18/05/2026
Magistr və doktorantlar üçün “Elsevier” vörkşopu keçiriləcək
Magistr və doktorantların beynəlxalq elmi platformalardan istifadə bacarıqlarının artırılması məqsədilə onlayn vörkşop təşkil olunacaq.
20 may 2026-cı il tarixində keçiriləcək vörkşopda iştirakçılara “Elsevier”in “Scopus & AI Discovery”, “ScienceDirect” və “Mendeley” platformalarından səmərəli istifadə imkanları barədə məlumat veriləcək.
Sessiya çərçivəsində tezis və dissertasiya mövzularının müəyyənləşdirilməsi və təkmilləşdirilməsi, keyfiyyətli elmi ədəbiyyatın operativ axtarışı, potensial elmi rəhbərlərin və tədqiqat qruplarının müəyyən olunması, həmçinin akademik yazı və düzgün istinad üçün mənbələrin “Mendeley” platformasına ixracı kimi mövzular əhatə ediləcək.
Vörkşop magistr və doktorantlara kurs işi, dissertasiya hazırlığı və gələcək elmi-tədqiqat fəaliyyətlərində beynəlxalq elmi resurslardan daha effektiv istifadə etmək imkanı yaradacaq.
Təlim “Elsevier” şirkətinin müştəri uğuru üzrə meneceri Saide Sak tərəfindən aparılacaq.
Vörkşop onlayn formatda və türk dilində keçiriləcək.
Tarix: 20 may 2026-cı il
Saat: 12:00
Format: onlayn
Dil: türkcə
Qeydiyyat linki: https://elsevier.zoom.us/webinar/register/WN_8RP8IrMVQ9-t-FDpB8JTHQ
15/05/2026
💡Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
2024-cü ildən etibarən həyata keçirilən və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına xidmət edən “Alimlərin maddi mükafatlandırılması layihəsi” 2026-cı ildə də davam etdirilir.
📊 Cari ildə layihə üzrə qiymətləndirmə mexanizmi elmmetriya sahəsində ixtisaslaşmış beynəlxalq şirkət olan “Clarivate”in mütəxəssisləri və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilib. Yenilənmiş qaydalar Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunub.
✅Təkmilləşdirilmiş mexanizmə əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə çalışan 500-dək tədqiqatçının hər ay 1000 manatadək məbləğdə mükafatlandırılması nəzərdə tutulur.
Yeni qaydalara əsasən, mükafatlandırılacaq tədqiqatçıların sayı artırılıb, eləcə də qiymətləndirmə meyarları genişləndirilib. Belə ki, "Scopus" və “Web of Science” bazalarında indekslənən Q1 və Q2 kateqoriyalı jurnallarla yanaşı, Q3 və Q4 kateqoriyalı jurnallarda dərc olunan elmi işlər də qiymətləndirməyə daxil edilib.
📑 Bundan əlavə, tədqiqat nəticələrinin real sektora transferinin təşviqi məqsədilə ilk dəfə olaraq patent və faydalı modellər hesablama mexanizminə bonus bal kimi əlavə olunub.
📈 Müqayisə üçün qeyd edək ki, layihənin ilk ilində 150-dək, 2025-ci ildə isə 300-dək alim bu imkandan yararlanıb.
🗓️ Təkmilləşdirilmiş qaydaların tətbiqinə 2026-cı ilin may ayından başlanılacaq. Layihənin əsas məqsədi elmi fəaliyyətin nəticəyönümlülüyünü artırmaq, tədqiqatçıların beynəlxalq elmi bazalarda fəallığını təşviq etmək və elmi nəticələrin praktik tətbiqinə dəstək verməkdir.