20/05/2026
“Talk2AI: QuillBot Chat ilə İngilis Dilində Danış!” layihəsinin təlim mərhələsinə davam edir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsinin qalibi olan “Talk2AI: QuillBot Chat ilə İngilis Dilində Danış!” layihəsinin təlim mərhələsinə davam edir.
Layihə Bakı Dövlət Universiteti nəzdində Gənc İstedadlar Liseyində həyata keçirilir və 8-ci sinif üzrə seçilmiş şagirdlərin iştirakı ilə təşkil olunur. Təlimlərin əsas məqsədi süni intellekt əsaslı alətlərdən istifadə etməklə şagirdlərin ingilis dilində danışıq və ünsiyyət bacarıqlarını inkişaf etdirməkdir.
Təlim mərhələsində iştirakçılara QuillBot Chat platformasının funksional imkanları, süni intellektlə effektiv ünsiyyət prinsipləri, düzgün sorğu (prompt) qurma qaydaları və təhlükəsiz istifadə mexanizmləri barədə ətraflı məlumat verilir. Danışıq bacarıqlarının təkmilləşdirilməsi məqsədilə interaktiv tapşırıqlar, fərdi və cütlü dialoqlar, eləcə də praktik məşğələlər təşkil olunur.
Eyni zamanda şagirdlərə danışıq ssenarilərinin hazırlanması, sualların məntiqi və qrammatik baxımdan düzgün qurulması, eləcə də süni intellekt tərəfindən təqdim olunan geri bildirimlərin təhlili üzrə bacarıqlar aşılanır. Simulyasiya və model dialoqlar vasitəsilə onların sərbəst danışıq, yazı və kommunikativ səriştələrinin inkişafına xüsusi diqqət yetirilir.
Layihə Orucova Arzu tərəfindən icra olunur, təlimlər isə İmanzadə Ülkər tərəfindən həyata keçirilir. “Talk2AI” layihəsi şagirdlərin ingilis dilində danışıq bacarıqlarının gücləndirilməsi ilə yanaşı, müasir texnologiyalardan səmərəli və məsuliyyətli istifadə vərdişlərinin formalaşdırılmasına, real ünsiyyət mühitinə yaxın innovativ öyrənmə təcrübəsinin yaradılmasına xidmət edir.