01/08/2026
Xalq şairi Nəriman Həsənzadə vəfat edib
Azərbaycanın ədəbiyyat və mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Müasir poeziyamızın görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib.
Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitib və orada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub.
Nəriman Həsənzadə 1962–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, “Azərbaycan–Ukrayna ədəbi əlaqələri” (1941-1945) mövzusunda namizdəlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.
O, müxtəlif illərdə “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında və Televiziya və Radio Verilişləri Komitəsində bir sıra vəzifələrdə çalışıb. 1976–1990-cı illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olub. Eyni zamanda bir neçə il SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinə rəhbərlik edib. 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub, 1991–2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində işləyib. 2004-cü ildən Ədəbiyyat Fondu İdarə heyətinin sədri kimi fəaliyyət göstərib. Xalq şairi uzun müddət Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.
Gənc yaşlarından ədəbi yaradıcılığa başlayan Nəriman Həsənzadənin 1960–1970-ci illərdə nəşr olunan “Könlüm şeir istəyir”, “Unudulmaz günlər”, “Yadına düşəcəyəm”, “Nəriman”, “Niyə demədiniz”, “Zümrüd quşu”, “Nabat xalanın çörəyi”, “Mənim gecəm-gündüzüm”, “Sən bağışladın” və s. kitabları ədəbi-ictimai mühitdə ona böyük şöhrət qazandırıb.
Sosial-siyasi, tarixi və milli ictimai təfəkkürü narahat edən problemlər müəllifin yaradıcılığında xüsusi yer tutur. “Bir az möhlət istəyirəm ömürdən”, “Fikir eləmə”, “Kimin sualı var?”, “Seçilmiş əsərləri”, “Mənim nikahımı pozdu təbiət”, “Bütün millətlərə”, “Taleyin töhfəsi”, “Nuru paşa”, “Gəlimli-gedimli dünya” və s. kitablarında yer alan, ideya-bədii məziyyətləri ilə seçilən, vətənpərvərlik ruhu və əxlaq