Balakən rayon MKS-in şəhər kitabxana filialı

Balakən rayon MKS-in şəhər kitabxana filialı

Share

Balakən rayon

16/03/2026

Azərbaycan həqiqətlərini dünyaya çatdıran platforma

Martın 12-14-də Bakı şəhəri növbəti dəfə dünya siyasətinin mərkəzinə çevrildi. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumu "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olundu.
Bu forum artıq bəşəriyyəti narahat edən ən mürəkkəb problemlərin həll yollarının axtarıldığı intellektual məkana çevrilib.
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışındakı çıxışında müasir dünyanın acı reallıqlarına toxunaraq qeyd etdi: "Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində birnömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır".
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu onu müxtəlif sivilizasiyaların və siyasi qütblərin kəsişmə nöqtəsinə çevirib. Ölkəmiz uzun illərdir ki, dialoq tərəfdarı kimi çıxış edir və qlobal qərarların qəbulunda fəal iştirak edir. Bakı Forumu isə bu prosesdə xüsusi rola malikdir.
Forumun əhəmiyyəti ondadır ki, Azərbaycan bu platformadan öz haqlı səsini dünyaya duyurmaq üçün istifadə edir. Torpaqlarımızın işğal altında olduğu illərdə Bakı Forumu beynəlxalq hüququn ikili standartlarını ifşa edən bir tribunaya çevrilmişdi. Ölkəmiz hər zaman dünya ictimaiyyətinə xatırladırdı ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması təkcə Azərbaycanın problemi deyil, bütövlükdə dünya nizamının böhranıdır.
XIII forumda Prezident İlham Əliyev həmin acı təcrübəni bu fikirləri ilə xarakterizə etdi: "Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur".
Bu gün isə mənzərə tamamilə fərqlidir. Azərbaycan 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri ilə ədaləti bərpa edib. İndi Bakı Forumu işğaldan deyil, yeni reallıqlardan və bərpa prosesindən danışılan qələbə platformasıdır.
Prezident İlham Əliyevin sözügedən toplantıda qeyd etdiyi kimi, sülhə nail olmaq üçün bəzən güc tətbiqi qaçılmaz olur: "Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi".
Azərbaycanın qələbəsi Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoydu. Artıq region münaqişə ocağı kimi deyil, nəqliyyat və logistika mərkəzi kimi tanınır. Vaşinqton Sammiti və sülh prosesi istiqamətində atılan addımlar, həmçinin Zəngəzur dəhlizi (TRIPP) kimi təşəbbüslər bölgənin simasını dəyişir.
Azərbaycanın sülh modeli unikal bir hadisədir. Adətən, müharibədə qalib gələn tərəf diktə edən tərəf olur, lakin Azərbaycan düşmənçiliyə son qoymaq üçün ilk addımı atan və sülh əlini uzadan ölkədir. Bu, dövlətimizin humanistliyini və strateji uzaqgörənliyini göstərir. Ermənistanla münasibətlərin normallaşma sürəti dünya münaqişələr tarixində nadir hallardan biridir.
XIII Qlobal Bakı Forumunda dövlətimizin başçısı sülh prosesinin gedişatını belə dəyərləndirdi: "Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu".
Prezident həmçinin vurğuladı ki, artıq bölgədə sabitlik hökm sürür və bu, ən böyük nailiyyətdir: "Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur".
Azərbaycanın bu sülhsevər siyasəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi və ölkəmizin Sülh Şurasında təsisçi üzv kimi təmsil olunması bunun bariz sübutudur.
Qlobal Bakı Forumunun timsalında deyə bilərik ki, Azərbaycan bu gün eyni zamanda beynəlxalq gündəmi formalaşdıran mühüm ideya mərkəzidir. Bu forumun ölkəmiz üçün ən böyük əhəmiyyəti Azərbaycan həqiqətlərinin nüfuzlu səviyyədə dünya ictimaiyyətinə çatdırılmasıdır. Azərbaycanın keçmiş işğal dövründə qarşılaşdığı ədalətsizlikləri, BMT TŞ-nin qətnamələrinin niyə icra olunmadığını, ölkəmizin öz gücü ilə beynəlxalq hüququ necə bərpa etdiyini, həmçinin bölgədə sülhə necə nail olduğunu bütün dünya bu kürsüdən eşidir.
Hər zaman olduğu kimi, bu dəfə də Qlobal Bakı Forumu Azərbaycanın həqiqətlərinin beynəlxalq səviyyədə təsdiqi oldu. İndi ölkəmiz dünyada təkcə enerji və nəqliyyat mərkəzi kimi yox, həm də ədalətli sülh modelinin müəllifi kimi tanınır. Bakıdan yayılan bu mesajlar göstərir ki, bölgədə sülh artıq reallığa çevrilib və bu gerçəkliyin memarı məhz Azərbaycandır.
Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundan bəyan etdiyi kimi: "İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir".

13/03/2026

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində vacib rol oynayır

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa üstünlük verir. Bu mövqe imzalanan sənədlərdə və diplomatik danışıqlarda ardıcıl şəkildə əksini tapıb. Ölkəmizlə Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də vacib rol oynayır. Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri Aİ-nin ölkəmizə verdiyi önəmin ifadəsidir. Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Bu gün Azərbaycanla qarşılıqlı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bütövlükdə regionumuzda yeni vəziyyət yaranıb. Bu baxımdan yeni mərhələdə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri bütövlükdə regionumuz üçün önəmlidir. A.Koştanın Azərbaycana reallaşan səfəri də məhz yeni reallıqlar fonunda olduqca müsbət dəyərləndirilə bilər. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı vurğuladığı kimi, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Dövlətimizin başçısı vurğulayıb: “Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır”.
Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev Cənubi Qafqazda vəziyyət və sülh prosesi barədə də fikirlərini ifadə edib. Dövlətimizin başçısı bildirib ki, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Müstəqilliyimiz hələ 1991-ci ildə bərpa olunub. Bununla belə, cəmi yeddi aydır ki, sülhdə yaşayırıq. Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaqdır.
Eyni zamanda cənab Prezident qeyd edib ki, Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir.
Beləliklə, nəzərdə tutulan hədəflərin və layihələrin həyata keçirilməsi ilə Azərbaycanın Avropa məkanının enerji təhlükəsizliyi sistemində rolunu əhəmiyyətli dərəcədə artıracaqdır. Azərbaycan beynəlxalq birliyə bir daha nümayiş etdirir ki, dünyada etibarlı tərəfdaşdır. Qazanılan nailiyyətlər isə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcəkdir.

12/03/2026

Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək

Bu aydan etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək. Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır. Xatırladaq ki, layihənin ilk tədbirləri 2025-ci ilin sonundan başlanıb.

Təşəbbüsün əsas məqsədi ölkə üzrə vahid mədəni məkanın formalaşdırılması, regionlarda mədəni həyatın daha da canlandırılması və yüksək səviyyəli incəsənət nümunələrinin bütün vətəndaşlar üçün əlçatanlığının artırılmasıdır. Layihə həmçinin paytaxt ilə bölgələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, milli incəsənətin regionlarda daha geniş təqdim olunmasına və gənclərin mədəni həyata fəal cəlb edilməsinə xidmət edir.

Qastrol proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 30-a yaxın konsert və bədii proqramın təqdim olunması planlaşdırılır. Layihəyə təxminən 1200 sənətçi və yaradıcı heyət üzvünün cəlb edilməsi nəzərdə tutulur ki, bu da təşəbbüsün ölkənin mədəni həyatında geniş auditoriyanı və böyük coğrafiyanı əhatə etdiyini göstərir.

Proqram çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən bədii kollektivlər ölkənin müxtəlif bölgələrində konsert proqramları ilə çıxış edəcəklər.

Tamaşaçılara simfonik və kamera musiqisi, muğam, xalq çalğı alətləri musiqisi, xor və rəqs sənətinin seçilmiş nümunələri təqdim olunacaq. Bu proqram klassik musiqi irsinin qorunması, milli musiqi ənənələrinin təbliği və müasir ifaçılıq mədəniyyətinin geniş auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qastrol səfərlərinin Bakı, Naxçıvan Muxtar Respublikası, Ağdam, Laçın, Gəncə, Mingəçevir, Lənkəran, Sumqayıt, Quba, Xaçmaz, Şəki, Qəbələ, Zaqatala, Balakən, Sabirabad, Şamaxı və digər şəhər və rayonları əhatə etməsi planlaşdırılır.

Layihə regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri və yaradıcı kollektivlərlə əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin inkişafına və yeni yaradıcılıq platformalarının formalaşmasına da töhfə verəcək. Eyni zamanda proqram tamaşaçıların asudə vaxtının səmərəli təşkilinə imkan yaradacaq, regionların mədəni cəlbediciliyini artıracaq və ölkə daxilində mədəni turizmin inkişafına əlavə stimul verəcək.

Qeyd edək ki, bu təşəbbüs “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

07/03/2026

Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev
tərəfindən yeni meyarlarla zənginləşdirilərək
yüksək səviyyədə davam etdirilir

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Ulu Öndər Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.
1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Bundan əlavə, Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə 2026-cı il 27 fevral tarixində yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına rəhbərlik də Mehriban xanım Əliyevaya həvalə edilmişdir.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.
Xüsusilə qeyd etmək lazımdır ki, bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.

04/03/2026

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası bu dəfə də Bakıda toplaşdı. Bu mötəbər toplantılar üçün paytaxtımızın dəyişməz ev sahibi olması bir sıra səbəblərdən irəli gəlir. Əvvəla, Avropanın enerji xəritəsini dəyişdirən möhtəşəm "Cənub qaz dəhlizi" layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olub. "Yaşıl enerji" hədəflərimiz də hamıya bəllidir və dünya tərəfindən dəstəklənir. Ən başlıca səbəblərdən biri də dövlətimizin başçısı İlham Əliyevin dünyada qazandığı nüfuzdan, kəsərli söz sahibi olmasından, Azərbaycana etibarlı tərəfdaş imici qazandırmasından qaynaqlanır.
Prezident İlham Əliyevin toplantının açılışında iştiraki və çıxış etməsi tədbirin önəminə bir daha diqqət çəkir. Dövlətimizin başçısı istər qaz hasilatı və ixracı, istərsə də "yaşıl enerji" layihələrindən ətraflı danışaraq qazıntı yanacağı və bərpaolunan enerjinin vəhdəti məsələsinə də toxunub: "Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Yeri gəlmişkən, burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin eyni zamanda biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, - hesab edirəm ki, iş məhz belə aparılmalıdır. Əminəm ki, biz yaxşı həll yolları tapacağıq".
Dövlətimizin başçısı çıxışında qeyd edib ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır.
Eyni zamanda bildirilib ki, Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir. Cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib.
Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcəkdir.
Cənab Prezident çıxıında qeyd edib ki, Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır. Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik. Avropa enerji bazarında səylərimizlə bağlı məsələlərə gəlincə, düşünürəm auditoriyanın bilməyi vacib olardı ki, biz bu yaxınlarda Türkiyədə ən böyük elektrik stansiyalarından birini əldə etmişik - 870 meqavat gücündə. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. Beləliklə, bizim enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır.
Bildirilib ki, bizim üçün mühüm nailiyyətlər, mühüm amillər arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunması var. Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq ki, bu da öz növbəsində sözsüz ki, neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaqdoldurma stansiyası bu razılaşmanın bir hissəsidir.
Qeyd edək ki, budəfəki toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak edib.

26/02/2026

Xocalı Soyqırımı Memorialının açılışı ədalətin təntənəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir, 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda müharibə cinayətkarlarına qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular.
Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində müharibə cinayətkarlarının bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan ünsürlər isə müxtəlif dövrlərdə saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, müharibə cinayətkarlarını ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək bizim ədalətimizin son nöqtəsi idi. Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı. 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi.
Bu gün Xocalı Soyqırımı Memorialının məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır.
Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini, ləyaqətini, inamını saxladı. Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin.
Bu gün bütün şəhidlərimizin qisası alınmışdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa cinayətləri unutmayacağıq.

Want your school to be the top-listed School/college in Belokan?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Belokan