22/07/2026
Şuşa Qlobal Media Forumu- Sülh quruculuğu və həqiqətin bərpası
Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad edildikdən sonra təkcə tarixi-mədəni irsin bərpa olunduğu məkan deyil, eyni zamanda beynəlxalq media dialoqunun, qlobal müzakirələrin və sülh təşəbbüslərinin mühüm mərkəzlərindən birinə çevrilmişdir. 30 ilə yaxın davam edən işğaldan sonra Azərbaycan jurnalistlərinin və xarici media nümayəndələrinin Şuşada bir araya gəlməsi milli mətbuat tariximizdə və qlobal informasiya məkanında əlamətdar hadisədir. Bu çərçivədə ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumları müasir dövrün ən aktual media problemlərinin, dezinformasiya ilə mübarizənin və rəqəmsal çağırışların müzakirə edildiyi möhtəşəm bir beynəlxalq platformadır.
Şuşada təşkil olunan forumlar qısa müddətdə böyük təkamül yolu keçmişdir. 2023-cü il iyulun 21-23-də keçirilən I Şuşa Qlobal Media Forumu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media”, 2024-cü il iyulun 20-22-də təşkil olunan II Forum “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə”, 2025-ci il iyulun 19-21-də keçirilən III Forum isə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzularına həsr olunmuşdur.
2026-cı il iyulun 13-14-də “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu isə media və sülh quruculuğu baxımından xüsusi əhəmiyyət kəsb edir. Forum çərçivəsində medianın sülh prosesindəki rolu, sərhədlərarası media dialoqu, ictimai etimadın bərpa edilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizədə beynəlxalq əməkdaşlıq mexanizmləri geniş təhlil olunmuşdur. Həmçinin rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi mövzular ətrafında səmərəli panel müzakirələri, interaktiv sessiyalar və təkbətək görüşlər keçirilmişdir.
Münaqişələrdən sonra həqiqətin bərpa olunması və xalqlar arasında etimadın yenidən qurulmasında obyektiv jurnalistikanın müstəsna rolu vardır. Şuşa Forumu dünya media liderlərini, ekspertləri və jurnalistləri bir araya gətirərək saxta narrativlərə qarşı birgə mübarizə aparmağa, informasiya şəffaflığını təmin etməyə və qlobal sülhü təşviq etməyə imkan verir.
Yekun olaraq vurğulamaq lazımdır ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında təsir imkanlarını genişləndirmiş, ölkəmizi qlobal media dialoqunun aparıcı mərkəzinə çevirmişdir. Bu forum yalnız media sahəsində təcrübə mübadiləsi platforması deyil, həm də postmünaqişə dövründə adekvat informasiya mühitinin formalaşdırılmasına və dünyada sülhün bərqərar olunmasına töhfə verən mühüm strateji təşəbbüsdür.
Hüseynov Elnur
Suraxanı rayonu 275 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru