Universitetin tarixi
Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanmış, 1936/1937-ci tədris ilində isə ilk dəfə olaraq Azərbaycan Pedaqoji İnstitutunda (APİ) müstəqil Xarici dillər kafedrası yaradılmışdır. Lakin xarici dilləri tədris edən milli pedaqoji kadrlar çatışmadığından Azərbaycan Xalq Komissarlar Soveti 1937-ci il oktyabr ayının 9-da “Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsinin təşkil edilməsi haqqında” qərar qəbul etdi. II Dünya müharibəsi başlandıqdan sonra xarici dil mütəxəssislərinə ehtiyac artdığından Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında “Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında” qəbul etdiyi qərar əsasında V.İ.Lenin adına APİ-nin Xarici dillər fakültəsi 1941/42-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi və həmin il instituta 150 nəfər qəbul edildi. Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq institut yalnız taşkilatlanma prosesini həyata keçirə bildi və XMK-nın əmri ilə sentyabr ayının 1-dən yenidən APİ-nin fakültəsi kimi öz fəaliyyətini davam etdirdi. Müharibədən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə respublika maarif nazirinin əmri ilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. Respublika maarif nazirinin 14 may 1959-cu il tarixli əmrilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu ilə birləşdirildi. Azərbaycan SSR Nazirlər Soveti 4 noyabr 1972-ci ildə “M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun yenidən təşkil olunması haqqında” qərar qəbul etdi. Həmin qərar əsasında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu yenidən müstəqil ali məktəb kimi fəaliyyətə başladı.
İnstitutun inkişafına həmişə böyük qayğı göstərmiş ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Dillər İnstitutu fəaliyyəti genişləndirilməklə Azərbaycan Dillər Universitetinə çevrildi. Respublikanın təhsil sistemində aparılan islahatlara çevik reaksiya verən ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçib. Türkiyənin, ABŞ-ın, Böyük Britaniyanın, Fransanın və Avropanın digər ali məktəbləri ilə əlaqələr daha intensiv şəkil alır, qarşılıqlı müqavilələr bağlanır, müəllim və tələbə mübadiləsi genişlənir, diplomların tanınması istiqamətində intensiv iş aparılır.