09/06/2026
Pirallahı rayonunda “Milli Qurtuluşumuz gənclərin gözü ilə” adlı tədbir keçirilib
9 iyun 2026-cı il tarixində Pirallahı rayon Gənclər Evi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli qurtuluşumuz gənclərin gözü ilə” adlı tədbir keçirilib.
Pirallahı Gənclər Evində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, Pirallahı rayon bələdiyyəsinin sədri Əli Kərimov, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov qeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm siyasi hadisələrindən biridir. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində ölkədə dərin ictimai-siyasi böhran aradan qaldırılmış, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Emil Abasov bildirib ki, həmin dövrdə həyata keçirilən məqsədyönlü idarəçilik strategiyası siyasi sabitliyin təmin olunmasına, hüquqi dövlət quruculuğuna və institusional inkişaf proseslərinin sürətlənməsinə zəmin yaratmışdır. O qeyd edib ki, Milli Qurtuluş fəlsəfəsi Azərbaycanın müstəqilliyinin qorunması, suverenliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması baxımından fundamental əhəmiyyət kəsb edir. Sədr vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir və Azərbaycan dayanıqlı inkişaf, milli həmrəylik və güclü dövlətçilik prinsipləri əsasında yeni nailiyyətlər qazanır.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova çıxışında Milli Qurtuluş Gününün xalqımızın taleyində mühüm dönüş nöqtəsi olduğunu vurğulayaraq, bu günün dövlət müstəqilliyimizin qorunmasında əvəzsiz rol oynadığını diqqətə çatdırıb.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev gənclərin milli dəyərlərə və dövlətçilik ənənələrinə sadiq ruhda yetişdirilməsinin vacibliyindən danışıb, Milli Qurtuluş Gününün bu baxımdan gənc nəslə örnək olduğunu qeyd edib.
Pirallahı rayon bələdiyyəsinin sədri Əli Kərimov çıxışında bildirib ki, 15 İyun Azərbaycanın inkişaf yolunun əsasını qoyan tarixi gündür və bu gün ölkəmizdə əldə olunan uğurların təməlində məhz həmin dövrdə qəbul edilmiş düzgün siyasi qərarlar dayanır.
Çıxış edən gənc fəallar isə Milli Qurtuluş Gününün Azərbaycan gəncliyi üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq, ölkənin gələcəyinin qurulmasında gənclərin üzərinə mühüm vəzifələrin düşdüyünü bildiriblər.
Tədbirin sonunda rayonun ictimai həyatında fəal iştirak edən gənlərə Fəxri fərmanlar təqdim olunub. Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən 231 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi il ərzində keçirilən müxtəlif tədbirlərdə, yarışlarda və layihələrdə fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur.
Məktəbin şagird və müəllim kollektivi əldə etdikləri nailiyyətlərlə məktəbi layiqincə təmsil etmiş, gənclərin fiziki, mənəvi və vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə vermişdir.
Fəxri Fərman məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərovaya təqdim edilmişdir. Təltif məktəb kollektivinin əməyi və uğurlarına verilən yüksək qiymətin göstəricisi olmuşdur.
Məktəb kollektivi göstərilən diqqət və qayğıya görə Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurluya və Vüqar müəllimə dərin təşəkkürünü bildirmiş, gələcək əməkdaşlığın davamlı olacağına əminliyini ifadə etmişdir.