Kollecimiz 1966-cı ildə cəmi 150 tələbə və 11 müəllimlə texnikum kimi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli qərarı ilə Bakı Plan İqtisad Texnikumunun bazasında Bakı Dövlət Sosial İqtisad Kolleci yaradılmışdır. Onlardan 943 nəfəri əyani, 469 nəfəri isə qiyabi şöbədə oxuyur. Onların təlim-tərbiyəsi ilə məşğul olan 128 müəllim işinin öhdəsindən layiqincə gəlir. Bildiyimiz kimi, 2010-cu il yanvarın 13-də Nazirlər Kabineti "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı" haqqında qərar qəbul edib. Qərarda ölkəmizdə orta ixtisas təhsili sisteminin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının inkişafı istiqamətlərinə əsasən əmək bazarının tələbatına uyğun istehsal və xidmət sahələrinin yüksək keyfiyyətli orta ixtisas təhsilli kadrlarla təmin olunması nəzərdə tutulur. Həmin qərar kollektivin Pedaqoji Şurasında geniş müzakirə olunmuş və əməli işimizdə konkret fəaliyyət proqramı kimi qəbul edilmişdir. Son illər kollecin maddi-texniki bazasının yaxşılaşdırılmasında xeyli iş görülmüş, tədrisdə istifadə olunan avadanlıqlar müəyyən qədər təzələnmiş, iki ixtisaslaşmış kompüter kabineti yaradılmış, kabinetlərdən biri sürətli İnternetə qoşulmuş, istilik sistemi bərpa olunmuş, dam örtüyü dəyişdirilmiş, köhnə pəncərələr yenisi ilə əvəz olunmuşdur. Kollecin binasının əsaslı təmirinə başlanmışdır. Bütün ölkədə olduğu kimi bizim kollecdə də təhsil məzmununda dəyişikliklər aparılmış, kadr hazırlığı aparılan ixtisaslar və istiqamətlər üzrə orta ixtisas təhsilinin standartları və buna müvafiq yeni tədris planları və proqramları hazırlanmışdır. Kollecimizdə bütün ixtisaslar üzrə 100 ballıq sistemə keçilmişdir. Xüsusi qeyd etməliyəm ki, bu sistemə keçid tələbələrin məsuliyyətini xeyli artırmışdır. Kollecimiz bir sıra ali təhsil müəssisələri ilə, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universiteti ilə sıx əlaqə saxlayır. Elə bunun nəticəsidir ki, hər il məzunlarımızın 10-15 faizi ali məktəblərə qəbul olunur. Onlardan bəziləri hətta 550, 580, 600 balla Bakı Dövlət Universitetinə və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olublar. Yeri gəlmişkən, qeyd edim ki, məzunlarımızdan Kamran Əlizadə bu təhsil ocağını bitirdikdən sonra təhsilini BDU-da davam etdirib və hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifədə çalışır. Fərid Quliyev də bizim məktəbi bitirdikdən sonra ADİU-da təhsilini davam etdirib, hazırda bank işində yüksək vəzifədə işləyir. 2009-cu ildə isə məzunlarımızdan Zümrüd Hüseynova 625 balla BDU-nun filologiya fakültəsinə qəbul olub. Fəxrlə deyə bilərəm ki, hazırda respublikanın müxtəlif elm və istehsalat sahələrində layiqincə çalışan məzunlarımız vardır. Kollecimizdə iqtisadiyyat təmayüllü ixtisaslar üzrə mühasibat uçotu və audit (təftişçi), maliyyə işi, bank işi, menecment və gömrük işi, hüquq təmayüllü ixtisaslar üzrə isə hüquq, hüquq-mühafizə fəaliyyəti, Dövlət Yol Polisinin inzibati hüquq fəaliyyəti və informatika müəllimi ixtisasları üzrə kadrlar hazırlanır. Məktəbimizdə mütəmadi olaraq ümummilli lider Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq ideyaları təbliğ olunur. "Vətənin hər qarış torpağı uğrunda ölməyə hazırıq" devizi altında bir sıra diskussiyalar aparılır. Müharibə veteranları, şəhid ailələri, digər ziyalılarla görüşlər keçirilir, şəhidlər xiyabanlarına, tarixi yerlərə ekskursiyalar təşkil edilir. Kollecimizin məzunlarından Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Araz Pirimovun, Mübariz Sahibovun, Zaur Ələkbərovun xatirəsini əbədiləşdirən guşə yaradılmışdır. Məktəbimizdə həmçinin bu il böyük şücaət göstərərək Vətən uğrunda canından keçən Milli Qəhrəman Mübariz İbrahimovun da xatirəsinə xüsusi guşə yaradılmış və qəhrəman haqqında tələbələrə ətraflı məlumat verilmiş, doğulub boya-başa çatdığı Biləsuvar rayonuna və Bakıdakı iki nömrəli fəxri və şəhidlər xiyabanına - məzarı üstünə ziyarət təşkil edilmişdir. Kollecimizdə tələbələrin fiziki tərbiyəsinə də xüsusi diqqət yetirilir. Təhsil ocağında fəaliyyət göstərən idman zalı, voleybol və futbol meydançaları gənclərin ixtiyarına verilib. İdmanı tədris edən müəllimlər tələbələrin sağlamlığının təminatçısı kimi çalışır və bu yolda əllərindən gələni əsirgəmirlər. Təsadüfi deyil ki, 2008 və 2009-cu illərdə kolleclər arasında keçirilən basketbol və voleybol yarışlarında məktəbimizin qızlar və oğlanlar komandaları I yeri tutmuşlar.
2010-cu ildə Şən və Hazırcavablar Klubunun təşkil etdiyi məktəblərarası yarışlarda kollecimizin komandası I yeri tutub. Tələbələrimizin ictimai mühitdə tutduqları mövqe, əldə etdikləri nailiyyətlər deməyə əsas verir ki, kollecimizdə yüksək intellektli kadrlar hazırlanır. Bu gün kollecimizin bütün müəllimləri işini günün tələbi səviyyəsində qurmağa səy göstərir və buna nail olurlar. Onların arasında elmlər doktoru və elmlər namizədləri elmi dərəcələri olanlar vardır. Kollecimizdə vaxtaşırı keçirilən müşavirələrdə, Pedaqoji Şuralarda müəllimlərin əməyi qiymətləndirilir, tədrisin yüksək səviyyədə aparılmasına dair addımlar atılır, yaranmış problemlərin aradan qaldırılması üçün təcili tədbirlər görülür. Müəllimlərimizdən Fikrət Əhmədovun, Qələndər Muxtarovun, Rəfail Əhmədovun, Seyidağa Rzayevin, Nigar Umarovanın, Hüseyn Qələndərovun və başqalarının yaxşı işindən danışmağa dəyər.