14/08/2026
Naxçıvanın yüksəliş salnaməsi- Prezident İlham Əliyevin 17-ci səfəri və hərtərəfli inkişaf göstəriciləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri bu qədim diyarın sosial-iqtisadi, hərbi və strateji yüksəlişinin parlaq nümayişinə çevrildi. Dövlət başçısının qeyd etdiyi kimi, onun Prezident kimi Naxçıvana hər bir səfəri mühüm mənaya və konkret tarixi nəcliyyat-iqtisadi nəticələrə malikdir. Bu səfər də muxtar respublikanın kompleks inkişaf strategiyasında yeni və daha sürətli bir mərhələnin təməlini qoydu.
Səfər çərçivəsində Naxçıvanın hərbi potensialının gücləndirilməsi diqqət mərkəzində oldu. Əlahiddə Ümumqoşun Ordunun ən müasir texnika ilə təchiz edilməsi və yeni komando qüvvələrinin yaradılması Azərbaycan Silahlı Qüvvələrinin bölgədəki mütləq söz sahibliyini bir daha təsdiq etdi. Təhlükəsizliklə yanaşı, iqtisadi sənayeləşmə addımları da böyük miqyası ilə seçilir. Təməli qoyulan Naxçıvan Sənaye Parkı Sumqayıtdan sonra ölkənin ikincisi olmaqla minlərlə yeni iş yerinin və istehsal sahələrinin yaranmasına təkan verəcəkdir.
Enerji təhlükəsizliyi sahəsində əldə olunan nailiyyətlər Naxçıvanı nəinki özünü təmin edən, hətta regiona elektrik enerjisi ixrac edən mərkəzə çevirir. Park daxilində inşa olunacaq 300 meqavatlıq istilik elektrik stansiyası muxtar respublikanın mövcud generasiya gücünü 1.5 dəfə artıracaq. Bununla yanaşı, 600 hektardan çox ərazidə yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının tikintisi Naxçıvanı Azərbaycanın ən əlverişli yaşıl enerji zonalarından birinə çevirir.
Naxçıvanın gələcək strategiyası həm də onun qlobal tranzit və logistika qovşağı kimi formalaşmasını nəzərdə tutur. Vaşinqton Zirvə Görüşündə razılaşdırılan TRIPP proqramı və Zəngəzur dəhlizinin açılması Naxçıvanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm halqasına çevirəcəkdir. İllik yükaşırma qabiliyyəti 15 milyon tona çatdırılacaq Naxçıvan dəmir yolunun reabilitasiyası geniş coğrafiyada iqtisadi canlanmaya səbəb olacaq.
Bütün bu sosial, iqtisadi, infrastruktur və nəqliyyat layihələri, yeni idarəetmə modeli olan Prezidentin xüsusi nümayəndəliyinin fəaliyyəti ilə tənzimlənir. Bu strategiya Naxçıvanın, Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası əsasında tərəqqisini təmin edərək əhalinin firavan, rahat və təhlükəsiz yaşayışına xidmət edir.
Şahin Cəfərov – Suraxanı rayonu 87 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru