Məktəb binası DİN-nin xüsusi əməkdaşları tərəfindən mühafizə olunur.Məktəbə kənar şəxslərin girişi qadağandır. Liseyin həyətində yol boyunca becərilmiş, göz oxşayan bitkilər, həmişəyaşıl ağaclar, çarhovuz, kiçikyaşlı məktəblilər üçün hazırlanmış attraksionlar, məktəb binasındakı səliqə-sahman bura gələnləri əvvəlcədən xəbərdar edir. Binanın birinci mərtəbəsində liseyin nəzdində fəaliyyət göstərən
“Fidan” bağça tipli məktəbə hazırlıq qrupu, yeməkxana, İnternet otağı, həkim otağı və kitabxana yerləşir. Yeməkxanada şagirdlər gündə üç dəfə qida ilə təmin olunurlar. Yeməkxanadakı gigiyenik qaydalara və qidalara ciddi nəzarət olunur. Menyu tərtib edilərkən şagirdlərin yaş xüsusiyyəti nəzərə alınır. Onların böyüməsi və inkişafı üçün zəruri olan ərzaqlardan istifadə olunur. Buna görə də xörəklərin hazırlanmasında süd və süd məhsulları, ət və ət məhsulları, müxtəlif karbohidratlar, zülallar, meyvə və tərəvəzlərdən geniş istifadə olunur.
Şagirdlərin sağlamlığına nəzarət edən, onların vaxtaşırı müayinədən keçirən tibbi personalın xidməti də diqqətəlayiqdir. Məktəblilər vaxtlı-vaxtında peyvənd olunur, onlar lazımi dərman preparatları ilə təmin edilirlər. Əgər şagirdlərdən birində yoluxucu xəstəlik əlamətləri aşkar edilərsə, vaxtında digər şagirdlərdən izolyasiya edilir və müalicə olunur. Binanın II və III mərtəbələrində isə idman zalı, linqofon otağı və müxtəlif fənn kabinetləri var. Geniş və işıqlı idman zalı, müasir avadanlıqlarla təchiz edilmiş linqofon otağı, hər cür lazımi əyani vəsait, sxem və şəkillərlə təmin olunmuş fənn kabinetləri, laboratoriyalar, kompüter otağı yüksək keyfiyyətli təhsilin təminatıdır. Təhsilin keyfiyyətlini artıran məqamlardan biri də vaxtın düzgün bölüşdürülməsidir. Günün birinci yarısında Təhsil Nazirliyinin təsis etdiyi proqram əsasında təşkil olunmuş dərslərdə iştirak edən şagirdlər, saat 16.15–dən saat 17.00–dək öz maraq və bacarıqlarına uyğun əlavə məşğələlərdən yararlana bilərlər. Bura şahmat, rəssamlıq , voleybol, futbol və rəqs dərnəkləri aiddir.
Şagirdlərin dünyagörüşünü artırmaq məqsədi ilə tətil zamanı onların respublikamızın ayrı-ayrı rayonlarına, xüsusi əhəmiyyət daşıyan görməli yerlərə aparılması da məktəb tərəfindən təşkil olunur. Sumqayıt İdrak liseyinin ən üstün keyfiyyətlərindən biri onun güclü müəllim ordusu ilə təchiz olunmasındadır. Burada fəaliyyət göstərən müəllimlər, şəhərimizin ən nüfuzlu, eyni zamanda istedadlı müəllimlərindəndir. Müəllimlərimiz davamlı olaraq yeni fənn kurikulumlarının tətbiqi sahəsində təlim kurslarında iştirak edərək öz bilik və bacarıqlarını təkmilləşdirirlər. Onların içərisində Milli Kurikulum əsasında hazırlanmış dərslik komplektlərinin qiymətləndirmə komissiyasının üzvü olan müəllimlər də var. Sumqayıt İdrak liseyi keyfiyyətli təhsil almaq arzusunda olanların bu niyyətini dəstəkləyir və bu yolda onlara uğurlar arzulayır.