18/06/2026
08 iyun 2026-cı il tarixində Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarını öyrənək” adlı intellektual yarış keçirilib.
Yarışın məqsədi uşaqlarda yol hərəkəti qaydalarına dair biliklərin artırılması, yol təhlükəsizliyi ilə bağlı məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması və təhlükəsiz hərəkət mədəniyyətinin aşılanması olub.
Tədbirdə Bakı şəhərinin müxtəlif ümumtəhsil məktəblərinin komandaları ilə yanaşı, İlqar Cəfərov adına 260 nömrəli tam orta ümumtəhsil məktəbinin “Hərəkət” komandası da iştirak edib. Şagirdlər yarış zamanı yol hərəkəti qaydalarına dair biliklərini nümayiş etdirərək məktəbi layiqincə təmsil ediblər.
Yarış iştirakçılar arasında böyük maraq doğurub, şagirdlərin yol hərəkəti təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verib. Tədbirin sonunda iştirakçılara təşəkkür edilib, qaliblər diplomlarla təltif olunublar.
Belə maarifləndirici tədbirlər şagirdlərdə yol hərəkəti qaydalarına əməl etmək vərdişlərinin formalaşdırılması və təhlükəsiz həyat tərzinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.