22/06/2019
Zəlimxan Yaqub
______________
GECİKMİŞ ETİRAF
Arımı yemişəm, ar itirmişəm
Bir dağam zirvəmdən qar itirmişəm,
Qarabağ görkəmdə dünya gözəli
Şuşa yaraşıqda yar itirmişəm
Öldürün, öldürün, öldürün məni.
Üstə duz səpilmiş yaramdı dünya,
Mənə yaz, düşmənə bayramdı dünya
Tək bircə Kəlbəcər gedibsə əldən,
Mənim kimisinə haramdı dünya.
Öldürün, öldürün, öldürün məni.
Günah işləmişəm səhv eləmişəm,
Səhvimlə özümü məhv eləmişəm
Torpaq unudulub yurd yaddan çıxıb
Qan içən düşməni əhv eləmişəm
Öldürün, öldürün, öldürün məni.
Qatil sifətinə şilləm olmadı,
Cəllad sinəsinə gülləm olmadı,
Vaxtımı boşuna verdim ürəkdən
Ağlım işləmədi kəlləm olmadı
Öldürün, öldürün, öldürün məni.
Kərəmim ağılsız, Əslim günahkar
Lələm, tərbiyəçim, nəslim günahkar
Qələbə çalanı bəyənməsək də
Məğlub günahkardı, təslim günahkar
Öldürün, öldürün, öldürün məni.
Ağladanım çoxdu, güldürənim yox,
Gücüm var, gücümü bildirənim yox,
Gözüm kölgəlidi, başım aşağı
Çoxdan öləsiyəm, öldürənim yox,
Öldürün, öldürün, öldürün məni.
Qaldıra bilməsəm igidlərimi,
Dirildə bilməsəm şəhidlərimi,
Müqəddəs ruhların üstündən keçib
Düşmən tapdalasa meyitlərimi
Qana qan deyəndə məndən tez durub
Oğlum eşitməsə öyüdlərimi
Öldürün, öldürün, öldürün məni.
Düşəm at oynadıb Cıdır düzündə
Bizi kökümüzdən qoparacaqsa,
Dərib göy çəməndə Xarı Bülbülü
Yadlara hədiyyə aparacaqsa
Zaman götürəndə süpürgəsini
Qeyrətsiz damğası vurub üstünə
Bizi zibil kimi süpürəcəksə
Gələcək nəsillər vətənsiz qalıb,
Çaylarsız, dağlarsız, bulaqsız qalıb
Bizim qəbrimizə tüpürəcəksə
Hər iki cahanda cəhənnəmliyəm
Öldürün, öldürün, öldürün məni.
Məni basdırmağa fürsət verməyin,
Qəbir qazanlara zəhmət verməyin.
Keçməsin heç kəsdən əziyyət mənə,
Qəti lazım deyil bu xidmət mənə.
Atın meyidimi, atın çöllərə,
Qurd-quşa yem olan bir cəmdək kimi.
Məni keçmiş kimi unutsun ellər,
Yadına salmasın gələcək kimi.
Torpaq itirəni torpaq götürməz.
Yalnız igidlərə yer versin vətən,
Yalnız şəhidlərə yer versin vətən,
Qarabağ dərdinə dərman yoxdusa
Qaytarın sözündə fərman yoxdusa
Mənim olmadısa mənim olanlar
Ölmürsə ruhuma qənim olanlar
Sabahı görməyən sözdədi günah
Səndədi, məndədi, bizdədi günah
Öldürün, öldürün, öldürün məni.