17/09/2025
Prime Cotton MMC əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil edilmiş 15 Sentyabr – Bilik Günü münasibətilə təşkil olunmuş tədbirdə iştirak etmişdir.
Gəncə Dövlət Aqrar Kollecində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov professor-müəllim və tələbə kollektivini Bilik Günü münasibətilə təbrik edərək, yeni dərs ilinin həm müəllimlər, həm də tələbələr üçün uğurlu və məhsuldar olmasını diləyib. Rektor bildirib ki, bu il Universitetə tələbə qəbulu 98% təşkil edib.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxışında diqqətə çatdırıb ki, dövlətin təhsilə qayğısı nəticəsində ADAU-nun maddi-texniki bazası hər il daha da gücləndirilir. Nazir müavini ali təhsil müəssisəsinə yeni qəbul olan tələbələri təbrik edərək, onları gələcəyin dayanıqlı kənd təsərrüfatı mütəxəssisi olmaları yolunda uğurlar arzu edib.
Sonda yüksək bal toplayan bir qrup tələbəyə qiymətli hədiyyələr və tələbə biletləri təqdim olunub.
Prime Cotton Akademiyasının direktoru Abbas Abbasov 2025/2026 cı tədris ilində Aqronomluq fakültəsinin ən yüksək 510.9 bal toplayaraq Bağçılıq və Tərəvəzçilik ixtisasına(tədris ingilis dilində) qəbul olmuş tələbəsi Qasımov Məhəmməd Azər oğlunu şirkətin rəhbərliyi adından təbrik etmiş və notebook ilə mükafatlandıraraq gələcək təhsilində və karyerasında uğurlar arzulamışdır.