25/06/2025
Skautinq – şagirdlərin həyat tərzi kimi” layihəsinin bağlanış mərasimi keçirildi.
Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalibi olan “Skautinq – şagirdlərin həyat tərzi kimi” layihəsinin yekun tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, Azərbaycan Skautlar Assosiasiyasının nümayəndələri, qonşu məktəblərin müəllimləri, skautlar və onların valideynləri iştirak etdilər. Mərasim zamanı layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlərin təqdimatı nümayiş etdirildi, şagirdlərin ifasında çıxışlar, mahnılar və rəqslər tədbirə xüsusi rəng qatdı.
Layihə rəhbəri Aynur İbrahimova çıxış edərək 9 ay ərzində görülən işlər, əldə olunan nəticələr və qurulan uğurlu əməkdaşlıqlardan danışdı. O, bütün tərəfdaşlara, iştirakçılara və dəstəkçilərə təşəkkürünü bildirdi.
Xatırladaq ki, layihənin əsas məqsədi skautinqi məktəbdənkənar fəaliyyətlər vasitəsilə şagirdlərin gündəlik həyat tərzinə çevirmək, onlarda liderlik, komanda işi, sosial münasibətlər və məsuliyyət bacarıqlarını gücləndirmək idi. Bu məqsədlə həyata keçirilən təlimlər, düşərgələr və ictimai fəaliyyətlər nəticəsində skautinq artıq bu məktəbin şagirdləri üçün sadəcə fəaliyyət deyil, bir həyat tərzinə, davranış modelinə, dəyər sisteminə çevrildi.
Layihə sübut etdi ki, düzgün istiqamətləndirilmiş və davamlı dəstəklənən məktəbdənkənar fəaliyyətlər şagirdlərin şəxsiyyətinin formalaşmasında, məktəb mühitinin sağlamlaşmasında və təlim-tərbiyə prosesinin mənalandırılmasında mühüm rol oynayır. “Skautinq – şagirdlərin həyat tərzi kimi” layihəsi yalnız bu məktəbdə deyil, bütövlükdə məktəb həyatı ilə şəxsiyyət inkişafını vəhdətdə düşünənlər üçün nümunə olacaq bir uğur hekayəsinə çevrildi.
̈sabiqəsi