31/03/2015
Ugurlar...
Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə)
ərizə qəbulu başlanır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)
Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə)
tələbə qəbulu elan edir. Ərizələrinin qəbulu aprelin
1-dən aprelin 30-dək aparılır. Ali təhsil
müəssisələrinə qəbul olmaq üçün müraciət edən
abituriyentlər TQDK-nın mü¬va¬fiq internet
səhifəsinə ( eservices.tqdk.gov.az/erizebak/qrup1_
4,) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və
TQDK-nın virtual ödəmə kartından istifadə etməklə
"Abituriyentin elektron ərizəsi" formasını
doldururlar. Virtual ödəmə kartını bütün mobil
operatorlardan 7725 nömrəsinə boş SMS
göndərməklə və ya internet ödəmə xidmətləri
vasitəsi ilə əldə etmək olar.
“Abituriyentin elektron ərizəsi” formasını
doldurulduqdan sonra ərizələrinin təsdiqi təmin
edilməlidir. Aşağıda göstərilən kateqoriyalardan
olan abituriyentlər elektron ərizələrini Sənəd
Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən
özləri təsdiq edirlər:
• Azərbaycan Respublikasının ümumi təhsil
müəssisələrini (orta məktəbi) 2015-ci ildə bitirən
abituriyentlər;
• Azərbaycan Respublikasının ümumi təhsil
müəssisələrini 2012-ci, 2013-cü və 2014-cü
illərdə bitirən qız abituriyentlər;
• Azərbaycan Respublikasının ilk-peşə ixtisas
təhsili müəssisələrini 2013-cü və ondan sonrakı
illərdə bitirən qız abituriyentlər;
• 2012-ci və ondan sonrakı illərdə Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə və tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul
olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız
abituriyentlər;
Digər abituriyentlər tələb olunan sənədləri təqdim
etməklə elektron ərizələrini müvafiq SQK-larda
təsdiq etdirirlər. Həmin abituriyentlər ərizələrinin
təsdiqini aprelin 7-dən aprelin 30-dək təmin
edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram
günləri istisna olmaqla) saat 9-dan 17-dək
fəaliyyət göstərirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
(yuxarıda göstərilən kateqoriyalara daxil olan
abituriyentlər istisna olmaqla), həmçinin xaricdə
təhsil almış Azərbaycan Respublikasının
vətəndaşları ərizələrini TQDK-da və onun regional
bölmələrində yaradılmış SQK-larda təsdiq
etdirirlər.
Gürcüstan Respublikasında yaşayan
azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər
İnstitutunun Qazax filialında yaradılmış SQK-da
təsdiq etdirə bilərlər.
Məlumat üçün bildirək ki, V ixtisas qrupu üzrə və
tam orta təhsil bazasında (11 illik) orta ixtisas
təhsili müəs¬sisələrinə ərizə qəbulu may ayının 5-
dən 18-dək aparılacaq. I, II, III və IV ixtisas
qruplarından hər hansı biri üzrə ərizə verən
abituriyentlər həm də V ixtisas qrupuna və ya tam
orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili
müəssisələrinə ərizə təqdim edə bilər.
Qabiliyyət imtahanı
I ixtisas qrupunun xüsusi qabiliyyət tə¬ləb edən
ixtisaslarında təhsil almaq istəyən abituriyentlər
elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra
aprelin 15-dən 30-dək TQDK tərəfindən yaradılmış
müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK)
tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə
dair işləri təqdim etməklə seçmə turda iştirak
edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi
qabiliyyət tələb edən ixtisaslara yararlılığı
yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər
qeydiyyata alınırlar. Qeydiyyata alınmış
abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş
qaydada keçirilən qəbul imtahanlarında iştirak
edirlər. Qəbul imtahanlarında topladıqları ümumi
balları müvafiq müsabiqə şərtlərini ödəyən
abituriyentlər müəyyən edilmiş cədvəl üzrə
qabiliyyət imtahanlarında iştirak edirlər.
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III
qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini
təmin etdikdən sonra eservices.tqdk.gov.az/
erizebak internet səhifəsində “Jurnalistika”
ixtisasına qəbul olmaq istəyən abituriyentlərin
qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil
olaraq qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçən
abituriyentlər test imtahanının nəticələrinə əsasən
müvafiq müsabiqə şərtlərini ödədikləri halda,
təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə
yetirirlər. Bu mərhələdən uğurla keçən
abituriyentlər ixtisas seçimi zamanı digər
ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə
bilərlər.
Qeyd: Ərizə qəbulunun tam mətni, Elektron ərizə
verən abituriyent üçün təlimat, “Elektron ərizə"nin
doldurulma qaydası və nümunəsi, xüsusi təyinatlı
ali təhsil müəssisələrinə ərizə qəbulu, xüsusi
qabiliyyət tə¬ləb edən ixtisaslara qəbul və digər
zəruri məlumatlar “Abituriyent” jurnalının 2-ci
sayında təqdim olunub.