21/03/2026
✨ Məktəbimizin Novruz Sevinci ✨
Yenilənmənin, baharın və birlik ruhunun rəmzi olan Novruz bayramı məktəbimizdə böyük coşqu və sevinc içində qeyd olundu! 🌿🔥
Şagirdlərimizin hazırladıqları rəngarəng çıxışlar, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər, şən musiqilər və maraqlı oyunlar tədbirə xüsusi ab-hava qatdı. Siniflərdə qurulan bayram xonçaları, səməni, boyanmış yumurtalar və şirniyyatlar Novruzun bərəkətini və gözəlliyini bir daha nümayiş etdirdi. 🍬
Tədbir boyunca uşaqların üzündəki sevinc, gülüş və birlik hissi bu gözəl bayramın əsas mahiyyətini bir daha bizə yaşatdı. Bu əziz gün münasibətilə hər kəsə bolluq, ruzi, sağlamlıq və yeni başlanğıclar arzulayırıq!
Novruz bayramınız mübarək! 🌷
19/03/2026
🔥🌸 Məktəbimizdə Novruz Coşqusu – Əsl Bayram Əhvalı! 🌸🔥
Məktəbimizdə Novruz bayramı bu dəfə daha fərqli, daha səmimi və daha unudulmaz anlarla yadda qaldı! Sinif otağı bir anda bayram məkanına çevrildi – gülüşlər, sevinc dolu baxışlar və şən musiqi hər kəsi öz sehrinə aldı.
Məktəbimizin direktoru şagirdlərlə birlikdə yumurta döyüşdürərək bu gözəl ənənəni birlikdə yaşadı və sinifdə əsl bayram abu-havası yaratdı. Hər bir an sevinc, hər bir baxış xoşbəxtlik, hər bir gülüş isə Novruzun ruhunu əks etdirirdi!
Bu cür səmimi və enerjili anlar bir daha göstərdi ki, məktəb sadəcə təhsil ocağı deyil, həm də sevincin, dostluğun və milli dəyərlərin yaşadıldığı bir məkandır.
🌿 Novruzun istiliyi qəlblərimizi isitsin, yeni başlanğıclar hər birimizə uğur və xoşbəxtlik gətirsin! 🌿
💐
18/03/2026
🏰 Milli kinomuzun incisi — maarifləndirici film nümayişi
Milli-mənəvi dəyərlərin təbliği istiqamətində keçirilən növbəti tədbir çərçivəsində şagirdlərə Azərbaycanın qədim və sevilən filmlərindən olan Bir qalanın sirri nümayiş etdirildi. 🎬
Film vasitəsilə şagirdlər milli tariximiz, qəhrəmanlıq ruhu, vətən sevgisi, dostluq və birlik kimi ali dəyərlərlə daha yaxından tanış oldular. Nümayişdən sonra isə film ətrafında maraqlı müzakirələr aparıldı, şagirdlər öz fikirlərini bölüşərək süjet, obrazlar və filmin verdiyi mesajlar barədə düşüncələrini ifadə etdilər.
Bu cür tədbirlər şagirdlərin milli kimliyinin formalaşmasına, mədəni irsimizə bağlılığın güclənməsinə və klassik Azərbaycan kinosuna marağın artmasına mühüm töhfə verir.
17/03/2026
Söz Ustalarının İşığında: Vaqif və Vurğunla Görüş 📖
Məktəbimizdə “Tanınmış şəxsiyyətlər təqvimi” çərçivəsində görkəmli Azərbaycan ədibləri — Molla Pənah Vaqif və Səməd Vurğun haqqında maarifləndirici tədbir təşkil olundu.
Tədbir zamanı şagirdlər bu böyük söz ustalarının həyat və yaradıcılığı barədə ətraflı məlumat təqdim etdilər, onların Azərbaycan ədəbiyyatına bəxş etdiyi dəyərli irsdən bəhs etdilər. Eyni zamanda, şagirdlər tərəfindən şairlərin şeirləri böyük həvəslə və duyğulu şəkildə səsləndirildi, bu da tədbirə xüsusi bədii ab-hava qatdı.
Belə tədbirlərin keçirilməsi şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşmasına, ədəbiyyata marağın artmasına və görkəmli şəxsiyyətlərimizin daha yaxından tanınmasına mühüm töhfə verir.
15/03/2026
Azərbaycan həqiqətlərini dünyaya çatdıran platforma
Martın 12-14-də Bakı şəhəri növbəti dəfə dünya siyasətinin mərkəzinə çevrildi. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumu "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olundu.
Bu forum artıq bəşəriyyəti narahat edən ən mürəkkəb problemlərin həll yollarının axtarıldığı intellektual məkana çevrilib.
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışındakı çıxışında müasir dünyanın acı reallıqlarına toxunaraq qeyd etdi: "Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində birnömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır".
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu onu müxtəlif sivilizasiyaların və siyasi qütblərin kəsişmə nöqtəsinə çevirib. Ölkəmiz uzun illərdir ki, dialoq tərəfdarı kimi çıxış edir və qlobal qərarların qəbulunda fəal iştirak edir. Bakı Forumu isə bu prosesdə xüsusi rola malikdir.
Forumun əhəmiyyəti ondadır ki, Azərbaycan bu platformadan öz haqlı səsini dünyaya duyurmaq üçün istifadə edir. Torpaqlarımızın işğal altında olduğu illərdə Bakı Forumu beynəlxalq hüququn ikili standartlarını ifşa edən bir tribunaya çevrilmişdi. Ölkəmiz hər zaman dünya ictimaiyyətinə xatırladırdı ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması təkcə Azərbaycanın problemi deyil, bütövlükdə dünya nizamının böhranıdır.
XIII forumda Prezident İlham Əliyev həmin acı təcrübəni bu fikirləri ilə xarakterizə etdi: "Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur".
Bu gün isə mənzərə tamamilə fərqlidir. Azərbaycan 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri ilə ədaləti bərpa edib. İndi Bakı Forumu işğaldan deyil, yeni reallıqlardan və bərpa prosesindən danışılan qələbə platformasıdır.
Prezident İlham Əliyevin sözügedən toplantıda qeyd etdiyi kimi, sülhə nail olmaq üçün bəzən güc tətbiqi qaçılmaz olur: "Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi".
Azərbaycanın qələbəsi Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoydu. Artıq region münaqişə ocağı kimi deyil, nəqliyyat və logistika mərkəzi kimi tanınır. Vaşinqton Sammiti və sülh prosesi istiqamətində atılan addımlar, həmçinin Zəngəzur dəhlizi (TRIPP) kimi təşəbbüslər bölgənin simasını dəyişir.
Azərbaycanın sülh modeli unikal bir hadisədir. Adətən, müharibədə qalib gələn tərəf diktə edən tərəf olur, lakin Azərbaycan düşmənçiliyə son qoymaq üçün ilk addımı atan və sülh əlini uzadan ölkədir. Bu, dövlətimizin humanistliyini və strateji uzaqgörənliyini göstərir. Ermənistanla münasibətlərin normallaşma sürəti dünya münaqişələr tarixində nadir hallardan biridir.
XIII Qlobal Bakı Forumunda dövlətimizin başçısı sülh prosesinin gedişatını belə dəyərləndirdi: "Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu".
Prezident həmçinin vurğuladı ki, artıq bölgədə sabitlik hökm sürür və bu, ən böyük nailiyyətdir: "Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur".
Azərbaycanın bu sülhsevər siyasəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi və ölkəmizin Sülh Şurasında təsisçi üzv kimi təmsil olunması bunun bariz sübutudur.
Qlobal Bakı Forumunun timsalında deyə bilərik ki, Azərbaycan bu gün eyni zamanda beynəlxalq gündəmi formalaşdıran mühüm ideya mərkəzidir. Bu forumun ölkəmiz üçün ən böyük əhəmiyyəti Azərbaycan həqiqətlərinin nüfuzlu səviyyədə dünya ictimaiyyətinə çatdırılmasıdır. Azərbaycanın keçmiş işğal dövründə qarşılaşdığı ədalətsizlikləri, BMT TŞ-nin qətnamələrinin niyə icra olunmadığını, ölkəmizin öz gücü ilə beynəlxalq hüququ necə bərpa etdiyini, həmçinin bölgədə sülhə necə nail olduğunu bütün dünya bu kürsüdən eşidir.
Hər zaman olduğu kimi, bu dəfə də Qlobal Bakı Forumu Azərbaycanın həqiqətlərinin beynəlxalq səviyyədə təsdiqi oldu. İndi ölkəmiz dünyada təkcə enerji və nəqliyyat mərkəzi kimi yox, həm də ədalətli sülh modelinin müəllifi kimi tanınır. Bakıdan yayılan bu mesajlar göstərir ki, bölgədə sülh artıq reallığa çevrilib və bu gerçəkliyin memarı məhz Azərbaycandır.
Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundan bəyan etdiyi kimi: "İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir".
13/03/2026
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində vacib rol oynayır
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa üstünlük verir. Bu mövqe imzalanan sənədlərdə və diplomatik danışıqlarda ardıcıl şəkildə əksini tapıb. Ölkəmizlə Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də vacib rol oynayır. Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri Aİ-nin ölkəmizə verdiyi önəmin ifadəsidir. Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Bu gün Azərbaycanla qarşılıqlı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bütövlükdə regionumuzda yeni vəziyyət yaranıb. Bu baxımdan yeni mərhələdə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri bütövlükdə regionumuz üçün önəmlidir. A.Koştanın Azərbaycana reallaşan səfəri də məhz yeni reallıqlar fonunda olduqca müsbət dəyərləndirilə bilər. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı vurğuladığı kimi, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Dövlətimizin başçısı vurğulayıb: “Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır”.
Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev Cənubi Qafqazda vəziyyət və sülh prosesi barədə də fikirlərini ifadə edib. Dövlətimizin başçısı bildirib ki, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Müstəqilliyimiz hələ 1991-ci ildə bərpa olunub. Bununla belə, cəmi yeddi aydır ki, sülhdə yaşayırıq. Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaqdır.
Eyni zamanda cənab Prezident qeyd edib ki, Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir.
Beləliklə, nəzərdə tutulan hədəflərin və layihələrin həyata keçirilməsi ilə Azərbaycanın Avropa məkanının enerji təhlükəsizliyi sistemində rolunu əhəmiyyətli dərəcədə artıracaqdır. Azərbaycan beynəlxalq birliyə bir daha nümayiş etdirir ki, dünyada etibarlı tərəfdaşdır. Qazanılan nailiyyətlər isə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcəkdir.
13/03/2026
🛡️ Təhlükəsizliyimiz Üçün Hazırlıqlı Olaq!
Məktəbimizdə fövqəladə hallar zamanı şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə kollektiv mühafizə qurğularının (sığınacaqların) istifadəyə daim hazır vəziyyətdə saxlanılması mövzusunda maarifləndirici söhbətlər aparıldı. 🚨
Görüş zamanı şagirdlərə mühafizə qurğularının əhəmiyyəti, bu məkanlardan düzgün istifadə qaydaları, fövqəladə vəziyyətlər zamanı davranış prinsipləri, eləcə də təhlükə anında panikaya qapılmadan nizamlı şəkildə hərəkət etməyin vacibliyi ətraflı izah olundu. Həmçinin sığınacaqlarda təhlükəsizliyin qorunması üçün zəruri qaydalara riayət etməyin hər bir vətəndaşın borcu olduğu vurğulandı.
Eyni zamanda, nüvə silahları və nüvə başlıqlarının tətbiqi zamanı yarana biləcək təhlükələr, radiasiya riski və bu kimi hallarda sığınacaqların həyati əhəmiyyəti barədə də məlumat verildi. Şagirdlərə izah olundu ki, belə hallarda kollektiv mühafizə qurğuları insanların həyat və sağlamlığının qorunmasında ən vacib müdafiə vasitələrindən biridir. ☢️
Belə maarifləndirici tədbirlər şagirdlərdə təhlükəsizlik mədəniyyətinin formalaşmasına, məsuliyyət hissinin güclənməsinə və mümkün fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasına xidmət edir. ✅
13/03/2026
📚 Siniflərdə Kitabların Vəziyyəti Yoxlanıldı
Məktəbin kitabxanaçısı tərəfindən siniflərdə şagirdlərə verilmiş dərslik və bədii ədəbiyyatların qorunma vəziyyətinin yoxlanılması məqsədilə reyd keçirilmişdir. Reyd zamanı kitabların səliqəli saxlanılması, zədələnmə halları, üzlüklərin vəziyyəti və kitabların vaxtında istifadəyə yararlılığı diqqətlə nəzərdən keçirilmişdir.
Şagirdlərə kitabların məktəb əmlakı olduğu, onların qorunmasının hər bir şagirdin məsuliyyəti sayıldığı bir daha xatırladılmış, kitabların təmiz və səliqəli saxlanılması ilə bağlı tövsiyələr verilmişdir. Məqsəd şagirdlərdə kitaba sevgi, məsuliyyət hissi və mütaliə mədəniyyətini gücləndirməkdir. 📖
Məktəb olaraq kitabların qorunmasına və oxu mədəniyyətinin formalaşmasına xüsusi önəm veririk.
10/03/2026
🟩 Qalib Komandamıza Yaşıl Kart Təqdim Olundu
Region üzrə keçirilən məktəblərarası futbol yarışlarında qalib olan məktəbimizin futbol komandasının üzvlərinə bu gün məktəb rəhbərliyi tərəfindən Yaşıl Kart təqdim olunmuşdur.
Şagirdlərimizin qazandığı bu uğur və göstərdikləri komanda ruhu yüksək qiymətləndirilərək onlara təşviq məqsədilə Yaşıl Kartlar təqdim edilmişdir.
Qalib şagirdlərimizi bir daha təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
10/03/2026
📚 Məktəbimizdə “Oxu dəqiqələri” üzrə monitorinq keçirildi
Məktəbimizdə şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması və kitab oxumağa marağın artırılması məqsədilə siniflər üzrə “Oxu dəqiqələri”nin keçirilmə vəziyyəti ilə bağlı monitorinq aparılmışdır.
Monitorinq məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı və Uşaq Birliyi tərəfindən həyata keçirilmişdir. Monitorinq zamanı siniflərdə “Oxu dəqiqələri”nin təşkili, şagirdlərin kitab oxumağa marağı və mütaliə prosesində fəallığı müşahidə olunmuşdur.
Belə monitorinqlərin keçirilməsi şagirdlərdə oxu vərdişlərinin inkişafına, onların dünyagörüşünün genişlənməsinə və mütaliə mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.