11/08/2026
📢 Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur
🎓 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur. Belə ki, 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.
📊 Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq myGov platformasında əlçatandır.
💻 Məzunlar elektron attestatlarını myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər.
🔎 Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.
📌 Qeyd edək ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək.
🎯 Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.