18/10/2022
Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib.
Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var.
Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Zəngilana səfərləri zamanı 23.12.2020-ci il tarixdə Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırıb, 14.02.2021-ci il tarixdə görüləcək işlərin planlaşdırılması və dəymiş zərərin ümumi dəyərləndirilməsi üçün növbəti səfərini edib. 21.10.2021-ci il tarixdə səfəri zmanı cənab Prezident Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə və Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərlə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olmuş, “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak etmiş, Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. 27.05.2022-ci ildə isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edib. Hazırda azad Zəngilanda “Böyük Qayıdış” layihəsi çərçivəsində bərpa-quruculuq işləri surətlə davam edir.
17/10/2022
07/10/2022
03/10/2022
03/10/2022