29/04/2026
29.04.2026
IVa sinifdə riyaziyyat fənni üzrə “Sahə” mövzusunda Azadə Qocayevanın dərsi dinlənildi. Dərs məqsədyönlü şəkildə planlaşdırılmış, mövzu şagirdlərin yaş xüsusiyyətlərinə uyğun və aydın formada təqdim olunmuşdur. Müəllim dərsə motivasiyaedici suallarla başladı, şagirdlərin əvvəlki biliklərini (fiqurlar, uzunluq ölçüləri və s.) xatırlatdı və mövzuya keçid etdi.
Yeni mövzunun izahı zamanı sahə anlayışı sadə və anlaşıqlı dillə təqdim olundu, kvadrat vahidlərdən istifadə izah edildi. Müəllim əyani vəsaitlərdən (fiqurlar, şəkillər, lövhədə qurulmuş modellər və s.) istifadə edərək şagirdlərin mövzunu vizual şəkildə qavramasına şərait yaratdı. Dərs prosesində müxtəlif ölçülü düzbucaqlı və kvadrat fiqurlar üzərində sahənin hesablanması addım-addım göstərildi.
Şagirdlərin fəallığı müşahidə olundu, onlar verilən tapşırıqları maraqla yerinə yetirdilər, suallara cavab verdilər və lövhədə işləməyə cəlb olundular. Müəllim şagirdlərin səhvlərinə diqqətlə yanaşaraq onları düzgün istiqamətləndirdi və mövzunun mənimsənilməsini təmin etməyə çalışdı.
Dərsin sonunda möhkəmləndirmə məqsədilə müxtəlif tipli çalışmalar verildi, şagirdlərin mövzunu nə dərəcədə mənimsədiyi yoxlanıldı. Qiymətləndirmə meyarları nəzərə alınaraq şagirdlərin fəaliyyəti dəyərləndirildi.
Dərsdən sonra müəllimlə müzakirə aparıldı. Müzakirə zamanı dərsin güclü tərəfləri (aydın izah, əyani vəsaitlərdən düzgün istifadə, şagird fəallığı) qeyd olundu, həmçinin gələcək dərslərdə daha çox fərqləndirilmiş tapşırıqlardan istifadə və vaxt bölgüsünün daha da təkmilləşdirilməsi tövsiyə edildi.
Ümumilikdə dərs məqsədinə nail olmuş, şagirdlərdə sahə anlayışının formalaşdırılması istiqamətində müsbət nəticə əldə edilmişdir.
28/04/2026
28.04.2026.
Məktəbimizdə şagirdlərin hüquqi maarifləndirilməsi, təhlükəsizlik biliklərinin artırılması və insan hüquqlarının qorunması məqsədilə "İnsan alverinə qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbir zamanı iştirakçılara insan alverinin mahiyyəti, bu halların yaratdığı təhlükələr, cəmiyyətə vurduğu zərərlər və qarşısının alınması yolları barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, şəxsi təhlükəsizlik qaydalarına riayət etməyin, şübhəli hallara qarşı diqqətli olmağın vacibliyi vurğulanmışdır.
Şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin məlumatlı, məsuliyyətli və təhlükəsizlik məsələlərində diqqətli vətəndaş kimi formalaşmasına dəstək olmaqdır.
28/04/2026
28.04.2026.
Məktəbimizdə şagirdlərin sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərdən uzaq durmalarının təmin edilməsi məqsədilə "Narkomaniyaya yox deyək" və "Alkoqolun zərərli təsirləri" mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbir zamanı şagirdlərə narkotik vasitələrinin və spirtli içkilərin insan sağlamlığına, psixolojı vəziyyətinə, ailə münasibətlərinə və cəmiyyətə vurduğu mənfi təsirlər barədə ətraflı məlumat verilmiş və eyni zamanda zərərli vərdişlərin qarşısının alınması, düzgün həyat seçimi , sağlam gələcəyin qurulması və faydalı fəaliyyətlərə yönəlməyin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Sonda şagirdlərin sualları cavablandırılmış,
mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbirin təşkil olunmasında əsas məqsəd gənc nəslin sağlam, bilikli və məsuliyyətli vətəndaş kimi formalaşmasına dəstək olmaqdır.
28/04/2026
28.04.2026.
Məktəbimizdə şagirdlər arasında sağlam həyat tərzinin təbliği və düzgün qidalanma vərdişlərinin formalaşdırılması məqsədilə "Sağlam qidalanma"mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Tədbir zamanı şagirdlərə gündəlik qida rasionunda faydalı məhsulların seçilməsi, meyvə və tərəvəzlərin əhəmiyyəti,zərərli qidalardan uzaq durmağın vacibliyi ,həmçinin balanslı qidalanmanın sağlamlığa müsbət təsirləri barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda düzgün qidalanmanın fiziki inkisafda,zehni fəaliyyətin yüksəldilməsində və sağlam formalaşmasında mühüm rol oynadığı diqqətə çatdırılmışdır.
Tədbirin təskil olunmasında əsas məqsəd
şagirdlərdə sağlam həyat tərzi vərdişlərinin
aşılanması və onların sağlam gələcəyinə töhvə
verməkdir.
28/04/2026
Azərbaycan–Ukrayna tərəfdaşlığı: enerji, iqtisadiyyat və təhlükəsizlik müstəvisində inkişaf
2026-cı il aprelin 25-də İlham Əliyev ilə Volodimir Zelenski arasında Bakıda keçirilmiş görüş və mətbuata verilən bəyanatlar Azərbaycan–Ukrayna münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini əhatə edən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu səfər iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında dövlət başçıları arasında görüşlərin müntəzəm xarakter daşıdığını vurğulayaraq son dörd il ərzində yeddi dəfə görüş keçirdiklərini qeyd etmişdir. Bu dinamika iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davamlı olduğunu göstərir. Prezident Zelenskinin Azərbaycana ilk səfərinin 2019-cu ildə baş tutduğunu xatırladan dövlət başçısı həmin dövrdən etibarən formalaşan şəxsi münasibətlərin bu gün də uğurla inkişaf etdiyini bildirmişdir. Eyni zamanda, 2022-ci ilin yanvarında Kiyevə etdiyi səfərin də əlaqələrin inkişafında mühüm rol oynadığı xüsusi qeyd olunmuşdur.
Bəyanatda vurğulandığı kimi, Azərbaycan və Ukrayna arasında əməkdaşlığın möhkəm siyasi təməli mövcuddur. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair sənədlər bu münasibətlərin əsasını təşkil edir. Həmin sənədlərdə hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri öz əksini tapmışdır. Bu prinsipial mövqe Azərbaycan və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstəyində aydın şəkildə özünü göstərir. İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri iqtisadi və enerji sahəsidir. Xüsusilə SOCAR-ın Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərməsi bu sahədə mövcud əməkdaşlığın real nəticələrindən biridir. Bununla yanaşı, yeni birgə layihələr, sərmayə qoyuluşları və təşəbbüslər də gündəmdədir. Ticarət dövriyyəsinin artıq yarım milyard dolları ötməsi və gələcəkdə daha da artırılması üçün geniş imkanların mövcudluğu qeyd edilmişdir.
Hərbi-texniki sahədə əməkdaşlıq da müzakirə olunan əsas istiqamətlərdən biri olmuşdur. Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksinin inkişafı birgə istehsal və sənaye əməkdaşlığı üçün geniş perspektivlər yaradır. Bu sahədə qarşılıqlı təcrübə mübadiləsi və yeni layihələrin həyata keçirilməsi iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edə bilər.
Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–Ukrayna münasibətlərinin yüksək səviyyədə olduğunu və çoxşaxəli əməkdaşlıq platformasına əsaslandığını göstərir. Müntəzəm siyasi dialoq, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulan bu əlaqələr gələcəkdə daha da dərinləşəcəkdir. Aprelin 25-də baş tutmuş səfər isə bu prosesə yeni təkan verərək iki dost ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə kimi tarixə düşmüşdür.
Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi
24/04/2026
22 aprel 2026 -cı il tarixində "Təhsildə sosial iş xidməti"nə cəlb olunmuş İmişli rayonu İdris Səfərov adına Yalavac kənd tam orta ümumtəhsil məktəbində "Psixi sağlamlığın qorunması" mövzusunda maarifləndirmə tədbiri təşkil olunmuşdur. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Mil -Mugan regional filialının əməkdaşları -Sabit Zayidov və Gültac Kərimli, məktəb rəhbərliyi, eyni zamanda məktəbin 8-ci, 9-cu, 10-cu və 11-ci sinif şagirdləri iştirak etmişdir. Görüşdə
Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmiş,"Psixi sağlamlığın qorunması" mövzusunda təqdimat təqdim
olunmuşdur. Daha sonra isə tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
22/04/2026
7F sinfində təhsil alan Kamil Cəfərzadənin riyaziyyat və informatika dərsləri məktəb rəhbərliyi tərəfindən dinlənilmişdir. Dərsləri riyaziyyat-informatika müəllimi Gülnarə Fərmanlı tədris edir. Dinləmə zamanı dərslərin təşkili, tədris metodlarının tətbiqi, şagirdin mövzuları mənimsəmə səviyyəsi, məntiqi təfəkkürü və praktik tapşırıqları yerinə yetirmə bacarığı diqqət mərkəzində saxlanılmışdır.
Riyaziyyat dərsində Kamil verilən tapşırıqlara maraqla yanaşmış, müəllimin izahlarını diqqətlə dinləmiş və suallara cavab verməyə təşəbbüs göstərmişdir. Mövzuların mənimsənilməsi zamanı əsas anlayışları dərk etdiyi müşahidə olunmuş, lakin bəzi mürəkkəb məsələlərin həllində əlavə izaha ehtiyac duyduğu müəyyən edilmişdir. Şagirdin məntiqi düşünmə qabiliyyəti qənaətbəxş qiymətləndirilmiş, hesablamalarda dəqiqliyin artırılması və müstəqil işləmə bacarığının daha da inkişaf etdirilməsi tövsiyə olunmuşdur.
İnformatika dərsində isə Kamil kompüter biliklərindən istifadə etmə bacarığını nümayiş etdirmiş, verilən tapşırıqları yerinə yetirərkən proqram və texniki vasitələrdən düzgün istifadə etməyə çalışmışdır. Şagirdin informasiya texnologiyalarına marağı müşahidə edilmişdir. Bununla yanaşı, bəzi əməliyyatların daha sürətli və sərbəst icrası üçün əlavə məşğələlərə cəlb olunması məqsədəuyğun hesab edilmişdir.
Ümumilikdə, Kamilin hər iki fənn üzrə dərsə münasibəti müsbət qiymətləndirilmiş, dərs prosesində nizam-intizam qaydalarına əməl etdiyi qeyd olunmuşdur. Onun bilik və bacarıqlarının daha da möhkəmləndirilməsi üçün müntəzəm təkrar, əlavə çalışmaların verilməsi və fərdi yanaşmanın tətbiqi tövsiyə olunur.
21/04/2026
HÖRMƏTLİ VALİDEYNLƏR!
Övladlarımızın təhlükəsizliyi və sağlam inkişafı hər birimizin diqqət və qayğısından asılıdır. İdris Səfərov adına Yalavac kənd tam orta ümumtəhsil məktəbi olaraq sizi məktəb–ailə əməkdaşlığını daha da gücləndirməyə dəvət edirik.
Xahiş edirik ki:
🎒 Uşaqlarınızın məktəb çantalarını mütəmadi yoxlayasınız,
📱 Sosial mediada fəaliyyətlərini nəzarətdə saxlayasınız,
👥 Dost çevrəsini yaxından tanıyasınız,
🧠 Davranışlarında baş verən dəyişikliklərə həssas yanaşasınız.
Unutmayaq ki, uşaqların düzgün formalaşmasında ailə mühiti və sağlam ünsiyyət əsas rol oynayır. Bu gün göstərilən diqqət onların sabahkı uğurlu və təhlükəsiz həyatının təməlidir.
🤝 Məktəb və ailə birliyi – uğurlu gələcəyin açarıdır!
Dəstəyiniz və əməkdaşlığınız üçün təşəkkür edirik.
Hörmətlə,
Məktəb rəhbərliyi
20/04/2026
Məktəbdə şagirdlərin intellektual inkişafını dəstəkləmək və asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə “Ayın idman oyunu” çərçivəsində şahmat yarışı təşkil olunmuşdur. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə məntiqi təfəkkürün, strateji düşünmə qabiliyyətinin və diqqətin inkişaf etdirilməsi, həmçinin sağlam rəqabət mühitinin formalaşdırılması olmuşdur.
Yarışa müxtəlif siniflərdən olan şagirdlər böyük həvəslə qatılmış, əvvəlcədən müəyyən edilmiş qaydalar əsasında mərhələli şəkildə mübarizə aparmışlar. Hər turda iştirakçılar öz bilik və bacarıqlarını nümayiş etdirmiş, oyun zamanı düzgün qərarvermə, səbr və diqqət kimi keyfiyyətlər ön plana çıxmışdır. Rəhbərlik və müəllimlər tərəfindən oyunların gedişi diqqətlə izlənilmiş, qaydalara əməl olunmasına xüsusi nəzarət edilmişdir.
Yarışın sonunda qaliblər müəyyən olunaraq məktəb rəhbərliyi tərəfindən diplom və həvəsləndirici mükafatlarla təltif edilmişlər. Tədbir şagirdlər tərəfindən böyük maraqla qarşılanmış, onların şahmat oyununa olan həvəsini daha da artırmışdır.
Belə tədbirlərin mütəmadi keçirilməsi şagirdlərin həm intellektual, həm də sosial inkişafına müsbət təsir göstərir, onların komandada işləmək, rəqabət aparmaq və qalibiyyətə doğru inamla irəliləmək bacarıqlarını gücləndirir.
18/04/2026
“BilBacar” layihəsi çərçivəsində keçirilən yarış mərhələsi uğurla yekunlaşdı. Bu mərhələdə şagirdlər müxtəlif tapşırıqlar vasitəsilə öz bilik və bacarıqlarını nümayiş etdirdilər, fəallıq və məsuliyyət göstərdilər. Yarış prosesi şəffaf və obyektiv şəkildə təşkil olundu. Nəticələrə əsasən fərqlənən şagirdlər müəyyən edilərək rəğbətlənəcək. Layihənin bu mərhələsi şagirdlərin inkişafına və onların potensialının üzə çıxarılmasına müsbət təsir göstərdi.