06/05/2026
Elitar gimnaziyada “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib
6 mayda İlyas Əfəndiyev adına Elitar gimnaziyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 –cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib.
Tədbiri giriş sözü Elitar gimnaziyanın direktoru Səadət Cahandarova Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı yönündə göstərdiyi tarixi xidmətlərdən danışıb. Səadət Cahandarova bildirib ki, Ulu Öndərin imzaladığı sərəncam və fərmanlar ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını müəyyən etməklə onun gələcək inkişaf strategiyasını təmin etmişdir.
Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutnun aparıcı elmi işçisi dosent Təranə Şükürlü fəxri qonaq qismində iştirak edib. Təranə Şükürlü bildirib ki, Ulu Öndərin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasında da ana dili ilə bağlı maddəyə xüsusi diqqət yetirilib, Azərbaycan dili dövlət dili kimi təsbit olunub, o cümlədən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib. Bu gün Ümummilli Liderin əsasını qoyduğu dövlət dil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini deyən dilçi alim ana dilimizin saflığının qorunması istiqamətində silsilə addımların atıldığını, bir sıra sənədlərin imzalandığını diqqətə çatdırıb.
Təranə Şükürlü vurğulayıb ki, Azərbaycanda siyasi natiqliyin formalaşmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu öndərin nitqi öz səmimiliyi, zənginliyi, orijinallığı ilə dünyanın siyasi xadimlərinin nitqləri ilə müqayisə oluna bilər.
Tədbirdə pedaqoji təcrübə keçən Bakı Qızlar Universitetinin Filologiya –tarix fakültəsinin 4-cü kurs tələbələri Qəmzə Abbasova, Nurcan Mehtiyeva, Məleykə Babayeva, Aytən Cəfərli, Sənubər Məmmədova “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda 7A 1 sinif şagirdləri Zeynəb Ağalarova, Miryusif Ağalarov, Ziya Gülmuradov, Yaqub Məmmədov, Nigar Niftiyeva və İbrahim Niyazovun ifasında şeirlər dinlənilib.
Tədbir Bakı Qızlar Universiteti ilə Elitar gimnaziyanın 7 a 1 sinfinin birgə təşkilatçılığı ilə keçirilib.