmək, özünüdərki artırmaq və gündəlik iş həyatında daxili resurslarını gücləndirməyə töhfə verməkdən ibarət olub.
İlk olaraq hər bir müəllimə adına xüsusi hazırlanmış motivasiyaedici mesaj təqdim olunub. Bu kiçik, lakin mənalı jest iştirakçılarda xoş duyğular yaradıb və təlimin yaddaqalan anlarından birinə çevrilib.
İnteraktiv mühitdə keçirilən təlim zamanı iştirakçılar müxtəlif refleksiya və özünüqiymətləndirmə texnikaları ilə tanış olub. "Çamadan, səbət, hava şarı" metodu vasitəsilə təlimdən qazandıqları, geridə qoymaq istədikləri və gələcəyə aparacaqları düşüncələri paylaşıblar. "Balans çarxı" məşqi həyatın müxtəlif sahələrində tarazlığı dəyərləndirməyə imkan yaradıb, "Kəpənək effekti" isə kiçik dəyişikliklərin böyük nəticələrə səbəb ola biləcəyini bir daha xatırladıb.
Təlimin ən təsirli anlarından biri "Güvənli yer" meditasiyası olub. Bu məşq iştirakçılara daxili rahatlıq hissini yaşamaq, emosional gərginliyi azaltmaq və öz resurslarına yenidən bağlanmaq imkanı yaradıb.
Təlimi səmimi çay süfrəsi ətrafında yekunlaşdıraraq iştirakçılar öz təəssüratlarını, hisslərini və qazandıqları təcrübələri bölüşüblər.
Sonda qeyd edək ki, müəllimin emosional sağlamlığı onun peşəkar fəaliyyətinin və şagirdlərin uğurunun əsas dayaqlarından biridir. Arzu edirik ki, hər bir müəllim peşə fəaliyyətini sevgi, yüksək motivasiya və emosional tarazlıq içində davam etdirərək gələcək nəsillərin yetişməsinə dəyərli töhfələr versin.