İmişli rayon Habil Namazov adına Boşçallar kənd tam orta məktəbi

İmişli rayon Habil Namazov adına Boşçallar kənd tam orta məktəbi Təhsil müəssəsi

14/08/2026

Prezident İlham Əliyevin Naxçıvan səfəri: Muxtar respublikanın inkişafında yeni mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf prioritetlərini müəyyən edən mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının qeyd etdiyi kimi, Prezident kimi Naxçıvana 17-ci səfər də muxtar respublikanın sosial-iqtisadi, hərbi, enerji, nəqliyyat və mədəni inkişafı baxımından əhəmiyyətli tədbirlərlə müşayiət olunub. Səfər çərçivəsində həyata keçirilən layihələr və səsləndirilən fikirlər Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyevin müsahibəsində əsas diqqət yetirilən məsələlərdən biri Naxçıvanın təhlükəsizliyinin daha da möhkəmləndirilməsi oldu. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması onun strateji əhəmiyyətini daha da artırır. Bu baxımdan muxtar respublikanın müdafiə potensialının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əlahiddə Ordunun yaradılması, müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın müdafiə imkanlarının davamlı şəkildə artırıldığını göstərir. Dövlət başçısının sözləri ilə desək, bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir və Naxçıvanın hərbi potensialı bundan sonra da gücləndiriləcək. Müsahibənin mühüm istiqamətlərindən biri də Naxçıvanın enerji təhlükəsizliyi və gələcəkdə enerji ixrac edən bölgəyə çevrilməsi ilə bağlı planlardır. Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasını mühüm hadisə kimi qiymətləndirərək burada yeni sənaye müəssisələrinin və iş yerlərinin yaradılacağını bildirdi. Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası nəzərdə tutulur. Bu stansiya Naxçıvanın mövcud generasiya gücünü əhəmiyyətli dərəcədə artıracaq və həm daxili tələbatın etibarlı qarşılanmasına, həm də gələcəkdə elektrik enerjisinin ixracına imkan yaradacaq.
Naxçıvanın bərpaolunan enerji potensialı da xüsusilə vurğulandı. Günəş enerjisinin istehsalı baxımından Naxçıvanın Azərbaycanın ən əlverişli ərazilərindən biri olduğu qeyd edildi. Artıq 600 hektardan çox ərazi müəyyənləşdirilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır. Təkcə Günəş enerjisinin istehsalının gələcəkdə ən azı 500 meqavat, hətta 1000 meqavata çata biləcəyi bildirilir. Bu isə Naxçıvanın enerji təhlükəsizliyindən enerji ixracatçısına çevrilməsi istiqamətində mühüm addımdır. Bərpaolunan enerji layihələrinin genişləndirilməsi ilə yanaşı, enerji saxlanc sistemlərinin yaradılması da diqqət mərkəzindədir. Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavat gücündə batareya saxlanc qurğusunun yaradılması planlaşdırılır. Bu cür müasir texnologiyalar Günəş və su elektrik stansiyalarından əldə olunan enerjinin səmərəli şəkildə toplanmasına və lazım gəldikdə sistemə ötürülməsinə imkan verəcək. Beləliklə, Naxçıvanda müasir, dayanıqlı və çevik enerji sistemi formalaşdırılması hədəflənir.
Naxçıvanın enerji imkanlarının artırılması həm də regional əməkdaşlıq və ixrac perspektivləri baxımından əhəmiyyətlidir. Muxtar respublikanın İran və Türkiyə ilə elektrik əlaqələrinin mövcud olması gələcəkdə daha böyük həcmdə enerjinin ixracına imkan yarada bilər. Eyni zamanda, Ermənistan ərazisindən keçəcək enerji xətlərinin yaradılması ideyası Naxçıvanın daha geniş regional enerji sisteminə inteqrasiyasını təmin edə bilər. Bu yanaşma Zəngəzur dəhlizinə yalnız nəqliyyat layihəsi kimi deyil, enerji, rabitə və digər infrastruktur istiqamətlərini özündə birləşdirən genişmiqyaslı regional layihə kimi baxıldığını göstərir.
Müsahibədə Zəngəzur dəhlizinin yaradılması məsələsinə xüsusi yer ayrıldı. Prezident İlham Əliyev bu təşəbbüsün Azərbaycanın uzun illər ərzində qarşıya qoyduğu əsas məqsədlərdən biri olduğunu bildirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra TRIPP layihəsinin icrasına başlanması bu istiqamətdə yeni mərhələnin əsasını qoyub. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat bağlantısının yaradılması ölkəmizin iqtisadi və geostrateji mövqeyini daha da gücləndirəcək.
Bu baxımdan Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin başa çatmaq üzrə olması, dəmir yolu layihələrinin sürətləndirilməsi və Naxçıvan dəmir yolunun reabilitasiyası xüsusi əhəmiyyət daşıyır. Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan ərazisində dəmir yolunun uzunluğunun 194 kilometr olması və xəttin gələcəkdə 15 milyon tonadək yükdaşıma qabiliyyətinə çatdırılması nəzərdə tutulur. Bu, Naxçıvanın yalnız Azərbaycan daxilində deyil, beynəlxalq nəqliyyat sistemində mühüm qovşaqlardan birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Naxçıvanın strateji mövqeyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində mühüm üstünlük yaradır. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanın Azərbaycan ərazisinin digər hissələri ilə birləşdirilməsi, Culfa istiqamətindən İranla dəmir yolu bağlantısının mövcudluğu bölgənin beynəlxalq tranzit imkanlarını artırır. Gələcəkdə böyük həcmdə yüklərin Naxçıvandan keçməsi iqtisadi fəallığın yüksəlməsinə, yeni iş yerlərinin yaranmasına və xidmət sektorunun genişlənməsinə səbəb ola bilər.
Dövlət başçısının diqqət yetirdiyi digər mühüm istiqamət sosial-iqtisadi inkişafdır. Naxçıvan Sənaye Parkının yaradılması, müasir sənaye komplekslərinin qurulması, kənd təsərrüfatının inkişafı, suvarma layihələrinin həyata keçirilməsi və yeni iş yerlərinin açılması muxtar respublikanın iqtisadi potensialının tam şəkildə reallaşdırılmasına xidmət edir. Qarşıdakı dövrdə yüzlərlə artezian quyusunun qazılması, müasir suvarma sistemlərinin qurulması və istifadəsiz qalan torpaqların su ilə təmin edilməsi kənd təsərrüfatının inkişafına ciddi təkan verə bilər.
Nəqliyyat infrastrukturunun yenilənməsi də Naxçıvanın gündəlik həyatına birbaşa təsir edən məsələlərdəndir. Yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatının müasirləşdirilməsi ilə yanaşı, ekoloji baxımdan da əhəmiyyətlidir. Rayonlararası və şəhərlərarası nəqliyyatın yaxşılaşdırılması məqsədilə 217 müasir avtobusun alınması, həmçinin 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulur. Bu tədbirlər 26 yaşayış məntəqəsində yaşayan təxminən 160 min insanın nəqliyyat imkanlarının yaxşılaşdırılmasına xidmət edəcək.
Naxçıvanın inkişafında tarixi-mədəni irsin qorunması da xüsusi yer tutur. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin xatirəsinə abidənin ucaldılması və digər tarixi-mədəni obyektlərin konservasiyası Naxçıvanın zəngin keçmişinə dövlət səviyyəsində göstərilən diqqətin nümunəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, sosial-iqtisadi inkişaf və enerji təhlükəsizliyi ilə yanaşı, milli kimlik, tarix, mədəniyyət, dil və ədəbiyyat da dövlət siyasətinin əsas dayaqlarındandır.
Turizmin inkişafı da Naxçıvan üçün böyük perspektivlər açır. Qədim tarixi abidələri, zəngin mədəni irsi, təmiz havası və təbii gözəllikləri muxtar respublikanı mühüm turizm məkanına çevirə bilər. Bu istiqamətdə əsas problemlərdən biri olan müasir mehmanxana infrastrukturunun inkişaf etdirilməsi məqsədilə Naxçıvan şəhərində beşulduzlu yeni mehmanxananın təməlinin qoyulması mühüm addımdır.
Bütün bunlarla yanaşı, Prezidentin müsahibəsində Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi də diqqət çəkən məqamlardan oldu. Hər üç bölgənin strateji əhəmiyyəti, enerji və nəqliyyat imkanları, tarixi bağlılığı və gələcək inkişaf perspektivləri nəzərə alınaraq onların qarşılıqlı əlaqəsinin gücləndirilməsi hədəflənir. Naxçıvanda Prezidentin xüsusi nümayəndəliyinin yaradılması da idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm struktur islahatı kimi qiymətləndirilir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

02/08/2026

Azərbaycan və Qırğızıstan strateji əməkdaşlıqda yeni mərhələyə qədəm qoyur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və dövlət başçısının mətbuata verdiyi bəyanat Azərbaycan–Qırğızıstan əlaqələrinin artıq müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti bölüşməyə tam hazırdır. Dövlət başçısı bildirdi ki, hər iki ölkə beynəlxalq təşkilatlarda, iqtisadi-ticari əməkdaşlıqda, təhlükəsizlik sahəsində və digər strateji istiqamətlərdə bundan sonra da bir-birini dəstəkləyəcək. Onun sözlərinə görə, səfər zamanı imzalanan sənədlər əməkdaşlığın geniş istiqamətlərini əhatə edir və əldə olunan razılaşmaların uğurla həyata keçiriləcəyinə tam əminlik var.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması barədə razılıq oldu. Prezident İlham Əliyev qeyd etdi ki, Fondun fəaliyyəti artıq konkret layihələrlə zənginləşir, Qırğızıstanda həyata keçirilən investisiya layihələri yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına və iqtisadi potensialın daha da möhkəmlənməsinə xidmət edir. Dövlət başçısı bu məbləğin gələcəkdə daha da artırılmasının mümkünlüyünü də istisna etmədi.
Səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilmiş “Baku Resort & Spa” beşulduzlu mehmanxanasının açılışı da baş tutdu. “Bakı” adını daşıyan bu müasir turizm kompleksi Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi əməkdaşlığın və dostluğun daha bir rəmzi kimi dəyərləndirilir.
Prezident İlham Əliyev Qarabağın bərpasına göstərilən qardaş dəstəyini yüksək qiymətləndirərək qeyd etdi ki, Ağdam rayonunda inşa edilmiş “Manas” adına məktəb Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən yenidənqurma prosesinə mühüm töhfəsidir. Dövlət başçısı bu layihəni xalqlarımızın qardaşlığının və qarşılıqlı etimadının parlaq nümunəsi adlandırdı.
Bəyanatda humanitar və mədəni əlaqələrə də xüsusi yer ayrıldı. Prezident İlham Əliyev Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın açılışını, eləcə də Bişkekdə Qırğızıstan–Azərbaycan Dostluq Parkının yaradılmasını iki xalqın mənəvi yaxınlığının ifadəsi kimi qiymətləndirdi. Qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, ortaq tarixi və mədəni dəyərlərin təbliği xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Dövlət başçısı, həmçinin Mərkəzi Asiya ölkələrinin liderlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul olunmasına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, region dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də mühüm töhfə verəcək.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan və Qırğızıstanı yalnız ortaq tarix, dil və mədəniyyət deyil, həm də qarşılıqlı etimad, strateji maraqlar və gələcəyə hesablanmış birgə inkişaf məqsədləri birləşdirir. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi, iqtisadi layihələrin genişləndirilməsi, humanitar əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstək iki qardaş ölkənin əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə yüksəldir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

31/07/2026

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür

1970-ci illərin ortalarından etibarən SSRİ-ni təşkil edən müttəfiq respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması siyasəti daha da gücləndirildi. Belə bir şəraitdə ana dilinin qorunması və təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. XX əsrin 30-cu illərində ana dili məsələsini qaldıran ziyalılar repressiyalara məruz qalır, Sibirə sürgün edilirdilər. Hətta milli respublikaların rəhbərləri belə bu məsələni açıq şəkildə gündəmə gətirməkdən çəkinirdilər. Bütün bu süni maneələrə və təzyiqlərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev ana dili məsələsində prinsipial və qətiyyətli mövqe nümayiş etdirmişdir. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Azərbaycan ziyalılarını və xalqını ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə səfərbər etmiş, bu istiqamətdə mühüm siyasi iradə ortaya qoymuşdur.
SSRİ Konstitusiyasının müzakirəsi zamanı çıxış edən Ulu Öndər Heydər Əliyev xüsusi vurğulamışdır ki, Konstitusiyanın vətəndaşlara verdiyi təhsil hüququ yalnız ana dilində təhsil almaq imkanı ilə tam təmin oluna bilər. Məhz onun qətiyyətli mövqeyi nəticəsində Azərbaycan dilinə dövlət dili statusu verilmişdir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR Konstitusiyasının layihəsinə və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsi aşağıdakı redaksiyada qəbul edilmişdir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bu tarixi qərar milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində mühüm dönüş nöqtəsi olmuşdur. Müstəqil Azərbaycan Respublikasında dövlət dilinin hüquqi əsaslarının möhkəmləndirilməsi və dil siyasətinin sistemli şəkildə həyata keçirilməsi istiqamətində də Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət daşıyır. Onun 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı dövlət dili sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərini müəyyən etmiş, bu sənəd əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Bundan başqa, Ulu Öndərin 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu qərar Azərbaycan dilinin və latın qrafikalı əlifbanın tətbiqinin genişləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət dili siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən 2004–2008-ci illərdə latın qrafikası ilə çap ediləcək əsərlərin siyahısı hazırlanaraq nəşri təmin edilmişdir. Bu addım Azərbaycan dilinin inkişafı və latın qrafikalı əlifbanın tam tətbiqi baxımından mühüm əhəmiyyət daşımışdır.
Dövrün çağırışlarını nəzərə alan Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin saflığının qorunması, istifadəsinin genişləndirilməsi və dilçilik elminin inkişafı istiqamətində mühüm mərhələ olmuşdur. Eyni zamanda, dövlət başçısının 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin rəqəmsal mühitdə tətbiqinin genişləndirilməsinə, informasiya texnologiyaları sahəsində istifadəsinin artırılmasına və milli dilimizin müasir dövrün tələblərinə uyğun inkişafına mühüm töhfə vermişdir.
Bu gün Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə saf şəkildə çatdırılması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha təsdiq edir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

22/07/2026

22 iyul Azərbaycanda Milli Mətbuat günüdür

22 iyul Azərbaycan milli mətbuatının yaranması günü kimi ölkəmizin ictimai və mədəni həyatında xüsusi əhəmiyyət daşıyır. Məhz 1875-ci il iyulun 22-də görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti milli mətbuatımızın əsasını qoymuşdur. Cəmi iki il fəaliyyət göstərməsinə və 56 nömrəsinin çap olunmasına baxmayaraq, “Əkinçi” xalqın maariflənməsinə, milli düşüncənin formalaşmasına və Azərbaycan ədəbi dilinin inkişafına əvəzsiz töhfələr vermişdir. Qəzet cəhalətə və xurafata qarşı mübarizə aparmış, elmə, təhsilə və tərəqqiyə çağırış etmiş, milli özünüdərk ideyalarının yayılmasında mühüm rol oynamışdır. “Əkinçi”nin bağlanması milli mətbuatın inkişafını dayandıra bilmədi. Sonrakı illərdə “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad”, “Tərəqqi”, “Açıq söz” və digər qəzet və jurnallar Azərbaycan mətbuatının inkişaf tarixini zənginləşdirdi. Bu nəşrlər xalqın milli şüurunun yüksəlməsinə, maarifçilik hərəkatının genişlənməsinə, ictimai və siyasi fikrin formalaşmasına mühüm təsir göstərdi.
Müstəqillik dövründə Azərbaycan mediasının inkişafı yeni mərhələyə qədəm qoydu. Xüsusilə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə dövlət senzurasının ləğvi Azərbaycanda azad medianın inkişafı üçün geniş imkanlar yaratdı. Sonrakı illərdə media fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası formalaşdırıldı, jurnalistlərin peşə fəaliyyətinin və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli medianın inkişafına xüsusi diqqət göstərilir. “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman əsasında Medianın İnkişafı Agentliyi yaradılmış, 2021-ci ildə qəbul edilən “Media haqqında” Qanun media fəaliyyətinin müasir çağırışlara uyğun təşkilinə hüquqi zəmin yaratmışdır. Həmçinin media subyektlərinə vergi güzəştlərinin tətbiqi, jurnalistlərin güzəştli ipoteka imkanlarından yararlanması və peşəkarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlər dövlətin mediaya göstərdiyi diqqətin bariz nümunəsidir.
Müasir dövrdə rəqəmsallaşma və informasiya texnologiyalarının sürətli inkişafı Azərbaycan mediasını qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevirmişdir. İnternet jurnalistikası, sosial media platformaları və süni intellekt texnologiyaları medianın fəaliyyətinə yeni imkanlar qazandırmışdır. Bununla yanaşı, dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyinin qorunması və peşəkar jurnalistika prinsiplərinə sadiqlik günümüzün əsas vəzifələri sırasındadır. Azərbaycan mediası Birinci və İkinci Qarabağ müharibələri zamanı da üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmiş, ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırmış, informasiya müharibəsində mühüm rol oynamışdır. Bu gün də jurnalistlər dövlət maraqlarının qorunması, obyektiv və operativ məlumatlandırmanın təmin edilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər. Şuşada keçirilən Qlobal Media Forumları isə beynəlxalq media əməkdaşlığının inkişafına, dezinformasiyaya qarşı birgə mübarizəyə və rəqəmsal dövrdə media etikası məsələlərinin müzakirəsinə mühüm töhfə verir.
Milli mətbuatımızın keçdiyi 151 illik şərəfli yol göstərir ki, azad, peşəkar və məsuliyyətli media demokratik cəmiyyətin əsas sütunlarından biridir. Azərbaycan mediası öz tarixi ənənələrinə sadiq qalaraq müasir texnologiyaların imkanlarından səmərəli istifadə etməli, obyektivlik, qərəzsizlik, vətənpərvərlik və yüksək peşəkarlıq prinsiplərini rəhbər tutaraq ölkəmizin inkişafına, milli maraqların qorunmasına və cəmiyyətin düzgün məlumatlandırılmasına bundan sonra da layiqli töhfələr verməlidir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

15/07/2026

IV Şuşa Qlobal Media Forumu və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu

2026-cı ildə keçirilən IV Şuşa Qlobal Media Forumu artıq beynəlxalq media dialoqunun nüfuzlu platformalarından birinə çevrilmişdir. Forumun 53 ölkədən 160 nümayəndəni, 30 xəbər agentliyini, 60-dan çox media qurumunu və beynəlxalq təşkilatları bir araya gətirməsi onun qlobal əhəmiyyətini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini, regional təhlükəsizlik məsələlərini, beynəlxalq əməkdaşlıq istiqamətlərini və ölkənin geosiyasi mövqeyini əhatə edən geniş strateji baxışı ortaya qoyur.
Dövlət başçısı çıxışında vurğulamışdır ki, Şuşa Qlobal Media Forumunun əsas məqsədi dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini bir araya gətirməklə qlobal çağırışların müzakirəsinə şərait yaratmaq, eyni zamanda Qarabağda aparılan bərpa və quruculuq işlərini beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir. Son illərdə Forumun iştirakçılarının Qarabağın sürətli inkişafını, müasir şəhərlərin salınmasını və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını yaxından müşahidə etməsi Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin uğurunu nümayiş etdirən mühüm amillərdən biri kimi qiymətləndirilmişdir.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən siyasətə də xüsusi diqqət yetirmişdir. Bildirilmişdir ki, ölkənin coğrafi mövqeyi məqsədyönlü dövlət siyasəti nəticəsində böyük iqtisadi üstünlüyə çevrilmiş, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün müasir infrastruktur yaradılmışdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, yeni gəmilərin tikintisi və tranzit potensialının artırılması Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyini daha da möhkəmləndirir.
Çıxışda enerji təhlükəsizliyi məsələləri də geniş yer tutmuşdur. Prezident qeyd etmişdir ki, Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir və boru kəmərləri vasitəsilə qaz ixracının coğrafiyasına görə dünyada lider mövqedədir. Almaniya və Avstriyaya qaz ixracının başlanması, Avropa bazarında etibarlı tərəfdaş kimi mövqeyin güclənməsi və bərpaolunan enerji layihələrinin sürətlə inkişaf etdirilməsi ölkənin enerji strategiyasının əsas istiqamətlərini təşkil edir. Eyni zamanda 2032-ci ilədək 8 giqavat bərpaolunan enerji istehsal gücünə nail olunmasının planlaşdırılması Azərbaycanın yaşıl enerji sahəsində də regional liderliyini möhkəmləndirəcək.
Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərini dünyada analoqu olmayan qardaşlıq və müttəfiqlik nümunəsi kimi xarakterizə etmişdir. Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayan dövlət başçısı iki ölkənin təhlükəsizlik, enerji, iqtisadiyyat və nəqliyyat sahələrində sıx əməkdaşlığının regional sabitliyin əsas təminatlarından biri olduğunu bildirmişdir.
Forum çərçivəsində Azərbaycanın Avropa İttifaqı, ABŞ və digər beynəlxalq tərəfdaşlarla münasibətləri də ətraflı təhlil olunmuşdur. Prezident qeyd etmişdir ki, Avropa Komissiyasının yeni rəhbərliyi ilə münasibətlərdə müsbət dinamika müşahidə olunur, son aylarda Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərləri əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli mövqeyi tənqid edilmiş, ölkənin suveren hüquqlarına hörmət edilməsinin vacibliyi vurğulanmışdır.
Dövlət başçısı ABŞ ilə münasibətlərə də toxunaraq bildirmişdir ki, strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Ticarət, enerji, süni intellekt, rəqəmsal transformasiya və müdafiə sənayesi sahələrində yaradılmış işçi qruplar əməkdaşlığın geniş perspektivlərini formalaşdırır. Eyni zamanda, Azərbaycan-Ermənistan sülh prosesində ABŞ administrasiyasının vasitəçilik səyləri yüksək qiymətləndirilmişdir.
Prezident İlham Əliyev çıxışında beynəlxalq hüququn aliliyini və dövlətlərin ərazi bütövlüyü prinsipini Azərbaycanın xarici siyasətinin əsas dayaqlarından biri kimi təqdim etmişdir. O vurğulamışdır ki, Azərbaycan öz suverenliyini beynəlxalq hüquqa uyğun şəkildə bərpa etmiş, müharibədən sonra isə regionda davamlı sülhün və əməkdaşlığın qurulması istiqamətində ardıcıl siyasət həyata keçirir. Ermənistanla münasibətlərin normallaşdırılması, nəqliyyat kommunikasiyalarının açılması və regional əməkdaşlıq imkanlarının genişləndirilməsi Cənubi Qafqazın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxışın mühüm hissələrindən biri də Azərbaycanın beynəlxalq vasitəçilik və dialoq platforması kimi artan roluna həsr olunmuşdur. Prezident qeyd etmişdir ki, Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29-a ev sahibliyi və gələcəkdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirir. Azərbaycanın etibarlı tərəfdaş, məsuliyyətli dövlət və konstruktiv vasitəçi kimi formalaşdırdığı imic regional və qlobal məsələlərin həllində ölkənin rolunu daha da gücləndirir.
IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın müasir inkişaf modelini, müstəqil və balanslaşdırılmış xarici siyasət kursunu, regional əməkdaşlıq və beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha nümayiş etdirmişdir. Forum həm Qarabağın bərpasının dünya ictimaiyyətinə təqdim olunması, həm də qlobal informasiya məkanında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Səsləndirilən fikirlər ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu və etibarlı tərəfdaş statusunu bir daha təsdiq etmişdir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

15/07/2026

Azərbaycan və Slovakiya arasında siyasi dialoq və strateji əməkdaşlıq möhkəmlənir

2026-cı il iyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış etmişdir. Dövlət başçısı çıxışında Azərbaycan-Slovakiya münasibətlərinin dinamik inkişaf etdiyini, ölkələr arasında siyasi dialoqun və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu vurğulamışdır.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan və Slovakiya arasında siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı səfərlər bu münasibətlərin inkişafına mühüm töhfə verir. Dövlət başçısı 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin uğurla icra olunduğunu, bunun isə hər iki ölkənin güclü siyasi iradəsinin və əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin bariz nümunəsi olduğunu bildirmişdir.
Bəyanatda Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin, energetika, hərbi-texniki əməkdaşlıq, investisiya və digər sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətində aparılan müzakirələrin məhsuldar olduğu diqqətə çatdırılmışdır. Prezident İlham Əliyev vurğulamışdır ki, nümayəndə heyətlərinin geniş tərkibdə təmsil olunması əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını və konkret nəticələrə yönəldiyini göstərir. Dövlət başçısı Slovakiyanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi töhfəni yüksək qiymətləndirərək, Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi “Ağıllı kənd” layihəsini əməkdaşlığın uğurlu nümunəsi kimi dəyərləndirmiş, bu dəstəyə görə Slovakiya tərəfinə təşəkkürünü ifadə etmişdir. Qeyd olunmuşdur ki, bu cür layihələr azad olunmuş ərazilərin dayanıqlı inkişafına və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyev çıxışında Prezident Peter Pelleqrinin Azərbaycana ilk dəfə səfər etmədiyini, onun əvvəlki vəzifələrində – Slovakiya parlamentinin sədri və Baş nazir kimi ölkəmizə səfərlər etdiyini, həmçinin Prezident qismində COP29 tədbirində iştirak etdiyini xatırlatmışdır. Bu səfərin Şuşa və Qarabağ bölgəsini də əhatə etməsinin iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin səmimiliyinin göstəricisi olduğu vurğulanmışdır.
Sonda Prezident İlham Əliyev Azərbaycan-Slovakiya münasibətlərinin qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə etmiş, hər iki dövlətin konkret nəticələrə əsaslanan əməkdaşlıq siyasəti həyata keçirdiyini və son illərdə formalaşmış strateji tərəfdaşlığın yeni birgə layihələrlə daha da möhkəmlənəcəyini bildirmişdir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

25.06.2026-cı il tarixində sertifikasiyaya cəlb olunmuş, məktəbimizin Fiziki tərbiyə müəllimi Elsever Elizade  56 bal to...
08/07/2026

25.06.2026-cı il tarixində sertifikasiyaya cəlb olunmuş, məktəbimizin Fiziki tərbiyə müəllimi Elsever Elizade 56 bal toplayaraq rayon birincisi olmuşdur, bu münasibətlə onu təbrik edir uğurlarının davamlı olmasını arzu edirik.

03/07/2026

Azərbaycan–Avropa Komissiyası münasibətlərində yeni strateji mərhələ

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 2026-cı il 01 iyul tarixində Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısı vurğuladı ki, son aylarda Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana ardıcıl səfərləri tərəflər arasında siyasi dialoqun intensivləşdiyini və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın sürətlə genişləndiyini təsdiq edir.
Prezident İlham Əliyev qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqına üzv dövlətlərin payına düşməsi, eləcə də Cənubi Qafqaz regionunun Avropa İttifaqı ilə ticarətinin təxminən 70 faizinin Azərbaycan vasitəsilə həyata keçirilməsi ölkəmizin iqtisadi və geostrateji əhəmiyyətini bir daha nümayiş etdirir. Bəyanatda enerji əməkdaşlığı xüsusi yer tutdu. Dövlət başçısı xatırlatdı ki, 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumundan sonra Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artmış, hazırda isə ölkəmizdən ixrac olunan qazın yarısı Avropa bazarına yönəldilir. Bu gün Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur və gələcəkdə bu coğrafiyanın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Prezident İlham Əliyev enerji təhlükəsizliyinin müasir dövrdə milli təhlükəsizliyin əsas elementlərindən biri olduğunu vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini bildirdi. Bununla yanaşı, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri kimi regional logistika və tranzit imkanlarını ardıcıl şəkildə genişləndirdiyi diqqətə çatdırıldı.
Bərpaolunan enerji sahəsində əməkdaşlıq da görüşün əsas mövzularından biri oldu. Prezident İlham Əliyev bildirdi ki, xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr nəticəsində yaxın beş-altı il ərzində Azərbaycanda 8 giqavat həcmində günəş və külək enerjisi istehsal ediləcək. Bu layihələr ölkəmizin "yaşıl enerji" sahəsində regional lider mövqeyini daha da möhkəmləndirəcək və Avropa ilə enerji tərəfdaşlığını yeni məzmunla zənginləşdirəcək.
Dövlət başçısı regional təhlükəsizlik və sülh gündəliyinə də toxunaraq Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin uğurla davam etdiyini vurğuladı. Azərbaycanın sülhün möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyi humanitar və iqtisadi addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji daşıyıcılarının Ermənistana tədarükünə başlanılması regionda qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın əsas məqsədi Cənubi Qafqazı münaqişələrdən uzaq, əməkdaşlıq, tərəfdaşlıq və davamlı inkişaf məkanına çevirməkdir.
Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan–Avropa Komissiyası münasibətləri siyasi dialoq, enerji təhlükəsizliyi, bərpaolunan enerji, nəqliyyat-logistika və regional sülh kimi strateji istiqamətlər üzrə sürətlə inkişaf edir. Qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan bu tərəfdaşlıq həm Azərbaycanın milli maraqlarına, həm də Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verməklə yanaşı, Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

Address

Imisli

Telephone

0508724254

Alerts

Be the first to know and let us send you an email when İmişli rayon Habil Namazov adına Boşçallar kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to İmişli rayon Habil Namazov adına Boşçallar kənd tam orta məktəbi:

Shortcuts

Share

Category